Bakı 104 il əvvəl necə azad edildi?

 

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan olunandan sonra bəzi bədxah xarici qüvvələr onun devrilməsi üçün bütün imkanlardan istifadə etməyə çalışarkən Osmanlı Türkiyəsinin göstərdiyi hərbi siyasi yardım milli dövlətçilik tariximizdə çox mühüm rol oynadı. Bu ərəfədə Bakıda hakimiyyəti bolşevik donuna bürünmüş daşnak, xalqımızın qatı düşməni Stepan Şaumyan ələ keçirmişdi.  Onun başçılıq etdiyi daşnak-bolşevik rejiminin azərbaycanlılara qarşı həyata keçirdiyi  soyqırımının qarşısını almaq xalqımızın müstəqilliyini qorumaq üçün Osmanlı Türkiyəsi Azərbaycan silahlı qüvvələrindən təşkil edilmiş hərbi struktur AXC-nin elan edildiyi günlərdən 1918-ci ilin noyabrına qədər fəaliyyət göstərdi. Qafqaz İslam Ordusunun yaradılmasına hələ 1918-ci ilin əvvəllərində başlanmışdı. Azərbaycan milli-azadlıq hərəkatının liderləri xalqımıza qarşı daşnak-bolşevik qırğınının qarşısını almağın yeganə yolunu Osmanlı Türkiyəsindən hərbi yardım almaqda görürdülər.

Bu səbəbdən mürəkkəb geosiyasi şəraitdə müstəqilliyini elan etmiş, eləcə hərbi köməyə böyük ehtiyacı olan Azərbaycan Xalq Cümhuriyyəti ilk addım kimi Türkiyə ilə müqavilə bağlamağı qərara aldı. Belə ki, 1918-ci il iyunun 4-də Batumda Osmanlı Türkiyəsi ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında dostluq müqaviləsinin imzalanması xalqımız üçün həyati əhəmiyyət daşımaqla bərabər, müstəqil hökumətin imzaladığı ilk dövlətlərarası müqavilə idi. Müqavilənin şərtlərinə uyğun olaraq Mürsəl Paşanın komandanlığı altında Beşinci Qafqaz diviziyası Azərbaycana göndərildi. Həmin diviziya general-leytenant Əliağa Şıxlınskinin komandanlığı ilə əsası hələ 1917-ci ilin dekabrında qoyulan, lakin çətin şəraitdə lazımınca formalaşa bilməyən Azərbaycan Silahlı Qüvvələri Qafqaz İslam Ordusu adı ilə vahid sturukturda birləşdirildi bu struktura komandanlıq gənc hərbçi Nuru Paşaya tapşırıldı.

Bunun ardınca iyunun 16-da Azərbaycan hökuməti Tiflisdən Gəncəyə köçdü. Gəncədə Nuru Paşanın başçılıq etdiyi 300 nəfər məsləhətçidən ibarət türk hərbi nümayəndəliyi ilə yanaşı, Qafqaz İslam Ordusunun şəxsi heyətinin təxminən yarısı yerli əhalidən toplanmış könüllülərdən ibarət idi.

1918-ci il iyunun 17-də Fətəli xan Xoyskinin başçılıq etdiyi Azərbaycan Xalq Cümhuriyyəti hökuməti çox ağır ictimai-siyasi şəraitdə soyqırımı taleyini yaşamış Azərbaycan xalqını bu çətin vəziyyətdən çıxarmaq məsuliyyətini öz üzərinə götürdü. Belə ki, hökumət iyun ayının 19-da bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdikdən sonra təcili olaraq dövlət quruculuğu prosesinə başladı. Bütün bunlarla yanaşı, Azərbaycan hökuməti öz fəaliyyətinin mühüm bir hissəsini dövlət müstəqilliyinin qorunub saxlanması, eləcə xarici müdaxilənin qarşısının alınması üçün ordu quruculuğuna yönəltmişdi.  İyunun 26-da  Azərbaycan korpusu təşkil edildi bununla da faktiki olaraq milli ordu yaradıldı. Bir gün sonra Azərbaycan dili dövlət dili elan edildi. Bunun ardınca isə iyul ayının 15-də Fövqəladə Təhqiqat Komissiyası yaratmaq barədə qərar qəbul olundu komissiya Birinci Dünya müharibəsi dövründə Cənubi Qafqaz ərazisində bütün türk-müsəlman əhalisinə qarşı erməni daşnakları tərəfindən törədilən soyqırımı cinayətlərini araşdırıb cinayətkarları məsuliyyətə cəlb etməli idi.

