Naxçıvandan başlanan xilaskarlıq yolu

 

Ötən əsrin 90-cı illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda başlanan müstəqillik uğrunda  mübarizə sonrakı dövrlərdə bütünlüklə Azərbaycanda milli dövlətçiliyin bərpasına təkan vermiş oldu. Ulu Öndər bu barədə sonralar demişdir: «Müstəqillik yolunda mübarizə aparan adamlar Naxçıvan əhalisinin demək olar ki, əksəriyyətini təşkil edirdi. Naxçıvanın müstəqillik, milli-azadlıq əhval-ruhiyyəsi bütün Azərbaycana təsir edirdi

Ulu Öndər Moskvadan Naxçıvana gələndə Onu şəhərin baş meydanında 70-80 min nəfər qarşılamışdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndə isə sessiyanın keçirildiyi binanın ətrafına on minlərlə adam toplaşmışdı. Eyni zamanda, Ulu Öndərlə şəhər və kəndlərdə keçirilən görüşlərə saysız-hesabsız insan qatılırdı. Təbii ki, bütün bunlar müdrik rəhbərə xalq sevgisindən, el məhəbbətindən irəli gəlirdi. Ulu Öndər ağır blokada şəraitinə baxmayaraq, muxtar respublikanın müdafiəsini yüksək səviyyədə təşkil etməyə, onu erməni təcavüzündən qorumağa nail oldu. Məqsəd həm də Naxçıvanın timsalında bütün Azərbaycanın ərazi bütövlüyünü qorumaq idi. Ulu Öndər o ağır və məşəqqətli günlər haqqında belə demişdir: «Doğma vətən torpağına ancaqancaq respublikanın bu ağır və çətin dövrlərində xalqın dərdinə şərik olmaqla vətəndaşlıq borcunu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm... Mənim əsas məqsədim Azərbaycanın ərazi bütövlüyünü və Azərbaycan hakimiyyətini respublikanın bütün ərazisində bərqərar etməkdən ibarətdir.»

Həmin illərdə Naxçıvanda ağır və gərgin ictimai-siyasi proseslər cərəyan edirdi. Muxtar respublika iqtisadisosial problemlər içində idi. Məhz belə bir ağır vaxtlarda, yəni  17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublkası Ali Məclisinin birinci sessiyası keçirildi. Sıravi deputat Heydər Əliyevin sədrliyi ilə keçən həmin sessiyada ilk növbədə «Naxçıvan Muxtar Sovet Sosialist Respublikası»nın adından «sovet» və «sosialist» sözləri çıxarıldı, onun «Naxçıvan Muxtar Respublikası» adlandırılması haqqında qərar qəbul edildi. Eyni zamanda, Naxçıvan MR Ali Sovetinin Ali Məclis adlandırılması barədə qərar qəbul olundu. Xalqımızın qan yaddaşında silinməz iz qoymuş 20 Yanvar faciəsinə də ilk dəfə siyasi qiymət Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən verildi. Ali Məclisin 14 dekabr 1990-cı il tarixdə keçirilən sessiyasında isə yeni İttifaq müqaviləsinə münasibət məsələsi müzakirə olundu. Məsələ ilə bağlı çıxış edən Heydər Əliyev dedi: «Mən yeni İttifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Azərbaycan Respublikası iqtisadisiyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır...» Məhz  1991-ci il sentyabrın 3-də Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinə Sədr seçilməsi isə tarixi hadisəyə çevrildi. Bu seçim nəticəsində Ulu Öndər ilk növbədə  fəal və peşəkar fəaliyyəti ilə nəinki muxtar respublikada, həmçinin bütün Azərbaycanda milli dövlətçiliyə inam hissini formalaşdırdı. Ümummilli Lider, eyni zamanda, bölgənin erməni təcavüzündən müdafiəsi ilə bilavasitə məşğul olmağa başladı. Bu məsələ onun əsas fəaliyyət istiqamətinə çevrildi. Böyük dövlət xadiminin ilk gündən başlayaraq atdığı addımlar, həyata keçirdiyi tədbirlər Naxçıvanı düşmən əlinə keçmək təhlükəsindən xilas etdi.

