Azərbaycan neftinin daşınma
yolları
Bakı-Batumi neft kəməri
Qədim dövrlərdən Azərbaycanda çıxarılan neft başqa ölkələrə tarixən müxtəlif vasitələrlə daşınıb. Bu barədə məşhur tarixçilər və səyahətçilər Prisk Paniyiski (V əsr), Əhməd Əl-Bəlazuri (IX əsr), Əbu-İshaq əl-İstəxri (X əsr), Əbul Həsən Əbu Əli ibn Hüseyn Məsudi (X əsr), Marko Polo (XIII əsr), Həmdullah Qəzvini (XIV əsr), Jurden Katalani de Severak (XIV əsr), Adam Elşleqer (Oleari) (XVII əsr), Eqelbert Kempfer (XVII əsr) və digərləri öz qeydlərində yazıblar. Məlumdur ki, neftin daşınması uzun müddət ən sadə üsulla – dəvə karvanları ilə həyata keçirilirdi. Böyük İpək Yolunun üzərində yerləşən Azərbaycan əlverişli coğrafi mövqeyə sahib olduğundan Bakı Xəzər dənizinin əsas liman şəhərlərindən birinə çevrilir, istehsal etdiyi məhsulları ilə, xüsusilə nefti ilə dünyaya səs salırdı.
XIX əsrin ikinci yarısından sonra Abşeronda hasilatın artması ilə neft və neft məhsullarının daşınma həcmi də artır, çatdırılma üsulları təkmilləşirdi. Mədənlər yarandıqca nefti əvvəlcə ağac çəlləklərə və ya dəri tuluqlara doldurur, arabalara və ya dəvələrə yükləyib alıcılarına çatdırırdılar. Bu cür daşınma zamanı çəlləklər tez-tez sıradan çıxır, deşilir, içində olan məhsul yerə axırdı. Belə halların qarşısını almaq üçün onların içini kerosində həll olunmayan kitrə (taxta yapışqanı) ilə örtürdülər. Belə ki, kitrəni qızdırır, sonra isə həmin maye yapışqanı çəlləyin içinə tökür və onu diyirlədərək iç divarin və dibin nazik qatlarına hopdururdular. Bəzən yapışqan əvəzinə duru şüşədən də istifadə olunurdu. Bəzən bu üsul ilə nefti hətta uzaq dövlətlərə də yollayırdılar. XIX əsrin 70-ci illərinədək Rusiyanın mərkəzi hissəsinə Bakıdan nefti böyük 20 pudluq ağac və ya dəmir çəlləklərdə, əsasən ağacdan düzəldilmış kiçik, iki, bəzən üç ölçülü 10 puddan 15 pudacan yelkənlı gəmilərdə səmərəsiz və uzun bir yolla – 600 mil Xəzər dənizi ilə Həştərxanacan, sonra kərəçilərə (barjalara) boşaldılmaqla Volqa çayı boyu yuxarı ta dəmir yolu ilə kəsişən hər hansı məntəqəyəcən daşıyır, oradan da vaqonlara yükləyərək daha uzaqlara aparırdılar. Neftin çəlləklərə doldurulması və nəqli zamanı böyük itkilərə yol verilirdi, bəzən bu rəqəm neftin çəkisinin 11 %-ni təşkil edirdi. Hətta 1878-ci ildə Bakı neft cəmiyyəti kerosini dəmir yeşiklərdə daşımağa cəhd göstərsədə, aşınmalar zamanı məhsul korlandığı üçün bu təşəbbüs də uğurlu alınmadı.
