Üçrəngli bayrağımızın rənglərində,

Dövlət Himnimizin sözlərində yaşayan şair

 

Əhməd Cavad-130

 

Prezident İlham Əliyevin bu günlərdə imzaladığı Sərəncamla Azərbaycan xalqının istiqlal mübarizəsinə layiqli töhfələr vermş, Dövlət Himnimizin sözlərinin müəllifi, alovlu vətənpərvər şair Əhməd Cavadın anadan olmasının 130-cu ildönümü qeyd ediləcək

 

Böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Əhməd Cavad Axundzadə 1892-ci il mayın 5-də Şəmkirin Seyfəli kəndində anadan olub. Altı yaşında ikən atasını itirən Əhməd ilk təhsilini mollaxanada alır. Ə.Cavadın ata babası Cənubi Azərbaycandan olub, Ərəbistanda oxuyub qayıtmış müctəhid idi. O, ömrünün sonuna kimi Gəncədə yaşamışdır. Şairin anası Yaxşı xanım xalq ədəbiyyatının mahir bilicilərindən olub. Bir müddətdən sonra onların ailələri Gəncəyə köçür. O, buradakı Şah Abbas məscidinin nəzdində fəaliyyət göstərən ruhani seminariyasında təhsil alır. O, artıq yeddi yaşında olarkən Quranı-Kərimi oxuyur və bir çox surələri əzbərdən söyləyirdi. Seminariyanın müəllimləri uşaqlara yalnız dərs vermir, həm də onlarda milli vətənpərvərlik ruhu formalaşdırdılar. Onların arasında şair Hüseyn Cavid, ədəbiyyatşünas Abdulla Sur, Şeyxülislam Pişnamazzadə kimi dövrünün tanınmış simaları var idi. Əhməd tezliklə seminariya müəllimlərinin sevimli tələbələrindən birinə çevrilir. Böyük mütəfəkkir şair Hüseyn Cavidlə tez-tez ünsiyyətdə olması və onun şeirlərini dinləməsi Əhməd Cavadı da yazmağa ruhlandırır. O, ilk şeirlərini də məhz seminariyada oxuyarkən qələmə alır. Bundan əlavə, müəllimlərinin milli-mənəvi ruhlu söhbətlərini dinləməsi, türk xalqlarının düşdüyü vəziyyət, gələcəyi barədə seminariyada gedən söhbətlər Əhməd Cavadın gələcək həyat yolunun müəyyən edilməsində, bütün varlığı ilə milli istiqlal yolunda mücadiləyə başlamasında böyük rol oynayır.

Əhməd seminariyada ərəb, fars, rus dillərini mükəmməl öyrənir. 1912-ci ildə təhsilini bitirərək müəllimlik şəhadətnaməsi alan Əhməd Cavad əmək fəaliyyətinə başlayır.

Yaradıcılığa lirik şeirlərlə qədəm qoyan Ə.Cavadın əsərləri 1913-cü ildən çap olunmağa başlayır. “Qoşma” adlı ilk şeirlər kitabı isə üç il sonra, 1916-cı ildə çapdan çıxır. Onun1918-1920-ci illər yaradıcılığı əsasən azadlıq mövzusuna, ilk Azərbaycan Xalq Cümhuriyyətinin nailiyyətlərinə həsr edilib. “Ey əsgər”, “İngilis”, “Bismillah”, “Röyasını görmüşdüm”, “Qalx”, “Şəhidlərə”, “Bən kiməm”, “Aşiqin dərdi”, “Nədən yarandın”, “Gəlmə”, “Dağlar”, “Marş”, “Türk ordusuna”, “Dilimiz” adlı şeirlər məhz həmin dövrün məhsuludur. Böyük şair üçrəngli bayrağımıza altı nəğmə yazıb.

Daim ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olan Ə.Cavad böyük istiqlal şairi, azadlıq aşiqi idi. Azərbaycanın azadlığı, müstəqilliyi, üçrəngli ay-ulduzlu bayraq, səkkiz guşəli gerbin milli rəmz kimi mənalandırılması, türkçülük ideyalarının təbliği onun ideallarının ifadəsi idi. Dövlət rəmzlərimizi yüksək şeiriyyətlə, alovlu tərənnüm edən şairin “Azərbaycan bayrağı” adlı şeirində bu ideya özünün dolğun ifadəsini tapmışdır:

 

Türküstan elləri öpüb alnını

Söyləyir dərdini sana bayrağım.

Üç rəngli əksini Quzğun dənizi

Ərməğan yollasın yara, bayrağım.

