Modern ordu quruculuğunun yeni mərhələsi

 

Azərbaycan ümumi daxili məhsulda hərbi xərclərin ən çox olduğu ölkələrin siyahısında 5-ci yerdədir

 

Pandemiya təhlükəsinin ortaya çıxdığı 2020-ci ildə bir çox şirkətlərin maliyyə itkisi ilə üzləşməsinə baxmayaraq iri hərbi sənaye müəssisələrinin gəlirinin artdığı müşahidə olundu. Hazırda da hərbi məqsədlər üçün dünya ölkələrinin ayırdığı maliyyə vəsaitinin həcmi qlobal miqyasda artmaqda davam edir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) son hesabatına görə, 2021-ci ildə dünyada hərbi xərclər ilk dəfə olaraq 2 trilyon dollarlıq həddi üstələyib. İnstitutun məlumatına görə, 2021-ci ildə dünyada ümumi hərbi xərclər 0,7 faiz artaraq, 2 trilyon 113 milyard dollar təşkil edib. 2021-ci ildə hərbi xərclərin ən çox olduğu ilk beş ölkə ABŞ (801 milyard dollar), Çin (293 milyard dollar), Hindistan (76,6 milyard dollar), Böyük Britaniya (68,4 milyard dollar) və Rusiyadır (65,9 milyard dollar). Ümumi hərbi xərclərin 62 faizi bu ölkələrin payına düşür.

Sözügedən hesabatda Azərbaycan ümumi daxili məhsulda hərbi xərclərin ən çox olduğu ölkələrin siyahısında 5-ci yerdədir. Hesabata görə, Azərbaycanın ÜDM-də hərbi xərclər 5,3 faiz təşkil edir. Bu baxımdan, birinci yeri Oman (7,3 faiz), ikinci yeri Küveyt (6,7 faiz), üçüncü yeri Səudiyyə Ərəbistanı (6,6 faiz), dördüncü yeri isə Əlcəzair (5,6 faiz) tutur. Lakin qeyd etmək lazım gəlir ki, Azərbaycan öz təhlükəsizliyi naminə hərbi xərclərini artırmağa məcburdur. Cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə çıxışı zamanı Prezident İlham Əliyev bu məsələ ilə bağlı qeyd edib: “Müharibənin 44 gününün hər günü dərindən təhlil edildi və əlbəttə, bu təhlil bizə imkan verdi ki, biz gələcək ordu quruculuğumuzu real vəziyyətə əsaslanaraq quraq. Bunu nəzərə alaraq yeni silahların, texnikaların alınması da təşkil edilir. Bununla bərabər, müharibədən sonra Müdafiə Nazirliyində struktur islahatları aparılmışdır, struktur dəyişikliyi edilmişdirbu, ordumuzu daha da gücləndirəcək, daha da müasirləşdirəcək... Öz hesabımıza yaşayan ölkə kimi bundan sonra ordu quruculuğuna, bir daha demək istəyirəm, nə qədər pul lazımdırsa, o qədər də ayıracağıq”.

Ümumiyyətlə, müdafiə qabiliyyətini və milli təhlükəsizliyini daim gücləndirən Azərbaycan üçün dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitin ildən-ilə artırılması hər zaman prioritet olub. Bu, ölkənin hərbi müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə, Silahlı Qüvvələrin döyüş imkanlarının artırılmasına, maddi-texniki bazasının daha da müasirləşdirilməsinə, bütövlükdə ordu quruculuğunun daim inkişaf etdirilməsinə imkan verib. Hərbi quruculuq, bütün qoşun növlərinin texnikasilah-sursatla təchizatının modernləşdirilməsi, hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması üçün hərbi sahəyə ayrılan xərclər artırılıb. İşğaldan azad edilmiş ərazilərimizdə hərbi infrastrukturun qurulması, sərhəd mühafizə zolaqlarının yaradılması istiqamətində genişmiqyaslı işlər görülür. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir hərbi texnikasilah-sursatla təchizatı, müdafiə sənayesinin təkmilləşdirilməsi və digər tədbirlərin icrası məqsədilə maliyyə təminatının yaradılması 2022-ci il üçün də dövlət büdcəsinin əsas xərc istiqamətlərindən biridir. Bütün bunlara səbəb Azərbaycanın həssas regionda yerləşməsi, ölkəmizə qarşı düşmənçilik mövqeyi sərgiləyənlərin mövcudluğudur. Artan hərbi xərclər isə ordunun döyüş qabiliyyətini yüksəldir, onu daha modern hala gətirir. Təsadüfi deyil ki, bu gün Azərbaycan regionda ən güclü orduya malik ölkə statusunu daşıyır. Həmçinin Azərbaycanın Silahlı Qüvvələri döyüş hazırlığına görə MDB məkanında ön sıralardadır. Ötən 19 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan modernləşmə islahatları və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişiklikləri dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin öz vədinə sadiqliyini təsdiq edir. Azərbaycan vətəndaşları Silahlı Qüvvələrimizdə baş verən keyfiyyət və kəmiyyət dəyişikliklərinə ordumuzun keçirdiyi təntənəli hərbi paradlarda şahid olublar. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Silahlı Qüvvələri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Respublikamız Silahlı Qüvvələrin istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından nümunəvi dövlət olaraq qəbul edilir.

Məhz qüdrətli ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində qazanılmış Zəfərlə müstəqil Azərbaycan dövləti özünün itirilmiş qədim torpaqlarını işğalçılardan təmizləmiş, ərazi bütövlüyünü təmin etmiş, qəhrəman Ordumuz hərbi bacarıqlarını və imkanlarını dünyaya göstərmiş, ölkədə möhtəşəm milli birliyə nail olunmuş və Azərbaycan BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələrinin icrasını təkbaşına təmin etmişdir. Azərbaycan dünyanı yalançı erməni uydurmalarından və erməni faşizmindən xilas etmişdir.

 

Sevinc Azadi

 

İki sahil.- 2022.- 29 aprel.- S.6.