Aprelin 30-da açılan güllər
...
Azərbaycanın bugününə
və sabahına tuşlanmış
bu namərd gülləri
12 ömrü yarımçıq qoydu
13 il öncənin aprel ayı... Günlər bir-birini əvəzləyirdi. Həyat öz axarı ilə davam edirdi. Ta ki, təqvim aprelin 30-da, saatın əqrəbləri isə 9:30-da qərarlaşana qədər... Aprelin 30-u tarixə 12 ömrü yarımçıq qoymuş gün kimi yazıldı...
Bu səhəri də hər kəs başqa arzuyla açmışdı. Hər kəsin içində bir niyyət, ümid, dilək çiçəklənmişdi. Qışın soyuğundan yaxamızı təzəcə qutardığımızı zənn edirdik. Hər səhər üfüqdən gizlənpaç oynayırmış kimi boylanan aldadıcı yaz günəşi içimizi tam isitməsə də, üzümüzə təbəssüm, qəlbimizə qəribə hüzur bəxş edirdi. Həmişəki kimi kimisi işə, ya universitetə, kimisi məktəbə tələsirdi....
Kaş ki, o günü, o an yaşananları, bütünlükdə o tarixi heç yaşamamaydıq... Bunun üçün nələr qurban etməzdik ki?.. Həmin gün qışın ən sərt şaxtasından belə üşüməyən əllərimiz, ürəyimiz, ruhumuz o gün yazın “istisindən” həm üşüdü, həm də...
Kütləvi qətllə nəticələnən həmin faciə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (keçmiş Azərbaycan Dövlət Neft Akademiyasında) Dilarə Əliyeva küçəsi, 227 saylı ünvandakı Qaz neft mədən və Neft mexanikası fakültələrinin yerləşdiyi korpusda törədildi.
Sükutun pozulduğu həmin an
Günün dərs və imtahan həyəcanı yenicə başlayırdı. Hər kəsin dərsdən sonra bir planı, bir işi var idi. Qayğılar da insanlar kimi fərqli idi... Ali təhsil ocağının ətrafında da, içində də qəribə bir sakitlik vardı. Sən demə, bu fırtına öncəsi səssizlik, müsibətli hayqırtının sükutu imiş…
Akademiyanın dəhlizində ara-sıra müəllim və tələbələrin ayaq səsləri eşidilirdi. Həmin addımlar içərisində bir nəfərin ayaq səsləri daha soyuq və məkrli idi. Ruhu acımasızlıq, qəlbi kin-küdurətlə qidalanan bu şəxsin gözlərindəki nifrət işıqlı dünyanı qaranlığa çevirməyi hədəflənmişdi.
İnsanlıqdan çox-çox uzaq “əqidəsi” ilə insanlıq adına ləkə olan bu şəxs ali məktəbin binasına daxil olur. Həmin gün o, ağalarından aldığı qanlı-qadalı təlimat əsasında içində cücərtdiyi “bəslədiyi” soyuqluğunu, qəddarlığını, qəzəbini, hirsini bütün otaqlara, dəhlizə, pilləkənlərə, ən əsası da insanlara ötürməyi qərara almış və nəticədə 12 ömrü yarımçıq qoymuşdu...
Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə “Makarov” tipli tapançadan atəş açırdı. Bu terror aktı nəticəsində 12 nəfər həyatını itirib, 13 nəfər isə ağır yaralandı. İnsanlığa qənim kəsilən bu manyak xarakterli tip son məqamda binanın axırıncı mərtəbəsində əlindəki silahla özünü vuraraq intihar etdi.
İstintaq materiallarına və şahid ifadələrinə görə, cinayətkar şəxsləri əsasən baş və boyun nahiyəsindən güllələyib. Gülləyə tuş gələnlərin içərisində akademiyanın professorları, laborantlar, tələbələr, müəllimlər, qapıçı və hətta yeməkxanaya süd məhsulları gətirən yaşlı bir qadın, hətta əcnəbi tələbələr də olub.
Baş vermiş hadisə ilə bağlı Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb. Terror aktı ilə bağlı istintaq araşdırması nəticəsində qətliamın Ermənistanın xüsusi xidmət orqanlarının sifarişi ilə törədildiyi təsdiqini tapmışdır. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində F.Qədirovla əlaqəli şəxslərin bir çoxu cinayət məsuliyyətinə cəlb olunub. Baş verən kütləvi qətlin sifarişçisinin erməni əsilli Gürcüstan vətəndaşı Mardun Qumaşyan olduğu müəyyənləşib. Cinayət işinin materiallarına görə, Neft Akademiyasında terror aktının törədilməsini sifariş verən Qumaşyan Mardun Qriqoryeviç 1951-ci il mart ayının 6-da Gürcüstanın Marneuli rayonunun Şulaver kəndində anadan olub. Mardun Qumaşyanın barəsində hətta “İnterpol” xətti ilə beynəlxalq axtarış elan olunub. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2010-cu il avqustun 10-u tarixli hökmü ilə iş üzrə təqsirləndirilənlər - Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.