Neftin və neft məhsullarının çəlləklərlə, tuluqlarla, gəmilərlə, karvanlarla daşınması zamanı həm itkilər yaranır, həm də bu, uzun müddətə başa gəlirdi. Neft sahibkarları haqlı olaraq ciddi narahat olurdular. 1847-ci ildə neftin sənaye üsulu ilə hasilatından, eləcə də 1872-ci ildə çar hökumətinin qərarı ilə (həmin dövrdə Azərbaycan Çar Rusiyasının tərkibində idi) neftlə bağlı tətbiq edilən iltizam sisteminin ləğvindən sonra Bakı neft sənayesi coşğun dövrünə qədəm qoydu, durmadan artan neft hasilatı, eləcə də genişlənməkdə olan emal müəssisələrinin sayı istehsal olunan neft və neft məhsullarının ixracını gündəmə gətirdi. Artan neft hasilatı böhrana səbəb olurdu. XIX əsrin 80-ci illərində Bakıda o qədər böyük miqdarda xam neft toplanmışdı ki, daşımaq imkanı, lazımi həcmdə çənləri olmayan neft sənayeçiləri bir müddətə hasilatı və emalı dayandıraraq, çıxarılan nefti dənizə tökməyə, yaxud da yandırmağa məcbur olmuşdular. Bakı neft sənayesinin Avropaya nüfuz etməsi, neftin Avropaya daşınması aktual məsələyə çevrilmişdi. Buna görə də, artıq iri sənaye mərkəzi sayılan Bakını dəmir yolları ilə Qara dənizlə birləşdirmək zəruri idi. İdeya ilk dəfə XIX əsrin 30-cu illərində irəli sürülsə də, bu yöndə əməli işə yalnız 50-ci illərin ortalarında başlandı. Lakin Çar Rusiyası maliyyə çətinlikləri ilə əlaqədar bu dəmir yolunun hissə-hissə çəkilməsinə qərar verdi. 1865-ci ildə, bütün əvvəlki layihələrin əksinə olaraq, Cənubi Qafqazda dəmir yolu çəkilməsinə Bakıdan deyil, əks istiqamətdən - Potidən başlandı. 294 km uzunluğundakı Poti – Tiflis dəmir yolu 1872-ci ildə istifadəyə verdi. 1879-cu ildə çar II Aleksandr 548 km uzunluğundakı Bakı – Tiflis dəmir yolunun tikintisinə icazə verdi. Nəhayət 1883-cü ilin mayından qatarların Bakıdan Batumiyə birbaşa hərəkəti başlandı. Kiçik bir yaşayış məntəqəsi olan Batumi tezliklə Bakı nefti hesabına inkişaf edərək dünyanın böyük liman şəhərlərindən birinə çevrildi. Məşhur ingilis publisisti Maykl Bruks yazırdı: “Əgər Bakı nefti olmasaydı, Batumi tacirlər məkanı olaraq qalacaqdı. Neft burada sənaye və nəqliyyatı hərəkətə gətirdi”.
Neft hasilatının ildən ilə artması
onun nəqli üçün digər, daha sərfəli nəqliyyat
vasitələrinin axtarıb tapılmasını zəruri
edirdi. Neftin başqa yolla - boru kəmərləri ilə nəqli
də gündəmə gəlir. Həmin vaxtlar dəmir yolu
ilə Qara dəniz sahilinə - Batumiyə neft
daşınırdı. Bu
marşrut üzrə boru kəmərinin çəkilməsi
ən real variant idi. Düzdür, həmin vaxt
artıq Abşeronda neftin borularla mədənlərdən emal
müəssisələrinə daşınnması təcrübəsi
var idi. Ümumiyyətlə, çinlilər
hələ IV əsrdə bu təcrübədən istifadə
ediblər. Onlar quyulardan çıxan məhsulun
bambukdan düzəldilmiş borular vasitəsilə duz mənbələrinə
nəql edirdilər. Abşeronda bu
ideyanı - boru xətləri ilə məhsulun
daşınması fikrini ilk dəfə tanınmış rus
alimi Dmitriy Mendeleyev irəli sürür. 1863-cü
ildə D.Mendeleyev deyirdi ki, nefti həm emal zavodlarına, həm
də gəmilərə ötürmək üçün
neft quyularından zavodlara, zavodlardan isə dənizə
xüsusi borular çəkmək gərəkdir”. 1878-ci
ildə Rusiyada ilk dəfə Nobellər ailəsi tərəfindən
Balaxanı neft mədənlərini Bakıdakı
neftayırma zavodu ilə birləşdirən 8,5 verst (9 km)
uzunluğunda 76,2 mm-lik və gündəlik ötürmə
qabiliyyəti 80 000 pud, təqribən 5 000 ton olan buxar nasoslarla
təchız olunmuş neft boru kəməri çəkilir.
