Cavid yaradıcılığının əbədi
işığı
Akademik Teymur Kərimli:
Cavidşünaslığımızın bugünkü
inkişaf səviyyəsi qaneedici deyil
Türkiyədə
yaşadığı illərdə müəllimi Rıza
Tevfiq tərəfindən ona Cavid (əbədi) təxəllüsü
verilir. Zamanın davamında Hüseyn Cavid öz
yaradıcılığı, şəxsiyyəti ilə əbədiliyinə
imza atır...
Xalqımızın
Cavid Əfəndisi, mütəfəkkir, yazıçı və
dramaturq Hüseyn Cavid Azərbaycan ədəbiyyatında, mədəniyyətində,
ictimai-sosial həyatında unikal yeri olan bir şəxsiyyətdir.
Azərbaycan Milli
Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, şərqşünas
alim, professor Teymur Kərimli anadan olmasının 140 illiyi qeyd
edilən, dekabr ayında dünya ilə vidalaşan Hüseyn
Cavid haqqında fikirlərini bizimlə bölüşdü.
- Teymur müəllim,
istərdim ki, ilk növbədə Hüseyn Cavidin Azərbaycan
cəmiyyəti üçün kim olmağından söhbət
açaq...
Həmsöhbətimiz Hüseyn Cavid haqqında danışmağın elə də asan olmadığını deyir.
Səbəbini belə izah edir...
- Hüseyn Cavid 1956-cı ildə bəraət aldıqdan, Azərbaycanın dahi şairi, mütəfəkkiri, filosofu olduğu hər kəsə bəyan olunduqdan sonra onun haqqında çox yazılıb. Azərbaycan ziyalısı onun harada anadan olduğunu, hansı səbəbdən dünyasını dəyişdiyini, hansı əsərləri yazdığını az-çox bilir. Ona görə də Hüseyn Cavid haqqında danışmaq çətindir. Əvvəlcə onu deyim ki, Hüseyn Cavid Azərbaycan ədəbiyyatında, mədəniyyətində, ictimai-sosial həyatında unikal yeri olan bir şəxsiyyətdir.
Hüseyn
Cavid fitri
istedada sahib idi. Bununla yanaşı, çox
mütaliə etməklə istedadını inkişaf
etdirmişdi. Təbriz şəhərində mədrəsə (lisey),
İstanbulda universitet təhsili
almışdı. O, öz üzərində çox
çalışan bir insan olub. Həyat yoldaşı Mişkinaz xanım,
qızı Turan Cavid öz xatirələrində Cavidin gecələr
demək olar ki, yatmadığını, mütaliə
etdiyini, çalışdığını yazıblar. Onun
müxtəlif xalqların ədəbiyyatını, tarixini,
xüsusilə Şərq ədəbiyyat və tarixini dərindən
bildiyini bilirik. Buna görədir ki,
yazdıqları bu qədər sevilir. Əsərlərində
həm insani, həm də tarixi informasiya o qədər zəngindir
ki, hamı tərəfindən qəbul edilir, hər kəs
faydalana bilir. Qədim Romada “İnsan yaddaşı
çox qısadır” deyə bir söz olub. İnsan oxuduğunu hər
zaman yadında saxlaya bilmir, unudur. Ona görə də
Hüseyn Cavidin, Nizami Gəncəvinin, İmadəddin Nəsiminin,
Məhəmməd Füzulinin, Əli bəy Hüseynzadənin,
Məhəmməd Əmin Rəsulzadənin və digər böyük sənətkarlarımızın əsərləri bizim stolüstü
kitablarımız olmalıdır ki, öz tariximizi, bəşər
tarixini, eləcə də humanizmin tarixini unutmayaq. Özümün timsalında bir misal gətirim.
Orta məktəb illərində Nizaminin
bütün əsərlərini oxumuşdum. Sonra ali məktəbdə, aspiranturda təhsili alarkən
yenidən oxuyanda hər dəfə fərqli mənalarını
gördüm. Nizami əsərlərinin həm
zahir, həm də batin sevənlər üçün
olduğunu deyir. Hüseyn Cavidin əsərləri
də o qəbildəndir. Yaşın
müxtəlif mərhələlərində həmin əsərlərdən
özün üçün lazım olanları görür və
qəbul edirsən. Bizim böyük sənətkarların
yaradıcılığı kimi, Cavidin əsərləri də
əbədidir.
