Gözlərə
işıq, ürəklərə
sevinc bəxş edən alim
Bu gün Zərifə xanım
Əliyevanın doğum günüdür
«Yalnız
həyatda və insanlar arasında
ünsiyyətdə mükəmməlləşmək olar» müdrik kəlamına
uyğun seçdiyi həyat
amalına sadiq qalan akademik Zərifə xanım Əliyevanı Azərbaycanda
milli oftalmologiyanın banisi
adlandıranların sözlərində böyük
həqiqət var
Haqqında
söz açacağımız dünya şöhrətli oftalmoloq,
akademik Zərifə xanım
Əliyevanın Tanırının taleyinə
yazdığı ömür payı, tərcümeyi-halı
çox sadə, başqalarından fərqlənməsə
də, neçə-neçə insanın dünyaya
nurlu baxışında yaşayan
əməllərinin dəyəri ölçüyəgəlməz dərəcədə
qiymətlidir.
…İlin ən gözəl fəslində, yazda -1923-cü il aprelin 28-də dünyaya göz açan, 1985-ci il aprel ayının 15-də əbədiyyətə qovuşan gözəl insan, qayğıkeş həkim Zərifə xanım Əliyeva sanki nurlu aləmin bir parçası kimi gözlərə işıq verirdi.
Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, tibb elmləri doktoru, professor, onlarla elmi monoqrafiyanın müəllifi, bir zamanlar kütləvi yayılan qlaukomanın etimologiyası, tibbi deontologiya, iridodiadiaqnostika məsələləri üzrə həkim kimi özünü təsdiqləmiş Zərifə xanımın həyat yolunun səhifələrində iz salan bu titullar, çəkilən zəhmətlər onu ailə şəcərəsinin davamçısı kimi də tanıtmışdır. Zərifə xanımın keçmiş SSRİ miqyasında, Azərbaycanda M.İ.Averbax adına Beynəlxalq Mükafata layiq görülən ilk qadın oftalmoloq olması çəkdiyi zəhmətin bəhrəsi idi. Azərbaycanın tibb tarixində özünəməxsus yeri olan təcrübəli həkim Əziz Əliyevin ailəsində dünyaya gələn Zərifə xanım Tanrının Azərbaycan xalqına bəxş etdiyi nurlu əllər sahibi olmasını qısa, şərəfli ömür yolu ilə təsdiqləmişdir. Şəxsiyyətində Şərqin, Qərbin, İslami dəyərlərin vəhdətini birləşdirən, elm aləminə dəyərli yeniliklər gətirməklə intellektual səviyyəsi, biliyi, fitri istedadı, cəmiyyətdəki mövqeyi, çalışdığı kollektivdəki səmimiyyəti ilə də fərqlənən Zərifə xanımın simasında ömür-gün yoldaşı ulu öndər Heydər Əliyevin tibb işçiləri haqqında söylədiyi sözlər əksini tapıb: « Özünü həkimlik, təbiblik peşəsinə həsr edən insanlar xoşbəxtdirlər. Çünki cəmiyyətin onlara həmişə ehtiyacı var.»
Zərifə xanımın həyat yolu, elmi axtarışları, səhiyyənin oftalmologiya sahəsinə gətirdiyi yeniliklər bu gün də nümunə göstərilə biləcək qədər dəyərli, zəngin olub. Adının mənası kimi zərif olan, peşəsindən zövq alan, xoşbəxtliyi qismətinə yazılan ömür payını xəstələrinin sağlamlığına həsr etməkdə görən gənc Zərifəni tibbin ən çətin sahəsinə, işıqlar aləminə, nura cəlb edən də onun insanlara olan məhəbbəti, Günəşi sevməsi olub.
Həyata vurğunluğunu insanlara qayğısı ilə bildirən, oftalmologiya elmində xüsusi dəst-xətti ilə iz qoyan akademik Zərif xanım Əliyevanın amalı hər kəsin bu dünyaya, təbiətin gözəlliklərini əks etdirən yeddi rəngin yaratdığı sirlər aləminə baxmasına yardım göstərmək olub.
