Tarixi-mədəni sərvət:
Şuşanın gözəlləşən siması
2022-ci il: “Şuşa
ili”: Azad Şuşa xoşbəxt
günlərini yaşayır
Prezident İlham Əliyevin Sərəncamına əsasən 2022-ci ilin «Şuşa ili» elan olunması qədim mədəniyyət paytaxtımıza marağı daha da artırıb. Qarabağ və Şərqi Zəngəzurda olduğu kimi,
Şuşa şəhərində də bərpa-quruculuq işləri davam etdirilir. Artıq fəaliyyət göstərən otellərlə bərabər beşulduzlu otel tikilir, tarixi abidələr təmir edilir, daimi iş yerləri açılır. Şəhərin enerji ilə təchizatı istiqamətində işlər davam etdirilir, yol-nəqliyyat infrastrukturu yenilənir. Şuşaya səfər etmək istəyənlərin arzuları nəzərə alınaraq avtovus marşrutları açılıb. Dağıdıcılığı, vəhşiliyi həyat tərzi seçən Ermənistandan fərqli olaraq quruculuğa, inkişafa hesablanan siyasəti ilə fərqlənən respublikamızda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-abadlıq işləri
Şuşanın da simasını dəyişir. Azad Şuşada həyat dirçəlir mədəniyyət paytaxtı kimi, festivallara, poeziya günlərinə, beynəlxalq tədbirlərə ev sahibliyi edir. Quruculuq işləri Prezident İlham Əliyevin «Biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq”» sözlərinin reallığıdır.
Mədəniyyət paytaxtımızın 270 illiyinə həsr olunmuş tədbirlər erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması baxımından da vacibdir
Tam əminliklə demək olar ki, mədəniyyət paytaxtımız Şuşa dünya hadisələrinin müzakirə olunduğu siyasi mərkəz kimi də tanınır. Cari ilin arxada qalan aylarında Şuşada keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərin hər biri İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərimizin təntənəsi, dünya ictimaiyyətinə çatdırılmasıdır.
1992-ci ilin mart ayında BMT-yə üzv olan Azərbaycanın mədəniyyət paytaxtı Şuşa həmin hadisədən iki aydan sonra Ermənistan tərəfindən zəbt edildi. Qurumun qəbul etdiyi 4 qətnamədə Azərbaycanın ərazi bütövlüyü dəstəklənsə də, dünyada ikili standartların söz sahibi olması, Ermənistana göstərilən dəstəyin artması nəticəsində torpaqlarımız 30 il işğal altında qaldı. 44 gün davam edən Vətən müharibəsində ərazilərini işğaldan azad edən Azərbaycan eyni zamanda, BMT-nin həllini gözləyən qətnamələrindən irəli gələn vəzifələri öz gücünə yerinə yetirdi. Bütün rayonlar kimi Şuşa da işğaldan azad olundu. Bu baxımdan Azərbaycan-BMT diplomatik münasibətlərinin 30 illiyinə həsr edilmiş toplantının Şuşada keçirilməsi ölkəmizin diplomatik uğurları olmaqla, həm də rəmzi məna daşıyır.
Tarixi və siyasi əhəmiyyəti ilə seçilən, dünyanın 65 ölkəsini təmsil edən 400 nümayəndənin iştirak etdiyi Dünya azərbaycanlılarının V Zəfər qurultayının Şuşada keçirilməsi, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində diaspor təşkilatlarının qarşısında duran vəzifələrin müzakirəsi, faydalı təkliflərin səslənməsi xalqımızın birlik və həmrəyliyinin nümunəsi idi. «Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə, Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır» sözləri ilə soydaşlarımıza müraciət edən, Ermənistan üzərində Qələbəmizi Azərbaycan xalqının həmrəyliyinin nəticəsi adlandıran Prezident İlham Əliyevin vurğuladığı kimi, Şuşa mühüm tədbirlərin keçirildiyi məkan olmaqla, gözəlliyi, füsunkarlığı ilə də qonaqlarını heyran edəcək.
Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və dəstəyi ilə bir qrup diaspor nümayəndəsinin iyulun 26-da Şuşaya səfəri Zəfər qurultayının davamı olmaqla çox əhəmiyyətli idi. «Biz dəmir yumruğun gücü ilə Şuşadayıq!”» layihəsi çərçivəsində beşinci dəfə həyata keçirilən səfərdə 27 ölkədən 130 diaspor nümayəndəsi iştirak edib. Səfər zamanı mədəniyyət paytaxtımızın baş meydanı «Bazarbaşı”nı», Cıdır düzünü, erməni vandalizminə məruz qalmış güllələnmiş heykəllərin nümayiş olunduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, Xan qızı bulağını, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhərağa məscidlərini və digər görməli yerləri ziyarət edən diaspor nümayəndələri , postmüharibə dövründə qədim şəhərimizdə aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olmuş, bərpa-quruculuq işlərində iştirakla bağlı təşəbbüslərini bildirmişlər. «Şuşa ili»nə təsadüf edən, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin, çoxsaylı qonaqların, xarici jurnalistlərin Şuşa səfərlərinin hər biri ölkəmizin siyasi, iqtisadi qüdrətinin, tarixinin, milli- mənəvi sərvətlərinin təbliği baxımından çox əhəmiyyətlidir.
