Tarixi Zəfərimiz bütün regionlarımızın

dayanıqlı inkişafına yol açıb

 

Dövlət başçısı İlham Əliyevin Şəki və Oğuz rayonlarına səfəri çərçivəsində açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi sosial obyektlərin say tərkibinə diqqət yetirməklə bir daha bu fikri böyük əminliklə qeyd edə bilərik ki, təkcə işğaldan azad edilmiş ərazilərimizin deyil, bütün bölgələrimizin dayanıqlı inkişafı dövlətin iqtisadi siyasətinin əsasıdır

 

2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya prioritet məsələ kimi qoyan dövlət başçısı İlham Əliyev hədəfə çatmaq  üçün regionların malik olduğu polensialdan səmərəli istifadə etmək üçün Regional inkişaf proqramlarını təsdiqlədi. Regionların inkişafı həm də iqtisadiyyatın dayanıqlılığını təmin edir. Regional iqtisadi siyasətin əsas hədəfləri regionlarda iqtisadi aktivliyin artırılması, bölgələrə  daxili və xarici sərmayələrin cəlb olunması, müasir texnologiyanın tətbiq olunması, istehsal və ixrac imkanlarının genişləndirilməsidir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramı 2004-cü ildən başlayaraq həyata keçirilir. Keçən 18 ildə infrastruktur və iqtisadi baxımdan xeyli uğurlar əldə edilib. Elektrik, qaz, yol, kommunikasiya infrastrukturu xeyli yaxşılaşıb, bu sahədə əsas problemlər həll olunub. Regionlar artıq iqtisadi aktivlik və xarici sərmayələrin cəlb edilməsi, infrastruktur baxımından müasir standartlara tam cavab verir. Regionların tarazlı şəkildə inkişafı ölkədə inklüziv inkişafa gətirib çıxarıb ki, bu da Dünya İqtisadi Forumunun müəyyən etdiyi inklüziv inkişaf indeksinin müəyyən olunmasına öz təsirini göstərib və Azərbaycan dünyada inkişaf etməkdə olan ölkələr arasında 3-cü yerə çıxıb.

Azərbaycan dayanıqlı iqtisadi inkişafı ilə dünyanın diqqətindədir. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi maliyyə imkanlarının genişlənməsinə mühüm şərait yaradır ki, bu da öz növbəsində sosial-iqtisadi layihələrin icrasını sürətləndirir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycanın bütün bölgələri inkişaf, tərəqqi dövrünü yaşayır, paytaxtla bölgələrimiz arasında fərq tamamilə aradan götürülüb. Hər bir bölgənin inkişafında yol infrastrukturunun rolunu nəzərə alsaq, bu gün bu fikri böyük əminliklə qeyd edə bilərik ki, yol-nəqliyyat sistemimiz beynəlxalq standartlara cavab verir. Yol infrastrukturunun təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. Azərbaycan bu gün Avrasiya məkanında dinamik innovativ inkişaf edən lider dövlət, həm də iki qitə arasında mühüm və ən əlverişli nəqliyyat mərkəzidir. Ölkəmiz bu mövqeni düşünülmüş siyasət, gələcəyə hesablanmış strategiya və zamanın, dövrün tələblərinə uyğun olaraq həyata keçirilən islahatlar, yeni iqtisadi və sosial layihələrin icra edilməsi nəticəsində qazanıb.

2003-cü ildən etibarən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar öz uğurlu nəticəsini verir. Neft gəlirlərinin istifadəsində şəffaflığın yüksək səviyyədə təmin olunması qeyri-neft sektorunun inkişafına geniş yol açdı. Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində yol-nəqliyyat kompleksinin müasir infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilir, Prezident tərəfindən Fərman və sərəncamlar imzalanır. İmzalanan sənədlərə uyğun olaraq çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunmuş və olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ən ucqar kənd yolları belə müasir standartlara uyğun qurulub. Yollar həm insanların rahatlığını təmin edir, həm də ölkə iqtisadiyyatının hərtərəfli inkişafında mühüm rol oynayır. Bir sözlə, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkənin geosiyasi maraqlarına, malik olduğumuz enerji resurslarının səmərəli istifadəsinə yol açan enerji layihələrinin uğurlu icrasına, qeyri-neft sektorunun hərtərəfli inkişafına, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyinin təminatına xidmət edib və bundan sonra da edəcək.

