Ömrün 75-ci qatından görünən şəfəqlər

 

Allahverdi Hacıyev-75

 

Adı doğulduğu yurdla, dualar edilən ünvanla bir sim üstdə köklənən bir alimin, bir ziyalının, bir ağsaqqalın yubiley möhürlü ad günü – 75 illiyi yaxınlaşır. Bu ad günü işığında uzaqlara boylanır, kitablarda, vikipedilərdə qədim Oğuz torpağı olan Allahverdi rayonu haqqında yaddaşımıza yazılan xatirələrin tozunu silməyə, olub-keçənləri yada salmağa, şüurumuzun alt qatlarında gizlənən layları saf-çürük etməyə çalışırıq. Yada Lori mahalı, Dağlıq Borçalı, Böyük Ayrım, Kiçik Ayrım, Barana, Qalaça, Disək, Qarınç, Şamud mahalı, bu ərazilərin taleyində müəmmalı rol oynayan böyük sərkərdəmiz Nadur şah Əfşar düşür. Allahverdi adının Allahverdi rayonu ilə bağlılığının leksik-semantik, ictimai-siyasi, mənəvi bağlantılarını axtarırıq. Bu bağlantı axtarışındakı rəqəmin simvolikası bizi bir az düşündürür. Rus-alman müharibəsindən cəmi ikicə il keçib və bir ildən sonra, 1948-ci ildə Azərbaycan türklərinin Qərbi Azərbaycandan ikinci böyük deportasiyası başlanacaq.

Məhz belə ziddiyyət və mübahisələrlə dolu bir ildə - 1947-ci ildə Şəmistan kişinin ocağında bir körpə dünyaya gəlir. Müharibənin acılarını təzəcə unutmağa başlayan, dili dualarla dolu əli qabarlı ata gözünü göylərin sirli qatlarına zilləyir və pıçıltı ilə “Şükür ki, Allah verdideyir. Beləcə Allahverdi rayonunda dünyaya gələn bu körpənin adını da Allahverdi qoyurlar. Günəşli aprel günündə dünyaya gələn bu türk cocuğu Qərbi Azərbaycan torpağının hərarətini, qoxusunu bədənində, ruhunda duymamış deportasiya qurbanına çevrilir və Hacıyevlər ailəsi Qazax mahalına köç edir. Bu köç 75 ildir ki, tələbəliyə, müəllimliyə, alimliyə doğru yol  getməkdə, Azərbaycan elminə, məktəbinə öz töhfələrini verməkdədir. Bu köçün sahibi indiTərəqqi”, “Qızıl qələm”, “Əməkdar müəllimünvanlı  bir alim, bir vətəndaş, bir el ağsaqqalıdır.

Biz də qədim Oğuz torpağından səfərə çıxıb ömrün 75-ci pilləsini bu il möhürləyən, gələcək yubileylərə, nailiyyətlərə doğru addımlayan Allahverdi Şəmistan oğlu Hacıyevin keçdiyi ömür yoluna azacıq da olsa işıq salmağı özümüzə borc bilirik.

1967-ci ildə V.İ.Lenin adına APİ-nin (indiki ADPU-nun) filologiya fakültəsinə qəbul olunan, dövrünün F.Qasımzadə, Ə.Dəmirçizadə, A.Abdullayev, A.Qurbanov kimi böyük alimlərindən dərs alaraq dünyagörüşünü zənginləşdirən A.Hacıyev ali məktəbi bitirdikdən sonra təyinatını Saatlı rayonuna alır, S.Vurğun adına şəhər məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyətə başlayır. Ali məktəbdə ustad müəllimlərdən öyrəndiklərini gənc nəslə çatdırır, onlarda vətənpərvərlik hissi, ana dilinə ehtiram, milli ədəbiyyata bağlılıq tərbiyə edir. Bu illəri xoş təəssüratla xatırlayan alim xalq şairi Bəxtiyar Vahabzadənin, xalq artisti Həsənağa Salayevin məktəbə gəlişini, onun dərsində olub xoş təəssüratlara ayrılmalarını ömrünün bu çağında da gənclik ehtirası, gənclik həvəsi ilə yada salır. B.Vahabzadənin məktəb rəhbərliyinə dediyi sözləri nöqtə-vergülünə qədər xatırlayır: “Mən Allahverdi müəllimin dərsini dinlədikdən sonra belə nəticəyə gəldim ki, heç bir texniki və əyani vasitə sinifdə müəllim sözünü, müəllim nitqini əvəz edə bilməz. Allahverdi müəllimin ixtisasını dərindən bilməsi və gözəl nitqi bunu bir daha sübut etdi. Siz şanslı və xoşbəxtsiniz ki, məktəbinizdə belə bir müəllim var və balalarımıza dilimizi, ədəbiyyatımızı bu şövqlə tədris edir, sevdirir”.

Ustadın sözləri, filologiya fakültəsinin auditoriyaları ilə bağlı xoş xatirələr, dilə olan elmi marağı onu təhsil aldığı ali məktəbə səsləyir və bu səs onu 1975-ci ildə yenidən ADPU-ya qaytarır. O, 1975-1979-cu illərdə Əli Fərəcovun rəhbərliyi altında institutElmi əsərləri”nin nəşri ilə məşğul olmağa başlayır. Ayrı-ayrı alimlərin elmi məqalələrini redaktə və təhlil etmək onda elmi tədqiqata, dilçilik elminə marağı bir qədər də gücləndirir. Aspiranturaya qəbul imtahanlarını uğurla sonuclayan A.Hacıyev 1979-cu ildə institutun əyani aspirantı olur. Minimumları müvəffəqiyyətlə verib institut nəşriyyat şöbəsinin müdiri işləyən (1982/89-cu illər) gənc alim professor A.Qurbanovun elmi rəhbərliyi altında “Azərbaycan Şərq zonası rayonları /Saatlı, Sabirabadİmişli/ toponimlərinin linqvistik təhlili” mövzusunda namizədlik dissertasiyası müdafiə edirfilologiya üzrə elmlər namizədi alimlik dərəcəsini alır.