Seçdiyi peşəsini humanizm ilə təcrübənin vəhdətində təkmilləşdirən, xəstələrinə ana, bacı kimi qayğı göstərən, ən başlıcası isə qadın şəfqəti, ana nəvazişi ilə yanaşan Zərifə xanım Böyük Vətən müharibəsinə təsadüf edən tələbəlik illərində belə Bakıdakı hərbi hospitallarda müalicə olunan xəstələrə , yaralılara yardım göstərmişdir. Akademik haqqında xatirələrini bölüşən həmkarları bildirirdilər ki, hospitalda gənc Zərifə ilə rəfiqəsi Zina Əzizbəyovanın «öz palataları» var idi. Yaralılara tibbi yardım göstərməklə onlar üçün ailələrinə məktublar yazan, müxtəlif musiqi alətlərində ifa edən gənc Zərifənin özünün dedyi kimi, «istirahət saatlarında» « kiçik konsertlər» də təşkil edərdi. Onu tanıyanlar deyirdilər ki, Zərifə xanım təkcə savadı ilə deyil, mərhəməti, nəvazişi ilə də xəstələrə həyat, yaşam uğrunda mübarizədə yardımçı olurdu.
Bu baxımdan Zərifə xanım haqqında keçmiş zamanda danışmaq çətindir. Çünki illərlə qayğısını çəkdiyi, şəfqətli əlləri ilə gözlərinə nur verdiyi xəstələrinin qəlbində yaşayan akademikin elmi kəşflərinin bu gün də tətbiq olunması onun əbədiyaşarlığının nümunəsidir. Tibbin daha çox dəqiqlik, səbr, diqqət tələb edən oftalmologiya sahəsinə gətirdiyi elmi axtarışları ilə xəstələrinə həyatın gözəlliklərindən bəhrələnmək imkanı yaradan, gözəl ana, şəfalı əllər sahibi Zərifə xanımı insanlığı formalaşdıran xeyirxahlıq simvolu adlandıranların sözlərində böyük həqiqət vardır. Bütün varlıqların işıqdan yarandığı əfsanəni həqiqətə çevirən Zərifə xanımın çalışdığı sahədə qazandığı uğurlar, nurunu itirmiş gözlərə işıq verməsi qaranlığa qalib gəlməsi idi. Bu, uğura nail olmaq üçün tədqiqatlarını, elmi axtarışlarını müxtəlif istiqamətlər üzrə davam etdirən akademik sağlığında əməlləri ilə qəlblərdə yaşam haqqı qazanan şəxsiyyət idi. Zərifə xanım həyatda az ömür sürsə də qısa vaxtda belə xeyirxah əməlləri ilə insanlığın əlçatmaz zirvəsini fəth etmişdi.
Arzularına çatmaq üçün ömrü vəfa etməyən, daim yenilik həvəsində olan Zərifə xanım sevib- seçdiyi peşənin sirlərinə daha dərindən yiyələnmək üçün var gücü ilə axtarışlar aparır, hər dəqiqədən səmərəli istifadə etməyə çalışırdı. Moskvadakı Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitututunda oftalmologiya üzrə ixtisasartırma kursunda çalışdığı müddətdə belə araşdırmalarını yenilik həvəsi ilə davam etdirən, sonralar Azərbaycan Elmi- Tədqiqat Oftalmologiya İstitutunda həkim-ordinator kimi çalışan Zərifə xanım dünyada tətbiq olunan tibb elminin ən müasir texnologiyalarının təcrübədə tətbiqinə diqqətlə yanaşırdı. 1950 -ci ildə aspiranturaya daxil olaraq oftalmologiya institutunda elmi işçi kimi fəaliyyətini davam etdirməklə təcrübəli mütəxəssis kimi çalışdığı sahə üzrə gənc kadrların hazırlanmasına da vaxt ayırırdı. Göz həkimlərinin azlıq etdiyi, respublikanın ucqar bölgələrində yaşayan insanlar arasında traxoma xəstəliyinin geniş yayıldığı illərdə kəndləri, qəsəbələri yorulmadan gəzən, xəstələrinə yardım göstərmək üçün əlindən gələni əsirgəməyən Zərifə xanım içdiyi Hippokart andını əməli fəaliyyəti ilə doğruldurdu.