Görülmüş tədbirlər nəticəsində bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Bunu həm Azərbaycan vətəndaşları görür, eyni zamanda, Azərbaycan beynəlxalq təşkilatların reytinqlərində daim yüksək yerlər tutur. Təkcə Davos Ümumdünya İqtisadi Forumunun hesabatına baxmaq kifayətdir ki, hər kəs bu sahədə çox ciddi islahatlar aparıldığını, Azərbaycanın reytinqlərə görə dünya miqyasında qabaqcıl yerlərdə dayandığını görsün. Ölkəmiz avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Dəmir yollarının səmərəliliyinə görə dünyada 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdəyik. Bu yüksək yerləri əldə etmək böyük səylər, düşünülmüş siyasət tələb edirdi. Nəqliyyat infrastrukturuna qoyulan vəsait yeni vəziyyət yaradıb. «Nəqliyyat sahəsinə qoyulmuş vəsait bu gün ölkəmizin iqtisadi, xüsusilə qeyri-neft sektorunun inkişafına da müsbət təsir göstərir» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, çünki yol olmayan yerdə inkişaf da olmur. Yol olmayan yerdə fermer öz məhsulunu bazara çatdıra bilmir. Dəmir yolları olmayan yerdə heç bir tranzit imkanından söhbət gedə bilməz: «Ona görə biz, ilk növbədə, ölkə daxilində infrastrukturu tamamilə yenidən qurduq. Eyni zamanda, ölkəmiz üçün çox vacib olan və uzunmüddətli inkişaf strategiyamıza uyğun olan tranzit imkanları da yaratmışıq

Son iki ildə  işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması prioritet olsa da , digər regionlarımızın da dayanıqlı inkişafının təmin edilməsi üçün davamlı addımlar atılır. Dövlət başçısı İlham Əliyevin bölgələrə səfərləri sistemli xartaer alıb. Hər səfər müəyyən yeniliklərlə,  yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi, görülən işlərlə tanışlıqla yadda qalır. Bu baxımdan cənab İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Şəki və Oğuz rayonlarına səfərləri diqqətçəkəndir. Ulu öndər Heydər Əliyevin Şəki və Oğuz  şəhərindəki  abidəsini ziyarət etdikdən sonra Prezident İlham Əliyev Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidənqurmadan sonra açılışında iştirak etdi.  Dövlət başçısı  İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 2-də Şəkinin Orta Zəyzid kəndində “Green Factory” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) quru meyvə istehsalı müəssisəsində, Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə, Heydər Əliyev Fondu tərəfindən Şəki Xan məscidi kompleksində, Şəki şəhərindəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində aparılan təmir-bərpa işləri ilə tanış oldular. Ölkə  Prezidenti İlham Əliyev dekabrın 2-də Oğuzda Daşağıl çayı üzərində “Oğuz-1”, “Oğuz-2”, “Oğuz-3” kiçik su elektrik stansiyaları silsiləsinin açılışında iştirak etdi. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Oğuz şəhərində inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçası  istifadəyə verildi. Cənab  İlham Əliyev açılışda iştirak etdi.  Dövlət başçısı Oğuz rayonunda “Aqroinkişaf 2017” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) “Şəki-Oğuz” Aqroparkında yaradılan şəraitlə,  “Şəki-Oğuz” Aqroparkının torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üzrə görülmüş işlərlə tanış oldu. Prezident İlham Əliyev dekabrın 2-də Oğuz rayonunda “Şəki-Oğuz” Aqroparkının qoz məhsulunun qərzəkdən təmizlənməsi, yuyulması və qurudulması zavodunun təməlini qoydu. Qeyd etdiklərimiz dövlət başçısı İlham Əliyevin bir səfər çərçivəsində açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi sosial obyektlərin sayıdır. Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət proqramının qəbulundan ötən  18 ildə bu sıralamanı nəzərdən keçirsək böyük inkişafın, tərəqqinin şahidi olarıq. Bu baxımdan böyük inamla qeyd edə bilərik ki, bütün bölgələr arasında sağlam rəqabət gedir, dövlət başçısı İlham Əliyevin irəli sürdüyü təşəbbüslər ölkə ictimaiyyəti tərəfindən dəstəklənir, Azərbaycanın hərtərəfli inkişafına xidmət edir. Hər yeni il arxada qalan ilin bütün sahələrdə hesabatıdır. 2021-ci ildə üçün dövlət başçısı İlham Əliyev  regionlara 47 səfər etmişdisə, bunların 32-si işğaldan azad edilmiş ərazilərə  idi.

Ölkə daxilində dəmir yolu nəqliyyatı sahəsində də önəmli layihələr icra edilir. Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycanın təşəbbüsü ilə inşa edilməsi bölgəmizdə və bütövlükdə Avrasiyada yeni nəqliyyat xəritəsini yaratdı. Azərbaycanla tərəfdaş ölkələr hazırda bu yoldan istifadə edərək öz məhsullarını müxtəlif istiqamətlərə çatdırırlar. Azərbaycan ərazisindən keçən yolların çoxşaxəli olması imkanlarımızı böyük dərəcədə artırır. Hava nəqliyyatına gəldikdə isə Heydər Əliyev Beynəlxalq Aeroportu MDB məkanında birinci yerdədir. «Mənim göstərişimlə digər şəhərlərimizdə inşa edilmiş hava limanları bizim nəqliyyat potensialımızı böyük dərəcədə gücləndirir» söyləyən cənab İlham Əliyev diqqəti işğaldan azad edilmiş ərazilərimizdə tikilən Beynəlxalq Hava limanlarına yönəldir. Artıq ötən il Füzuli, bu il isə Zəngilan  Beynəlxalq Hava limanlarının açılışı oldu.  Üçüncü Beynəlxalq  Hava Limanı isə Laçın rayonu ərazisindədir və 2025-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.