A.Hacıyev 1990-cı ildən indiyədək Azərbaycan dilçiliyi, Azərbaycan dilionun tədrisi texnologiyası kafedralarında dosent kimi elmi-pedaqoji fəaliyyət göstərir, tələbə və magistrlərə dilçiliyin sirlərini öyrədir.

Dosent A.Hacıyev pedaqoji fəaliyyətlə yanaşı, məhsuldar elmi yaradıcılıqla məşğul olan istedadlı alim-filoloq kimiözünü göstərir. İlk məqaləsini 1974-cü ildə “Azərbaycan müəllimi” qəzetində dərc etdirən alim respublikanın nüfuzlu mətbu orqanlarına ayaq açır, 150-dən artıq elmi məqalənin müəllifinə çevrilir. 1990-cı ildə “Azərbaycan dilinin onomastik sistemi” adlı monoqrafiyasını dərc etdirərək dünən qibtə etdiyi tədqiqatçıların, alimlərin sırasına qoşulur. Monoqrafiya müəllifi ilk dəfə olaraq Azərbaycan dilinin onomastik sistemi anlayışının formalaşmasına səy göstərir, bu sistemin tərkib hissəsi olan toponimlərin leksik-semantikqrammatik xüsusiyyətlərini zəngin dil faktları əsasında şərh edir. Dünya dilçiliyində təsdiqini tapmış linqvistik nəzəriyyələrə əsaslanan alim Azərbaycan onomostikası, xüsusi adlar qrupuna daxil olan toponim, antroponim, ktematonimlər haqqında elmi araşdırmalar aparır, onların mahiyyətinə işıq salan tədqiqat əsərləri ortaya qoyur.

OnunMüasir Azırbaycan dili (mühazirə mətnləri), “Azərbaycan dilinitq mədəniyyəti” (Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tələbələri üçün), “Müasir Azərbaycan dili” (təkmilləşdirilmiş nəşr), “Türkiyə türkcəsi ilə Azərbaycan türkcəsi arasında eyni anlayışı bildirən fərqli sözlər lüğəti” və s. kimi dərs vəsaitləri ağır zəhmətin, elmi axtarışların bəhrələri kimi tədqiqatçıların, elm öyrədənlərin masaüstü materiallarına çevrilir.

Uzun müddət filologiya fakültəsində dekan müavini, Məktəbəqədər fakültədə dekan kimi fəaliyyət göstərən A.Hacıyev  çalışdığı dövrdə özünü idarəetmə və əməkdaşlığı bacaran vəzifə adamı, ədalətli, qayğıkeş rəhbər işçi kimi   doğrultmuş,  mübahisəli məsələləri səbir və təmkinlə həll edən ağsaqqal ziyalı kimi təsdiqləyə bilmişdir.

Ömrünün müdriklik çağına qədəm qoyan bu istedadlı insan elmi-pedaqoji fəaliyyətlə yanaşı, ADPU-nun, bütövlükdə müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında da fəal iştirak etmiş, ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının rəhbərliyinə gətirilməsi müraciətinə imza atan 91 vətənpərvər ziyalıdan biri olmuşdur.

İctimai-siyasi proseslərə biganə qalmayan alim bu  tarixi çağırışa imza atmaqla ulu öndər Heydər Əliyevə, onun siyasi səriştəsinə, idarəçilik bacarığına inamını ifadə etmiş,  Azad Azərbaycan”, “Şərqin səsi” qəzetlərinə verdiyi müsahibələrdə, “Böyük siyasətin uğurlu davamı”, “XX əsrin böyük siyasətçisi” adlı yazılarında bu yola sədaqətli olduğunu təsdiq etmişdir.

A.Hacıyevin elmi-pedaqoji fəaliyyəti, ictimai-siyasi sayıqlığı ölkə rəhbəri, müvafiq oqranlar tərəfindən dəyərləndirilmiş, o, bir çox fəxri admükafatlarla təltif olunmuşdur. “Tərəqqi” medalı (2006), “Qızıl qələm” mükafatı (2008), “Əməkdar müəllim” fəxri adı (2017), Respublika Təhsil Nazirliyi, ADPU rəhbərliyi tərəfindən təqdim edilən Fəxri Fərmanlar Allahverdi Şəmistan oğlu Hacıyevin əməyinə verilən qiymətdir.

Bu gün universitetdə əksəriyyətin “ağsaqqal” deyə müraciət etdiyi Allahverdi müəllim sözün bütün çalarlarında şansına, bəxtinə Tanrı nəfəsi dəyən insanlardandır. O, ziyası ilə tələbələrini nurlandıran şəxsiyyət, sevgisi ilə övladlarını, nəvələrini sevindirən ata, babadır. Allahverdi müəllim hər şeydən öncə haradan gəldiyini və haraya getdiyini bilən müdrik insandır. Biz də həmkar, elm adamı, sadə dostlar olaraq Allahverdi Hacıyevi 75 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, cansağlığı, yeni-yeni elmi-pedaqoji nailiyyətlər arzulayırıq.

 

Kamil Bəşirov, f.ü.e.d., professor

Adil Balıyev, p.ü.f.d., dosent

 

İki sahil.- 2022.- 20 aprel.- S.5.