Səhnəmizin və
ekranımızın “qayınanası”
Bu gün Azərbaycan
səhnəsinin unudulmaz sənətkarı,
Xalq artisti Nəsibə
Zeynalovanın doğum günüdür
Qüdrətli gülüş ustası, Azərbaycan teatr və kino tarixinə adını qızıl hərflərlə yazmış Xalq artisti Nəsibə Zeynalova 20 aprel 1916-cı ildə Bakıda doğulub. Atası Kərbəlayı Cahangir Bakıda tanınmış tacir və eyni zamanda aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi və ilk aktyorlarından biri məhz Cahangir Zeynalov olub. Cahangir Zeynalovun hələ övladı olmamışdan qabaq ona verilən «Sizin varisiniz kim olacaq» sualına o, belə cavab vermişdi: «hələlik mənim varisim var: bizim səhnəmiz mənim varisim ola biləcək ən etibarlı övladdır». Teatrın böyük gələcəyinə inanan teatr xadiminin bir qızı oldu, adını Nəsibə qoydu. Balaca Nəsibə də böyüdü və atasının yolunu ləyaqətlə davam etdirdi.
C.Zeynalov vəfat edəndə qızı Nəsibənin üç yaşı vardı. 14 yaşından zəhmətə qatlaşan bu yeniyetmə qız Bakı Elektrik Təchizatı Şəbəkəsinin laboratoriyasında laborant, «Azərsənət» Birliyində mühasib köməkçisi, tramvay parkında tabelçi, topdansatış anbarında fəhlə işləyir. Nəsibə xanım aktrisa olmaq fikrinə düşəndə anası Hüsniyyə xanım heç cürə bununla razılaşmır. Ancaq qızın qərarı qəti idi: mən aktrisa olacağam! O, 1938-ci ildə Bakı Teatr Texnikumuna daxil olur. Texnikumu bitirəndən sonra Musiqili Komediya teatrında fəaliyyətini davam etdirir. Lakin bəxtindən teatr 1949-cu ildə müvəqqəti olaraq bağlanır və aktrisa həmin ildən Bakıdakı Nizami adına kinoteatrın yay zalında kassir, mədəniyyət evində dram dərnəyinin rəhbəri, Filarmoniyanın estrada sektorunda aktrisa işləyir. 1956-cı ildə Musiqili Komediya Teatrı yenidən qapılarını tamaşaçıların üzünə açır və Nəsibə xanım doğma sənət ocağına qayıdır.
Görkəmli aktrisanın ilk sənət müəllimləri - atası Cahangir Zeynalov, rejissorlardan Aleksandr Tuqanov, Şəmsi Bədəlbəyli, aktyor Ağasadıq Gəraybəyli olmuşlar. Tanınmış rejissor Ş.Bədəlbəyli vəfat edəndə Nəsibə xanım bir söz işlədir: «Şəmsi Bədəlbəyli ölümü ilə məni ikinci dəfə yetim qoydu...» Halbuki Ş.Bədəlbəyli vəfat edəndə Nəsibə Zeynalovanın nə az, nə çox, düz 70 yaşı vardı. Həyat isə öz axarında davam edirdi. Aktrisa öz fitri istedadı ilə insanlarda gözəlliyə məhəbbət hissini aşılayırdı: O, eybəcərlikləri ifşa edir, öz sənəti ilə tamaşaçılara sevinc bəxş edir, onları güldürür, eyni zamanda, düşündürürdü. Nəsibə xanım uzun illər çalışdığı Musiqili Komediya Teatrının səhnəsində «Arşın mal alan» operettasında Cahan xala, «O olmasın, bu olsun»da Sənəm, «50 yaşında cavan»da Kələk xanım və Mələk xanım, «Durna»da Şərəf, «Gözün aydın»da Nargilə, «Ulduz»da Züleyxa, «Özümüz bilərik»də Şölə xanım, «Ev bizim, sirr bizim»də Əsmət, «Qayınana»da Cənnət və s. rollar oynayıb, hər bir obraz xarakter aydınlığı, milliliyi və təbiiliyi ilə aktrisaya şöhrət qazandırıb.