Zərifə xanım Əliyeva alimlik dərəcəsi almaq üçün apardığı tədqiqatlara əsasən yazdığı «Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomitsinlə müalicə» adlı namizədlik dissertasiyasındakı nəzəri bilikləri ilə xəstəliklə mübarizə yollarını tibb ictimaiyyətinin diqqətinə çatdırdı. O, eyni zamanda qlaukoma xəstəliyinin öyrənilməsi istiqamətində araşdırmalarını davam etdirirdi. Bacarıqlı həkim kimi Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunsa da, xəstələrinin taleyini bir an belə unutmurdı. Elə bu səbəbdəndir ki, « Azərbaycanda milli oftalmologiya elmi Zərifə xanımın adı ilə bağlıdır» deyimi akademikə göstərilən dəyər kimi dəstəklənir. İctimai rəydən qaynaqlanan bu nüfuzu əməlləri ilə qazanan akademikin gördüyü işlər özlüyündə belə bu reallığı təsdiqləyir.
Az araşdırılan, lakin aktual məsələlərdən sayılan diaqnostika, qlaukoma və görmə orqanının iltihabının müalicəsi ilə bağlı Zərifə xanımın tədqiqatları, müalicə metodu bu gün də tətbiq olunur. Peşə ilə əlaqədar yaranan göz xəstəliklərinin araşdırılması oftalmologiyada demək olar ki, yeni bir sahə kimi onun diqqətini cəlb edir. Çətinliklə qazanılan hər qələbədən daha çox zövq alan Zərifə xanım «həyat mübarizlər üçün sınaq meydanıdır» söyləyərək elmə yenilik gətirmək uğrunda yorulmadan çalışırdı. Xəstəliyin tam öyrənilməsi üçün mütəmadi sənaye müəssisələrində olur, zəhərli maddələrin görmə orqanlarına təsiretmə yollarını araşdırırdı. Görkəmli alim çoxillik təcrübə və tədqiqatlarının nəticəsi olan «Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti» mövzusunda yazdığı dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsini aldı. Əldə etdiyi nailiyyətlər onun vəzifədə də yüksəlməsinə imkan yaratdı. O, əvvəlcə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru, sonra isə kafedra müdiri oldu.
Görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ilk elmi- tədqiqat laboratoriyasının yaradılması təşəbbüsünü qaldıran da Zərifə xanım olmuşdu. Onun təşkilatçılığı və iştirakı ilə yaradılan həmin laboratoriyada az intensiv zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi uzrə bir sıra qiymətli tədqiqatlar aparıldı. Dünyanın elmi ictimaiyyətinin marağına səbəb olan «Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya» « Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası», « Şin istehsalında gözün peşə patologiyası» adlı monoqrafiyalar həmin elmi axtarışların nəticəsi kimi maraq doğurdu.
Gözün zədələnməsinin profilaktikası, görmə orqanlarında bədxassəli şişlərin diaqnostikası və öyrənilməsi ilə bağlı elmi axtarışlarını davam etdirən Zərifə xanımın Bakıda Məişət Kondinsionerləri Zavodunda yaratdığı laboratoriya dünyada yeganə olmaqla, həm də onun ikinci iş yeri idi. Burada apardığı tədqiqatlar daha çox səmərə verirdi. Müəssisədə çalışanlar arasında qadınlar çoxluq təşkil etdiyindən daha artıq diqqət tələb olunurdu. Zərifə xanım aydın başa düşürdü ki, istehsalatda çalışan qadınlar həm də ana kimi ailənin qayğısını çəkməli, cəmiyyət üçün layiqli övlad yetişdirib, tərbiyə etməlidirlər. Bu baxımdan hamı onu qadınların hamisi adlandırırdı. Zərifə xanımı tanıyanların, onun haqqında xatirələrini söyləyənlərin ilk sözü bu olur: Zərifə xanım gözəllik, mərhəmət ilahəsi idi.
Tanrının seçilən, sevimli bəndələrindən olan, ailəsini, ocağını qoruyan, cəfakeş həyat yoldaşı, etibarlı dost, övladlarını əsl vətənpərvərlik ruhunda yetişdirən və hamıya nümunə olan bir ana kimi daşıdığı məsuliyyətin ağırlığını unutmayan Zərifə xanım təkcə Azərbaycanda sevilmirdi. Ömür-gün yoldaşı ulu öndər Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi zamanlarda belə onu tanıyanlar arasında böyük hörmət qazanan Zərifə xanım haqqında deyilən sözlərə nəzər yetirək.
