Könlü diyar-diyar düşən müğənni

 

Şuşa İlinin işığında

 

ya Əbülfət Əliyev İrəvanda ermənilərin kefinə necə “soğan” doğradı?

 

Azərbaycan musiqi tarixində öz dəst-xətti, həzin və məlahətli səsi, zəngin repertuarı ilə fərqlənən, xalqımızın əbədi məhəbbətini qazanmış muğam ifaçılarından biri də respublikamızın Xalq artisti  Əbülfət Əliyev idi.

Əliyev Əbülfət Əsəd oğlu 1926-cı il yanvar ayının 30-da  mədəniyyətimizin və musiqimizin beşiyi Şuşa şəhərində  anadan olub. Yeddi yaşında ikən atası vəfat edib və anası onu çətinliklə böyüdüb. Vəziyyətin ağırlığı ucbatından köçüb Ağdama gəliblər. O, uşaq yaşlarında muğam öyrənməyə Ağdam rayon Müəllimlər Evində görkəmli xanəndə Xan Şuşinskinin rəhbərlik etdiyi muğam sinfində başlayıb. Böyük ustaddan dərs almış yeniyetmə Əbülfət sonra rayon pionerlər evində Məşədi Nəriman Mehrəliyevin  tar dərnəyinə gedib. Orada xanəndə Mehralı oğlu Bahadırdan muğam sənətinin sirlərini daha da dərindən öyrənib. 1941-1945-ci illər Böyük Vətən müharibəsi illərində gənc müğənni tarzən Məşədi Nəriman Mehrəliyev və kamançaçalan Elman  Bədəlovla çağırış  məntəqələrində, hospitallarda, kolxozlarda kənd təsərrüfatı zəhmətkeşləri qarşısında çıxış edib, Ağdam Dövlət Dram Teatrının  səhnəsində qoyulan tamaşalarda epizodik rollarda oynayıb, tamaşalara yazılmış mahnıları ifa edib. On altı yaşında ikən  Çəmənli kəndində xanəndə kimi ilk dəfə toy məclisi aparıb. Həmin toy onu böyük inamla sənət yoluna çıxarıb. 1944-cü ildə  gənclərdən ibarət bədii özfəaliyyət kollektivlərinin Bakıda təşkil edilən respublika olimpiadasının qalibi olub. Paytaxt tamaşaçılarının rəğbətini belə erkən qazanan Əbülfət  bununla da ulu sənət aləminə qədəm qoyub. On doqquz yaşında ikən, yəni 1945-ci ildə o, respublika radiosunaMüslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına solist qəbul edilib. O zaman bu yaşda olan hər kəsə belə etimad göstərilmirdi. Radioda ifa etdiyi ilk mahnı isə “Şuşanın dağları” olub.

Əbülfət Əliyev özünəxas məlahətli, xoş tembrli, rəvan, axıcı səsi, novator yaradıcılıq üslubu olan sənətkar idi. Onun ifa tərzinə incə lirizim, emosionallıq, səlis və orijinal üslub xasdır. İstedadlı xanəndə xüsusilə “Rast”, “Şur”, “Zabul”, “Humayun”, “Çahargah”, “Rahab” və s. muğamları, təsnif və mahnıların arasında milli vokal sənətinə məxsus müxtəlif vasitələrdən -guşələrdən, zəngulələrdən, xallardans. məharətlə istifadə edirdi. Muğənninin repertuarında 400-ə qədər xalq və bəstəkar mahnısı vardı. O, həm də bəstəkar idi, bir neçə təsnif və mahnının müəllifi idi . Çox sevilən “Tel oynasın”, “Aşiqəm”, “Xal yanağında”, “Ay qaşı, gözü qara qız”, “Ay qız” və s. mahnılar onun bəstələri idi. Muğənni 1956-1962-ci illərdə M. F. Axundov adına Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının solisti kimi Məcnun,  Kərəm (“Leyli və Məcnun”, “Əsli və Kərəm”- Üzeyir Hacıbəyli), Şah İsmayıl (“Şah İsmayıl”- M. Maqomayev) partiyalarını ifa edib. O, SSRİ-nin bir çox şəhərlərində və xarici ölkələrdə, o cümlədən Qvineya, Qana, İran, İraq, Suriya, Livan, Misir Ərəb Respublikası, Almaniya Demokratik Respublikası, Polşa Respublikası, Higeriya, Somali, Hindistan kimi ölkələrdə qastrol səfərlərində olub. 1971-ci ildə  Moskvada keçirilən “Xalqların musiqi mədəniyyəti: Ənənə və novatorluq” adlı VII Ümumdünya musiqi konqresində iştirak edərkən yüksək ifaçılıq bacarığına görə UNESCO-nun döş nişanına və diplomuna layiq görülüb.