Ulu Öndərin nüfuzu sayəsində qurulan beynəlxalq əlaqələr də Naxçıvanı o ağır dövrdən itkisiz çıxardı. Belə ki, Türkiyə ilə əlaqələrin inkişafında 1992-ci il mayın 28-də açılan Sədərək-Dilucu körpüsü mühüm rol oynadı. Körpünün açılış mərasimində çıxış edən Heydər Əliyev demişdir: «Biz azərbaycanlılar, türklər əsrlər boyu Araz çayının o sahilində, bu sahilində dost, qardaş kimi yaşamışıq. Ancaq 70 il bir-birimizlə görüşmək üçün, əlaqə saxlamaq üçün həsrət çəkmişik. 70 il biz bu görüşü həsrətlə gözləmişik.»

Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinə rəhbərlik etdiyi 1 il 9 ay ərzində muxtar respublikanın xarici əlaqələrinin sıx inkişaf etdirdiyi ikinci dövlət İran İslam Respublikası idi. Bu əlaqələrin möhkəmlənməsində Ali Məclis Sədrinin  1992-ci ilin  avqustunda qonşu dövlətə səfəri siyasiiqtisadi cəhətdən çox əhəmiyyətli oldu. Səfər zamanı Heydər Əliyev İranın dini liderləri və dövlət rəhbərləri ilə görüşdü. Səfərin nəticəsi olaraq əməkdaşlığa dair protokol imzalandı.

Ümumiyyətlə, böyük dövlət xadimi Heydər Əliyev siyasi fəaliyyətinin bütün dövrlərində muxtar respublikanın hərtərəfli inkişafına xüsusi qayğı göstərmişdir. Bu amil torpaqlarımıza zaman-zaman göz dikən erməni millətçilərinin məkrli planlarının puç olmasında önəmli rol oynamışdır. Ulu Öndər o dövrdə demişdir: «Mən son vaxtlar Naxçıvanın inkişafı ilə əlaqədar bəzi tədbirlər həyata keçirmək barədə qərarlar vermişəm. Bunlar lazımdır. Nə üçün? Çünki Naxçıvanın vəziyyəti, onun coğrafi vəziyyəti və Naxçıvana qarşı ermənilərin daimi ərazi iddiası Naxçıvanı xüsusi inkişaf etdirmək məsələsini qarşımıza qoyur. Naxçıvan Azərbaycanın ən qədim torpaqlarından biridir. Naxçıvanda Azərbaycanın milli mədəniyyətini, memarlığını, rəssamlığını nümayiş etdirən abidələr vardır. Biz Azərbaycanın xüsusi ağır şəraitdə olan bir hissəsini gərək o qədər inkişaf etdirək ki, oradakı problemlər insanları narahat etməsin. Həmin insanlar orada daim yaşasınlar. Azərbaycan torpağını qorusunlar, saxlasınlar. Bax, bunlara görə bu qərarlar qəbul olunmuşdur

Prezident İlham Əliyev də Naxçıvana səfərləri çərçivəsində keçirdiyi görüşlərin birində bu amili xüsusi dəyərləndirmişdir. «Xalqımızın ümummilli lideri Heydər Əliyev Naxçıvana çox diqqətlə yanaşırdı. Ona görə yox ki, burada anadan olmuşdu, bura onun vətəni idi. Ona görə ki, siyasi xadim kimi Naxçıvanın Azərbaycan üçün əhəmiyyətini çox gözəl başa düşürdü

Ulu Öndər sonralar Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində ölkənin bütün bölgələri kimi, Naxçıvanın da inkişafına xüsusi önəm verirdi. Məhz həmin illər ərzində muxtar respublikanın sənaye müəssisələrinin sayı artmış, naxçıvanlılar yenimüasir yerləri ilə təmin olunmuşdular. Ən başlıcası isə muxtar respublikada sənaye və kənd təsərrüfatı məhsullarının ixrac potensialı yüksəlmişdi. Bu gün də Naxçıvanın sosial-iqtisadi inkişafı davamlıdır və Ulu Öndərin vaxtilə burada yaratdığı  dövlətçilik ənənələri də uğurla davam etdirilir.

 

Elçin Zaman

 

İki sahil.- 2022.- 31 avqust.- S.4.