«Heydər Əliyev: Tale yolları» kitabının müəllifi Nikolay Zenkoviç yazır: «Mən Siyasi Büro üzvlərinin arvadları barədə bioqrafik məlumatları diqqətlə araşdırmışam, müqayisə etmişəm. Hansı nəticəyə gəlmişəm. Aydın olub ki, onlar arasında ən savadlı qadın Siyasi Büro üzvü Heydər Əliyevin xanımı olub. O, hətta Sov. İKP MK baş katibinin arvadı Raisə Maksimovnadan da savadlı idi. Özü də təkcə savadlı yox, Zərifə xanım hərtərəfli bir şəxsiyyət idi. SSRİ siyasi rəhbərlərinin o biri üzvlərinin evdar qadın olan maraqsız arvadlarından fərqli olaraq Heydər Əliyevin həyat yoldaşı dünyada tanınan bir insan idi.»
Zərifə xanımın ictimai işlərdə fəallığını, cəmiyyətdə tutduğu mövqeyi yüksək dəyərləndirən, tanınmışların övladları barədə də münasibətini bildirən müəllif yazır: «Yuxarılarda» əyləşən 229 nəfərin uşaqlarından ən böyük uğur qazananlar 3 nəfərdir. Birinci yerdə Heydər Əliyevin oğlu İlham durur. O, Azərbaycan Respublikasının Prezidentidir. Siyasi Büronun o biri üzvlərinin övladlarından heç biri bu cür böyük uğura nail olmamışlar. Dünyanın aparıcı dövlətlərinin başçıları ONU səmimi qəbul etmişlər, onunla yaxşı, işgüzar münasibətlər qurmuşlar.»
Onun musiqi istedadını həkimlik peşəsi ilə müqayisə edən, heç birinə «birincilik qazandıra» bilmədiyni qeyd edən, qırx ildən artıq SSRİ Bəstəkarlar İttifaqına başçılıq etmiş Tixon Xrennikovun qeydləri də maraqlıdır: «Fundamental erudisiyası ilə seçilən parlaq şəxsiyyət Zərifə xanım heyrətamiz insan idi. Musiqini, ədəbiyyatı, xüsusilə poeziyanı peşəsi qədər sevib, dəyər verən kamil bir insan, şəxsiyyət idi.»
Ana kimi övladlarını Vətənə məhəbbət ruhunda böyütmüş, Azərbaycan xalqını dünyada tanıdan , adı məşhur liderlərlə qoşa çəkilən Prezident İlham Əliyev kimi lideri xalqımıza bəxş edən Zərifə xanım ən səmimi sözlərə, hörmətə layiq Azərbaycan qadını kimi ölkəmizdən kənarlarda belə ad –san qazanıb. Məsul vəzifələrdə çalışan ulu öndər Heydər Əliyevə layiq həyat yoldaşı olmaq, onunla çiyin-çiyinə addımlamaq üçün ən azı onun yüksəldiyi zirvənin yarısını qət etmək bacarığına malik olmaq lazım idi. Zərifə xanım davranışı, səmimiyyəti, qayğıkeşliyi ilə bu zirvəni də fəth etdi. Zərifə xanım dəyanəti ilə Şərq qadınlarına məxsus keyfiyyətləri şəxsində birləşdirən ömür-gün yoldaşı olduğunu sədaqətilə bildirib. Bu cür qiymətləndirmə bir ana, həyat yoldaşı kimi Zərifə xanıma verilən dəyərdir.
Deyilən bu xoş sözlərin hər biri Zərifə xanımın varlığına hakim kəsilmiş ən böyük insani keyfiyyətlərin təsdiqidir.
…Gözləri qəlbin aynası adlandıranların sözlərində həqiqət var. Xəstələrinin gözlərinə nur verməklə onların ürəklərindən keçənləri gözlərindən oxumaq qabiliyyəti ilə seçilən Zərifə xanımın şəfalı əlləri ilə nurlanan baxışlarda xilaskarlarına olan minnətdarlıq duyğuları ürəklərdə əbədilik yaşayır.
Xuraman İsmayılqızı
İki sahil.- 2022.- 28 aprel.- S.5.