Texnologiyalar inkişaf edir, amma insan xisləti, xarakteri,
emosiyaları, instinktləri, təbiətlə vəhdətdə
olduğu dövrün yadda qalan genetik yaddaşı dəyişmir. Ona görə
də insandan bəhs edən əsərlər bütün
dövrlər üçündür.
Cavid hər şeydən əvvəl
böyük şairdir...
Biz Cavidə filosof, dramaturq, insanşünas, şərqşünas
və qərbşünas kimi baxsaq da, o, hər şeydən əvvəl
böyük şairdir. Şairlik öyrənilmir. Fitri istedad olduğundan bunun üçün hər
hansı bir institutu bitirməyə ehtiyac yoxdur. Necə ki, Şəhriyar deyir:
“Şair ola bilməzsən, anan doğmasa şair,
Missən, a balam, hər sarıköynək qızıl
olmaz”.
Cavidi də anası şair kimi dünyaya gətirmişdi. Sadəcə şairliyi ilə
də məşhur ola bilərdi, amma o,
bununla kifayətlənmədi və elm öyrəndi. Məhəmməd
Füzuli
"Elmsiz
şeir əsassız divar olur,
Əsassız divar qayətdə bietibar olur"
yazırdı.
Şeirin bünövrəsi elmdir. Ona görə
də Cavid ömrü boyu elm, Şərq və Qərb
tarixini öyrəndi. Gözlərini
müalicə etdirmək üçün getdiyi Almaniyada Qərbin
xislətini, oradakı insanları öyrəndi. Bu
gün “Azər” poemasını oxuyanda görərsiniz ki, Qərbin
indiki müəyyən liberalizmi, ikiüzlülüyü o
zaman da var idi və Cavid əsərində bunu təsvir edib. Bu da onu göstərir ki, sən özünü nə
qədər liberal göstərsən də, ikili
standartların genetik yaddaşında olacaq və yeri gələndə
tətbiq edəcəksən. Necə ki,ötən
30 il ərzində Qərb bunu bizə tətbiq etdi.
- Hüseyn Cavid Türk
dünyasını əhatə edən əsərləri ilə
də önə çıxır...
- Hüseyn Cavid böyük türkçü,
turançı idi. Türk tarixi onun
yaradıcılığından qızıl xəttlə
keçib. Ən böyük əsəri
“Topal Teymur”-da türkün faciəsini göstərir. Teymurlənglə (Əmir Teymur) Osmanlı sultanı
İldırım Bayəzid vuruşur. Bu
müharibələrin nəticəsi Avropaya fayda gətirir.
Çünki o dövrdə Osmanlı
imperiyası artıq Avropaya doğru genişlənirdi.
“Topal Teymur” çox gözəl əsərdir. Əsər türklərin
savaşının türk dünyasına nə qədər zərbə
vurduğunu ortaya qoyur:
“Teymur:
Heç maraq etmə, Xaqanım! Sən kor bir abdal, mən də
dəli bir topal! Əgər dünyanın zərrə
qədər dəyəri olsaydı,
yığın-yığın insanlara, ucu-bucağı yox məmləkətlərə,
sənin kimi bir kor, mənim kimi bir topal müsəllət
olmazdı”-deyir.
Bayəzid
isə ona cavab verir: “Düz deyirsən, amma onu da bil ki, sənin
qələbən Türk dünyasını topal qoydu. Sənin
özünə bənzətdi” .
Avropa türklərin bir-birini zəiflətməsindən
yararlanırdı. Eləcə də, Sultan Səlimlə
Şah İsmayılın müharibələrindən istifadə
edirdi və nəticədə Osmanlının Avropaya doğru
hərəkətinin qarşısı alındı.
Türklər bir-biri ilə
yaxınlaşmalıdırlar. Necə ki, bu gün
hörmətli prezidentlərimiz Rəcəb Tayyib
Ərdoğan, İlham Əliyev və digər türk
dövlətlərinin rəhbərləri birləşməyə
doğru gedirlər. Bu inteqrasiya
şübhəsiz ki, türkün inkişafına, gələcəyinə
xidmət edəcək.
