Naxçıvanı dünyaya tanıdan

görkəmli kimyaçı alim

 

Akademik Nadir Seyidov-90

 

Bu günlərdə - aprel ayının 28-də xalqımızı təkcə keşmiş Sovetlər İttifaqı məkanında deyil, onun hüdudlarından da kənarda tanıdan görkəmli sovet və Azərbaycan alimi, həmyerlimiz, akademik Nadir Seyidovun anadan olmasının 90-cı ili tamam oldu.

Nadir Mir-İbrahim oğlu Seyidov 1932-ci il aprel ayının 28-də Naxçıvan şəhərində doğulmuşdur. O, 1939-cu ildə Naxçıvan şəhərindəki 1 nömrəli orta məktəbin birinci sinfinə daxil olmuş və oranı 1949-cu ildə bitirmişdir. 1950-55-ci illərdə Azərbaycan ( indi Bakı ) Dövlət Universitetinin kimya fakültəsində ali təhsil aldıqdan sonra   Azərbaycan Dövlət Elmi –Tədqiqat Olefinlər İnstitutunda (ADETOİ) kiçik elmi işçi vəzifəsində işləmişdir. Akademik Yusif Məmmədəliyevin zəmanəti ilə 1957-ci ildə Azərbaycan Elmlər Akademiyası (EA) Neft İnstitutunun aspiranturasına daxil olmuş  və oranı 1960-cı ildə bitirərək “Ksilol izomerlərinin oksidləşməsi və ayrılması prosesinin tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1962-ci ildə böyük elmi işçi adına layiq görülmüş və həmin ildə ona ADETOİ-da “Elastomerlər” laboratoriyasına rəhbərlik həvalə olunmuşdur. 1968-ci ildə isə “Aşağı molekul çəkili olerenlərin əsasında yeni elastomerlərin alınması” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 1969-cu ildə ona “Yüksək Molekullu Birləşmələr Kimyası” (YMBK) ixtisası üzrə professor adı verilmişdir.

Nadir Seyidov 1979-cu ildən 1993-cü  ilədək Elastomerlər və karbohidrogen aşkarları  şöbəsinə rəhbərlik etmiş, 1993-97-ci ilərdə ADETOİ-nin elmi işlər üzrə direktor müavini işləmişdir. 1997-ci ildən elmi fəaliyyətini AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) davam etdirmişdir. 1989-cu ildə Azərbaycan EA-nın “YMBK” ixtisası üzrə müxbir üzvü seçilmişdir. 2001-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.

Akademik N.M.Seyidov polimer kimyası sahəsində görkəmli alimlərimizdən olmuşdur. Onun əsas tədqiqat obyekti YMBK və neft-kimya sintezidir. Olefinlər əsasında yeni sintetik kauçukların (SK-ların) alınması sahəsindəki onun fundamental tədqiqatları keçmiş SSRİ-də ən mühüm tədqiqatlarçı kimi qəbul edilmiş və yüksək qiymətləndirilmişdir. Onun  rəhbərliyi ilə etilenin proplenlə, butelinlərlə, amilenlərlə, heksen-1 və dienlərlə metalüzvi  katalizartorlar iştirakı ilə sopolimerləşmə redaksiyasının kimyası hərtərəfli tədqiq edilmiş  bununla da çox mühüm prinsipialtexnoloji məsələlər həll edilmişdir. Onun tərəfindən monomer mühitində yeni üsulla keçmiş SSRİ-də ilk dəfə olaraq etilen-propilen kauçukunun müxtəlif markalarının alınması işlənib hazırlanmış və iqtisadi cəhətdən səmərəli və  sadə texnologiyası yaradılmışdır. Həmçinin etilen-propilendien kauçukları üçün üçüncü komponent olan vinil-norbornenetilidennorbornen kimi dienlərin alınma texnologiyası işlənib hazırlanmış və “Nijnekamsk-neftexim  İstehsalat Birliyində (İB) istehsalı sənaye miqyasında  həyata keçirilmişdir. Onun rəhbərliyi ilə etilen-propilen kauçukunun termiki parçalanmasından yüksək qatılaşdırıcı xassəsinə malik aşkarların alınması sahəsində də geniş elmi tədqiqat işləri aparılmışdır. Nəticədə yüksək özlülüyə malik özlülük aşkarı depressatorfiltiredici agetlərin texnologiyası işlənib hazırlanmış və təcrübi sənaye qurğusunda istehsal edilmişdir.

