HEYDƏR ƏLİYEV “ZAMAN”I –
ƏBƏDİ DAVAM EDƏN MİSSİYA
Siyasət və ədəbiyyat!
Maraqlıdır ki, çox az rəhbərlərin
sığa bildiyi bu kontekstə Heydər Əliyev
asanlıqla, haşiyəsiz-boyasız sığır. Bu
gün insana qarşı zorakılığın və təcavüzün,
silah və gücün meydan suladığı bir vaxtda elmin,
ağlın üstünlüyü sanki ikinci,
üçüncü dərəcəli nəsnə kimi
önəmini itirməyə meyillənir. Hakimiyyət,
hökmranlıq iddiası insanı lazımsız şeyə
çevirir. Belə situasiyaların bəşər tarixində
sərgiləndiyi məqamlar az olmayıb. Nə bilmək olar,
bəlkə dünyada ilk şeir parçası, sonradan ədəbiyyat
sayılacaq ilk yazı nümunəsi insanın insan, təbiət
və dünya üzərində ağalığına
müxalif ovqatdan ərsəyə gəlib.
Gücə
qarşı insan amilini qoyub insanı, insaniyyəti vəsf
ediblər: “Kim ki, insanı sevir, aşıqi hürriyyət
olur, Bəli, hürriyyət olan yerdə də insanlıq
olur” (M.Ə.Sabir). Hansı ki, sonradan bu ideya zaman-zaman bir
çox ədiblərimizin yaradıcılıq qayəsində
dayandı. M.Füzuli “Padişahi-mülk” qitəsində
aqilliyi tərənnüm etməklə şahlara eyni dərsi
verir, yaxud M.S.Ordubadi qılınc və qələmin
mübarizəsində ikincinin üstünlüyünü
göstərirdi. Hüseyn Cavid Peyğəmbərimizin
obrazı ilə bunu deyir, yaxud İ.Hüseynov “Məhşər”
romanında amansız şah ideallarının iflasını
və ona əks kontekstdə - Nəsiminin humanist şeiri
nümunəsində insana və şeirə marağı
tarixi-fəlsəfi planda bədii nəsrə
ötürürdü. Bu elə bir mövzudur ki, ədəbiyyatın
mayasında durur və Böyük insan ideyası şəklində
daim bədii düşüncənin mərkəzinə
çəkilir.
Minlərlə
buna uyğun nümunələr gətirmək mümkündür.
Dünya tarixi hökmdar və sənətkar münasibətlərinin
sonsuz sayda nümunəsini tanıyır. Zamanın insana xidməti
ondan başlayır ki, onun sükanını idarə edən
şəxs zamanla yol getməyi bacarır. XX əsr daxilində
iki dəfə milli insanla bahəm milli ədəbiyyatın da
bəxti onda gətirdi ki, həmin dönəmin “idarəetmə
funksiyası”nı Əlahəzrət Zaman Heydər Əliyevə
həvalə etdi.
1990-cı
illərin dumanlı dönəmində Heydər Əliyevin ədəbiyyatda
yerinə yetirdiyi missiya baxımından özəlliyi nədə
idi? Məmləkətimiz bir yana, doğrudanmı Heydər
Əliyev ədəbiyyatımız üçün də
“son şans” səciyyəsi daşıyırdı?! Ədəbi-tarixi
mətnlərə vararkən, istər-istəməz bu məqamlar
üzərində düşünməli olursan...
1990-cı
illərdən başlayaraq Azərbaycan gerçəkləri
ardınca elə mövzular gətirirdi ki, əvvəlki
dövrlərlə müqayisədə təsəvvür
hüdudlarını aşırdı. Həmin xaotik durumun
rəvac verdiyi neqativlər sonucda ən böyük zərbəni
insana vurur, onunla zamanın, mənəvi-əxlaqi dəyərlərin
sabitliyi arasındakı əlaqənin pozulmasına
gətirib çıxarırdı: qlobal tənhalıq
insanın özgələşməsini, özündən
ayrılmasını, yadlaşmasını şərtləndirirdi.
Həmin dönəmin mahiyyəti, onun yaddaş strukturunda
yer almış görüntüləri ilə çağın
insanının düşüncəsi arasında dialoq
bədii təfəkkürə yansımaya bilmədi.
Heydər Əliyevin siyasətçi kimi gücü bunda
idi. Əvvəlki inadla millətin yaddaş kultuna sədaqətinin
bərpa edilməsi məsələsinə həssas yanaşmasında.