Boru kəmərinin nə dərəcədə əhəmiyyətli
və səmərəli olduğunu bu dəlil göstərir
ki, neftin 1 pudunun kəmərlə nəqli 1 qəpiyə,
araba ilə nəqli 9 qəpiyə başa gəlirdi.
Qeyd edək ki, 1888-ci ilə qədər neft mədənlərində,
neft emalı müəssisələrində istehsalın, boru
kəmərləri sisteminin inkişafı, məhsul
ixracatı haqqında məlumatlar sadəcə olaraq proqnoz və
ayrı-ayrı şəxslərin verdiyi hesablamalardan ibarət
idi. 1889-cu ildə Neft İstehsalçıları
Assosiasiyasının statistika bürosu yaradıldıqdan sonra
həmin göstəricilər statistik rəqəmlərdə
əksini tapmağa başlayır.
Artıq neftçıxarma və emal sənayesi ilə
yanaşı, neftin nəqli, qazma üsulları, neft kəmərləri
sistemi də nəzərəçarpacaq dərəcədə
inkişaf edirdi. 1884-cü ildə neft mədənlərini
emal müəssisələri ilə birləşdirən 6
neft kəməri mövcud idisə, cəmi üç ildən
sonra bu göstərici 15-ə çatır və həmin kəmərlərin
uzunluğu 100 milə çatır. XIX əsrin
sonlarında neft və neft məhsullarının
daşınmasında dəmir yolunun payı 20 % təşkil
etsə də, sahibkarlar daha ucuz, keyfiyyətli, güvənilən
və ən əsası sürətli nəqletmə vasitəsi
axtarırdılar. Neft kəmərlərinin
praktiki üstünlükləri olsa da, istehsalçılar
buna tələsmirdilər. Həm də
1886-cı ilin ortalarına qədər hökümət belə
təkliflərin əleyhinə idi. Çünki
boru kəməri onun sərmayəçilərinə dividend
verməli idi, bir də ki, əgər boru kəməri çəkilsəydi
onda digər nəqliyyat növləri arasında rəqabətə
son qoyulurdu. Bakı- Batumi boru kəmərinin
çəkilməsinin çox maraqlı bir tarixçəsi
də vardır. Bu istiqamətdə ilk real
cəhd amerikalı Herbert Tvedl tərəfindən edilib.
1877-cı ildə H.Tvedl Rusiya Maliyyə
Nazirliyinin məmuru, rus sarayının komerqeri, kollej
müşaviri Konstantin Bodisko ilə Bakıya gəlir.
İlkin hesablamalar apardıqdan sonra, onlar Rusiyanın hakim dairələrinə
tarixə “Tvedl konsessiyası” kimi daxıl olmuş “Xəzər–Qara
dəniz neft kəmərləri yoldaşlığı” layihəsinin
dörd variantını irəli sürür, Bakı-Batumi
boru kəmərinin çəkilməsi üzrə konsessiya
(müəssisə təşkil etmək üçün
hüquqi imtiyaz) layihəsi təqdim edirlər. Lakin
hökumət bu layihəni dəstəkləmir. 1883-cü ildə yeni layihə ilə H. Tvedl bir daha
Bakıya gəlir, həmin layihə də uzun müddət
(1884-cü ilədək) müzakirə olunduqdan sonra qəbul
edilmir. Ancaq göründüyü kimi
H.Tvedlin bu ideyası ölmür və müəyyən
zamandan sonra gerçəkləşir.