Cavidin
Əbülqasım Firdovsinin anadan olmasının min illiyi ilə bağlı
yazdığı məşhur
Rüstəm Zalla
Əfrasiyabin döyüşündən bəhs edən “Səyavuş” əsərində də
türklər qonşuları ilə mübarizə aparır. Burada Cavidin türklərin tərəfində
olduğunu, onların özlərini müdafiə etdiyini,
qonşuların təcavüzkarlığını göstərdiyini
görə bilirik.
- Hüseyn Cavidin insanı
mənəvi təmizliyə, ədalətə,
hüquqların qorunmasına səsləyən əsərləri
ilə bağlı nələri vurğulamaq olar?
-
Götürək, “Peyğəmbər” əsərini. Bu əsər ilk
baxışda dini bir əsər kimi görünsə də, əslində,
insani əsərdir. Ədib burada peyğəmbəri
insan aşiqi kimi təsvir edir. Cavid öz əsərlərində
Nizamidə olduğu kimi, qadına çox böyük dəyər
verir. Onun “Peyğəmbər”, “Maral”, “Şeyda”, “Topal
Teymur” kimi əsərlərində möhtəşəm
qadın obrazları var. Cavid klassik ənənələrimizə
bağlı olmaqla yanaşı, həm də Şərq və
Qərb ədəbiyyatının ənənələrinə
bağlı idi.
Onun bədii əsərlərindən başqa publisistik
yazıları var. “Müharibə və ədəbiyyat” əsərində
həm Qərbin, həm də Şərqin fikrini əks
etdirir.
Yazdıqlarına həm ədəbiyyatçı, həm tarixçi
kimi yanaşması Cavidin əsərlərinin əbədi
olmasına səbəb olan amillərdəndir.
- Cavid üçün romantik şeirin və
ya mənzum faciənin banisidir, deməklə kifayətlənə
bilərikmi?
- Cavid
kimi insanlara ensiklopedik zəka sahibi deyirlər. Əgər
insanda istetdad varsa, özünü müxtəlif yönlərdən
göstərir. İstedadlı bir şair
öz üzərində çalışsa, yaxşı alim,
tarixçi, musiqiçi olacaq. Cavid və bizim digər dahilərimizin
istedadları müxtəlif yönlərdə
özünü göstərib. Bu cür
insanların həyatı gənclər üçün bir
örnəkdir. Əgər bizim
xalqımız belə bir dühanı yetişdiribsə, demək
bütün dövrlərdə yetişdirə bilər.
Ona görə də biz Hüseyn Cavidi məhdudlaşdıra
bilmərik.
- Cavidin əsərlərinin dilinin
sadələşdirilməsinə ehtiyac varmı?
- Cavid əsərlərinin
sonunda “imlasına toxunmamalı” yazırdı. Vaxtilə Mərkəzi
Komitənin göstərişi ilə Cavidin əsərlərinin
dilini “sadələşdirmək” işini gözəl
şairimiz Əliağa Vahidə təklif etdilər, ancaq o,
“mən ustadın dilinə toxuna bilmərəm!” deyə qəti
imtina etdikdən sonra bu işi professor Əkrəm Cəfərə
təklif etdilər. Onun da vaxtilə Cavidlə
bir haqq-hesabı olub. Əkrəm Cəfər
bu təklifi qəbul etdi. Əgər böyük sənətkar “imlasına
toxunmamalı” yazıbsa, ona toxunulmamalıdr. Oxuyanda hansısa bir sözü başa
düşmürsənsə, lüğətdən istifadə
etmək olar. Sadələşdirilmə deyilən proses əsərin
mahiyyətini, qiymətini və estetikasını itirir.
Azər Turan Cavidin seçilmiş əsərlərini
olduğu kimi, Türkiyədə nəşr elətdirib. Cavidin
yaşadığı dövrdə mövcud olan türk dili
indi yoxdur. Müasir Türk dilində saflaşdırılma
prosesi getdiyindən, dilə bir sıra yeni sözlər əlavə
olunduğundan əsərlərdə başa düşülməyən
sözlər ola bilər. Bu
cür sözlərin kitabda lüğəti verilib.
