Ulu Öndərin ən çox

sevdiyi abidələr məkanı

 

2023-cü ilin  «Heydər Əliyev İli» elan olunması ilə Şuşa şəhərinin «Türk dünyasının mədəniyyət paytaxtı» seçilməsinin eyni dövrə təsadüf etməsi türk dövlətlərinin həmrəylik nümunəsi olmaqla Ulu Öndərin ən çox sevdiyi bu qədim diyarla bağlı istəklərinin gerçəkləşməsidir   

 

Ölkəyə rəhbərliyinin hər iki dönəmində  daxili siyasətin əsas prioritetləri olan dövlətin mənefeyini qorumaq, iqtisadi və sosial islahatları paralel aparmaqla  xalqın  firavan yaşayışını təmin etmək, insan amilini fəallaşdırmaq,  vətəndaş məmnuniyyətini yüksəltmək üçün sağlam cəmiyyət formalaşdırmaq bacarığı ulu öndər Heydər Əliyevin liderlik fəlsəfəsinin, təcrübə məktəbinin əsas prinsiplərindən idi. Müasirləri arasında böyük nüfuza malik olan,   dünyasını dəyişdikdən sonra belə  tarixi  şəxsiyyət kimi yaşamaq haqqı qazanan, ardıcıllarına zəngin miras qoyan çox az dövlət xadimi olub.

Azərbaycana bir  qərinədən artıq rəhbərlik edən,  müstəqilliyimizin əbədiliyi naminə həyatını Vətəninə, xalqına həsr edən ümummilli lider Heydər Əliyev müəllifi olduğu müasir müstəqil Azərbaycanın suverenliyini  qorumaqla liderlik missiyasını layiqincə  yerinə yetirdi. Ölkəmizin dünya birliyində möhkəmlənən  mövqeyini apardığı demokratik islahatlarla  təmin etdi, dövləti etibarlı əllərə tapşırdı. Dünya siyasətində cərəyan edən prosesləri düşünülmüş məntiqinin gücü ilə təhlil edən, sözü,   sanbalı ilə seçilən ulu öndər Heydər Əliyev bütün dövrlərdə xalqımızın əbədi yaşar lideri adını tarixi xidmətləri ilə qazandı və doğrultdu. Ümumxalq məhəbbəti qazanmış müdrik şəxsiyyət, bitib-tükənməyən enerjisi ilə  xalqını inkişaf yolu ilə irəliyə aparan fenomen lider   dünya siyasətçiləri arasında öndərliyini  zəkası, siyasi təcrübəsi ilə təsdiqləməklə çoxlarına nümunə oldu.

Daim  xalqı ilə bir olan ulu öndər Heydər Əliyev bir çox siyasi xadimin öhdəsindən  gələ bilmədiyi  və həll edə bilməyəcəyi müşkül məsələləri zəkasının qüdrəti ilə həll etdi. Müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri sırasında liderlik adını sağlığında qazandı. Xalqımızın yetişdirdiyi nadir dövlət xadimlərindən olan, hər zaman insanları, Vətənini düşünən, Azərbaycanın beynəlxalq aləmdə özünəməxsus yet tutması,  söz sahibi olması üçün zəngin dövlətçilik  təcrübəsindən istifadə edən ulu öndər Heydər Əliyev üçün ən böyük mükafat Azərbaycanın suverenliyi, xalqının sevgisi və inamı idi.

Sağlığında əfsanəyə çevrilən, Kremldə çalışdığı illərdə belə  zəkası, hadisələrə yanaşması,  qiymət verməsi baxımından çoxlarını təəccübləndirən,  fenomen şəxsiyyət kimi  böyük nüfuz qazanan, zəngin həyat təcrübəsi olan Heydər Əliyev birinci  hakimiyyəti dövründə  Azərbaycanı iqtisadi  tənəzzüldən xilas etdi.

1993-cü ildə yenidən  hakimiyyətə qayıtmaqla  siyasi bacarığı, müdrikliyi ilə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas edən, insanlarda  milli təfəkkürü,  azərbaycançılıq məfkurəsini  formalaşdıran bu güclü şəxsiyyət xalqını vahid  məqsəd ətrafında birləşdirərək sabaha inam hissini artırdı. Danılmaz həqiqətdir ki, ölkəmizin bugünkü tərəqqisi Ulu Öndərin  düşünülmüş siyasətinin, tarixi hadisələrin gedişini irəlicədən müəyyən etmək bacarığının nəticəsidir. «Düzgün adam həqiqəti  hər yerdə deyir, ağıllı adam isə  həqiqəti  lazım olduğu zamanda söyləyir» müdrik kəlamı Ulu Öndərin şəxsiyyətində  əksini tapırdı.