Görkəmli aktrisa qətiyyəti, ağır zəhməti sayəsində tükənməz istedadını ildən-ilə cilalayaraq, teatrda olduğu kimi, kinoda da təkrarsız obrazlar yaradıb. «Ögey ana» filmindəki kiçik rol - araqarışdıran Fatmanisə, «Ulduz»dakı təmiz qəlbli, xeyirxah ferma işçisi Züleyxa, «Bizim Cəbiş müəllim»dəki alverçi, yeri gələndə xeyirxah olan Suğra xala, «Qayınana»dakı hökmlü və iddialı qayınana Cənnət, «Yuxu»dakı mehriban və istəkli Məsmə nənə obrazları aktrisaya daha böyük şöhrət qazandırıb. Bundan başqa, «Mozalan» satirik kinojurnalının bir çox süjetlərindəki rolları aktrisanın özünəməxsus yumoru, milli koloriti, açıq temperamenti ilə seçilir. Bu rollar onun ifasında olduqca təbii və inandırıcıdır.
1958-ci ildə çəkilmiş «Ögey ana» məişət dramında Nəsibə xanımın yaratdığı Fatmanisə obrazı ikinci planda olsa da, tamaşaçıların yadından bu gün də çıxmayıb. Film çəkilib qurtarandan sonra quruluşçu rejissor Həbib İsmayılov aktrisa üçün yazdığı xasiyyətnamədə onun filmdəki işini belə xarakterizə edib: «Gənc Nəsibə Zeynalova bu filmdə qoca qarı obrazını canlandırır. O, xaricən qocalıb əldən düşmüş, arıq və sifəti qırışlarla dolu olan, saçları pırpız, daxilən isə köhnə fikirli, araqarışdıran, bisavad kəndli qadındır. Əsası isə budur ki, bütün bunlara inanırsan. Ona görə inanırsan ki, aktrisa milli koloritdə orijinal və inandırıcı obraz yaratmağa müvəffəq olub...»
O vaxtlar Bakı kinostudiyasının qonağı olmuş tanınmış gürcü kinodramaturqu Georgi Mdivani filmə baxandan sonra qeybətcil Fatmanisəni oynayan yaşlı ağbirçək aktrisanın kimliyilə maraqlanmışdı. Sonra Nəsibə xanımı onunla tanış edəndə gürcü kinodramaturqu gözlərinə inanmayıb demişdi: «Bu cavan qadını yox, filmdə qarını oynayan qoca aktrisanı soruşurdum...»
Beləliklə də hələ bu filmdə aktrisa güclü xarakter, tipaj ustası olduğunu nümayiş etdirmişdi. Bu fikri aktrisanın digər filmlərindəki rollarına da şamil etmək olar. Bəstəkar Süleyman Ələsgərovun eyniadlı operettasının motivləri əsasında rejissor Ağarza Quliyevin çəkdiyi «Ulduz» musiqili kinokomediyasında Nəsibə Zeynalovanın yaratdığı Züleyxa, tamaşada olduğu kimi, kinoda da uğurlu ekran qəhrəmanlarından biridir. Uzun illər Musiqili Komediya Teatrında görkəmli aktyor Lütfəli Abdullayevlə birgə oynadıqları Züleyxa-Məhəmməd dueti eyniadlı filmdə də təbii və inandırıcı alınıb.
İstər teatrda, istərsə də kinoda aktrisaya əsl şöhrət qazandıran Cənnət xala obrazı olub. Təsadüfi deyil ki, kinematoqrafçılarımız da Məcid Şamxalovun məşhur «Qayınana» pyesinə maraq göstərmiş və əsərin motivləri əsasında eyniadlı musiqili kinokomediya yaradıblar. Kinoda qayınananı qayınana edən Nəsibə xanımın koloritli, duzlu oyunu olub. Təsadüfi deyil ki, film 1979-cu ildə Aşqabadda XII Ümumittifaq kinofestivalında uğurla nümayiş etdirilmiş və aktrisa Nəsibə Zeynalovaya diplom verilmişdi.
Öz gözəl oyunu ilə ümumxalq məhəbbətini və rəğbətini qazanmış Nəsibə Zeynalova fitri istedada malik böyük sənətkar idi. Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə Zeynalova 24 may 1960-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1967-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. "Hicran" musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatıdır (1974). 1974-cü ildə Rauf Kazımovski onun yaradıcılığı barədə "Aktrisanın təbəssümü" televiziya filmi çəkib.
Vaxt ötür, maraqlar, zövqlər, tələblər dəyişir. Kino da dəyişikliyə uğrayır, müasirləşir. Lakin aktrisanın yaratdığı obrazlar bu gün də xalq tərəfindən sevə-sevə yada salınır, film və tamaşalar populyarlığını saxlayır.
Sevinc Azadi
İki sahil.- 2022.- 20 aprel.- S.8.