Akademik Nadir Seyidovun tədqiqatları arasında olefinlər əsasında termoplastların alınması və onun quruluşunun tədqiqi xüsusi əhəmiyyət kəsb edir. Alkilləşmə və aşağı molekul çəkili olefinlərin polimerləşmə və oliqomerleşmə reaksiyalarının  aparılması üçün səmərəli katalizatorların yaradılması işində akademik Nadir Seyidovun rolunu xüsusi qeyd etmək lazımdır. Onun “AC” və  onun  təkmilləşmiş forması olan “VİNİOLEFİN-18” katalizatoru Sumqayıt Üzvi Sintez İB-də poliizobutilenin, Sintetik kauçuk zavodunda butilkauçukun istehsalında Nijnikamsk şəhərində butilkauçuk, Tolyatti şəhərində butilkauçuk istehsalında sənaye miqyasında sınaqdan keçirilmiş və müəyyən edilmişdir ki, o, öz aktivliyinə və sabitliyinə görə çətinliklə əldə olunan alüminium xloridi bütünlükdə əvəz edir. “VNİİOLEFİN-18” katalizatorundan etilbenzol, butilkauçukpoliizobutilen kimi sənaye məhsullarının alınmasında istifadə etdikdə onların texnologiyası əhəmiyyətli dərəcədə sadələşir.

Akademik Nadir Seyidovun çoxcəhətli elmi fəaliyyəti 4 elmi monoqrafiyada, 250-dən çox elmi əsərdə, o cümlədən 100 müəlliflik  şəhadətnaməsində və 20 xarici ölkənin patentində öz əksini tapmışdır. Onun rəhbərliyi ilə 33 elmlər namizədi hazırlanmışdır.

Nadir müəllim elmi fəaliyyəti ilə yanaşı pedoqoji işlə də daim məşğul  olmuşdur. 1968-ci ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Üzvi maddələrin sintezi və texnologiyası kafedrasının professoru kimi  tələbələrə mühazirələr oxuyurdu.

O, həmçinin Azərbaycan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən ixtisasartırma fakültəsində də müxtəlif ali məktəblərdən, o cümlədən Naxçıvan Dövlət Universitetindən göndərilən kimyaçı müəllimlərə dərs demişdir. Şadam ki, həmin dövrlər mən də görkəmli alimin dinləyicisi olmuşam.

Akademik N.Seyidov dəfələrlə Beynəlxalq və Ümumittifaq simpozium və konfranslarının iştirakçısı kimi Roma, Praqa, Budapeşt, Sofiya, Yaşoves, Krakov, Ankara, Alma-Ata, Moskva, Sankt-Peterburq  s. şəhərlərində məruzələrlə çıxış edərək  respublika  elimini ləyaqətlə təmsil etmişdir.

Elmi və əmək fəaliyyətinə görə akademik Nadir Seyidov “Şərərf nişanı” ordenibir sıra medallarla təltif edilmişdir. Azərbaycan Respublikasının Əməkdar Elm xadimi fəxri adına layiq görülmüşdür. Akademik Nadir Seyidov 1 oktyabr 2015-ci ildə uzun sürən xəstəlikdən sonra Bakı şəhərində 83 yaşında vəfat etmişdir. Onun xatirəsi qədirbilən xalqımız tərəfindən bu günuca tutulur, müxtəlif tədbirlər vasitəsilə yad edilir.

08.02.2022-ci il tarixində verilən məlumata görə AMEA Akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda mayın  19-20-də Əməkdar elm xadimi, akademik Nadir Seyidovun 90 illik yubileyinə həsr olunmuşKatalizatorlar, olifenlər əsaslı yağlarmövzusunda respublika elmi konfransı keçiriləcək.

Nadir Seyidovu insanlara sevdirən cəhətlərdən birionun yüksək insani keyfiyyətlərə malik olması idi. O, Vətənini, xalqını yüksək məhəbbətlə sevən çox səmimi və saf insan idi. Fəxr edirəm ki, belə bir insanla hələ birinci kursda oxuyan vaxtdan onun bacısı oğlu, tələbə yoldaşım və dostum Hikmət İbrahimov vasitəsilə tanış olmuşamondan müxtəlif vaxtlarda çox faydalı məsləhətlər almışam.

 

Tofiq Əliyev,

AMEA Naxçıvan Bölməsi Təbii

Ehtiyatlar İnstitutunun baş direktoru,

AMEA-nın müxbir üzü, professor

 

İki sahil.- 2022.- 30 aprel.- S.21.