80-ci illərin sonu, 90-cı illərin əvvəllərinin ədəbi mənzərəsinə qısa bir ekskurs etsək, cavabı tarixi-ədəbi mətnlərdə tapacağıq. Bu illərdə hər bir ziyalı ədəbiyyatda yaranmış durğunluqdan müəyyən narahatlıq izhar edir, çıxış yolu kimi mübarizənin lazım olduğunu vurğulayırdı. Lakin bir neçə ildən sonra, ədəbiyyatda ciddi bir sıçrayışın, nəzərəçarpacaq dəyişikliyin və irəliləyişin baş verməməsi zəminində həyəcan daha da artır, bundan əlavə ötən onilliklər ərzində qazanılan mədəni-əxlaqi məziyyətlərin erroziyaya uğramaq təhlükəsi nigarançılığa səbəb olurdu. Əlbəttə, keçid dövrü həmişə mürəkkəbliyi, ictimai, bədii və elmi dəyərlərin yenidən qiymətləndirilməsi ilə seçilir. Bədii-estetik düşüncə də, onun elmi-tənqidi dərkinin meyarları da əsaslı dəyişikliklərə məruz qalır. Belə qarışıq zamanlar isə bildiyimiz kimi, fikrin, təfəkkürün dramatikliyi ilə müşayiət olunur. İnsanların təfəkküründə xaos yaranır. 1990-cı illərdən başlayaraq düşüncə sistemini elə paradiqmalar müəyyənləşdirməyə başladı ki, onları sovet dövrünün elmi-nəzəri yanaşmaları, estetik mündəricəsi ilə, qapalı kulturoloji struktur sistemlərlə bağlamaq mümkün olmadı. Mətn oxunuşu və bununla bağlı funksionallıq qazanan nəzəri postulatlar ədəbiyyatşünaslıqda ədəbi fakta, ədəbi prosesə yanaşmada dominanta çevrilirdi. Postmodernizm müasir dünyanın qavrama və dərketmə prosesini idarə etməyə başladı. Uzun müddət qapalı münasibətlərdə olduğumuz universal baxış sistemləri düşüncə strukturumuza mexaniki tətbiq olunduğundan, süni imitasiya təsiri bağışlayırdı. Bu təmayülün nəticəsində klassik ictimai-mənəvi dəyərlər daha çox çağdaş siyasi meyarlar çərçivəsində dəyərləndirilməyə başlandı.
Digər tərəfdən, keçid dövrü kimi xarakterizə olunan 1990-cı illər nihilist meyillərin meydana çıxdığı dövr idi. Bütün postsovet məkanı ölkələrində olduğu kimi, Azərbaycan ədəbiyyatında da klassiklər, ədəbiyyat tarixinin bir çox dəyərli simaları konyuktur yanaşmanın predmetinə çevrilmişdi. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən anladı ki, zamanın qırılmış bağlarını bərpa etmək missiyasını bütöv bir tarix sırası yaratmış xalq ona həvalə edib və indi bu missiyanın realizə imkanları ilk növbədə, tarixə qayıdış, onu diriltmək, bu günə ötürməkdən başlamalıdır. Əvvəla, məlumdur ki, klassik irs yeni ədəbi və mədəni quruculuq, yeni ədəbi-estetik dəyərlərin təşəkkülü üçün mühüm əhəmiyyət kəsb edir. Həmçinin mədəniyyətin milli koloriti və orijinal xüsusiyyətləri o zaman qorunub saxlana bilir ki, xalq keçmişin milli-mənəvi sərvətlərini, ədəbi irsini zamanın sərt sınaqlarından, fəci və dramatik olaylarından uğurla çıxara bilir. Əgər çıxara bilmirsə, dövlətin bütövlüyünü də, millətin tamlığını, "xalq və mən” şüurunun mövcudluğunu da təhlükə qarşısında qoyur! Bu mənada, 1990-cı illərdə dahi şairimiz Məhəmməd Füzulinin 500, Mirzə Cəlilin 128, ilk möhtəşəm söz abidəmiz olan "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinin elmi ictimaiyyət tərəfindən beynəlxalq səviyyədə keçirilməsi ədəbi irsə layiqli münasibətin izharına ən yaxşı nümunə olmaqla yanaşı, dövlət başçısının hansı məsələlərdə dəstək aradığını, mənəvi ülfət tapdığını bəlli edir. Bu ülfət gücünü xalqın öz keçmişindən, onda kodlaşan etnik-ontoloji yaddaşından alırdı: “Qoy dünya bilsin ki, xalqımızın çoxəsrlik, zəngin, tarixi mədəniyyəti var. Azərbaycanın bugünkü mədəniyyəti dahi şəxsiyyətlərimizin yaratdığı və əsrlərdən-əsrlərə keçən mədəniyyətimizə əsaslanır” (Heydər Əliyev).