Neft boru kəmərinin çəkilməsini hamı dəstəkləmirdi. Məsələn,
Rusiya Əkinçilik Nazirliyi boru kəmərinin çəkilişini
məqsədəuyğun sayırdı, amma onun təşkilini
və maliyyələşdirilməsini neft sahibkarlarına həvalə
edirdi. Neft sahibkarları da bu məsələdə
eyni fikirdə deyildilər. Bu Mendeleyevi çox məyus
edirdi, bununla əlaqədar 1888-ci ildə o yazırdı:
“İndi mənim Bakı sənayesi ilə məşğul
olmamağım ona görə baş verir ki, Bakı-Batumi neft
kəmərindən imtina, mənim şəxsi fikrimcə,
Bakının neft işini Rusiya sənayesinin uğuru
üçün arzuedilməz tərəfə yönəldibdir.
Neft boru kəmərini artıq beş ildir
hələ ki, söhbətlərlə uzadırlar, ancaq nə
zaman işdə göstərəcəklər hələ məlum
deyil”. 1886-cı ilin noyabrında Hacı
Zeynalabdin Tağıyev, Musa Nağıyev də daxil olmaqla bir
qrup bakılı neft sahibkarı Trans-Qafqaz boru kəmərinin
inşasına icazə verilməsi xahişi ilə Dövlət
Əmlakı Nazirliyinə müraciət etdi. Təşəbbüsü irəli sürənlər
sübut edirdilər ki, boru kəməri neftin nəqlində
inhisar yaratmağına baxmayaraq, onun böyük əhəmiyyəti
var. Çox keçmədi ki, təklifin diqqətlə
öyrənilməsi və razılığa gəlinməsi
üçün hökumət tərəfindən komissiya
yaradıldı. Lakin xam neftin yoxsa neft məhsulu olan ağ neftin daşınması
üçün kəmərin çəkilməsi məsələsi
ortaya çıxanda onda da əsas iri neftayırma zavodlarının
sahibləri öz narazılıqlarını bildirdilər,
çünki xam neftin Batumiyə nəqli, orada yeni
neftayırma mərkəzlərinin yaranmasına səbəb
olacaqdı. Bu isə sahibkarları qane etmirdi.
Nəhayət razılıq əldə olundu ki, Bakıdan
Batumiyə çəkiləcək kəmər ağ neft daşısın.
Bakı-Batumi kerosin boru kəmərinin
inşasının ən qızğın müdafiəçilərindən
biri də bu layihənin maliyyələşdirilməsində
fəal iştirak edən baronlar Alfons və Edmond Rotşild
qardaşları idilər. Tıkınti işlərini
sürətləndirmək üçün onlar Lion kredit cəmiyyətinin
Sankt-Peterburq şöbəsində 4 %-li daxili istiqraz vərəqəsi
qismində bir milyon rubl girov qoyurlar. 1893-cü
ildə kəmərin inşası barədə qərar
verildi. Mühəndis Vladimir Suxovun layihəsi
əsasında aparılan işlər A.V.Barinin şirkəti
tərəfindən hökumətin sifarişi ilə yerinə
yetirildi. Mühəndis V.Q.Şuxovun layihəsinə əsasən
Bakı-Batumi neft kəmərinin diametri 152 mm-lik, uzunluğu
820 verst olmalı, keçdiyi ərazilərdə 35 aralıq
stansiya yaradılmalı idi.