Qafqaz İslam Ordusunun hissə bölmələri bu struktur yaranan gündən Azərbaycanın istiqlaliyyətini məhv etmək üçün irimiqyaslı hərbi əməliyyatlara başlamış bolşevik-daşnak qüvvələri ilə ağır döyüşlərə girdi.  Bütün Azərbaycan xalqı hökuməti tərəfindən dəstəklənən Qafqaz İslam Ordusunun türk Azərbaycan hərbi qüvvələri Gəncə ermənilərinin tərksilah edilməsində, Göyçay, Qaraməryəm, Kürdəmir, Şamaxı, Binəqədi döyüşlərində s. vuruşmalarda, hərbi tapşırıqların icrasında misilsiz şücaət göstərdilər. Birləşmiş qüvvələr bolşevik-daşnak işğalçılarına ağır zərbələr vuraraq geri çəkilməyə məcbur etdilər. Avqust ayının sonunda artıq döyüşün mənzərəsi aydın görünürdü. Bakıya toplaşmış eserlər, ingilis qoşunları, oyuncaq "sentrokaspi" hökumətinin üzvləri s. tör-töküntülər məğlub olduqlarını dərk edərək xarici ölkələrə qaçdılar.

Qafqaz İslam Ordusunun zəfər yürüşünün zirvəsi 1918-ci il sentyabrın 15-də Bakının azad olunması idi. Yüksək hərbi peşəkarlıqla planlaşdırılan əməliyyat qısa zamanda müstəqil Azərbaycan dövlətinin paytaxtı Bakının azad edilməsi ilə nəticələndi. 104 il əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri daşnak-bolşevik işğalından azad etdi. Bu unikal hərbi əməliyyat zamanı düşmənin çoxlu sayda silah-sursatı da müsadirə edildi. Həmin gün Filarmoniya bağında böyük şadyanalıq tədbiri keçirildi, milyonçu Hacı Zeynalabdin Tağııyev Nuru Paşaya qiymətli brilyant və digər qoşun başçılarına sanballı hədiyyələr təqdim etdi.

Xatırladaq ki, Bakı üzərinə hücumu qəti qələbə ilə nəticələndirmək üçün Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin sayı 14 minə çatdırıldı. Bunların 8 mini Osmanlı ordusunun, 6 mini isə azərbaycanlı əsgər və zabit idi. Bakı uğrunda döyüşlərdə 5-ci Qafqaz diviziyası 1300-ə qədər şəhid verdi. Ümumilikdə isə iyunun ortalarından sentyabrın 15-dək Qafqaz İslam Ordusunda döyüşlər zamanı şəhid olanların sayı  təxminən 4000 nəfər oldu.

Bununla yanaşı, türk və Azərbaycan hərbi qüvvələrinin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məqsədi ilə həyata keçirdiyi birgə döyüş əməliyyatlarının uğurlu nəticələrindən biriQafqaz İslam Ordusunun Qarabağ hərəkatı olmuşdur. Yəni, Bakının azad edilməsindən bir neçə gün sonra Qafqaz İslam Ordusu Qarabağ bölgəsində erməni-daşnak qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qırğınların qarşısını almaq üçün ora köməyə yollandı. Ordunun bir hissəsi isə Dağıstan istiqamətində xilaskarlıq yürüşünü davam etdirməyə başladı.

Qafqaz İslam Ordusunun və Azərbaycan hərbi qüvvələrinin 1918-ci ildə birgə həyata keçirdikləri əməliyyatlar o dövrdə Azərbaycanın ərazi bütövlüyünü təmin edərək bugünkü müstəqilliyimizin də təməlininin qoyulmasında çox mühüm, şərəfli və əlamətdar hadisə idi.

 2018-ci il sentyabrın 15-də keçirilən və Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad iki qardaş dövlətin hər zaman bir-birinin yanında olmasını bir daha sübut etdi. 2020-ci ilin 44 günlük Ermənistan-Azərbaycan müharibəsində türk qardaşlarımızın bizi istər hərbi əməliyyatlarda, istərsə də beynəlxalq aləmdə hər an dəstəkləməsi bir daha göstərdi ki, bu qardaşlıq əbədidir.

 

Vəli İlyasov

 

İki sahil.- 2022.- 24 avqust.- S.3.