Şəfalı əllər sahibi
Xalqımızın
tarixində əbədiyaşar fenomen
qadın
Zərifə
Əziz qızı Əliyeva
Şanlı tariximizdə adı qızıl hərflərlə yazılan, xalqımızın fəxri olan qadınlarımızdan biri də akademik, oftalmoloq həkim Zərifə Əziz qızı Əliyevadır. Zərifə xanım baharda - 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahtaxtı kəndində Azərbaycan xalqının böyük oğlu, tibb elmləri doktoru, professor, görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Zərifə xanımın dünyaya gəldiyi ailə həkim ailəsi idi, atası Əziz müəllim və anası Leyla xanım da həkim idilər. Əziz Əliyev gözəl və mehriban bir ailə başçısı idi.
Onun həyat yoldaşı Leyla xanım xeyirxahlıq və zəriflik mücəssiməsi idi. Ailədə 6 uşağın 4-ü atasının yolu ilə gedərək müqəddəs həkimlik peşəsinə yiyələndilər. Əziz Əliyevin ailə həyatı yüksək mənəvi ölçülər əsasında qurulurdu. Bu isə övladlarının gözəl ənənələrinin layiqli davamçıları və varislərinin formalaşmasına təsir etməyə bilməzdi.
Tarix səhifələrində adını əbədiləşdirmiş şəxsiyyətlərdən biri kimi akademik Zərifə Əliyevanın da həyatı fədakarlıq məşəlinə bənzəyirdi. Təmiz və saf xarakteri ilə o, nurlu bir mələk kimi istər onunla həyat telləri ilə bağlı olan, istərsə də ömrümdə bircə dəfə ona rast gəlmiş insanların qəlbində silinməz izlər buraxmışdır. Gözəl əməlləri, xeyirxahlığı, yaşam tərzi ilə o, öz ölümsüzlüyünü, daha doğrusu, həyatını uzatmış, tarix adlı bu nəhəng çayın axarını idarə etmiş,öz zəmanəsinin təkcə şahidi yox, həm də yaradıcısı olaraq, özü barədə nurlu xatirələr qoyaraq əbədiyyət əldə edərək, tariximizin əfsanəvi şəxsiyyətləri sırasında layiq olan yerini tutaraq, bu şanı və şöhrəti qazanmışdır. O, Azərbaycan qadınının obrazını təcəssüm etdirərək, bir həyat yoldaşı və ana kimi, həkim və alim kimi birinci xanım və ictimai xadim kimi əfsanəvi talehlərin axarına qoşuldu. Böyüyüb boya-başa çatdığı ailədə ona Allah və Vətən sevgisi təlqin olunmuşdu. O, uşaq yaşlarından bilirdi ki, bu Vətənin bir zərrəsidir. Onun xeyirxah qəlbi çox az rast gəlinən və insanların qəlbini oxşayan nadir təbii sərvəti idi. Zərifə xanım Allahın bizə bəxş etdiyi insanlıq və üstün ləyaqət timsalı ola bilər. Onun xarakterinin sosial motivləri – xeyirxahlıq, şəfqət o qədər güclü idi ki, o həkim olmaq və bütün həyatı boyu gözəl, bacardığı işi etmək- insanlara yardım etmək qərarına gəlir. Çünki bu, onun canında, qanında idi, həyat amalı idi. Zərifə xanım insanlara dəyər verməyi bacarırdı. Xəstələrin ona bəslədiyi ümid və inam hər şeyə ayrı-ayrılıqda insani rəftarından, individual yanaşma tərzindən, münasibətindən irəli gəlirdi. O, yazırdı: “Xəstə ilə qayğıkeş, mehriban rəftar etmək həkimlik peşəsinin mahiyyətidir. Həkimin gündəlik əməyi qavramağı tələb edir, həm də hər şeydən əvvəl bilmək lazımdır ki, bu insanların yardıma ehtiyacı var.”
Zərifə xanıma və onun xatirəsinə tükənməz və incə sevgisini dəfələrlə nümayiş etdirmiş ulu öndər Heydər Əliyev bu hissələri Zərifə Əliyeva adına Naxçıvan şəhər poliklinikasında, onun həyat və fəaliyyətinə həsr olunmuş muzeyin açılış mərasimində ifadə etmişdir və rəy kitabına bu sözləri yazmışdır. “Mənim həyat yoldaşımın adını daşıyan poliklinika ilə tanış olmaq, onun xatirəsinə həsr olunmuş guşəyə baxmaq mənim xatirimdə dərin duyğuları təlatümə gətirdi. Mənim üçün əziz olan bir insanın həyat və fəaliyyətini əks etdirən bu guşə məni çox həyəcanlandırdı. Bütün bunlar onun insani keyfiyyətlərinin, böyük elmi və tibbi xidmətlərinin layiqli abidəsidir.”
2005-ci ildə Tallində Türk və Qafqaz Xalqları Mədəniyyəti Milli Cəmiyyətləri Assossiasiyasının təşəbbüsü ilə akademik Zərifə Əliyeva adına Şərq Mədəniyyəti Xalq Universiteti yaradılmışdır.
22 may 2009-cu ildə Bakıda akademik Zərifə Əliyeva adına ən müasir tibb avadanlıqları, cihazlarla, laboratoriyalarla təhciz olunmuş Göz Xəstəlikləri Elmi Tədqiqat İnstitutunun yeni binasının açılışı olmuşdur. Açılış mərasimdəki çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Zərifə Əliyeva həm istedadlı, işini bilən alim, həm də peşəkar, qayğıkeş həkim idi. O, bir çox monoqrafiya, elmi iş yazmışdır. Onun elmi fəaliyyəti hələ o vaxt sovet məkanında yüksək qiymətləndirilmişdir. Oftalomologiya sahəsində ən yüksək mükafat olan M.Y.Averbax adına mükafat akademik Zərifə Əliyevaya verilmişdir. Onun fəaliyyəti həm həkim-tədqiqatçı kimi çoxsahəlidir.1970-1980-cı illərdə onun təşəbbüsü ilə bir neçə sənaye müəssisəsində elmi-tədqiqat laboratoriyası yaradılmıdır. Bu laboratoriyaların əsas məqsədi zərərli istehsalatın insanların görmə qabiliyyətinə təsirinin tədqiq edilməsi olmuşdur və adi insanlar, fəhlələr həmin kiçik mərkəzlərdə peşəkar tibbi yardım alırdılar. Zərifə Əliyevanın səyləri sayəsində minlərlə insanın görmə qabiliyyəti bərpa olunmuşdur. Eyni zamanda o, bizim yaddaşımızda unudulmaz gözəl insan kimi və çox yaxşı həkim kimi qalmışdır.”
Ömrü boyu insanlara işıq bəxş etmiş doktor Zərifə xanım yaratdığı elmi məktəblə uzun illər insanlara və insanlığa nur bəxş edərək yollarını işıqlandıracaqdır. Ruhunuz şad olsun, Zərifə xanım!
Cəmilə Nəcəfova,
10 ¹-li Laçın tam orta məktəbinin
tədris işləri üzrə
direktor müavini
İki sahil.- 2022.- 28 aprel.- S.4.