- Teymur müəllim, Hüseyn
Cavidi dünyaya yetərincə təqdim edə bilirikmi?
- Bakı
şəhərində fəaliyyət göstərən
Hüseyn Cavidin Ev-Muzeyində ədibin əsərləri
dünya dillərinə tərcümə olunur. Bu gün oxucular Hüseyn
Cavidi ingilis, fransız, urdu, fars və s. dillərdə də
oxuyur.
Sovet dövründə repressiyaya uğramış, uzun
illər unudulmuş, nəhayət bəraət qazanmış,
haqqında xeyli əsərlər yazılmış Cavid
müstəqillik dövrünün Cavidi ilə müqayisədə
xeyli “kiçikdir”. Bu gün onun böyüklüyünü həm
özümüz anlayır, həm də dünya
xalqlarına anladırıq.
Belə bir fikir var “hər bir elm o dərəcədə
elmdir ki, onda nə dərəcədə riyaziyyat var”. O baxımdan bizim ədəbiyyatşünaslıqda riyaziyyat çox az dərəcədədir.
Ona görə onu formalaşdırmaq çətin
olur. Elmi formalaşdırmaq
üçün ilk növbədə terminləri dəqiqləşdirmək
lazımdır. Biz ədəbiyyatşünaslıq
terminlərini ərəb poetikasından almışıq və
ərəb dilindən götürmüşük.
Çox vaxt təhlil,
təhqiq, tərif və tənqidin nə olduğunu bir-biri ilə
qarışdırırlar. Əgər
sözün kökünü bilmirsənsə, onu
qarışdırırsan. Ona görə
də klassiklərimizi, eləcə də Hüseyn Cavidin
özünü də tədqiq, təhqiq və tənqid edəndə
çox zaman qarışdırılır.
Çox vaxt Cavidin daxili məzmununa vara bilmədiklərinə
görə, onu təsvir edirlər.
Bizim cavidşünaslığımızın
bugünkü inkişaf səviyyəsi qaneedici deyil. Onu dünya ədəbiyyatşünaslığına
çıxarmaq üçün daha sanballı, dəqiq terminlərlə
ifadə olunmuş, daha böyük analogiyaları
özündə birləşdirən fikirlər deyilməlidir.
Hüseyn Cavidin qələmə
aldığı hansısa bir sözlə nə demək istədiyini
açmalıyıq.
Çox vaxt biz bunu edə bilmirik və ona görə də
Cavidi dünya səviyyəsinə çıxara bilmirik. Amma yəqin
ki, müstəqillik dövrünün ədəbiyyatşünaslığı
bunun öhdəsindən gələcək. Təkcə
Cavidi deyil, Nizamini, Füzulini, Nəsimini, Mirzə Fətəli Axundovu,
Mirzə Cəlil Məmmədquluzadəni, müasir
böyük şairlərimizi də dünyaya
çıxarcağıq. Görəcəklər
ki, biz nə qədər mədəni xalqıq. Mənfur düşmənlərimizin dediyi kimi, biz
bir ovuc köçəri deyilik. Deyim ki, bu
gün də artıq görməyə başlayıblar.
Cavidin heykəli Monteneqroda, Nyu-Yorkda qoyulur.
Monteneqroda mən də iştirak etdim. Böyük bir Azərbaycan parkının
ortasında Cavidin büstü qoyulub. Yaxud da Romada
Nizaminin heykəlinin qoyulması və s. Heydər Əliyev
Fondunun təşəbbüsü ilə bu işlərin
aparılması, mədəniyyətimizin bu cür geniş
arealda təbliğ olunması bizim nailiyyətimizdir.
- Cavidlərin həyatına son qoyan
repressiya, dağıdıcı müharibələr kimi bir
dövrü məhv etməyə xidmət edirdi. Sizcə, mənfur
qüvvələr öz istəklərinə nə dərəcədə
nail ola bildilər?
- Sovetlər
qurulanda bütün keçmiş mədəniyyəti məhv
etmək, xarabalıq üzərində yeni bir dünya qurmaq istəyirdilər.