Müdrik şəxsiyyət  Heydər Əliyevin  hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başladı.  Vətəndaş müharibəsinə son qoyuldu, qanunsuz silahlı birləşmələr tərksilah edildi. Azərbaycanda qayda-qanun yaradıldı və ölkə inkişaf dövrünə qədəm qoydu. O dövrdə həyati məsələ olan Milli Ordumuzun yaradılması ölkəmizin müdafiə qüdrətinin möhkəmləndirilməsi baxımından daha böyük diqqət tələb edirdi.  Onun uzaqgörən siyasəti nəticəsində  Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələr formalaşdırıldı.

Respublikada yaranan nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək müəllifi olduğu, eyni zamanda,  ölkəmizin inkişaf konsepsiyasını təşkil edən  neft strategiyasını hazırlamaqla,  «Əsrin müqaviləsi» kimi qlobal  layihənin imzalanmasına nail olmaqla dünyanın ən iri neft şirkətləri ilə əməkdaşlığın əsasını qoydu. Azərbaycanın qarşıdakı onillər üçün  inkişaf konsepsiyasını müəyyənləşdirən,  ümumbəşəri dəyərlərin xalqımız, milli mentalitetimiz, mənəviyyatımız üçün uyğun cəhətlərini tətbiq edən,  milli sərvətlərimizin təbliğinə geniş diqqət yetirən ümummilli lider Heydər Əliyev Azərbaycanın demokratiya yolu ilə inkişafını gələcək üçün təminat hesab edərək fəaliyyətinin bütün dövrlərində  əsas dayağı kimi xalqa arxalanırdı. Fenomen dövlət xadimi Heydər Əliyevin  nüfuzu,  müdrikliyi sayəsində Azərbaycanın müstəqilliyinə təhlükə olan pərdəarxası oyunlara, siyasi anarxiya və ekstremizm hallarına  son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tamamilə alındı, bütün qanunsuz silahlı dəstələr ləğv olundu.,  bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaranmışdı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevrilişlərinə cəhdlərin qarşısı ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində alındı, dövlət müstəqilliyi qorunub saxlanıldı.

Ulu Öndərin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Ermənistanın işğalı altında qalan torpaqlarımızın azad edilməsi idi. Müdrik şəxsiyyətin Heydər Əliyevin Azərbaycanı etibar etdiyi  layiqli davamçısı  Prezident İlham Əliyev  Ulu Öndərin bu arzusunu yerinə yetirdi.  Şuşanın Azərbaycan üçün müstəsna əhəmiyyət daşıdığını bildirən, şəhərin ilkin simasının bərpası üçün atılan addımların hər biri Ulu Öndərin istəklərinə hörmət ifadəsidir.   Azərbaycan mədəniyyətinin paytaxtı olan Şuşanın bərpasına  diqqətini  «Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır» söyləyən dövlət başçısı Prezident  İlham Əliyev ümummilli lider Heydər Əliyev məktəbinin layiqli davamçısı  olduğunu «Xarıbülbül», Vaqif Poeziya Günlərinin keçirilməsi ilə təsdiqlədi.  Bu şəhərə yüksək dəyər verən  ümummilli lider Heydər Əliyev Şuşanın Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olduğunu bu sözləri ilə ifadə edib: «...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.»

«Kiçik Paris», «Qafqazın sənət məbədi», «Azərbaycan musiqisinin beşiyi», «Şərqin konservatoriyası» adlandırılan  bu şəhər Ermənistanın işğalından azad edildikdən sonra əvvəlki görkəminə qaytarılır.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il «Heydər Əliyev İli» elan olunub. TÜRKSOY-un Daimi Şurasının Türkiyənin  Bursa şəhərində keçirilən iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilib. Hər iki mühüm hadisənin eyni ilə təsadüf etməsi haqqında  qərarların qəbulu türk dünyasının yenilməzliyinin, həmrəyliyinin  nümunəsi olmaqla Ulu Öndərin Şuşa ilə bağlı istəklərinin reallaşması deməkdir.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2022.- 16 dekabr.- S.3.