Türkiyə-Azərbaycan qardaşlığı:

 

"Dildə, fikirdə, əməldə bir" amalına sadiqlik

 

 

Tarixdə  korifeylər kimi tanınan  Mustafa Kamal Atatürk,  ulu öndər Heydər Əliyev bəşər tarixinin ən böyük şəxsiyyətləri adını  uzaqgörən siyasətləri ilə  qazanmaqla  türk dünyasının birlik və həmrəyliyini möhkəm  təməl üzərində formalaşdırdılar

Bəşər tarixi  inqilablar edən, dövlətlər yaradan, millətləri üçün müəyyən xidmətlər göstərən çox böyük insanlar yetirib. Amma onların adları  mənsub olduqları millətin, dövlətin tarixində  o qədər də iz qoymadığı kimi davamçıları da olmayıb. Yəqin ki, onların gördükləri işlər çox da uzaq  gələcək üçün hesablanmayıb. Lakin  Mustafa Kamal Atatürk kimi Heydər Əliyevin  irsi  keçmişdə olduğu kimi bu gün də dəyərlidir,  sabah da yaşayacaqdır.  Türkiyə Cümhuriyyətinin 10-cu ildönümündə çıxış edən Atatürkün « Sabah nə olacağını bu gün heç kim müəyyən edə bilməz... Dünya yeni bir müvazinətə keçə bilər. O zaman Türkiyə nə edəcəyini bilməlidir. Bizim dili bir, dini bir, mahiyyəti bir qardaşlarımız vardır. Onlara sahib çıxmağa hazır olmalıyıq» sözlərini  qiymətləndirən ulu öndər Heydər Əliyev «1991-ci ildə  Sovet İttifaqının dağılması ilə əlaqədar Azərbaycan öz dövlət müstəqilliyni əldə etdi, onu bərpa etdi. Yəni Mustafa Kamal Atatürkün uzaqgörənliyi bununla da sübut olunur. O, hələ o vaxt görürdü ki,    Azərbaycan və türkdilli digər  xalqlar- Orta Asiya xalqları daim əsarətdə qalmayacaqlar, öz müstəqilliklərinə, öz azadlıqlarına nail olacaqlar» kəlamı ilə

türk birliyinin sarsılmazlığını aforizmlərində yaşatdılar.

 Zaman keçdikcə  bir həqiqət müəlliflik hüququ qazandı: « Azadlıq türkün həyatıdır.» Bu azadlığın sevincini xalqlarına bəxş edən  Atatürk və Heydər Əliyev öndər adını sağlıqlarında qazandılar.

Türk dünyasının iki görkəmli korifeyinin bənzərsiz həyat yolu, böyük idealları, dahiyanə fikirləri, Vətən yolunda mübarizələri, dövlət quruculuğu sahəsindəki fədakarlıqları  türk xalqlarının birlik və həmrəyliyinin möhkəmlənməsinə xidmət edən amallardandır. «Atatürkün şəxsiyyəti, onun yaratdığı Türkiyə Cümhuriyyəti mənim üçün örnəkdir» söyləyən ümummilli lider Heydər Əliyev də Mustafa Kamal  Atatürk kimi həyatını xalqına həsr etmişdir. 

Tarixə nəzər saldıqda bir daha bəlli olur ki, müxtəlif illərdə dünyaya gəlsələr də  oxşar tale yaşayan,  atalarının adları  belə eynilik təşkil edən, Əlirza adlı elinə , obasına bağlı  valideynlərin yetirmələri olan,  mənalı ömürlərini türk dünyasının birliyi , həmrəyliyi naminə sərf edən hər iki dahi- Atatürk  -Heydər Əliyev fenomeni bu gün  türkçülük ideologiyasının mahiyyətini təşkil edir: Millətin istiqlalını millətin özünün əzmi və qərarı xilas edəcək. Türk Qurtuluş Savaşının bütün mərhələlərini uğurla başa çatdıran  Atatürk kimi  ulu öndər Heydər Əliyev də  1993-cü ildə hakimiyyətə QAYIDIŞI ilə MİLLİ QURTULUŞ gününə imza atdı , müstəqilliyimizin qarantı oldu. Türk dünyasının hər iki korifeyinin əqidə və məramı  eyni məqsəd və amala   yönəlib: Mənəvi körpüləri qoruyub saxlamaq, köklərimizə qayıtmaq,  imperiya siyasətinin zaman-zaman parçaladığı tarixi bütövləşdirərək, ortaq dəyərlərimizi birləşdirmək, qoruyub, saxlamaq.