Boru kəmərinin inşasına və istismarına Cənubi Qafqaz dəmir yolu İdarəsi rəhbərlik edirdi. Bakı-Batumi kerosin boru kəmərinin inşasına 1897-ci ildə başlanıldı. Onun çəkilişi Zaqafqaziya dəmir yolu ilə yanaşı aparıldı və on il davam etdi. O dövrdə bu dünyanın ən böyük boru kəməri layihəsi idi. Layihənin son variantını Peterburq universitetinin professoru, paravoz və vaqon tikintisi üzrə böyük mütəxəssis olan N.L Şukin hazırladı. Nəzərdə tutulmuş kəmərin birinci — Mixalkovo-Batumi hissəsinin çəkilişi yalnız 1900-cü ilin iyulunda başlandı, qalan hissəsi isə ancaq ilin sonunda işə düşdü. 1904-cü ildə kəmərin ikinci hissəsi, 1906-cı ildə isə üçüncü hissəsi istifadəyə verildi. 1907-ci il iyulun 21-də 16 ötürücü nasos stansiyasına, illik təqribən 1 milyon ton gücə malik 829 verst (835 km) uzunluğundakı 204 mm-lik Bakı–Batumi kəməri tamamilə istismara verildi. Ötürmə stansiyaları üçün nasosları amerikanın “Vorqtinqton” şirkəti göndərirdi. Ümumi dəyəri təxminən 50 milyon rubl olan kəmər neft və neft məhsullarının Avropa ölkələrinə ixrac edilməsində mühüm əhəmiyyətə malik idi. Kəmər Amerika neft sənayesi ilə uğurlu mübarizədə əvəzsiz rol oynadı. Boru kəmərinin istismara verilməsi ilə ağ neftin daşınma xərci 4 dəfəyə qədər ucuzlaşdı. Kəmər hər il Rusiya xəzinəsinə 3 milyon rubldan artıq təmiz gəlir gətirdi.
Boru kəməri barədə Mendeleyevin uzaqgörən fikirləri düzgün oldu, çünki sonradan bu qeyri-adi boru kəməri Rusiyanın neft siyasətinə müsbət təsir göstərdi. Bu bütün mütərəqqı qüvvələrin – layihənin tərəfdarlarının, ilk növbədə D.Mendeleyevin, H.Z.Tağıyevin, Rotşild qardaşlarının və d. əsl qələbəsi idi. Kerosin boru kəmərinin inşasına çəkilən xərclər 5 ilə özünü ödədi və 1912-ci ildən onun istismarı gəlir gətirməyə başladı. Rîtşildin “Xəzər dənizi-Qara dəniz” səhmdar cəmiyyətinə məxsus “Mazut” ticarət müəssisəsinin yaradılması və inhisara çevrilməsi ilə əlaqədar, H.Z. Tağıyevin məsləhəti ilə yerli sahibkarlar Çolaq Ağabala Qudiyev başda olmaqla “Bakı-Batumi” səhmdar cəmiyyətini yaratdılar. 1913-cü ildə Bakı neft sənayeçilərinin qurultayının statistik məlumatlarına görə Batumidən dünyanın 22 ölkəsinə neft və neft məhsulları göndərilirdi. 1913-cü ildə ixracatın əsas hissəsi, 53,1 %-i 4 ölkəyə – İngiltərə, Fransa, Almaniya və Belçikaya gedirdi. İxracatin 30 %-i isə Yaxın Şərqə, Orta Asiyaya, Hindistana və Çinə yönəlmişdi. Lakin 1908-ci ildə Rusiya son iki bazarı itirdi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə - 1918-1920-ci illərdə də Bakı-Batumi neft kəməri Azərbaycan neftinin əsas ixrac vasitəsi rolunu oynayıb. Bu kəmərin müntəzəm və normal işləməsini təmin etmək məqsədilə 1918-ci il iyunun 24-də Batumidə Azərbaycan, Gürcüstan və Osmanlı nümayəndələri ayrıca saziş imzaladılar. Sazişə görə, tərəflər öz ərazilərində ağ neft kəmərinin normal fəaliyyətini təmin etməyi öhdəliklərinə götürdülər və bu layihənin istismarından əldə edilən gəliri kəmərin öz ərazilərindəki uzunluğuna uyğun olaraq bölməyi razılaşdırdılar. Sazişin detallarını müəyyənləşdirmək üçün Məmməd Həsən Hacinski, Məhəmməd Əmin Rəsulzadə, N.Ramişvili, Q.Qvazava, Xəlil Paşa və Vəhib Paşadan ibarət komissiya yaradıldı. Lakin Bakıda hakimiyyəti ələ keçirmiş bolşeviklər və hərbi əməliyyatlar boru kəmərinin normal istismarına imkan vermədi. 