Amma düşünmürdülər ki,
xarabalıqlar üzərində necə dünya qurmaq olar?
Səndən əvvəlki dünyanın ənənələrini
bilməsən nə edə bilərsən? Divarı uçurdun, amma bənna,
inşaatçı yoxdur və sən yeni binanı necə
quracağını bilmirsən. Ona görə
də məhvə doğru gedirsən. Bunlarla
bəşəriyyət tarix boyu üzləşib. Təsadüfi deyil ki, bu gün də dünya
nüvə təhlükəsi ilə
qarşı-qarşıyadır.
O dövrdə bir tendensiyaya çevrilən
repressiya daha çox türk xalqlarına
qarşı həyata keçirilirdi. Bu məsələdə
də ermənilərin rolu böyük idi. Onların türklərə nifrəti olduğundan
türk xalqlarından intiqam almağa
çalışırdılar. Bu
xalqların öz keçmişini, mədəniyətini
unutmaları üçün qaymağını
yığımağa çalışırdılar. Cavid də o şəxsiyyətlərdən idi ki,
xalqı özünü unutmağa qoymurdu. Ona görə də Hüseyn Cavid, Əhməd Cavad
və digər bu qəbildən olan şəxsiyyətləri
məhv etməli idilər. Sovet repressiya
maşınının çarxını ermənilərin əli
ilə bizim mədəniyyətin üstünə yönəltmək
istəyən qüvvələr bunu etdilər. Bu gün də bunu etməyə
çalışırlar.
Cavid bütün türk dünyasının, bəşəriyyətin
şairidir. Şəxsiyyəti ilə
yaradıcılığı üst-üstə düşən,
çox böyük hörmət sahibi, sevilən bir insan
olub. Ermənilər
bunu ona bağışlaya bilməzdilər. Onlar düşündülər ki, repressiya yolu ilə
Cavidi məhv etdilər. Amma Cavid əbədidir.
Bu gün də öz əsərləri ilə
aramızda yaşayır. Bizimlə
çiyin-çiyinədir. Müstəqil
dövlətçiliyimizin yüksəlməsi,
xalqımızın rifahı üçün əlindən gələni
edir və gələcəkdə də edəcək.
- Hüseyn Cavidin sürgün illəri
ilə bağlı çox az məlumat
var...
-
Sürgündə olduğu illərdən sadəcə
iki-üç məktubu qalıb. Sürgün
həyatı ilə bağlı elə bir məlumat yoxdur.
Ancaq xəstələnməsi və
dünyasını dəyişməsi kimi bilgilər var. Bəlkə
də nəsə yazırdı. Amma onu da əlindən
alıb məhv edərdilər.
- Qloballaşan dünya, müasir
texnologiyanın yaratdığı qarışıqlıq və
s.
Gənc nəslin keçmiş
gözəl örnəklərlə əlaqəsinin kəsiləcəyinin
narahatlığı yaşanır...
- Bu
gün gənclər daha çox sosial şəbəkələrdə
vaxt keçirir, texnologiyanın verdiyi imkanı daha çox
oyunlara sərf edirlər. Amma bəşər mədəniyyəti
bu cür dövrlərdən əvvəllər də
keçib. Tutaq ki, Xlll əsrdə monqolların
hücumu az qala mədəniyyətimizi məhv
edirdi. Amma məhv olmadı və
günümüzə gəlib çatdı. Bu gün də
xarici İKT-nin hücumu az qalır ki,
klassik mədəniyyəti məhv etsin, amma edə bilməyəcək.
Çünki o mədəniyyətin əsası
çox möhkəmdir. Həm da hazırda həmin dəyərlərin
arxasında dövlət qayğısı var. Böyük əsərlərin
yazılmasına stimul var. Mən də narahat oluram. Amma düşünürəm ki, mövcud durum
ötəri haldır. Ümumbəşəri
problemdir. Qloballaşmanın səsi bizə
o qədər xoş gəlir ki, hər kəs ona tərəf
qaçmaq istəyir. Buna yol vermək
olmaz. Müəyyən bir
ölçü olmalıdır. Tam ona
doğru getsən, məhv olacaqsan. Qüvvələri
birləşdirmək lazımdır ki, mentalitetimizi məhv
olmaqdan xilas edə bilək. Xilas
yollarından biri də Hüseyn Cavid kimi böyük sənətkarları
oxumaq, öyrənməkdir. İnformasiya-kommunikasiya
texnologiyaları nə qədər inkişaf etsə də,
texnologiyadan nə qədər asılı olsaq da, biz yenə də
Cavidi təbliğ edir və onu gənc nəslə sevdiririk.