...Radio və televiziyalarda hadisə ilə bağlı xəbərlər verilir, reportajlar yayımlanırdı. Baş verən hadisəni bütün şəhər duymuşdu. Mavi ekranı qapqara görən terror qurbanlarının doğmaları, yaxınları onların xərəkdə necə daşındığını, yaxud həyəcan içində canını necə qurtarmağa çalışdığını, qandan üzünü qan bürüyən övladını tanımağa çalışanların çarəsiz qalıb qopardıqları fəryaddan isə qulaq tutulurdu. Təlaş və iztirab içində bir əlində telefon övladının səsini eşitmək arzusu ilə döyünən ürəklər heç zaman bu qədər bumbuz olub, üşüməmişdi…
Həmin gün hər kəs o dəhşətli hadisədən danışırdı. Hamı faciənin şokunda idi. Qanlı terrorun qurbanlarının ailələrinin, yaxınlarının keçirdikləri hissləri, yaşadıqları iztirabları ağrı və acını nə sözlə ifadə etmək, nə də qələmlə yazmaq mümkündür.
Xəbəri eşidən, görən valideynlər balalarının soyuq cəsədinə sarılmağa, bir ömür həsrət qalacaqları üzlərinə baxmağa tələsirdilər. İnanırdılar ki, körpəliyində olduğu kimi balasını qoynuna alıb, bağrına sıxarsa əbədi yumulan gözlərini yenidən aça bilər…
Bu terror aktını digərlərindən fərqləndirən başlıca xüsusiyyət onun Azərbaycan Respublikasının düşünən beyinlərini – alimləri və gənclərini, ölkənin gələcəyini hədəf alması idi. Həmin gün həlak olan müəllimlər sahib olduqları zəngin elmi-pedaqoji potensiallarını minlərlə gəncə ötürəcəkdilər. Tələbə yoldaşlarını qorumaq üçün silahlı terrorçuya əliyalın şəkildə müqavimət göstərərək həlak olan tələbələrimizin fədəkarlıqları isə milli ruhda tərbiyə olunmasının, mərdlik və cəsarətlərinin nümayişi idi.
Terror aktı nəticəsində dünyasını dəyişən insanların xatirəsini əbədiləşdirmək üçün 2017-ci ildə universitetin foyesində Azərbaycan Rəssamlıq Akademiyası tərəfindən baralyef ucaldıldı. Barelyefin ideya müəllifi, hazırlanmasında əməyi olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, tanınmış heykəltaraş Ömər Eldarovdur.
“Təbiətdə rast gəldiyimiz zəhərli varlıqlar arasında toxunulmadıqda belə ziyan verən yeganə əqrəbdir ki, rast gəldiyi bütün canlılara zərər verir, sancır” söyləyən Ömər Eldarov bildirir ki, barelyefdə terrorçunu məhz əqrəbin simvolunda verməkdə niyyətləri dinc əhaliyə qarşı amansız vəhşiliklər törədən terror təşkilatlarının ümumi obrazını ifadə etməkdir.
Abidənin üzərindəki açılmamış qönçələr tələbələri, tam açılmış qızılgül professoru, əqrəb isə terror aktı törədən şəxsi ifadə edir. Tələbələr hər gün həmin barelyefin önündən keçəndə ayaq saxlayıb həlak olanların əziz xatirəsini yad edirlər. Hər il universitetdə aprelin 30-u saat 9:30 radələrində, terronun törədildiyi anın ildönümündə faciəni yad edirlər. Həmin tədbirdə faciə qurbanlarının, yaralanan şəxslərin ailə üzvləri, yaxınları iştirak edirlər.
Hər kəs aprelin 30-nun sadəcə qorxulu bir yuxu olmasını istəyirdi. Orada yaxınına heç nə olmayan insanların belə içində qəribə bir sıxıntı, kədər, ağrı hisləri baş qaldırır. Həmin günü xəyalən təsəvvür etmək belə insanı vahiməyə salır.
Bu gün
o dəhşətli faciədən 13 il ötür. Aprelin 30-u heç vaxt 2009-cu ilin 30 apreli qədər soyuq olmamışdı. Yəqin ki, bir də olmayacaq. Aprel gülləsindən donan arzular, sönən ömürlər…
Qanlı
30 aprel terrorunun məsum qurbanlarını
rəhmətlə anır,
doğmalarına və
yaxınlarına dərin
hüznlə bağsağlığı veririk!
Yaqut Ağaşahqızı
İki sahil.- 2022.- 30 aprel.- S.26.