Böyük yazıçı, alim və
pedaqoq
Bu gün Mir Cəlal Paşayevin
anadan olmasından 114 il ötür
O insan
xoşbəxtdir ki, həyatın keşməkeşli,
yaradıcılığın ucsuz-bucaqsız yollarında
qoyduğu izlər özündən sonra gələn nəsillər
üçün örnək olur. O insan xoşbəxtdir ki,
kamilliyə aparan yolun bütün sınaqlarından
üzüağ çıxır və özündən
sonra işıqlı xatirələr qoyur. O xalq, o millət əbədi
xoşbəxtdir ki, belə keyfiyyətlərə malik şəxsiyyətlər
yetişdirib. Azərbaycan xalqının da Nizami Gəncəvi,
Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə,
Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə,
Hüseyn Cavid... kimi bütün nəsillərin müasiri
olan mütəfəkkir sənətkarları ilə fəxr
etməyə haqqı vardır.
XX əsr
Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin
inkişafında misilsiz xidmətlər göstərmiş
görkəmli yazıçı, böyük alim, xeyirxah
insan Mir Cəlal Paşayev də məhz belə şəxsiyyətlərdən
biri kimi xalqımızın yaddaşında əbədiyaşarlıq
haqqı qazanıb.
AZƏRTAC
xəbər verir ki, bu gün görkəmli
yazıçı Mir Cəlal Paşayevin anadan olmasından
114 il ötür.
Mir Cəlal
Əli oğlu Paşayev 1908-ci il aprelin
26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində
yoxsul kəndli ailəsində dünyaya göz açıb. Kiçik yaşlarında atası Gəncəyə
köçdüyündən uşaqlığını
burada keçirib. 1918-ci ildə - Mir Cəlal
10 yaşında ikən atası vəfat edib, o, böyük
qardaşının himayəsində yaşayıb.
Əzablı
ömür qisməti dünyaya gəldiyi ilk illərdən onu
izləməyə başlasa da, Ulu Tanrının mərhəməti
sayəsində Mir Cəlal Paşayev çox çətinliklərə
sinə gərərək, öz yolu ilə inadla, inamla irəliləyib.
O, 1918–1919-cu illərdə Xeyriyyə Cəmiyyətinin köməyi
ilə ibtidai təhsil alıb və Azərbaycanda sovet hakimiyyəti
qurulduqdan sonra Gəncə Darülmüəllimliyinə daxil
olub. Tələbə təşkilatının,
sonra isə şəhər tələbə həmkarlar təşkilatının
sədri seçilib.
Mir Cəlal Paşayev Kazan Şərq Pedaqoji
İnstitutunun ədəbiyyat şöbəsində, Azərbaycan
SSR Elmlər Akademiyasının aspiranturasında təhsilini
davam etdirməklə yanaşı, müəllimlik etmiş və
millətinin övladlarına xalqının ədəbiyyatını,
mədəniyyətini, zəngin keçmişini mənimsətmişdir. Bu mənada
Mir Cəlal Paşayevin XX əsr Azərbaycan elminin, ədəbiyyatının,
təhsilinin inkişafındakı xidmətləri misilsizdir.
Yazıçı kimi 1928-ci ildə ədəbiyyata gələn
Mir Cəlal elə həmin ildə də ilk tədqiqat əsərini
yazıb.
Sözün gücünə güvənib, onun
böyüklüyünə baş əyən sənətkarın
könüllərə yanğı salmış “Bir gəncin
manifesti” əsəri, zəmanənin güzgüsü olan hekayələri
klassik bədii nümunələr kimi ədəbiyyat
tariximizin səhifələrində müəllifinə əbədiyaşarlıq
qazandırıb. Onun böyük zəhmətinin bəhrəsi
olan “Füzuli sənətkarlığı”, “XX əsr Azərbaycan
ədəbiyyatı”, “Azərbaycanda ədəbi məktəblər
(1905-1917)”, “Ədəbiyyatşünaslığın əsasları”
adlı fundamental əsərləri ədəbiyyatşünaslıq
elminin qiymətli mənbələrindəndir.
