Mədəniyyət paytaxtımız Şuşa

növbəti qonaqlarını qarşılayır...

 

Dünya Azərbaycanlılarının V qurultayı qalibiyyət ruhunda keçirilərək birliyimizə, həmrəyliyimizə Şuşanın şahidliyi ilə işıq salacaq

 

2020-ci il noyabrın 8-də ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərinin düşmən işğalından azad edildiyini elan etdi. Ali Baş Komandanın rəhbərlik etdiyi şanlı ordumuz uğurlu əks-hücum əməliyyatı ilə düşməni döyüş meydanında ağır məğlubiyyətə uğratdı. Əzəli və əbədi torpaqlarımızın 30 ilə yaxın davam edən işğalından sonra düşmən tapdağından azad edilməsi nətcəsində  ərazi bütövlüyümüz bərpa olundu. Aparılan hərbi əməliyyatlar istər seçilmiş taktikaya, istərsə də hərbi qulluqçularımızın göstərdiyi şücaətə görə dünyanı heyrətə saldı. Xüsusilə də qəhrəman oğullarımızın çətin və sıldırımlı qayalardan, dağlardan aşaraq Şuşa şəhərini işğaldan azad etməsi müharibənin taleyində misilsiz rol oynadı.

2021-ci il may ayının 7-də ölkə Prezidenti İlham Əliyev “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Sərəncam imzaladı. Bununla da Prezidentimiz Şuşamızın dəyərini, qiymətini bütün dünyaya bir daha bəyan etmiş oldu.

Şuşa şəhəri ölkəmizin mədəniyyət paytaxtı olmaqla yanaşı, tariximizdə çox böyükxüsusi əhəmiyyəti olan bir şəhərdir. Çünki uca dağlar başında Pənahəli xanın yadigarı olan Şuşa şəhəri  gözəlliyi, rəngarəngliyi, ucalığı və əlçatmazlığı ilə hər zaman digər şəhərlərdən seçilmişdir. Lakin 28 ildən artıq işğal altıda qalmış Şuşamızda memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dək mədəniyyət və tarixi abidə, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif və kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey, turizm bazası, şərq musiqi alətləri fabriki dağıdılmış, məbədgah və məscidlər təhqir edilmiş, çox sayda nadir əlyazma nümunələri məhv edilmiş, 20 kitabxana yandırılmışdır. Dövlət başçısı tərəfindən imzalanmış Sərəncam həm də Şuşa şəhərinin bu statusunun bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması, xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasına yönələn addım idi.

İşğaldan azad olunduqdan sonra dövlətimizin başçısının göstərişinə əsasən, işğal altında olan bütün ərazilərə, o cümlədən  Şuşaya dəymiş ziyan da hesablandı, şəhərdə çox böyük sürətlə abadlıq-quruculuq işlərinə başlandı və hazırda da bu proses uğurla davam etdirilir. Şuşa şəhərində aparılan abadlıq-quruculuq işlərini sürətlə davam etdirmək məqsədilə Prezidentin Şuşada xüsusi nümayəndəs təyin edilib.

Ölkə başçısı bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə qeyd etdi ki, Şuşanın bərpası bütün digər azad edilmiş torpaqlarla yanaşı, əlbəttə ki, çox önəmlidir və hesab edirəm ki, prioritet olmalıdır: "Azərbaycan xalqı da bu yanaşmanı təqdir edir. İndi Şuşada artıq bərpa işləri gedir, bəzi tarixi abidələr bərpa edilibbu il görüləcək işlərlə bağlı tapşırıqlar vermək istəyirəm. Tarixi abidələr bərpa edilir, Heydər Əliyev Fondu 3 məscidi əsaslı şəkildə bərpa edir, eyni zamanda, yeni məscidin inşası yaxın aylarda başlanacaq. Artıq yer müəyyən olundu, biz onun təməlini qoyduq".

Düşmənlərimiz 30 illik işğal müddətində müxtəlif ölkələrdə lobbiçilik fəaliyyəti ilə məşğul olaraq, işğala beynəlxalq dəstək qazandırmaq məqsədilə Şuşanın tarixini təhrif edərək onuŞuşikimi təqdim etməyə cəhd göstərirdilər. Lakin onların bütün cəhdləri boşa çıxdı. Bu gün nəinki ermənilər, bütün dünya qəbul edir ki, Şuşa qədim Azərbaycan torpağıdır. Tarixi ədalət bərpa olundu, Şuşa öz tarixi sahibinə qovuşdu. Xalqımız əmindir ki,  Türk dünyasının mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa tezliklə dünyanın ən gözəl guşələrindən birinə, turistlərin üz tutluğu məkana  çevriləcək.

Şuşa son bir ildən artıq dövrdə mədəni-siyasi tədbirlərə ev sahibliyi edir. "Xarıbülbül" musiqi festivalı, Vaqif Poezidya Günləri ənənəsi bərpa olunub. Şuşa hər ay qonaqlarını qarşılamaqla  28 illik həsrətini unutmağa çalışır. 28 il əsarətdə olan Şuşa sınmadı, milli kimliyimizi, qürurumuzu qorudu. Bu gün ev sahibliyi etdiyi tədbirlər vasitəsilə Azərbaycanın qalibiyyətini, yenilməz, məğrur xalq olduğumuzu, yumruq kimi birliyimizi, həmrəyliyimizi dünyaya nümayiş etdirir. Aprelin 21-dən 25-dək keçiriləcək Dünya Azərbaycanlılarının V qurultayına ev sahibliyi tamamilə fərqli bir təqdimatdır. Bu baxımdan ki, dünyanın müxtəlif ölkələrindən yaşayan və fəaliyyət göstərən soydaşlarımız   30 illik həsrətdən sonra musiqi beşiyimiz, mədəniyyət paytaxtımız Şuşada bir araya gələcək.

 

Röya Rasimqızı

 

İki sahil.- 2022.- 21 aprel.- S.8.