Mövlanə yurdunda İslam Həmrəyliyi

 

Keçirildiyi məkandan asılı olmayaraq İslam Həmrəyliyi Oyunları bayram kimi qeyd olunur

 

Bir neçə gün əvvəl avqustun 9-da Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının möhtəşəm açılış mərasimi oldu. Qeyd edək ki, pandemiya ilə əlaqədar 2021-ci ilin sentyabrında Türkiyənin Konya şəhərində baş tutmalı olan İslam Həmrəyliyi Oyunları təxirə salınmışdı. Dörd ildən bir keçirilən beynəlxalq idman tədbiri iştirakçı ölkələrin idman, ictimai, siyasi, mədəni, humanitar həyatında çox mühüm hadisədir.

Bu il Azərbaycanı İslamiadada 281 idmançı təmsil edir. Onlar ağır atletika, atıcılıq, atletika, basketbol 3x3 (qadınlar və kişilər), cüdo, futbol, güləş, gimnastika, aerobika, bədii gimnastika, həndbol (qadınlar və kişilər), karate, kikboksinq, qılıncoynatma, oxatma, para-oxatma, para-atletika, para-üzgüçülük, stolüstü tennis, taekvondo, velosiped, voleybol (qadınlar və kişilər) və üzgüçülük yarışlarında güclərini sınayırlar. Avqustun 18-dək davam edəcək V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. Komandalarımız uğurlu çıxışlarını davam etdirirlər. Belə ki, 4 qızıl, 3 gümüş medal qazanan idmançılarımız oyunlarda qazandıqları nəticələrlə üstünlüklərini qoruyurlar.

Xatırladaq ki, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları Azərbaycanda keçirilmişdi. Bunu avqustun 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak edən dövlət, hökumət və nümayəndə heyətləri başçıları ilə söhbət zamanı vurğulayaraqİslam Həmrəyliyi Oyunlarının sonuncusunu əziz Qardaşım İlham Əliyevin və hörmətli birinci xanım Mehriban Əliyevanın ev sahibliyi ilə 2017-ci ildə Azərbaycanda keçirmişdik. Azərbaycanlı qardaşlarım hər baxımdan uğurlu ev sahibliyinə imza atmışdır” söylədi.

2017-ci ilin Azərbaycanda həm də “İslam Həmrəyliyi İlielan edilməsi müsəlman dövlətlərinin birlik və həmrəyliyinin daha da möhkəmlənməsi baxımından əhəmiyyətli idi. “İslam  Həmrəyliyi İli”ndə 57 müsəlman ölkəsi idmançılarını bir araya gətirərək İslam Həmrəyliyi Oyunlarının keçirilməsi özü həmrəyliyə və  dostluğa dövlət səviyyəsində göstərilən diqqət idi. Azərbaycan öz nümunəsində müsəlman ölkəsi olaraq dünyaya İslamın ilk növbədə sülh, inkişaf və mənəvi dəyərlər dini olduğunu ortaya qoydu. Azərbaycan bu Oyunları təşkil etməklə, İslam Əməkdaşlıq Təşkilatında təmsil olunan dövlətlərin idmançılarını bir araya yığmaqla dünyaya islamofobiyanın çox qərəzli siyasət olduğunubunu aradan götürməyin təkcə İslam  ölkələrinin deyil, bütün dünya siyasətçilərinin əsas vəzifəsi olduğuna dair mesaj verdi.

Ondan öncə də  İSESKO-nun qərarı ilə 2007-ci ilin noyabrında keçirilmiş beşinci konfransda Azərbaycanın paytaxtı Bakı şəhəri 2009-cu il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmuşdu. Bakının “İslam Mədəniyyətinin Paytaxtı” elan olunması da  Azərbaycanın İslam ölkələri arasında artan nüfuzunun ifadəsinə çevrildi. 2009-cu ilin oktyabrında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakı şəhərində keçirilən altıncı konfransında isə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar qəbul edilmişdi.

İslam ölkələri böyük coğrafi əraziyə səpələniblər. Bu ölkələrin ümumi sayı milyardı ötür. Müsəlman ölkələrinin bir-birindən uzaq yerləşməsi həm də müsəlman xalqlarının müəyyən qədər bir-birindən uzaqlaşmasına səbəb olmuşdu. Məhz bu səbəbdən adıçəkilən beynəlxalq tədbir İslam ölkələri arasında əlaqələr xalqları bir araya gətirir, qarşılıqlı mədəni mübadilə prosesini gücləndirir. İslam insanları humanizmə, sülhə, firavanlığa çağıran dindir. Bu baxımdan qədim tarixə malik İslam dininin öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Təəssüf ki, son dövrlərdə İslama qarşı qərəzli münasibət müşahidə olunmaqla yanaşı, eyni zamanda, bu din terrorizmlə eyni kontekstdə xatırlanırdı. Əfsuslar olsun ki, hələ də inkişaf etmiş ölkələrdə belə dini, irqi ayrıseçkilik müşahidə olunmaqdadır. Bu qərəzli mövqeyin qarşısını almaq üçün İslam dinini düzgün şəkildə təbliğ etmək, onun mahiyyətini insanlara izah etmək lazımdır. İslam Həmrəyliyi oyunları da bütün dünyaya müsəlman dünyasının əsl üzünü, simasını göstərir. Tarixdən də bəllidir ki, Şərq dünyası dünya sivilizasiyasına misilsiz töhfələr verib. Bunu Qərb ölkələrinin böyük alimləri özləri də təsdiq ediblər. Şərq elmin, mədəniyyətin, ilk bəşəri dəyərlərin beşiyi olub. Qərbdə mədəniyyətin nə olduğunu bilmədikləri zamanlarda Şərq xalqları böyük mədəniyyət inciləri yaratmışdılar.

Müasir müstəqil   Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyev bütün sahələrdə olduğu kimi, milli adət-ənənələrimizin qorunmasını daim diqqətdə saxlayırdı. Məhz Ulu Öndərin göstərişi ilə SSRİ dövründə dağıdılmış məscidlər bərpa olundu, insanların İslama olan etiqadı, milli təfəkkürün formalaşması üçün sərbəst şərait yaradıldı. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə yönəlmiş strategiyası bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İslamla yanaşı, digər dinlərə də sitayiş edənlərin problemlərini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev müntəzəm olaraq ölkənin xristian və yəhudi icmalarını əsas dini bayramlar münasibətilə təbrik edərək, tarixən respublikada formalaşmış tolerantlıq və dözümlülüyün Azərbaycan cəmiyyətini səciyyələndirən gözəl bir ənənəyə çevrildiyini daim önə çəkir.

Son 19 ilə yaxın zaman ərzində müsəlman aləminin ayrılmaz hissəsi kimi islami dəyərlərin təbliğində rolu artan, siyasi, iqtisadi, enerji sahələrində ən mühüm layihələrin təşəbbüskarı olan Azərbaycan  dinlər və sivilizasiyalararası münasibətlərin  güclənməsində əsl nümunədir.

 

Günel Eyyubova

 

İki sahil.- 2022.- 12 avqust.- S.6.