Azərbaycan
Dövlət Universitetinin (indiki Bakı Dövlət
Universiteti) sevimli müəllimi, nüfuzlu professoru kimi xatirələrdə
daim yaşayan Mir Cəlal Paşayev həqiqət,
düzlük, səmimiyyət aşiqi, ailəsini,
övladlarını sevən, qoruyan şəxsiyyət olub.
Onun bu kəlamı indi də dillər əzbəridir: “Həyatımda
yaratdığım ən böyük əsər ailəmdir”.
XX əsrin
20-30-cu illərində ədəbi aləmdə əvvəlcə
şeir, sonra isə oçerk və hekayələri ilə
görünən Mir Cəlal az sonra
istedadlı və orijinal yaradıcılıq üslubu olan
yazıçı kimi tanınıb. Səməd Vurğun,
Süleyman Rəhimov, Süleyman Rüstəm, Mehdi Hüseyn
kimi tanınmış söz ustadları ilə bir dövrdə
yaşayan Mir Cəlal öz yazı üslubu ilə həmkarlarından
fərqlənərək Azərbaycan ədəbiyyatına
yeni nəfəs gətirib. XX əsr Azərbaycan
ədəbiyyatının bir sıra nailiyyətləri
bilavasitə Mir Cəlal Paşayevin adı ilə
bağlıdır. Əlli illik
yaradıcılıq fəaliyyəti dövründə o,
görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində
öz layiqli və şərəfli yerini tutub. Əminliklə deyə bilərik ki, təkcə “Bir
gəncin manifesti” əsərinə görə Mir Cəlal
klassik sənətkarlar sırasında dayanmaq haqqını
qazanıb. Bu əsər çapdan
çıxanda onun heç 30 yaşı yox idi. 1928-ci ildə mətbuatda ilk şeirləri (“Dənizin
cinayəti”, “Ananın vəsiyyəti”, “Müxbir”) çap
olunub. Lakin o, bundan sonra, daha doğrusu,
1930-cu ildən etibarən hekayələr yazıb. O
dövrün “Şərq qadını”, “Gənc
işçi”, “İnqilab və mədəniyyət”, “Ədəbiyyat
qəzeti” kimi nüfuzlu nəşrlərində “Doktor Cinayətov”,
“İfşa”, “Mərkəz adamı”, “Naxələf”, “Bostan
oğrusu”, “Qüdrət nümayişi”, “İstifadə”, “Dəzgah
qızı”, “Heyrət” və digər hekayələrini
çap etdirib. 1932-ci ildə “Sağlam yollarda”,
1935-ci ildə “Boy” adlı ilk oçerklər və novellalar
kitabları işıq üzü görüb.
Mir Cəlalın
bütövlükdə yaradıcılıq dünyası ilə
tanışlıqdan sonra belə qənaətə gəlmək
olur ki, onu düşündürən həyati məsələləri,
milli folklorun, xalq təfəkkürünün
işığını, milli-mənəvi dəyərlərin
klassik ənənələrə uyğun inkişafını
və bu istiqamətdə yaranan problemləri, xalq həyatının
real görüntüsünü nəsr dilində aydın,
qabarıq şəkildə vermək mümkündür. Necə ki, Sabiri oxuyanda şeirin, Mirzə Cəlili
oxuyanda satira və yumorun gücünü duyursan, Mir Cəlal
hekayələrini oxuyanda da eyni hissləri keçirirsən.
Mir Cəlalın
ilk irihəcmli əsəri – “Dirilən adam”
romanı 1935-ci ildə ayrıca kitab kimi nəşr olunub. Hələ
yarım əsr bundan əvvəl akademik Məmməd Arif
yazırdı: “Mir Cəlal “Dirilən adam”la
diqqətli bir realist yazıçı olduğunu göstərmişdir”.