Həmin illərdə “Kitabi-Dədə Qorqud” dastanının tədqiqi çox böyük, heç bir mərhələdə olmayacaq qədər geniş vüsət aldı. "Kitabi-Dədə Qorqud"un elmi-tənqidi mətni və kütləvi nəşrləri, bu möhtəşəm oğuznamə haqqında yeni monoqrafik tədqiqatlar işıq üzü gördü. “Kitabi-Dədə Qorqud” körpüdür. Mifdən yazıya, "eposdan kitaba" və nəhayət, dünəndən bu günə uzanan elə bir körpü ki, onunla çağdaş dövrün təmasını, rabitəsini yaratmaq, 1990-cı illərdə qırılmış zamanın bağlarını birləşdirmək, onun bütövlüyünü bərpa etmək üçün lazım idi. Hər halda 1990-cı illərin geriyə fırlanan çarxında və bir çox şəxsiyyətlərin yaradıcı milli dühasında yaradılacaq bu bütövlüyə, "böyük sintez işi"nə ilk nümunəni "Kitabi-Dədə Qorqud" abidəsi verdi. Bu mənada, Heydər Əliyevin yeni epoxada ədəbiyyatın üzünü yaddaşa çevirən tarixə – özündə xalqın milli kodunu və möhürünü əbədiləşdirən söz sənətinə çevirməsi ilk növbədə, onda sənədləşən mənəvi və psixoloji arxetipin çağdaş əxlaq və mənəviyyatda davamına rəvac vermək, tarixi yaddaşımızı öz varlığında görükdürmək, bütünlükdə zamanla - həm keçmiş, həm də gələcəklə körpü səciyyəsi daşıyan bu mənəviyyat nümunəsini xalqa qaytarmaq məqsədi güdürdü: “Əgər indi biz “Kitabı-Dədə Qorqud” dastanının 1300 illiyini qeyd ediriksə və bunu bütün dünyaya bəyan ediriksə, demək, bizim bədii sözümüzün 1300 illik tarixi göz qabağındadır” (Heydər Əliyev).
Daha sonra bu missiya klassik sənətkarlarımızın taleyinə münasibətdə davamını tapmağa başladı. Klassiklərimizin yubileylərinin keçirilməsi barədə sərəncamlar imzalayan Ulu Öndər qeyd edirdi: “Respublikamızın bu ağır dövründə böyük yubileylərin keçirilməsi, şübhəsiz ki, müəyyən qədər çətinliklərlə üzləşəcək. Ancaq bunlara baxmayaraq, həyatımızın mənəvi sahəsi heç vaxt unudulmamalıdır. Çətinliklər nə qədər çox olsa da mədəniyyətə, mədəni irsimizə, mənəviyyata daim xüsusi diqqət yetirməli və bu sahələrin geri qalmasına yol verməməliyik.”
Məhəmməd Füzulinin bütün əsərləri (külliyyatı) altı cilddə nəşr edildi. Haqqında sanballı elmi monoqrafiyalar, tədqiqat əsərləri ortaya qoyuldu. Yubileyi həm Azərbaycanda, həm bütün türk-islam aləmində, həm də Rusiya və Avropada böyük təntənə ilə keçirildi. Heydər Əliyevin Füzuliyə diqqətinin başlıca səbəbi XX əsrdə parçalanmış türk dünyasını, pərən-pərən düşmüş türk cümhuriyyətlərini birləşdirmək amalı ilə bağlı idi. Heydər Əliyev bütün türk xalqlarını bir araya cəm etmək üçün yalnız siyasi yolu əsas bilmirdi, həm də mənəvi yolu, bu yolu nişan verən bütün mənəviyyat, fikir adamlarının meydana qoyduqları irsi intixab edirdi.
