Rifahın və yeniliyin əsl DOST-u
Azərbaycanda
uğurla həyata keçirilən sosial siyasətin mərkəzində
vətəndaş rifahının təminatı prinsipi
dayanır. Xüsusilə sosial sahədə ildən-ilə
geniş miqyas alan islahatlar, əhalinin rifah halının
yaxşılaşdırılması istiqamətində
atılan mühüm addımlar, əldə olunan
böyük uğurlar da bunu bir daha təsdiq edir.
Bütövlükdə sosial islahatlar proqramının əsas
hədəfi dövlət sosial xidmətlərinin innovativ
yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər
üzərində qurulması, xidmətlərdə sosial ədalət,
şəffaflıq, ünvanlılıq, əlçatanlıq
və bərabərlik prinsipinin qorunmasıdır.
Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılaraq 2019-cu ilin may ayında açılışı olan DOST Agentliyi və Agentliyin DOST mərkəzləri sosial sahədə vətəndaş məmnunluğuna yönəlik köklü islahatların ən mühüm nailiyyətlərindən biridir. Bu agentliyin missiyası əhalinin rifah halının yaxşılaşdırılması, həssas qruplara dövlət qayğısının artırılması və vətəndaş məmnunluğunun təmin edilməsidir.
DOST Agentliyi və onun 1 saylı Bakı DOST mərkəzinin açılışı mərasimində dövlət başçısı “Bizim siyasətimiz demək olar ki, DOST mərkəzlərində öz əksini tapır-islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni, bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək”,-deyə bildirib.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası dövlət sosial xidmətlərinin (156 növdə xidmət) “bir pəncərə”dən, innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendini formalaşdırıb. Təsadüfi deyil ki, bu gün DOST konsepsiyası beynəlxalq səviyyədə də böyük maraq kəsb edərək yüksək dəyərləndirilir və Azərbaycanın DOST təcrübəsini öyrənməyə maraq göstərən ölkələrin sayı artır.
2022-ci ilin fevral ayında Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının Fəxri fərmanına layiq görülən DOST Agentliyinin bu günlərdə Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatını qazanması da DOST konsepsiyasının müasir dünyanın innovasiyalar sahəsində mühüm nailiyyətləri sırasında olduğunu göstərir. “Texnologiya alətləri” kateqoriyasında sosial xidmətlərdə smart modelin tətbiqinə görə DOST Agentliyi 20 mindən çox səslə Avropanın nüfuzlu Mükafatına sahib olub. Təşkilata üzv Avropa dövlətlərinin DOST layihəsinə olan marağının göstəricisi kimi həmin səslərin 17 mini qeyd edilən dövlətlərdən gəlib. DOST bu gün Avropa Sosial Şəbəkəsi Şurasının Avropa İttifaqı üzvü olmayan yeganə dövlət qurumu, eyni zamanda, şəbəkənin tədbir və müzakirələrinin fəal iştirakçısı olan yeganə MDB təmsilçisidir. Bu da DOST-a Avropada olan böyük marağı və onun uğurlu islahat təcrübəsi kimi qəbul edildiyini ehtiva edir.
Bu gün respublikamızda 5 DOST mərkəzi fəaliyyət göstərir. Ötən dövrdə 800 mindən çox vətəndaş bu mərkəzlərin xidmətlərindən faydalanıb. Bu xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi isə 98 faiz üzərindədir. “DOST” mərkəzlərindən xidmətdən məmnunluğun bu qədər yüksək olmasında operativ və şəffaf fəaliyyət göstərən peşəkar, təcrübəli kadrlarla yanaşı, könüllülərin də böyük rolu var. “Könüllü DOST proqramı” Azərbaycanda könüllülük hərəkatının genişlənməsində önəmli rol oynayır və Avropa Sosial Şəbəkəsinin qeyd edilən müsabiqəsində də DOST Könüllülərinin fəaliyyətinə dair “Dəyərləri birləşdir-bərabərliyə nail ol” adlı ərizəsi “Möhtəşəm Heyət” kateqoriyasında Avropa müsabiqəsinin finalçısı olub. Onu da bildirək ki, DOST Agentliyi 4 istiqamət üzrə ISO sertifikatlarına da layiq görülüb.
Bütün bunlar bir daha təsdiq edir ki, hazırda planetimizdə mövcud sosial kataklizmlər və iqtisadi böhran fonunda Azərbaycanda uğurla reallaşdırılan islahatlar sayəsində vətəndaş rifahının və məmnunluğunun təminatı dövlət siyasətinin əsas prioritetlərindəndir. Təbii ki, bu istiqamətdə qazanılan nailiyyətlərdə DOST-un böyük payı var.
Zahid Rza
İki sahil.- 2022.- 16 aprel.- S.12.