 

1912-ci ildə Osmanlı Türkiyəsinə qarşı Balkan yarımadası ətrafında müharibə başlayarkən əsasən azərbaycanlılardan ibarət xüsusi bir Qafqaz könüllü dəstəsi cəbhəyə gedib, Türkiyə tərəfindən əməliyyatlara qoşularaq bolqarlara qarşı hərbi əməliyyatlarda iştirak edib. Həmin könüllü dəstənin tərkibində 20 yaşlı Əhməd Cavad da əqidə dostları İ.Axundzadə, İsa Əlizadə, Əli Əsədulla ilə birlikdə döyüşüb.

Əhməd Cavad Birinci Dünya müharibəsi illərində rus-türk müharibəsində Qafqaz cəbhəsində zərər çəkmiş əhaliyə yardım göstərən “Bakı Müsəlman Cəmiyyəti Xeyriyyə”nin rəsmi nümayəndəsi və cəbhə bölgəsi üzrə vəkili Xosrov paşa Sultanovun müavini, həm də məsul katibi olmuşdur. Ə.Cavad 1916-cı ildə şəxsən H.Z.Tağıyevin maliyyə dəstəyi ilə Batumidə yaşayan 2500-ə qədər azərbaycanlı ailəsi üçün məktəb açmışdır. Özü isə təşkil olunan yeni məktəblərdə həm də müəllimliklə məşğul olurdu. 1917-ci ildə Ə.Cavadın vasitəsi ilə 2500 nəfərdən çox türk qaçqın və didərgin Gəncə və Bakı ətrafında yerləşdirilmişdir.

Böyük şair müharibədən sonra müəllim işləməklə yanaşı, yaradıcılıqla məşğul olmuş, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında yaxından iştirak edərək onun fəal üzvlərindən olmuşdur. O, AXC-nin Gürcüstanda, Dağıstanda fövqəladə və səlahiyyətli nümayəndəsi kimi diplomatik işlər görmüşdür.

 Azərbaycan milli istiqlalının böyük təbliğatçısı 45 yaşlı Əhməd Cavad 30-cu illərin qanlı repressiyasının qurbanı oldu. 1937-ci ilin mart ayında Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərinin tərcüməsinə görə ilk mükafata layiq görülməsinə baxmayaraq, həmin ilin 4 iyununda şair “əksinqilabi burjua millətçi təşkilatının işində iştirak etdiyinə, Azərbaycandakı mövcud üsyankar təxribatçılıq-terror-diversiya, millətçi təşkilata qoşularaq Sovet hakimiyyəti rəhbərlərinə qarşı terrorçuluq aktları və kapitalist ölkələri xeyrinə casusluq etməklə Sovet hakimiyyətini yıxmaq, Azərbaycanı SSRİ-dən ayırmaq məqsədi güddüyünə” görə müəllimi Hüseyn Cavid, tələbəsi Mikayıl Müşfiq və həmyerlisi Vəli Xuluflu ilə eyni vaxtda həbs edilərək, Dövlət Təhlükəsizlik Komitəsinin IV şöbəsində ağır işgəncələrə məruz qalmışdır. Belə ki, 1937-ci ildə şairə qarşı irəli sürülən saxta ittihama əsasən oktyabrın 12-də hökm oxunur. Cəmi 15 dəqiqə davam edən məhkəmədən sonra Ə.Cavad oktyabrın 12-dən 13-nə keçən gecə amansızcasına güllələnir. Bundan sonra şairin həyat yoldaşı Şükriyyə xanım “Vətən xaininin ailə üzvü” olduğuna görə 8 il Qazaxıstana sürgün edilir.

1937-ci ildə Stalinin qanlı repressiyasının qurbanı olaraq günahsız yerə güllələnərək öldürüldükdən 18 il sonra, 1955-ci ildə Əhməd Cavadın təqsirsizliyi sübut edilib və ona bəraət verilib.

Daim haqsızlığa, ədalətsizliyə qarşı mücadilə edən şair “Susmaram şerində yazırdı:

 

Mən bir qulam, yerim altun, suyum gümüş, özüm ac...

Atam məhkum, anam salih, elim hər şeyə möhtac!

Dil yaranıb danışmağa mən danışa bilmirəm,

Aç qəlbimi, yar sinəmi ciyər vərəmdir-vərəm...

Nə qədər ki, hakimlik var, məhkumluq var, mən varam!

Zülmə qarşı üsyankaram, əzilsəm də SUSMARAM!!!

 

1930-cu illərin ağır repressiyalarına məruz qalaraq sovet totalitarizminin qurbanına çevrilən milli istiqlal şairi, əsl vətəndaş, böyük vətənpərvər şair Əhməd Cavad daim Azərbaycanın dövlət himnində, üçrəngli bayrağımızın ay-ulduzunda, “Çırpınırdın, Qara dəniz”, “Göy göl”, “Susmaram”, “Qalx” şeirlərində və xalqımızın qəlbində əbədi yaşayacaq.

 

Zahid Rza

 

İki sahil.- 2022.- 22 aprel.- S.2.