Ümummilli lideri Heydər Əliyev iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı olub. Məhz bu səfər çərçivəsində ümummilli lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib. Şuşanın işğal altında qalması səbəbindən söz, sənət bayramı olan Poeziya Günləri başqa bölgələrdə təşkil olunub . Torpaqlarımız işğaldan azad edildikdən sonra Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Vaqif Poeziya Günləri, «Xarıbülübl» festivalı da bərpa olundu. Artıq iki ildir ki, bu möhtəşəm tədbirlər Şuşanın əsrarəngiz Cıdır düzündə keçirilir.
Şuşa ilində yaddaqalan hadisələrdən biri də Azərbaycanın sədrlik etdiyi Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatı (QH) Parlament Şəbəkəsinin konfransının keçirilməsi idi. Konfransda çıxış edən Prezident İlham Əliyev bildirdi ki, parlament şəbəkəsi bizim təkcə irəli sürdüyümüz və dəstək qazanan yeganə təşəbbüs deyil: «Digər vacib bir təşəbbüs gənclər şəbəkəsidir. Növbəti ay burada, Bakıda başqa önəmli bir tədbir, Qoşulmama Hərəkatının Gənclər Sammiti keçiriləcəkdir. Bunlar Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımlardır və hesab edirəm ki, bu istiqamətdə praktiki addımların atılması üçün vaxt yetişib. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır.»
Bütün təşəbbüsləri reallaşan Prezident İlham Əliyevin bu çağırışı da bəyənildi və həllini tapdı. Qoşulmama Hərəkatına üzv ölkələrin gənclərinin iştirakı ilə mədəniyyət paytaxtımızda keçirilən Sammitdə Şuşa Akkordu (Şuşa razılaşması) kimi yazılan, QH Gənclər Təşkilatının yaradılmasına dair sənədin qəbulu əlamətdar hadisə olmaqla, Şuşanın adının təsisatdan təşkilata çevrilən qurumun tarixinə əbədi yazıldı. Prezident İlham Əliyevin təşəbbüsü əsasında Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində Parlament Şəbəkəsinin yaradılmasından sonra ikinci mühüm hadisə olan Gənclər Təşkilatının yaradılmasının vacibliyini «Hesab edirəm ki, indi institusional inkişaf istiqamətində daha çox addımların atılması üçün düzgün vaxtdır və bu da öz növbəsində bizə beynəlxalq arenada maraqlarımızı qorumağa və əlbəttə ki, ölkələrimiz arasında həmrəyliyin gücləndirilməsinə kömək edəcək» sözləri ilə ifadə edən dövlət başçımızın vurğuladığı kimi, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 120 ölkənin yekdil qərarı ilə 2023-ci ilin sonuna kimi uzadılması ölkəmizə etimad və fəaliyyətimizin qiymətləndirilməsidir.
Dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan «TEKNOFEST» festivalının” qardaş Türkiyə ilə yanaşı ilk dəfə respublikamızda keçirilməsi, azərbaycanlı gənclərin ən müasir texnologiyaların təbliği və inkişafı, innovativ və texnoloji nailiyyətlərlə tanış olması, iştirakçıların bu sahədə maarifləndirilməsi naminə keçirilən seminarlar, yarışlar, sərgilər «Şuşa ili»nə töhfə idi. «TEKNOFEST Azərbaycan»” festivalı çərçivəsində ilk dəfə olaraq azərbaycanlı məktəblilərlə, tələbələrlə birgə avropalı nümayəndələrin də iştirakı ölkəmizə marağı artırdı. Festival iştirakçılarının Şuşaya səfərləri də maraqlı oldu. Gələcəkdə bu festivalın Şuşada və Qarabağın digər ərazilərində keçirilməsi ilə bağlı təkliflər irəli sürüldü.
«Şuşa ili» təkcə mədəniyyət paytaxtımızda deyil, respublikamızın bütün bölgələrində qeyd olunur. Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar tədbirlər keçirilir, ekskursiyalar təşkil olunur.
2020-ci ilin 8 noyabrında «Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!» sözləri ilə xalqa müraciət edən Prezident İlham Əliyevin səyi ilə təkcə Azərbaycanın deyil, bütün türk dünyasının mədəniyyət paytaxtı adlandırılan Şuşa azad olduğu qədər də, xoşbəxt günlərini yaşayır.
Xuraman
İsmayılqızı
İki sahil.- 2022.- 12 avqust.- S.3.