İlk dəfə
1937-1939-cu illərdə hissə-hissə “Revolyusiya və
kultura” jurnalında nəşr olunan “Bir gəncin manifesti” əsəri
isə yazıçının həyatında böyük
bir dönüş yaradıb, ədəbi zirvəyə aparan
yoluna cığır açıb və müəllifə
böyük oxucu auditoriyası qazandırıb. 1940-cı ildə “Uşaqgəncnəşr”də
kitab halında kütləvi tirajla buraxılan bu əsər
oxucu tələbatına görə sonrakı illərdə də
təkrar çap edilib. “Bir gəncin
manifesti” bu gün də qəlbləri riqqətə gətirir.
Doqquz dəfə müxtəlif illərdə
ayrıca kitab halında nəşr olunan bu əsər Azərbaycanın
hüdudlarından çox-çox uzaqlarda da sevilir.
Mir Cəlalın
“Dirilən adam”, “Bir gəncin manifesti”, “Yolumuz hayanadır”
romanlarında keçmiş, “Açıq kitab”,
“Yaşıdlarım”, “Təzə şəhər”
romanlarında isə müasir həyat lövhələrinin bədii
təsviri ustalıqla qələmə alınıb. Yazıçının “İnsanlıq fəlsəfəsi”
(1961) kitabında toplanmış hekayələri də
böyük tərbiyəvi-əxlaqi əhəmiyyətə
malikdir. “İnsanlıq fəlsəfəsi”, “Subaylıq
fəlsəfəsi”, “Təzə toyun nəzakət
qaydaları”, “Vicdan mühakiməsi”, “Vicdan əzabı”,
“Hesab dostları”, “Təsadüf, ya zərurət”,
“Qocaların uşaq söhbəti” və digər hekayələrində
isə real həyat lövhələri, fəlsəfi
düşüncələr əks olunub.
Mir Cəlalın bədii yaradıcılıq nümunələri
dəfələrlə nəşr olunub. “Seçilmiş əsərləri”
(2 cilddə, 1956-57), “Seçilmiş əsərləri” (4
cilddə, 1967-68), “Seçilmiş əsərləri” (2 cilddə,
1986-87), hekayə və povestlərdən ibarət “Şəfəqdən
qalxanlar” (1972), “Dağlar dilə gəldi” (1978), “Ləyaqət”,
hekayələrdən ibarət “Bostan oğrusu” (1937),
“Gözün aydın” (1939), “Vətən” (1944), “Həyat
hekayələri” (1945), “Sadə hekayələr” (1955), “Xatirə
hekayələri” (1962), “Gülbəsləyən qız”
(1965), “Silah qardaşları” (1974) və s. kitabları bu qəbildəndir.
Ümumiyyətlə, indiyədək
yazıçının 70-dən çox kitabı çap
edilib.
XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən
sayılan Mir Cəlal Paşayev çağdaş Azərbaycan
tarixində ədəbiyyatşünas-nəzəriyyəçi
alim kimi də müstəsna və özünəməxsus
yer tutub.
Filologiya təhsili alan tələbələrin
birinci kursda istifadə etdikləri "Ədəbiyyatşünaslığın
əsasları" dərsliyi sonralar da mütəxəssislərin
masaüstü kitabı olmuşdur. Mir Cəlal
Paşayev 1936-cı ildən ömrünün sonunadək dərs
dediyi universitetin auditoriyalarında bu fəndən mühazirələr
oxuyub.
Mir Cəlal Paşayev 1940-cı ildə “Füzulinin
poetik xüsusiyyətləri” əsərinə görə
filologiya elmləri namizədi, 1947-ci ildə isə “Azərbaycanda
ədəbi məktəblər” əsərinə görə
filologiya elmləri doktoru alimlik dərəcələrini
alıb. Füzuli poeziyasının qüdrətinə heyran
olan, ümumiyyətlə, klassik ədəbiyyata qəlbən
bağlı Mir Cəlal Paşayev 1958-ci ildə bu mövzuya
yenidən müraciət edərək “Füzuli sənətkarlığı”
adlı monoqrafiyasını nəşr etdirib. Professor Qara Namazov deyir ki, Mir Cəlalın “Füzuli
sənətkarlığı” monoqrafiyası Füzuli ədəbi
irsini öyrənmək, mənimsəmək və dərk etmək
üçün elmi açardır. Əsər
1994-cü ildə təkrar nəşr olunub.