1918-ci ilin noyabrında isə Cənubi Qafqaz dəmir yolları, eləcə də Bakı-Batumi boru kəməri ingilis komandanlığının sərəncamına keçdi və ingilislər bunların vasitəsilə qısa müddət ərzində 21,1 milyon pud neft daşıyıb apardılar. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti isə yalnız 1919-cu ilin yazında Batumi limanı vasitəsilə xarici bazara neft və neft məhsulları ixrac etmək imkanı əldə edə bildi. Bununla bağlı mayın 26-da Bakı-Batumi boru kəməri ilə xam neft nəqlindən kerosin nəqlinə keçmək haqqında qərar verildi. Dünya təcrübəsində o dövrdə görünməmiş sürətlə boru kəməri təmizlənib kerosin vurulması üçün yararlı hala salındı. 1919-cu ilin oktyabrın 26-da Azərbaycan Parlamentinin iclasında bu barədə məlumat verən yollar naziri Xudadat bəy Məlik-Aslanov bildirdi ki, hazırda Bakı-Batumi boru kəməri normal işləyir və hökumətə ayda 4 milyon rubl gəlir gətirir. Boru kəməri ilə 1919-cu ilin ikinci yarısında 8,8 milyon pud, 1920-ci iln ilk ayları ərzində isə 9,4 milyon pud kerosin nəql edilmişdi.
Qızıl Ordunun 1920-ci ildə Azərbaycanı işğal etməsi, Cümhuriyyətin süqutu ilə bağlı olaraq Bakı-Batumi boru kəmərindən istifadə olunması yenidən dayandırıldı və onun istismarı yalnız 20-ci illərin əvvəllərində bərpa olundu. Boru kəməri ilə kerosin tədarükü 1921-ci ilin martında başladıldı və 20 may 1921-ci ildə ilk məhsul Batumiyə çatdı.
Keçmiş SSRİ-nin yarandığı vaxtdan - 1922-ci ildən idxal-ixrac dövriyyəsinin təhlili göstərir ki, Bakı neftinin ixracı sovet dövlətinin xarici ticarət strategiyasının əsas xəttini təşkil edirdi. “Azneft”in tanınmış mütəxəssisləri və geoloji bürosu tərəfindən 1924-1925-ci illərdə aparılmış təhlillər bir daha sübut edirdi ki, Sovet İttifaqının yalnız Bakı rayonunda olan köhnə və yeni yataqlardakı neft ehtiyatları nəinki bütün ölkənin mütəmadi artmaqda olan daxili ehtiyatlarını ödəyə bilərdi, həm də Avropa bazarlarına çıxarılacaq xeyli miqdarda əlavə neft məhsullarından əldə ediləcək gəlir hesabına ölkə iqtisadiyyatına əsaslı təkan verərdi. O dövrdə SSRİ-nin malik olduğu neft ehtiyatları dünya neft ehtiyatlarının 37,4 %-ini təşkil edirdi, bunun 70,1 %-i isə Abşeron yarımadasının payına düşürdü. Hasil olunan neft həcmlərinin Qara dəniz vasitəsi ilə dünya bazarlarına çıxarılması Sovet İttifaqının qarşısında duran əsas vəzifələrdən iri idi. Arxiv sənədlərindən görünür ki, XX əsrin 20-ci illərindən başlayaraq xüsusi dövlət qərarı ilə layihələndirilmiş neft boru kəmərinin tikintisi üçün bir neçə variant irəli sürülmüşdü. Tanınmış mühəndis V.Q. Şuxovun ilk variantı belə idi ki, boru kəməri Zaqafqaziya dəmir yolu boyunca əvvəlki kerosin xətti boyunca çəkilməli, 116 neftvurma stansiyasından ibarət olmalı idi. 1925-ci ildə köhnə kerosin boru kəmərinin texniki vəziyyəti öyrənilmişdi. Nasos qurğularının vəziyyəti qənaətbəxş vəziyyətdə idi. Boru kəmərinin şərqində 27 km-lik, qərbində isə 8 km-lik aşınmaya məruz qalmış hissəsi dəyişdirilməli idi.