Atatürk çətin illərdə Türkiyənin istiqbalını   Antanta qoşunlarının həmlələrindən xilas etdiyi kimi, ümummilli lider Heydər Əliyev   Azərbaycanın müstəqilliyini daxilixarici bədxahlarımızın təsir və təzyiqlərindən  qorumuşdur. Azərbaycan dövlətçiliyinə böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart hadisələri zamanı dövlət çevrilişlərinə cəhdlərin qarşısı Ulu Öndərin qətiyyəti sayəsində alındı,  müstəqilliyimiz qorunub saxlanıldı.

Beynəlxalq aləmdə xalqlarla birgə yaşayış qaydalarına əməl etməklə  qarşılıqlı münasibətlərin  yaranmasını  hədəf kimi müəyyənləşdirən  ümummilli lider Heydər Əliyevin siyasətində önəmi ilə seçilən  Türkiyə ilə əməkdaşlıq eyni qətiyyətlə davam etdirilir.

Ümummilli lider Heydər Əliyev  türkdilli dövlətlər arasında iqtisadi, siyasi, ədəbi, mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində öndərliyini  təsdiqləməklə xilaskarlıq missiyasını da  doğrultdu. Dünya Azərbaycanlılarının I qurultayını təşkil etməklə soydaşlarımızı eyni məqsəd naminə birləşdirən   Ulu Öndər bununla da  türkçülük ideyasının təkmilləşdirilməsi kimi tarixi missiyanı həyata keçirdi.

Dünya Azərbaycanlılarının II qurultayındakı çıxışında  soydaşlarımızın təşkilatlanma prosesinə Ulu Öndərin təşəbbüsü ilə başlanıldığını  qeyd edən Prezident İlham Əliyev bildirmişdir ki,  zəmanəsinin böyük  mütəfəkkiri kimi, dünya azərbaycanlılarının və türk dövlətlərinin həmrəyliyi üçün möhkəm zəmin yaradan müdrik  şəxsiyyət Heydər Əliyev hazırladığı  neft strategiyasının bəhrəsi olan «Əsrin müqaviləsi»nin imzalanmasında da Azərbaycanın maraqlarının qorunması ilə yanaşı türk birliyinin  mənafe və mövqeyinə üstünlük verildi.   Qlobal neft-qaz  kəmərlərinin çəkilişində Türkiyə ilə məramları eynilik təşkil edən Azərbaycan enerji layihələrinin  gerçəkləşməsində də iki  qardaş xalqın niyyətlərini birləşdirdi.  Eyni məqsəd və mərama  sadiqliyin nəticəsi  kimi qlobal enerji coğrafiyasına daxil olan Cənub Qaz Dəhlizinə, onun tərkib hissəsi olan  TANAP-a, TAP-a artan maraq yeni dünya düzənində vahid güc, ortaq maraqlar,  milli birlik nümunəsi olan türk dövlətlərinin timsalında təsdiqlənir.

Türk dövlətlərinin  tarazlaşdırılmış enerji diplomatiyası Avropada  belə bir inam yaradır ki,  Xəzərin enerji  ehtiyatlarının dünya bazarlarına nəqli ən mükəmməl və yeganə geoiqtisadi vasitədir. «Xəzər dənizinin nəhəng potensialı var və artıq bu hesablama aparılıb. Mənə verilən məlumata görə, Xəzər dənizinin Azərbaycan sektorunun potensialı 150 min meqavat təşkil edir, yəni, bu, nəhəng həcmdir» sözləri ilə bu reallığı təsdiqləyən Prezident İlham Əliyevin «yaşıl enerji» diplomatiyası da qardaşlıq, birlik, həmrəylik ideyalarına əsaslanır.    TANAP kimi  önəmli layihənin Azərbaycan və Türkiyənin birgə səyi ilə reallaşması  türk xalqlarını daha sıx birləşdirdi.  Neft-qaz sahəsində  Azərbaycanın  Türkiyə,   Türkmənistan,  Qazaxıstan ilə  çox səmərəli fəaliyyəti türk dövlətlərinin iqtisadi əməkdaşlıq platformasıdır. Prezident  İlham Əliyevin  Qarabağ və Şərqi Zəngəzuru xalis sıfır emissiyalı «Yaşıl enerji» zonası” elan etməsi, mütərəqqi inkişaf siyasətinin örnəyi kimi günümüzün reallığıdır”. Prezident İlham Əliyev daha böyük mənada  əməkdaşlıq, birlik və həmrəylik nümunəsi olan Bakı-Tbilisi-Qars dəmiryolunun istifadəyə verilməsini də bu  etiqada sadiqlik adlandırır.

