Dənizi ram edən neftçi

 

Tarix yazanlar

 

Geologiya-mineralogiya elmləri doktoru, professor Ağa Qurban oğlu Əliyev Azərbaycanın neft sənayesi tarixində tanınmış, köhnə qvardiyanın ən məşhur geoloqlarından biri olmuşdur. O, 1911-ci il may ayının 11-də Bakı quberniyasının Göyçay mahalının Potı kəndində sadə kəndli ailəsində anadan olmuşdur. Atası Qurban kasıb kəndli olmuş, 1916-cı ildə vəfat etmişdir. Həmin ildən ailə kənddən Göyçay şəhərinə köçmüşdür, Ağanın həyatında dəyişikliklər bundan sonra baş verir. 1920-ci ildə o, Göyçay şəhərində məktəbə daxil olur. 1929-cu ildə Göyçay Pedaqoji Texnikumunu bitirir, komsomol sıralarına qəbul olunur.

Ağa Əliyev müəllim kimi əmək fəaliyyətinə Ağdaş rayonunun Kərikənd orta məktəbində başlayır. Bir ildən sonra Göyçay təşkilatlarının göndərişi ilə ali təhsil almaq üçün Bakıya –M.Əzizbəyov adına Neft və Kimya İnstitutuna göndərilir. Rusca təhsil alan Ağa 1936-cı ildə həmin institutu “Neft və qaz yataqlarının kəşfiyyatı” ixtisası üzrə mühəndis-geoloq kimi başa vurur, təyinatla “Orconikidzeneft” Nrestinə göndərilir. O, burada-Qaraçuxur müəssisəsində qazma və istismarı üzrə mühəndis-geoloq kimi əmək fəaliyyətini davam etdirir.

Sonradan Ağa Əliyev “Kaqanoviçneft” trestinə göndərilir. 1937-1940-ci illərdə baş geoloq müavini, 1940-1942-ci illərdə baş geoloq işləyir.

1942-ci ilin aprelindən həmin ilin noyabrına kimi A.Əliyev Azərbaycan SSR K (b) P-nın Bakı şəhər komitəsində neft qazması şöbəsinin müdiri təyin edilir. 1942-ci ilin noyabrından 1944-cü ilin aprelinə qədər “Azərneftkəşfiyyat” Trestinin rəisi olur.

Ağa Əliyevin ömür yolu bir sıra məsul işlərdən keçmişdir. 1944-cü ilin aprelindən 1945-ci ilin avqustuna kimi “Molotovneft” Trestinin, həmin vaxtdan 1954-cü ilin sonuna kimi “Dənizdə neft kəşfiyyatı” Trestinin baş geoloqu kimi fəaliyyət göstərmişdir. 1954-1964-cü ilin illərdə “Azdənizneftkəşfiyyat” Trestinin baş geoloqu olan Ağa Əliyev 1964-1966-ci illərdə AzİNXA-da Geologiya kafedrasının professoru kimi elmi fəaliyyətlə məşğul olmuşdur. 1966-ci ilin aprelindən ömrünün sonuna kimi Ağa Əliyev Azərbaycan Elmi-Tədqiqat Neft Layihəsi İnstitutunda direktor müavini (neft və qaz yataqlarının kəşfiyyat və geologiyası üzrə) işləmişdir.

5 mart 1951-ci ildə Ağa Qurban oğlu Əliyev SSRİ Nazirlər Sovetinin qərarı ilə qrup rəhbəri kimi açıq dənizdə neft və qaz kəşfiyyatı işlərində xüsusi fəaliyyətinə görə SSRİ Dövlət Mükafatına (birinci dərəcəli Stalin mükafatı) layiq görülür.

1942-ci ilin fevralında və 1959-cu ilin martında ona SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə “ Qırmızı Əmək Bayrağı”ordeni (2 dəfə) verilir.

Bundan əlavə A.Əliyev müxtəlif vaxtlarda bir sıra orden və medallarla,fəxri fərmanlarla təltif olunmuşdur. Dəfələrlə Azərbaycan SSR Ali Sovetinin, Bakı Şəhər Sovetinin deputatı, Azərbaycan SSR KP Bakı Şəhər Komitəsinin üzvü seçilmişdir.

1961-ci ildə A.Əliyevə “Əməkdar mühəndis” 1971-ci ildə isə “SSRİ-nin fəxri neftçisi” adları verilmişdir.

Fasiləsiz olaraq 30 il ərzində A.Əliyev müxtəlif neft və qaz istehsal edən trestlərdə, idarələrdə, elmi-tədqiqat institutlarında geoloji kəşfiyyat xidmətlərinin rəhbəri olmuş, onun bilavasitə iştirakı və rəhbərliyi ilə 15-dən çox irimiqyaslı neft və qaz yataqları aşkarlanmışdır.