SSRİ Dövlət Plan Komissiyası 1925-ci ildə kerosin boru kəmərinin neft nəql etmək üçün yenidən təchiz edilməsi və bu neftin Batumi Neftayırma Zavodunda emal olunması barədə qərar qəbul etdi. Nəzərdə tutulurdu ki, yeni 254 mm-lik kəmərlə il ərzində 10 milyon pud, sazlaşdırılmış köhnə kəmərlə isə 50 milyon pud neft və neft məhsulları daşınmalı idi. Dövlət Arxivindəki sənədlərə istinadla deyə bilərik ki, tikinti işlərinin qızğın getdiyi bir vaxtda əksər avadanlıqlar xaricdən – məsələn, borular və avtogen qaynaq cihazı Almaniya, Fransa, Belçika, Çexoslavakiya və Polşaya məxsus “Volf” şirkətindən alındı. Neftvurma üçün qurğuların da əksəriyyəti xaricdən sifariş edildi. Batumidəki neftayırma zavodlarının tikintisinə isə 1927-ci ildən start verildi və 1930-cu ilin aprelində inşası da başa çatdı. Kəmərin çəkilişi üzrə Xoşuri (Mixaylovo) - Batumi hissəsi 1929-cu ilin may ayında, Mingəçevir-Xoşuri hissəsi həmin ilin dekabr ayında, Bakı-Mingəçevir hissəsi isə 1930-cu ilin əvvəlində tamamlandı. Boru kəməri təxminən 49 milyon rubla başa gəldi. Cəmi 23 ay ərzində Bakı-Batumi kəmərinin və Batumidəki neftayırma zavodlarının tikinisi ilə Sovetlər dünya neft bazarında üstünlüyü ələ aldı. İkinci Dünya Müharibəsinin, xüsusilə Böyük Vətən Müharibəsinin qızğın vaxtlarında Alman qoşunlarının bu istiqamətə nüfuz etməsi təhlükəsi ilə əlaqədar Bakı-Batumi kəməri istifadə edilmədi, hətta Gürcüstan tərəfindəki bir hissəsi söküldü. 1980-ci ildə 500 mm-lik Samqori-Batumi neft kəmərinin istismara buraxılması səbəbindən Bakı-Batumi kəməri tamamilə diqqətdən kənarda qaldı, onun təmir-bərpası rentabelli hesab edilmədi. SSRİ rəhbərliyi tərəfindən kəmərin Azərbaycan SSR ərazisində yerləşən Bakı-Böyük Kəsik hissəsi konservasiya olundu. SSRİ Neft Sənayesi Nazirliyinin “Qlavtransneft” İdarəsi tərəfindən Bakı-Batumi neft kəmərinin bütün əsas və köməkçi obyektlərlə birgə silinməsi barədə 10 iyul 1986-cı il tarixdə göstəriş verildi. Göstərişlə bağlı neft kəmərinin keçdiyi ərazilər üzrə rayonların Xalq Deputatları Sovetlərinin İcraiyyə Komitələri, Azərbaycan Dəmir Yol İdarəsi, Azərbaycan SSR Dövlət Qaz Komitəsi, “Azneft” İB və digər təşkilatlar məlumatlandırıldı. Bakı-Batumi kəməri tarixə qovuşdu. Son günlərini yaşamasına baxmayaraq, bu kəmərin bir hissəsindən 1990-cı illərdə Bakı-Supsa boru xəttinin inşasında da istifadə edildi. Qərb istiqaməti üzrə Azərbaycan neftinin ixracında mühüm rol oynayan Bakı-Supsa kəməri Bakı-Batumi kəmərinin sələfidir, desək, yəqin yanılmarıq.
Vüqar Həsənov
İki sahil.- 2022.- 10 avqust.- S.7.