“Zəfər qurultayı”n mübarək!

 

Şuşanın axşamlar yanaraq küçələrinə işıq, qonaqlarının ürəklərinə nur səpən ulduzlarına...

 

Bu gün Şuşanın başı pirani ağsaqqallarının cadarlı əlləri ilə ovucladığı demilərinin tüstüsündən dumanlanıb. Qayğılıdır, sevinclidir Şuşa! Gözlərini “Zəfər yolu”na zilləyib illər sonra yağı yağmasından arınmış, təmizlənmiş torpağına ayaq basacaq, duzlu göz yaşlarından pas tutmuş qapısını açaraq “Zəfər qurultayı”na gələcək qonaq-qarasını gözləyir. Qonaq da ki, nə qonaq. Soyu soyumuzdan, kökü kökümüzdən 400 nəfərə yaxın həmvətən dünyanın 65 ölkəsindən “Şuşam” deyib yola çıxıb. Taa haralardan gəlirlər...

Bu gün Şuşanın gözləri qızlarının koftasının rəngindədir – Həyəcandan sabaha qədər yata bilməyib ötən gecə, həzin-həzin ağlayıb Şuşa! Ancaq az qala bir qərinə sonra bu dəfə sevinc göz yaşlarına boğulub 270 yaşlı qoca, məkanı uca şəhərimiz. Azadlığına sevinir! Özününkülərin doğmalığına, sevgisinə sevinir! Göylərində dolaşan ruhların rahatlığına qovuşmasına sevinir! Yenə qarabağlı qonaqpərvərliyini göstərə biləcəyinə sevinir!..

Xəbəri eşidəndən yollarına, çöllərinə bahar güllərindən naxışlar vurulmuş, qızlarının tumanı rəng xalı-xalçalar döşəyib Şuşa! Gələnlərin ayaqlarını oxşasın deyə. Vətən sevdalıların, Şuşa həsrətlilərin gözləri-könülləri açılsın deyə. Boynubükük bənövşələri utancaq-utancaq böyürtkən kollarının diblərindən boylanıb yollara ətir səpir torpağa hopmuş barıt qoxusunu itirsin deyə...

Bu gün qala qapısını bəzəyən üçrəngli bayrağı məğrur-məğrur dalğalanacaq Şuşanın! Dostların qəlbi Kirsə, Qırxqıza dönsün, düşmənin bağrı Çatalqayanın çatalı kimi yarılsın deyə. Bir başqa bayraqdır axı bu bayraq – O bayraq ki, daşını-torpağını canından artıq sevən, SEVGİLİyə qovuşmaq, Vətəni incidənin külünü göyə sovurmaq üçün “sıldırım qayalar da əngəl deyil, yoldur” deyən ərlər, ərənlər, qəhrəman oğullar ürəyinin üstə daşıyıb, öpüb gözünün üstünə qoyandan sonra sancıb ora! O bayraq ki, qürurla dalğalananda kölgəsində, səcdəsində milyonlar, onmilyonlar rahatlıq tapır, xoşbəxt olur...

Bu axşam Şuşanın küçələrinə işıq, qonaqlarının ürəklərinə nur səpiləcək yanan ulduzlarının alovundan... Bilənlər bilir, yazda-yayda Şuşanın axşamları elə gözəl olur ki, bir cüt göz istəyir tamaşasına durmağa.

Cıdır düzü çal-çağırlı günlər üçün çox qəribsəyib, uşaq kimi sevinir indi! İsa bulağı suyundan dadıb otuz illik yanğısını söndürmək istəyənlər üçün zəm-zəm dadır!

Bu gün Şuşanın dünya boyda Azərbaycan olan günüdür!

Bu gün dünyanın Şuşa olan günüdür!

Günün mübarək, Şuşa! Qonaq-qaran, çal-çağırın, “Zəfər qurultayı”n mübarək, 270 yaşlı Türk yurdu!

 

Mahir Rəsuloğlu

 

İki sahil.- 2022.- 22 aprel.- S.3.