Görkəmli geoloqun həyat və fəaliyyəti üçün xarakterik cəhət ondan ibarətdir ki, rəhbərlik etdiyi sahələrdə iç üslubunu elmlə texniki proseslərin vəhdətində qurmuş, bununlada ölkə miqyasında məşhurlaşacaq qədər uğurlara imza atmış, dövlətə, vətənə layiqli töhfələrini vermişdir. Çöldə geoloji-çəkiliş qruplarının dəqiq işləməsi nəticəsində ilk dəfə olaraq Xəzər dənizi akvatoriyasında tədqiqatları öz bəhrəsini vermiş, Bakı arxipelaqında və Abşeron yarımadasında neft-qaz yataqlarının aşkarlanması prosesi baş vermişdir.Sonrakı illərdə Ağa Əliyevin rəhbərliyi və iştirakı ilə aparılan axtarış-kəşfiyyat işləri “Neft Daşları”nın (1949-cu il), “Kürgan dəniz” (1940-cı il), “Qum adası” (1954-cü il), “Səngəçal-dəniz-Duvannı-Bulla-dəniz” (1963-cü il) zəngin neft-qaz yataqlarının istifadəyə  verilməsinə səbəb olmuşdur.

A.Əliyevin rəhbərliyi ilə görülən işlər Azərbaycan və SSRİ Neft Sənayesi nazirlikləri tərəfindən yüksək qiymətləndirilmişdir.

A.Əliyev 100-dən artıq elmi işin müəllifi olmuşdur ki, bunların 40-ı mətbuatda çap olunmuş dur onlardan 3-ü monoqrafiyadır.

A.Əliyevin ARDETSA-dakı fonduna onun xidməti və ictimai fəaliyyəti ilə bağlı materiallar daxil edilmişdir. Eyni zamanda, müxtəlif əmrlərdən çıxarışlar, protokollar, qəzet, kitablar da bu sənədlər sırasındadır. Dövlət xadimlərindən təbriklər, A.Əliyevin geniş və çoxşaxəli həyat və yaradıcılığını əks etdirir, haqqında yazılan xatirələr, memuarlar, sənədli əsərlər, müsahibə,məqalə, oçerk və repartyarlar istedadlı alimin xidmətlərini oxuculara çatdırır.

Elmi-texniki işlərin aparılması nəticəsində professor A.Q.Əliyevin ARDETSA-dakı şəxsi fondunda 227 sənəd daxildir.

A.Q.Əliyevin həyat və fəaliyyətini əks etdirən 32 kitab onun şəxsi fonduna daxildir.

Professor Ağa Qurban oğlu Əliyev neft-qaz istehsalı sahəsində vacib işlərdən birinə-neft-qaz kəşfiyyatı və geologiyası sahəsinə uzun illər rəhbərlik etmişdir. Təbii ki, müharibə illərində, müharibədən sonrakı dövrlərdə bu vacib strateji sahinin inkişafına böyük ehtiyac duyulurdu. Xüsusən açıq dənizdə yeni,zəngin neft və qaz yataqlarının tapılması-“Neft Daşları”nın, “Qum adası”, “Bulla-dəniz” və s.yataqlarının tədqiqi, istifadəyə verilməsi istər kütləvi informasiya vasitələrində, istərsə bədii ədəbiyyatda öz geniş əksini tapmışdır.

F.İ.Səmədovun “Neft daşları” kitabında (Bakı, “Azərneftnəşr”, 1959 (ARDETSA, fond 88, siy 75, 12 səh) əfsanəvi Neft Daşlarında geoloji-kəşfiyyat işlərinin aparılması, neft-qaz laylarının tədqiqi, Neft Daşlarında işlərin aparılmasının bəzi məsələləri barədə geniş tədqiqat işləri öz əksini tapmışdır. Müəllif kitabın araya-ərşəyə gəlməsi üçün bir sıra mütəxəssislərə,o cümlədən burada geoloji-kəşfiyyat işləri aparan qrupun rəhbəri Ağa Əliyevdən məsləhətlər aldığını kitabın ön sözündə vurğulamış, kitabdakı fəsillərdə A.Əliyevin tədqiqatlarından istifadə etmişdir.

Eyni sözləri S.A.Orucovun “Dəniz qazmalarında dərin əsasların formalaşması” (“Xəzər dənizində yeni neft yataqlarının əsas metodları” - Moskva, Dövlət Elm-Texniki Neft və Dağ-İstilik nəşriyyatı, ARDETSA, fond 88, siy 77) kitabı haqqında da demək olar.

