Azərbaycan-Türkiyə: həm dost, həm qardaş, həm də müttəfiq

 

Dövlət başçısı İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvətilə V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirakı bunu bir daha təsdiqləyir

Hazırda Azərbaycan və Türkiyə arasında qarşılıqlı fəaliyyət təsəvvür oluna biləcək ən yüksək səviyyədədir. Bu iki qardaş ölkələr arasındakı dostluq və qardaşlıq münasibətləri yalnız regional yox, həm də beynəlxalq miqyasda bütün dövlətlər üçün önəmli nümunədir. Prezident İlham Əliyev mayın 28-də Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” festivalında çıxışı zamanı bəyan etdi ki, Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçünçox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır, deyən ölkə başçısı vurğuladı ki, bunu bizbütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördük.

Qardaş Türkiyə ərazilərimizin təcavüzkar, monoetnik Ermənistan tərəfindən işğal atında saxlanıldığı, talan edildiyi 30 ilə yaxın dövrdə bütün beynəlxalq kürsülərdə Azərbaycanın haqlı mövqeyini müdafiə etdi. Xatırladaq ki, məhz Türkiyə ərazilərimizin işğalına etiraz olaraq Ermənistanla sərhədlərini bağladı və təzyiqlərə baxmayaraq qərarından dönmədi. İkinci Qarabağ müharibəsi dövründə, 44 günlük Zəfər salnaməsinin yazıldığı günlərdə qardaş ölkənin Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla 85 milyonluq Türkiyə “Can Azərbaycan!” deyib bu dəfə də siyasi və mənəvi dəstəklərini əsirgəmədilər. Həmin dövrdə Azərbaycan və Türkiyənin siyasi-hərbi rəhbərliyinin qarşılıqlı intensiv səfərləri Ermənistanda qorxu yaratmaqla yanaşı, həmçinin onun havadarlarına da siyasi mesaj idi. Təcavüzkar ölkə və havadarları gördülər ki, Türkiyə hər zaman olduğu kimi, Azərbaycanın yanındadır və onun maraqlarını sonadək müdafiə edəcək.

Əzəli torpaqlarımız erməni təcavüzündən azad olunandan az sonra  həmin ərazilərdə böyük layihələrin icrasına, yenidənqurma, bərpa və quruculuq işlərinə başlanıldı. Bu mərhələdə də Türkiyə Azərbaycanın yanında idi. Mayın 14-də Rize-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev bildirdi ki, bu günbiz bir yerdəyik, Qarabağın bərpası işində bərabər, çiyin-çiyinə çalışırıq: “Bir çox Türkiyə şirkətləri, o cümlədən xarüqə adlandırılan bu gözəl hava limanını inşa edən şirkət də Qarabağda bərpa işləri ilə məşğuldur. Bizim minlərlə türk qardaşımız bu gün Azərbaycanda Qarabağın bərpası ilə bağlı öz işini görür, öz sözünü deyir”.

Həmçinin ölkə başçısı Qarabağın incisi Şuşa şəhərində birgə Bəyannamə imzalanması ilə dostluq, qardaşlıq münasibətlərinin rəsmən müttəfiqlik səviyyəsinə yüksəlməsini də xüsusi olaraq vurğuladı: “Biz dünya miqyasında bir-birinə ən yaxın ölkələrik və ölkələrimiz çox böyük sınaqlardan keçibdir. Keçən il bizim qədim və tarixi şəhərimizdə - Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik”.

Həmçinin dövlət başçısı İlham Əliyev Şuşada Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında ölkələrimiz arasındakı bu qardaşlığı belə şərh etdi: “İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”.

 

2022-ci il fevralın 23-də Prezident İlham Əliyev TASS agentliyində Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri ilə görüşü zamanı “Nezavisimaya qazeta”nın baş redaktoru Konstantin Remçukov sual ünvanlayaraq dövlət başçısından Azərbaycan-Türkiyə münasibətlərini səciyyələndirməyi xahiş etdi. Prezident İlham Əliyev cavabında Şuşa Bəyannaməsini xatırladaraq bildirdi ki, bu da bizim malik olduqlarımızın formallaşdırılması idi:  Çünki Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri birinci il deyildi ki, mövcud idi. Türkiyə Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk ölkə idi. Biz müstəqil dövlət kimi ən birinci addımlardan Türkiyə tərəfindən mənəvi dəstəyi hiss etdik. Son illər ərzində Prezident Ərdoğanın prezidentliyi dövründə və mənim dövrümdə, - bu dövrlər ümumilikdə daha çox üst-üstə düşür, - biz faydalı əməkdaşlıq fəaliyyətimizin əmsalını əhəmiyyətli şəkildə artırmışıq. Belə bir misal çəkim: Azərbaycan Türkiyə iqtisadiyyatına 19 milyard dollar, Türkiyə isə Azərbaycana 13 milyard dollar sərmayə qoyub. Podratçı kimi Türkiyə şirkətləri tərəfindən icra olunan çoxlu infrastruktur layihələri var”. Prezident İlham Əliyev hər zaman çıxışlarında Türkiyə-Azərbaycan əlaqələrinin dostluq, qardaşlıq münasibətlərindən əlavə, müttəfiqlik səviyyəsinə yüksəlməsini xüsusilə diqqətə çatdırır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə qardaşlığını, hər iki ölkə arasındakı münasibətləri belə şərh edib: “ Enerjidən mədəniyyətə, müdafiədən ticari, iqtisadi və bəşəri münasibətlərə qədər uzanan geniş bir sahədə güclü əməkdaşlıqlar qurduq”.

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfərdə olub. Konya şəhərində Prezident İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş zamanı ölkələrimiz arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb. Rəcəb Tayyib Ərdoğan Qarabağdakı son hadisələrlə əlaqədar bir daha Türkiyənin dəstəyini ifadə etdi və şəhidlərlə bağlı başsağlığı verib. Görüşdə, həmçinin bölgədə postmünaqişə dövrü ilə bağlı fikir mübadiləsi aparıldı, eyni zamanda, iqtisadi, enerji, nəqliyyat və hərbi sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Mütəmadi həyata keçirilən səfərlər, təşkil olunan beynəlxalq səviyyəli tədbirlər, icra olunan layihələr və hər iki ölkənin dövlət başçılarının, eləcə də rəsmilərin  nitqləri sübut edir ki, bu gün Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və sıx əməkdaşlıq münasibətləri yüksək səviyyədədir. 

 

Günel Cəlilova

 

İki sahil.- 2022.- 12 avqust.- S.3.