Heydər Əliyevin klassikləri dünyaya tanıtma məramının kökündə xalqın minillik tarixi yaddaşının olduğunu isbatlamaq meyili dayanırdısa, yubileyləri keçirilən İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Aşıq Ələsgər, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə və başqa ədiblər onunçün “dil hadisəsi” kimi önəm kəsb edirdi. Çünki Heydər Əliyev üçün milli dil siyasəti də Azərbaycanı xilasetmə yolunun mühüm tərkib hissəsi kimi önəmli sıralarda dayanan amil idi. Bu mənada, onun müasiri olduğu şair və yazıçılara verdiyi dəyərin zəminində həm də dil amilinin dayandığını görmək çətin deyil. Sonradan bu istiqamətdə atacağı addımın - “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan Respublikasında dövlət dili haqqında” 30 sentyabr 2002-ci il tarixli fərmanların zəminində dayanan əsas səbəb xalqın milli varlığını müəyyən edən başlıca amilin ana dili olmasını rəhbər kimi dərk etməsi idi. Yaxud Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 90 illik yubileyinin keçirilməsi ilə bağlı 29 oktyabr 1997-ci il tarixli Sərəncamı ilə Ulu Öndər yalnız içindəki Şəhriyar sevgisini sərgiləmirdi, həmişə amalına çevirdiyi bütöv Azərbaycan idealının gerçəkləşməsinə doğru növbəti əhəmiyyətli addımlardan birini həyata keçirirdi.
Yetmiş il hökmfərmalıq etmiş sovet dövrü bitdikdən, süquta uğradıqdan sonra bu dövr ədəbiyyatını qiymətləndirmək, onun tarixi dəyərini vermək zərurəti meydana çıxmışdır. Bu çətin, olduqca ziddiyyətli və mürəkkəb mərhələnin təhlili, ədəbiyyatımızda bütöv bir epoxa kimi dərki məsələsi çox böyük kəskinliklə 90-cı illər ədəbiyyatında şərh olunur, ona obyektiv elmi yanaşmalardan tutmuş nihilist yanaşmaya qədər hər cür münasibətlər hakim olmuşdu. Heydər Əliyev problemə münasibətdə obyektiv qanunauyğunluqlardan, sabit elmi dəyərlərdən çıxış etməyi vacib bilərək demişdir: “Biz hamımız dövrün, zəmanənin övladları olduğumuzdan onun stereotiplərindən kənara çıxa bilmirdik. Çıxmağa imkan da yox idi, çünki o zaman yazıçı da, alim də, adi adam da belə hesab edirdi ki, başqa cür ola bilməz. Ona görə də indi kiminsə döşünə döyməsi mənasızdır. Belələrinin özləri də o zaman bu cür yazmışlar. Bu, bizim tariximizin reallığıdır. Onu təhrif etmək olmaz... O dövrdə yaşayan və Azərbaycanın mədəniyyətini, ədəbiyyatını inkişaf etdirən adamlara indi irad tutmaq olmaz, bu, günahdır”.
Bu fikirlər səmimi etiraf olmaqla yanaşı, həm də Sovet dövrü Azərbaycan ədəbiyyatını obyektiv təhlil etməyi, bu ədəbiyyatı XX əsr Azərbaycan tarixi daxilində və bədii ədəbiyyatın ümumi inkişaf kontekstində qiymətini verməyi təməl prinsip kimi irəli sürürdü: “...əgər kimsə 80-ci illərin axırlarında, 90-cı illərin əvvəllərində tariximizin böyük bir hissəsini cırıb atmaq istəyirdisə və bəzən onlar buna nail olurdusa, özləri heç bir xidmət etməmiş adamlar xalqa sədaqətlə xidmət etmiş insanları aradan çıxarmağa çalışırdılarsa, bunlar keçici bir şeydir. Gördünüz ki, onlar keçdilər, getdilər. Bu gün onu deyə bilərəm ki, Süleyman Rüstəm, Səməd Vurğun, Rəsul Rza kimi böyük şairlərə, onların yaradıcılığında bugünkü günə uyğun olmayan hansısa nüansları tapıb irad tutmaq, hesab edirəm ki, mənəviyyatsızlıqdır. Belə adamların özləri xalq, millət, ölkə üçün heç bir şey etməyiblər. Əgər bizim xalq dili ilə desək, onlar nə Səməd Vurğunun, nə Rəsul Rzanın, nə də Süleyman Rüstəmin dırnağı qədər ola bilməzlər”.
1993-cü
ildə xalqın təkidli tələbi ilə yenidən
hakimiyyətə gələn Heydər Əliyevin
müasir ədəbiyyat kontekstində yerinə yetirdiyi
“yaradıcılıq” missiyasının realizəsi
bir tərəfdən klassik ədəbiyyatı yaşatmaqla
bağlı idisə, digər tərəfdən
çağdaş ədəbi prosesi gəlişdirmək
məqsədilə atılan bir sıra addımlarla əlamətdar
oldu; yaradıcılıq aləminə yeni istedadlı
müəlliflərin gəlməsində rol oynayan, sonradan
maddi çatışmazlıqlar ucbatından uzun fasilələrlə
işıq üzü görən, hətta bağlanmaq təhlükəsi
ilə üz-üzə duran ədəbi orqanların:
"Azərbaycan", "Literaturnı Azərbaycan",
"Ulduz", "Qobustan" jurnallarının və
"Ədəbiyyat qəzeti"nin dövlət
başçısının xüsusi qərarı ilə
müntəzəm surətdə ölkənin dövlət
büdcəsindən maliyyələşdirilməsi ədəbi
prosesin gəlişməsində əsaslı rol oynadı.