Azərbaycan Dövlət Nəşriyyatında nəşr olunan “Azərbaycanın dərin geoloji quruluşu” (1965-ci il) kitabının müəllifi R.M.Hacıyev də kəşfiyyatçı geoloqların apardıqları tədqiqatlara istinad edərək ölkə ərazisində və əsasən Xəzər arxipelaqında görülən işləri qələmə almışdır. (ARDETSA, fond 88, siy78). Ağa Əliyevə müəllifin imzası ilə hədiyyə olunan kitabın VII fəslində (səh 128) geoloq kəşfiyyatçının tədqiqatlarından sitatlar gətirilir. ”Müstəqil depresyon zonalarda-Abşeronda, Kür-Araz arxipelaqında pliotsenin analizi nəticəsində belə qənaətə gəlmək olar ki, çöküntülər nəticəsində yataqlarda ehtiyatların həcmi kifayət qədərdir.Kitabın 129-cu və 138-ci səhifələrində də A.Əliyevin tədqiqatları əsaslandırılmışdır. (ARDETSA, fond 88 ,siy78).

Fondda saxlanılan Lev Polonskinin “Dəniz üzərində qüllə” kitabı da (Moskva, 1970) Neft Daşlarının kəşfi ilə bağlı maraqlı faktlarla zəngindir. ”Kəşfiyyatçılar həmişə öndə gedirlər” bölməsi bilavasitə professor Ağa Əliyevə həsr edilmişdir. Neft Daşlarının tədqiqi, görülən işçilər, dəniz üzərində əfsanəvi şəhərin salınması haqqında çox dnışmaq olar, əsas odur ki ,müəllif görkəmli geoloqların fədakar əməyini bədii üsulla gözəl təqdim etmişdir. (ARDETSA,fond 88,siy78).

“Uzaq kəşfiyyatda” oçerklər kitabı (Moskva,”Molodaya qvardiya nəşriyyatı, 1956) Neft Daşlarının tarixi,tədqiqi sahəsində dəyərli kitab kimi qiymətləndirilməlidir.

“Sovet ittifaqının ilk illərində yenidənqurma işlərini qətiyyətlə aparmaq, Abşeron ərazisində neft sənayesini ayağa qaldırmaq üçün var qüvvə ilə çalışmaq lazım idi. Bu isə çoxlu enerji, vaxt, sərfiyyat tələb edirdi. Bu işə başlamaq Böyük Vətən müharibəsi başa çatdıqdan sonra mümkün oldu.

Bir neçə il əvvəl Ağaqurban Əliyevin cəsur kəşfiyyatçılar qrupu Neft Daşlarında kəşfiyyat işlərinə başladı. Onlar həyat üçün təhlükəli,əlverişsiz şəraitdə çalışırdılar. Hər an həyatlarını təhlükə altında saxlasalar da, bir an işlərindən geri çəkilmirdilər. İki ildən artıq bir müddət ərzində geoloqlar, qazma ustaları, inşaatçılar, dənizçilər Xəzərdə işlədilər. Nəhayət sahildən 50 kilometr uzaqlıqda ilk kəşfiyyat quyusu qazıldı. Bu,artıq qələbə idi. 1949-cu ilin noyabrında ilk buruq neft verdi.

-Təmiz neft! -Dəniz kəşfiyyatının pionerləri -Ağaqurban Əliyev (geoloq),Vasili Rosin (inşaatçı mühəndis), Mixail Kaveroçkin (qazma ustası), Qurban Abbasov (köməkçi) sevinclərini büruzə verdilər”. (ARDETSA, fond 88, siy78).

Bakıda, Moskvada, Sankt-Peterburqda nəşr olunan kitablarla yanaşı, qəzetlərdə də Ağa Qurban Əliyevin həyat və fəaliyyətini əks etdirən oçerk, məqalə və reportajlar mütəmadi olaraq dərc olunurdu. ”Bizim günlərin qəhrəmanları” rubrikasında “Ədəbiyyat və incəsənət”qəzeti (¹33(1132) 26 avqust 1961) “Dəniz çağırır” oçerkində (müəllif Əlfi Qasımov) Neft Daşlarının əfsanəvi qəhrəmanlardan söz açır.

“Bakinski raboçi” qəzetinin 24 yanvar 1951-ci il tarixli nömrəsində K.Varlamov baş məqalə yerində “Dəniz dibinin kəşfiyyatçıları” oçerkini Ağa Qurban Əliyevin həyat və fəaliyyətinə həsr etmişdir.

“Sovetskaya zdravnitsa” qəzetidə Kislavodskda istirahət edən SSRİ Dövlət Mükafatı (Stalin mükfatı) laureatı Ağa Qurban Əliyevdən geniş məqalə çap etmişdir. (N143, 21 iyul, 1953-cü il ) ARDETSA, Fond 88, siy 67.

Geologiya-mineralogiya elmləri doktoru, professor Ağa Qurban Əliyev 1997-ci ildə vəfat etmişdir.

 

Müzahim Ələkbərov,

Azərbaycan Dövlət Elm və

Texnika Sənədləri Arxivinin əməkdaşı

 

İki sahil.- 2022.- 23 aprel.- S.26