“Şuşanın
görkəmli musiqi xadimləri”
BSU-da bədii sərginin
açılışı olub
Aprelin 28-də Prezident İlham
Əliyevin müvafiq Sərəncamı
ilə elan edilmiş
“Şuşa İli”
çərçivəsində Bakı Slavyan
Universitetinin (BSU) və Azərbaycan Rəssamlar
İttifaqının birgə təşkilatçılığı
əsasında Xalq rəssamı, professor Arif Hüseynovun əsərlərindən ibarət
“Şuşanın görkəmli musiqi
xadimləri” adlı sərginin
ilk nümayişi olub.
Tədbirdə Azərbaycanın görkəmli mədəniyyət, elm və incəsənət xadimləri, Milli Məclisin deputatları, ziyalılar, universitetin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri, media nümayəndələri iştirak ediblər.
Tədbirin moderatoru, BSU-nun Jurnalistika kafedrasının professoru Etibar Babayev sərginin tərbiyəvi əhəmiyyətindən danışıb. O, Xalq rəssamı Arif Hüseynovun yaradıcılığında Qarabağ mövzusunun önəmli yer tutduğunu diqqətə çatdırıb. Rəssamın “Şuşanın görkəmli musiqi xadimləri” bədii sərgisində nümayiş olunan 15 əsəri BSU- ya xatirə hədiyyəsi olaraq təqdim edəcəyini bildirib.
Tədbirdə çıxış edən BSU-nun rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin hər birimiz üçün böyük qürur və iftixar mənbəyi olduğunu bildirib. Rektor qeyd edib ki, BSU-da Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə elan edilmiş “Şuşa İli” çərçivəsində təşkil olunan müxtəlif səpkili tədbirlər sırasında “Şuşanın görkəmli musiqi xadimləri” sərgisi xüsusi yer tutur. Rektor gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədi daşıyan bu sərginin BSU-da digər rəssamların əsərlərindən ibarət sərgilərin keçirilməsi ənənəsinin təməlini qoyacağını vurğulayıb.
Milli Məclisin deputatları Qənirə Paşayeva, Tahir Rzayev və Ceyhun Məmmədov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsdəyönlü siyasət nəticəsində Azərbaycanın gücləndiyini və torpaqlarımızın işğaldan azad edildiyini vurğulayıblar. Xalq rəssamı Arif Hüseynovun milli-mənəvi dəyərləri əks etdirən rəsm əsərlərinin Azərbaycanın dünyaya tanıdılmasında mühüm rol oynadığı diqqətə çatdırılıb.
Azərbaycan Rəssamlıq Akademiyasının professoru, Xalq rəssamı Sirus Mirzəzadə, Xalq şairi Nurəddin Mehdixanlı, Əməkdar incəsənət xadimi, yazıçı Natiq Rəsulzadə və bəstəkar Gövhər Həsənzadə rəssamın yaradıcılığı ilə bağlı öz təəsüratlarını bölüşüblər.
Xalq şairi Vahid Əziz tədbirin ruhuna uyğun olan şeirlərindən birini səsləndirib.
Xalq rəssamı Arif Hüseynov tədbirin təşkilinə görə universitet rəhbərliyinə və qonaqlara təşəkkürünü bildirərək bu ənənənin davamı olacağına inamını ifadə edib.
Sonda tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar.
Cavid Əkbərov
İki sahil.- 2022.- 29 aprel.- S.5.