Heydər Əliyev və dünya
azərbaycanlılarının həmrəyliyi
Bu gün tarixi vərəqlədikcə
Heydər Əliyev zəkasının, düşüncəsinin,
müdrikliyinin böyüklüyünü bir daha hiss edir,
Ümummilli Liderin respublikamız, xalqımız
üçün misilsiz xidmətlər göstərdiyinin bir
daha şahidi oluruq
XX əsrin 70-ci illərinin əvvəllərindən
başlayan milli dirçəliş, iqtisadiyyat, mədəniyyət,
elm, təhsil və idmanın inkişafı, mənəvi
mühitin sağlamlaşdırılması
bütövlükdə milli özünüdərkə təkan
vermişdi. 1970-1980-ci illərdə Heydər Əliyev
böyük qətiyyət və cəsarətlə xalqın
tarixi yaddaşının qorunmasına, mədəniyyətinin
tərəqqisinə, Azərbaycanın bütün dünyada
tanınmasına çalışırdı.
Ümummilli Lider məhz həmin illərdə
milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, kadrların
milliləşdirilməsi, azərbaycançılıq
ideologiyasının sistem halına salınması istiqamətində
bir sıra mühüm tədbirlər həyata
keçirmişdir. Əgər ulu öndər Heydər
Əliyevin hələ respublikamıza birinci rəhbərliyi
dövründə Azərbaycanın sosial-iqtisadi, mədəni
yüksəlişi üçün həyata keçirilən
tədbirlər, milli şüurun oyanışı istiqamətində
istər açıq, istərsə də gizli şəraitdə
görülən işlər olmasaydı, bu gün Azərbaycanın
müstəqil xəttə malik suveren dövlət kimi
mövcudluğundan danışmaq çətin olardı.
Azərbaycanda
başlayan milli-azadlıq mübarizəsinin ən gərgin
vaxtında Heydər Əliyev dünya azərbaycanlılarının
vahid ideya ətrafında birləşdirilməsinin Azərbaycanın
gələcəyi üçün tarixi və strateji önəm
daşıdığını uzaqgörənliklə müəyyən
etdi. Həmin dövrdə Heydər Əliyev tərəfindən
irəli sürülmüş azərbaycançılıq
ideyası Azərbaycanın dünya birliyinə
inteqrasiyasının təməl sütunlarından birini təşkil
etməyə başladı. Məhz dahi lider Heydər
Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabr
ayının 16-da Naxçıvan Muxtar Respublikasının Ali
Məclisi "Dünya azərbaycanlılarının həmrəylik
və birlik günü haqqında" tarixi qərarı qəbul
etdi. Bu qərara əsasən, dekabrın 31-i Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü elan edildi. Beləliklə,
dünyanın 70-dən yuxarı ölkəsində məskunlaşan
50 milyondan çox azərbaycanlının vahid azərbaycançılıq
ideyası ətrafında birləşdirilməsinin və
milli diasporumuzun formalaşdırılmasının əsası
qoyuldu. Sonralar Ümummilli Lider 31 dekabr - Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü münasibətilə xarici ölkələrdə
yaşayan soydaşlarımıza müraciətlərindən
birində deyirdi: “Dünya Azərbaycanlılarının Həmrəyliyi
Gününün dövlət bayramı kimi qeyd edilməsi
xalqımızın milli azadlıq mübarizəsinin məntiqi
nəticəsi olaraq artıq xoş ənənəyə
çevrilmişdir. Qədim və zəngin tarixə malik olan
Azərbaycan xalqının dirçəlişini, tərəqqisini
və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik
uğrunda müqəddəs və məsuliyyətli
mübarizəyə səfərbər edən həmrəylik
günü hər bir azərbaycanlı üçün inam və
ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif
ölkələrində milyonlarla soydaşımız
yaşayır, işləyir, fəaliyyət göstərir.
Buna baxmayaraq, onların milli-mənəvi
varlığını yaşadan yeganə bir dövlət
var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır.
Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi
ideyasının əsasını da məhz Azərbaycan
dövlətçiliyinə, xalqımızın dilinə,
dininə, milli-mənəvi varlığına və ümumbəşəri
dəyərlərə hörmət, onların daim
qorunmasına, yaşamasına qayğı təşkil edir”.