“Azərbaycanda ədəbi məktəblər (1905-1917)”
əsərində isə Mir Cəlal Paşayev XX əsrin əvvəllərində
inqilabi-demokratik meyillərlə əlaqədar baş verən
ictimai-siyasi hadisələr kontekstində Azərbaycanda realizm,
romantizm ədəbi məktəbləri, maarifçi-didaktik
yazıçılar və xırda məişət
dramları haqqında müfəssəl tədqiqatlar
aparmış, əhatəli elmi nəticələr əldə
etmişdir.
Mir Cəlal
Paşayevin tanınmış tədqiqatçı Firudin
Hüseynovla birgə yazdığı “XX əsr Azərbaycan ədəbiyyatı”
əsəri uzun illərdir ki, ali məktəblərin
dərs vəsaitidir. Bu dərslikdə XX əsrin
böyük ədəbi şəxsiyyətləri, onların
yaradıcılığı, ədəbi mühitə gətirdikləri
yeniliklər haqqında əhatəli elmi fikirlər əks
olunub. Əməkdar elm xadimi Mir Cəlal
Paşayev XX əsr ədəbiyyat, ədəbiyyatşünaslıq
tarixində elə bir iz qoyub ki, bu, çağdaş təfəkkürümüzün
də əsas sütunu olaraq qalacaqdır.
1978-ci il
sentyabrın 28-də əbədiyyətə qovuşmuş,
böyük şəxsiyyət kimi tarixləşmiş,
gözəl müəllim, görkəmli yazıçı,
istedadlı ədəbiyyatşünas Mir Cəlal Paşayevin
xatirəsi daim qəlblərdə yaşayacaq, ədəbiyyatımızın,
ədəbiyyatşünaslığımızın əbədi
mövzusu olaraq qalacaq.
Kamil insan, alim, yazıçı dünyanı təkcə
izah etmir, eyni zamanda, onu dəyişdirir, insanların
şüuruna, baxışlarına təsir göstərə
bilir. Bu mənada Mir Cəlal Paşayevin çoxşaxəli
yaradıcılığı nəinki müasirlərinə,
özündən sonra gələn nəsillərə də
örnəkdir. Təsadüfi deyil ki, bu
gün təkcə Azərbaycanda deyil, onun sərhədlərindən
kənarda da görkəmli ədibin həyat və
yaradıcılığı geniş şəkildə
öyrənilir və əsərləri çap olunaraq maraqla
oxunur.
“UNESCO-nun
2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin
və əlamətdar hadisələrin qeyd edilməsi
proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin
keçirilməsi haqqında" Azərbaycan Prezidentinin 2008-ci
il 31 yanvar tarixli Sərəncamına əsasən,
yazıçı Mir Cəlal Paşayevin yubiley mərasimi təntənə
ilə qeyd edilib. UNESCO-nun Parisdə yerləşən
iqamətgahında XX əsr Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, alim, pedaqoq Mir Cəlal
Paşayevin 100 illiyinə həsr olunmuş mərasim
keçirilib. Bu, həm də Azərbaycan
elminə, mədəniyyətinə və ədəbiyyatına
dünya miqyasında verilən dəyərin təzahürüdür.
İllər ötdükcə Mir Cəlal Paşayevin təkcə
elmi irsi tədqiq edilmir, onun həm də
xeyirxahlığı, böyük və əlçatmaz
müəllimliyi, bəşəriliyi heyranlıqla
qarşılanır və sevilə-sevilə qəlblərdə
özünə ucalıq abidəsi qurur. Ədibin bu
zirvədəki yeri daim qalacaq və onun mərhəmət
sevgisi dünya durduqca yaşayacaqdır.
İki sahil.-
2022.- 27 aprel.- S.3.