Heç bir şair və yazıçının fəaliyyətinə
biganə qalmayan, onların yubiley, anım mərasimlərində
iştirak edən Heydər Əliyevin ədəbiyyat, sənətlə
bağlı etdiyi çıxışlar mükəmməlliyi
ilə seçilir, şeirdən danışanda poeziyanın,
nəsrdən danışanda prozanın dərin bilicisi
təəssüratı doğururdu. Ədəbiyyatşünas-alim
Yaşar Qarayev bu məqamı dəqiq xarakterizə
edib: “…onun ifasında və icrasında siyasət də sənət,
siyasətçi də sənətkar səviyyəsinə
qalxa bilir. Daha doğrusu, siyasətçi də sənətkara
çevrilir, filosof təcəssümü, mütəfəkkir
obrazı, alim statusu ala bilər. Bütün bunlar Heydər
Əliyevin fəaliyyətindən həm də bir sənət
və sənətkarlıq hadisəsi kimi danışmağa
imkan verir…”
“Mən həyatda
yalnız üç şeyə arxalanmışam: Yaradanıma,
zəhmətimə və bir də xalqıma”, – demişdi
çıxışlarının birində Ümummilli
Lider. Xalqın dəyərləri, dünəni,
keçmişi onun üçün dövləti idarəetmə
strukturunun episentrində dayanan amillər idi. Həm çıxışlarında, həm də
şair-yazıçılarla olan görüşlərində
bu məqama diqqət yönəltməyi sevir, qələm
əhlini, ziyalıları da bu məqama həssas yanaşmağa
çağırırdı.
Heydər
Əliyev ədəbiyyatı! Bu faktdır,
tarixdir, hamımızın keçib gəldiyi, dürüstlüyünə
vaqif olduğumuz gerçəklər sırasıdır.
Necə ki, bütöv bir epoxa yazarlar nəsli
öz yaradıcılığında Heydər Əliyev
dühasının rolunu dönə-dönə vurğulamış,
səmimi etiraf anlarından tutmuş alt-fəlsəfə
məqamlarının işləndiyi yerlərə qədər
bu dühanın rolunu önəmsəməyə
çalışmışlar.
Heydər
Əliyev “Zamanı”ı! O, nəinki dövlətin rəmzinə
çevrilmiş ilk siyasi lider oldu, həmçinin
sözümüzün “yaddaş sirri”nə çevrilən,
cəmiyyətimizlə bahəm ədəbiyyatda da
başlanan yeni epoxanın təməlini qoyan, onun gəlişməsinə
təkan verən tarixi şəxsiyyət kimi seçilməyi
bacardı. Bu ali statusu Heydər Əliyev
öz ömür bioqrafiyası ilə qazandı. Ona görə hansı rakursdan yanaşılsa,
hansı səviyyədə bədii təcəssümün
predmetinə çevrilsə belə sonda gözlərimiz
önündə böyük əqidə və amal daşıyıcısı
olan eyni Obraz canlanır. Tərcümeyi-halını
məsləkinin ifadəsinə çevirmiş Heydər
Əliyev obrazı… Zaman keçir, bu gün Azərbaycanda
inkişaf edən, qurulan, böyüyən, intişar tapan hər
şeydə, eləcə də Zəfər təntənəsini
yaşayan Azərbaycanın hər qarışında Heydər
Əliyevin qırx illik siyasi yaradıcılığının
möhkəm təməlləri görünür. Bəli, “zaman - əbədi davam edən
keçmiş deməkdir”. Amma yalnız
tarixə və yaddaşa çevrilən keçmiş
bütün zamanlarda “var” olmaq gücünü saxlayır, əbədiləşir
və həyatın sonrakı axarına daxil olur. Dahi
şəxsiyyət Heydər Əliyev ömrü kimi!
Elnarə Akimova,
YAP İdarə Heyətinin
üzvü,
filologiya elmləri doktoru
İki sahil.- 2022.- 9 dekabr.- S.3.