Vətənini
və xalqını sonsuz məhəbbətlə sevən,
andına, sədaqətinə sadiq olan, qətiyyəti,
inamı, müdrikliyi ilə milyonları öz ətrafında
birləşdirməyi bacaran, hadisələri düzgün
qiymətləndirib reallıqlardan lazımi nəticə
çıxaran Heydər Əliyev kimi vətənpərvər
insan, siyasətçi yalnız bu tarixi yarada və yaza bilərdi.
Ulu öndər Heydər Əliyevin ömrü Azərbaycanın
iyirminci əsr tarixinə müdriklik, vətənpərvərlik,
insanlıq, azərbaycançılıq kimi bəşəri
dəyərləri bəxş etməklə bərabər, həm
də yeni tariximizdə xalq-rəhbər birliyinin yenilməzliyini
həqiqətə çevirdi. Xalqına, dininə, dilinə,
tarixinə, adət-ənənəsinə sadiq olanların
daim yaşayacağını sübut etdi, bəşəriyyət,
azad dünya, xoşbəxt gələcək üçün
qurub yaradanların daim xatırlanacağını göstərdi.
Müstəsna xidmətləri ilə əbədilik qazanan
ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu,
zəngin və çoxşaxəli irsi tükənməz ibrət
məktəbidir.
Bu
gün həm müstəqillik dövrünün, həm də
çoxəsrlik tarixinin zirvə hadisələrinə
şahidlik edən qədirbilən Azərbaycan xalqı
bütün bu reallıqları, ümummilli lider Heydər
Əliyevin misilsiz xidmətlərini olduqca yüksək qiymətləndirir,
müdrik dövlət xadiminin əziz xatirəsini
böyük minnətdarlıqla, sonsuz ehtiramla yad edir.
Çünki müasir Azərbaycan reallığı məhz
Heydər Əliyevin adı, siyasəti və fəaliyyəti
ilə bağlıdır. O, sözün əsl mənasında,
müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan
xalqının xilaskarı, dünya azərbaycanlılarının
Ümummilli Lideridir. Heydər Əliyevin zəngin siyasi irsi və
əbədiyaşar ideyaları isə xalqımızın
tükənməz mənəvi sərvəti, milli tərəqqi
yoludur. Ulu Öndər öyrədirdi ki, gücümüz birliyimizdədir.
Birliyimiz, həmrəyliyimiz ən kəsərli
silahımızdır. Azərbaycan torpaqları üzərində
özlərinə oyuncaq dövlət yaradıb tarixi ərazilərimizə
qarşı yeni iddialar irəli sürənlərə
cavabı da bu silahla verəcəyik. Belə də oldu..
Haqq,
ədalət uğrunda apardığı Vətən
müharibəsi sayəsində Azərbaycan xalqı Ulu
Öndər siyasətinin layiqli davamçısı, Ali
Baş Komandan İlham Əliyevin qətiyyəti və
uzaqgörənliyi sayəsində arzularının, ümidlərinin
gerçəkləşdiyi müqəddəs məqama yetdi.
Dünya azərbaycanlılarının həmrəyliyi 27
sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən
Vətən müharibəsi zamanı öz sözünü ən
yüksək səviyyədə dedi və tarixi Qələbəmizi
daha inamlı etdi. Müqəddəs Vətən müharibəsi
zamanı xaricdə yaşayan azərbaycanlıların
düşmənin və anti-Azərbaycan qüvvələrin
müxtəlif formada təzahür edən məkrli təxribatlarına
qarşı cəsarətli etirazları və
çıxışları, Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması
işində fədakar xidmətləri Qələbəmizə
layiqli töhfə oldu.
31
Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni il bayramını qeyd etməyimizə
artıq sayılı günlər qalıb. Bununla
üçüncü ildir ki, xalqımız bu dəyərli
günü müzəffər xalq, qalib ölkənin ləyaqətli
vətəndaşları kimi qeyd edir. İlin hesabatına
baxdıqda görürük ki, əgər 2020-ci il tariximizə
şanlı Qələbə ili kimi
düşmüşdüsə, növbəti iki il artıq
bu Qələbənin daha da möhkəmləndiyi, diplomatik
müstəvidə saysız-hesabsız uğurların əldə
olunduğu, azad olunmuş torpaqlarda yenidənqurma və bərpa
işlərinin geniş vüsət aldığı bir il
olaraq həkk olunub. Əminik ki, bu iki ildə olduğu kimi,
2023-cü il və bundan sonra qarşıdan gələn
bütün illər ölkəmiz üçün
uğurlarla, qürurdolu günlərlə yadda qalacaqdır.
Sevinc Azadi
İki sahil.- 2022.- 17 dekabr.- S.3.