Göründüyü kimi, nəqliyyat sektoruna göstərilən diqqət və aparılan düşünülmüş siyasət bu reallığı yaratmışdır. Bu gün nəqliyyat sektorumuz həm müasir, həm də ölkə qarşısında duran vəzifələri icra etməyə imkan verir. Eyni zamanda, bu sahəyə qoyulan milyardlarla dollar səviyyəsində sərmayələr artıq bizim qeyri-neft iqtisadiyyatımıza öz müsbət təsirini göstərir. Dövlətimizin başçısı İlham Əliyev onu da bildirir ki, nəqliyyat sektoruna qoyulan sərmayələr 1-2 ilə, hətta 5-10 ilə geri qayıdan sərmayələr deyil. Bu, uzunmüddətli sərmayədir. Bu sərmayələr insanların rahatlığına və ölkənin uzunmüddətli dayanıqlı inkişafına nail olmaq üçün qoyulub.

Ölkəmizin bugünkü reallıqları fonunda bu fikri də böyük inamla qeyd edə bilərik ki, qlobal çağırışların, yüksək rəqabət gücünə malik, bazar münasibətlərinə əsaslanan dayanıqlı iqtisadiyyatın inkişafını, idarəetmə strukturlarının yeni, müasir modellər əsasında formalaşmasını, qeyri-neft sektorunun genişləndirilməsini, nəqliyyat, tranzit və logistika infrastrukturunun, insan kapitalının təkmilləşdirilməsini, sosial-müdafiə sisteminin gücləndirilməsinı şərtləndirən amillərin əks olunduğu «Azərbaycan -2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının tətbiqi ilə qüdrətli dövlətə çevrilən Azərbaycanı dünyada tanıdan inkişaf modeli özünü doğrultdu. Konkret konseptual proqramlar, düşünülmüş ictimai rəy, vətəndaş təklifləri əsasında hazırlanan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında nəzərdə tutulan vəzifələrin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsi bölgələrin simasını dəyişmiş, infrastruktur yenilənmiş, şəhərlə kənd arasındakı fərq minimuma endirilmiş, demoqrafik tarazlıq təmin olunmuşdur. Həyata keçirilən və dövlətin daim nəzarətində olan təşəbbüslərin həllində yeganə məqsəd ölkəmizin iqtisadi qüdrətini artırmaq, dünya iqtisadi sistemində mövqeyini möhkəmləndirmək, xarici investisiyaların Azərbaycana cəlbini sürətləndirməkdir. Mühüm əhəmiyyətli islahatların və layihələrin tətbiqi ilə dünya birliyində islahatçı ölkə kimi tanınan, təşəbbüsləri beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən və yüksək dəyərləndirilən Azərbaycanın reytinqi ildən-ilə yüksəlir.

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də də möhkəm iqtisadi təmələ əsaslanan ölkəmizdə qarşıdakı on il üçün görüləcək işlər, icra mexanizmi tam aydınlığı ilə göstərilib. Qarşıdakı  illərdə həyatımızın bütün sahələrinə bələdçilik edəcək sənəddə qüdrətli dövlət, yüksək rifah cəmiyyətinin inkişafı naminə müəyyənləşdirilən vəzifələr elmi cəhətdən təhlil edilir.

İşğaldan azad edilmiş ərazilərin bərpası, erməni vandalları tərəfindən dağıdılmış yaşayış məskənlərinin müasir şəhərsalma qaydalarına uyğun görkəmə salınması, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaqla, nəzərdə tutulan vəzifələrin həlli Azərbaycanın inkişafına böyük təkan verəcək. Şərqlə Qərb arasında körpü olan Azərbaycanın sivilizasiyalararası dialoq mərkəzinə çevrilməsi üçün yeni istiqamətlər artıq bəllidir. Sənəddə qeyd olunduğu kimi, mərhələ üzrə həyata keçiriləcək vəzifələr 2030-cu ilə qədər Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə, qüdrətli dövlətə çevrilməsinə etibarlı zəmanətdir. Azərbaycanın dövlət büdcəsinin sosialyönümlü olması nəzərə alınmaqla müəyyənləşdirilən prioritetlərdə ölkə vətəndaşlarının rifah səviyyəsinin artırılmasına, yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə əsaslanan yeniliklərə xüsusi diqqət yetirilir. Hazırda dövlətimizin qarşısında duran ən mühüm məsələ işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin olunmasıdır.

Təhlillər əsasında bu ümumiləşdirməni apara bilərik ki, regionlarımızda, o cümlədən azad edilmiş ərazilərdə qısa müddətdə yaşayış üçün münbit şəraitin formalaşdırılması, həyata keçirilən infrastruktur layihələri – yolların, dəmir yolu xətlərinin, energetika sisteminin bərpası, yeni beynəlxalq hava limanlarının inşası iqtisadi inkişafın sürətləndirilməsi və əlverişli investisiya mühitinin formalaşdırılması baxımından əhəmiyyətlidir. Dövlət əlverişli biznes mühiti yaratmaqla bütün bölgələrdə iqtisadi inkişafın dayanıqlığını möhkəmləndirir.

 

Yeganə Əliyeva

 

İki sahil.- 2022.- 6 dekabr.- S.3.