Əbülfət Əliyev milli mənsubiyyəti ilə fəxr edən vətənpərvər sənət adamı idi. Bir dəfə İrəvandakı konsertdə qəsdən türk mahnısı oxumaqla ermənilərin kefinə “soğan” doğramışdı. İfaya qəti etiraz edən ermənilər bağıraraq soruşublar ki, nə üçün türk mahnısı oxudun. Buna hazır olan sənətkar cavab verib ki, bəs mən kiməm, hansı dildə danışıb-oxuyuram? Sonra bir dəstə erməni müğənninin bu jestindən mərkəzi komitəyə şikayət ərizəsi yazaraq ona töhmət verilməsinə nail olublar.

Böyük xanəndə xalqına sıx bağlı, sadə və təvazökar bir insan idi. Yaxşı yadımdadır...1966-cı ildə Əbülfət Əliyev Kəlbəcərdəki məşhur “İsti su” sanatoriyasına  müalicəyə və istirahətə gəlmişdi. Rayon mərkəzində onu kabinetində qəbul edən rayon partiya komitəsinin birinci katibi bir mahnı oxumasını istəyəndə xanəndə ona “Mən bura istirahətə gəlmişəm, qastrola yox” deyərək oxumamışdı. Ancaq İstisu qəsəbəsində yolla gedərkən yaxınlıqda tikilən binadakı fəhlələr onu görən kimi tanıdılar və dərhal əllərindəki işi yarımçıq qoyub görüşməyə gəldilər. Əbülfət Əliyev fəhlələrlə mehribancasına görüşüb hal-əhval tutdu. Sonra fəhlələr ondan bir ağız oxumasını xahiş etdilər. Əbülfət Əliyev onlara iltifat göstərdi,  bir yastı daşın üstündə oturaraqÖgey ana” filmində oxuduğu məşhur “Könlüm düşdü diyar-diyar” mahnısını elə şövqlə ifa etdi ki, hamının gözləri yaşardı. Bunun ardınca da xoş əhval yaradan bir şən-şux mahnı oxudu. Əlli altı il keçməsinə baxmayaraq o səhnə hələ də gözlərimin qarşısında canlanmaqdadır.

1985-ci ildə mən Tərtərdə çıxan “Qızıl bayraq” qəzetində müxbir işləyərkən rayona qastrol səfərinə gələn Əbülfət müəllimi redaksiyaya qonaq dəvət etdim. O da sözümü yerə salmayıb gəldi. Şirin həmsöhbət, yüksək mədəniyyət və zəka  sahibi idi. Bir çox təamları yemirdi, suspirtli içki içmirdi- səsini qoruyurdu. Sonra barəsində böyük bir məqalə də yazdım.

Ömrünün son illərində ağır xəstəlikdən əziyyət çəkən və 20 Yanvar faciəsinə dözməyən Əbülfət Əliyev 1990-cı il dekabrın 27-də xərçəng xəstəliyindən vəfat edib və Bakıda ikinci Fəxri xiyabanda dəfn olunub. Ancaq xatirəsi heç vaxt unudulmur, çünki o, xalqın məhəbbətini qazanmışdı. 1994-cü ildə Müslüm Maqomayev adına Azərbaycan  Dövlət Filarmoniyasında görkəmli xanəndənin xatirə gecəsi keçirilib, Azərbaycan musiqisinin inkişafındakı xidmətləri bir daha yada salınıb. 2004-cü ildə həyat və fəaliyyəti barədə sənədli film çəkilib. Onun əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır.

 

Vəli İlyasov

 

İki sahil.- 2022.- 27 aprel.- S.5.