  Türkmənistanda keçirilən  Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edən Prezident İlham Əliyev məntiqli çıxışı ilə diqqəti cəlb edərək bildirdi ki, Azərbaycan  Xəzəryanı ölkələrin qarşılıqlı əməkdaşlığına bölgədə sabitliyin təminatı baxımından  böyük əhəmiyyət verir. Siyasi, iqtisadi sahədə birlik  nümayiş etdirən türk dövlətlərinin mədəni, humanitar sahədə  əməkdaşlığı gücləndikcə  ortaq maraqları  birləşdirmək imkanları da genişlənir. Türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşləri,  diaspor təşkilat başçılarının iştirakı ilə keçirilən forumlarda səslənən «Dildə, fikirdə, əməldə birlik» şüarlarının əməli fəaliyyətdə özünü doğrultması artıq günümüzün reallığıdır. TürkPA-nın, TÜRKSOY-un yaranması, ortaq əlifbanın, tarixin, televiziya kanalının hazırlanması üçün maraqlı təkliflərin reallaşması istiqamətində işlərin sürətlənməsi bu birliyin əbədiliyi naminə həyata keçirilən  tədbirlərdir. TÜRKSOY-un nəzdində Fondun yaradılması,  türkdilli xalqların mədəniyyətinin, dilinin, tarixinin araşdırılması və təbliği məqsədilə  Türkdilli Akademiyanın formalaşdırılması da  ümumi maraqları əks etdirən təşəbbüslərdir. İstər artıq tarixə göndərilmiş «Dağlıq Qarabağ münaqişəsi» dövründə, istərsə də İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə, bərpa-quruculuq işlərində  daim Azərbaycanın yanında olduğunu dəstəyi ilə  bildirən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan kimi, qardaş ölkənin rəsmiləri də dəfələrlə bildirirdilər ki,  Türkiyə həmişə Azərbaycanla bir olub, bu qardaşlıq daimi olmaqla, həm də sarsılmazdır.  Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızın 44 gün davam edən İkinci Qarabağ müharibəsində  azad edilməsində  siyasi, mənəvi, hərbi dəstəyini əsirgəməyən qardaş ölkə ilə Azərbaycanın birlik və həmrəyliyi  əsrlərə söykənən salnaməmizə yeni səhifələr yazdı. Ermənistan üzərindəki Zəfərimizdən sonra  paytaxtımızda keçirilən «Dəmir yumruq» əməliyyatının Qələbə müjdəsi olan hərbi  paradı   türkiyəli həmkarı  Rəcəb Tayyib Ərdoğan ilə birgə izləyən Prezident İlham Əliyevin məğrur görünüşü  eyni zamanda Azərbaycan -Türkiyə dostluğunun  əbədiyyət  simvolu idi.  Türkiyə kimi müttəfiqi olan Azərbaycan İkinci Qarabağ savaşında  tarixi missiyanı yerinə yetirdi, ədaləti, ərazi bütövlüyünü bərpa etdi. «Bizim tariximiz parlaqdır və tariximizin ən önəmli anlarında biz bir yerdə idik. Xatırlayıram, Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2020-ci ildə Zəfər paradında gördük. Tarixi Zəfərimizdən sonra yenə də əziz qardaşımla birlikdə Azadlıq meydanında biz Türkiyə və Azərbaycan ordularının hərbi paradını qəbul etdik. Bu, birliyimizin təntənəsi idi. Bu, bütün dünyaya verilən aydın mesaj idi ki, biz bir yerdəyik, bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq» sözləri ilə qardaş ölkələr arasında  güclənən həmrəyliyin  tarixi ənənələrə söykəndiyini bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, əlaqələr  dəyişilməz  amal, əqidə birliyi,  möhkəm təməl üzərində güclənib.

 Dünyanın tanınmış KİV-lərinə müsahibələrində  Türkiyənin ölkəmizə  mənəvi dəstəyini yüksək qiymətləndirən Prezident İlham Əliyevin

vurğuladığı kimi, bu dostluq döyüş əməliyyatlarının aparıldığı günlərdə bir daha təsdiqləndi.  Türk dünyasının əzəli düşməni Ermənistan üzərindəki  Zəfərimiz hər iki xalq tərəfindən təntənə ilə qeyd edildi. Türk dünyasının  birlik və həmrəyliyinin lokomotivi olan  hər iki dövlət arasındakı siyasi, iqtisadi, hərbi, elmi-texnoloji, kommunikasiya sahəsində olan əlaqələri daha da gücləndirən Şuşa Bəyannaməsinin imzalanması ilə bu qardaşlığın əhatə dairəsi genişləndi.

  Müttəfiqlik Bəyannaməsinin imzalanmasını  Zəfərimizin davamı, əlamətdar hadisə  adlandıranların sevinclərini  «Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuqbu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək birliyimizin təminatçısıdır» sözləri ilə ifadə edən Prezident İlham Əliyevin Müttəfiqlik  Bəyannaməsində 100 il bundan əvvəl imzalanmış tarixi Qars müqaviləsinə istinad  etməsi,  dövlətlərarası birliyinin gələcək istiqamətlərinin  əksini tapması, hər iki dövlətin təşəbbüsü ilə reallaşan enerji, nəqliyyat layihələrinin əhəmiyyətinin,  müdafiə sahəsində əməkdaşlığın ön planda göstərilməsi Türk dünyasının tarixi nailiyyətidir.

 Azərbaycan-Türkiyə münasibətləri  İslam həmrəyliyinin aparıcı gücü, humanitar çağırışların, təşəbbüslərin platforması  olmaqla

postmüharibə dövründə  işğaldan azad edilmiş Azərbaycan  ərazilərində aparılan bərpa-quruculuq işlərində təsdiqlənir. Zəfər yolunun təməlqoyma mərasimində , Füzuli,  Rize-Artvin Beynəlxalq  Hava limanlarının istifadəyə verilməsində hər iki dövlətin başçılarının birgə iştirakı o deməkdir ki,  Azərbaycana qardaş yardımını əsirgəməyən Türkiyə hazırda dünya siyasətində aktuallığı ilə seçilən və bölgə üçün böyük əhəmiyyətə malik Zəngəzur dəhlizinin bərpasında da prinsipiallıq göstərir. Tarixi,  strateji maraqlar, regional əhəmiyyəti baxımından vacib olan azərbaycanlıların tarixi Vətəni olan Zəngəzur dəhlizinin bərpasında da ortaq maraqlar baxımından qətiyyət göstərən hər iki qardaş ölkə Şərqdən Qərbə uzanan  hər kəsin istifadə edə biləcəyi yeni   körpünün inşasında da birgə çalışacaqlar. Rəcəb Tayyib Ərdoğanın  «Gün gələcək  Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik, İğdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzinə çevrilmə imkanı möhkəmlənəcək» sözlərinin əsasında qardaşlıq münasibətlərinə sadiqlik,  firavan gələcək istəkləri dayanır. Bu istəklər hər iki xalqın mənəvi sərvəti sayılmaqla, dünyada   Türkiyə və Azərbaycan qədər biri-birinə bağlı ölkələrin olmadığı həqiqətini də təsdiqləyir. Bakıda  keçirilən «TEKNOFEST” Azərbaycan» festivalının təşkili ilə  dünya türkün gücünü gördü.  İki qardaş ölkənin səmada yaratdığı   xaruqələrin mənzərəsi olan  «TEKNOFEST”» bir həqiqətin siması oldu:

 Türkiyə və Azərbaycan bir yerdə inamla addımladıqca bölgədə  sülhsabitlikbir o qədər  möhkəm olacaq.   Prezident Rəcəb Tayyib Ərdoğanın elm-inkişaf- bilik vəhdətinin nümayişi olan, texnologiya bayramı kimi tarixə yazılan «TEKNOFEST»də    azərbaycanlı həmkarı İlham Əliyevlə  birgə iştirakı tarixi hadisə, gənclərə həmrəylik nümunəsi idi.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2022.- 4 avqust.- S.4.