Düşünürəm ki, Cavid bu gün sevildiyi kimi, gələcəkdə
də seviləcək.
Ümummilli
lider Heydər Əliyev nahaq yerə demirdi: “Cavid çox vaxt
Şekspirlə müqayisə edilir. Amma mən onu Yohann
Volfqanq fon Göte ilə müqayisə edərdim.
Amma nə yazıq ki, biz öz dahilərimizin
qiymətini bilmirik. Təsadüfi deyil ki, ilk dəfə
Heydər Əliyev Hüseyn Cavidin 100 illiyi ilə bağlı
Sərəncam verdi. Onun nəşini
uzaq Sibirdən Vətənə gətirdi. Bu, analoqu olmayan bir hadisə idi ki, sovet dövründə
repressiyaya uğramış və Sibirdə buzların
altında yatan böyük sənətkarın nəşini vətəninə
gətirəsən və onu öz xalqına qovuşdurasan.
Müstəqillik dövrünün Cavidi 1982-ci
ildən başlayır. O dövrdə 100 illiyi və
sonrakı illərdə də yubileyləri keçirildi. Bu il də Prezident İlham Əliyevin Sərəncamı
ilə yubileyinin keçirilməsi Cavidin unudulmayan bir şəxsiyyət
olduğunu göstərir.
Necə
ki, Əliağa Vahid deyir:
“Cavid həmişə
xalqımızın xatirindədir
Vahid, o yoxsa da, ruhu ilə həmvətənləriz”.
Doğrudan da, bu gün biz Cavidin ruhu ilə həmvətənlərik. Onu unutmuruq.
Kəssə
hər kim tökülən qan izini,
qurtaran dahi odur yer üzünü...
Cavid “Kəssə
hər kim tökülən qan izini,
qurtaran dahi odur yer üzünü” deyirdi. Burada
həm müharibələr, həm günahsız
insanların qətli nəzərdə tutulur. Təkcə qan tökmək deyil, insana elə bir
söz deyərsən ki, qanını tökməkdən betər
olar. Çox geniş bir mənanı ifadə
edən fikirdir.
Cavid elə bir şəxsiyyət idi ki, qan tökənlər
onun cismini məhv etsələr də, şəxsiyyətini,
mirasını yox edə bilmədilər.
Kütləni şəxsiyyətin üzərində
ucaltmaq sovet ideologiyası idi. Şəxsiyyəti
kütlə yaradır. Əgər kütlə
yuxarıda olsaydı, şəxsiyyəti aşağı
basardı. Kütlə hər zaman şəxsiyyətdən
aşağı durub. Tarixi yaradan kütlə
yox, şəxsiyyətdir. Bu gün də
elədir. Məsələn, ulu öndər
Heydər Əliyev olmasaydı, xalq kimin arxasınca gedəcəkdi?
Onun Cavid kimi şəxsiyyətlərə qiymət
verməsi, önə çıxarması, həm tarixi
gerçəkliyi əks elətdirməsi, həm də
özünün bir şəxsiyyət olmasıdır. Özü şəxsiyyət idi ki, onları
başa düşürdü. Heydər
Əliyev özü şəxsiyyət olmasa idi, Cavidi necə
başa düşəcəkdi? Cavid
külliyyatının hazırlanması, xalqa
çatdırılması ümummilli lider Heydər
Əliyev, Prezident İlham Əliyev kimi şəxsiyyətlərin
sayəsində mümkün olub.
Cavid haqqında çox yazılıb, amma yenə də
yazılmalıdır. Çünki onu müxtəlif nəsillər
oxuduqca müxtəlif cür başa düşəcəklər.
Özlərinə lazım olanı götürəcəklər.
Çağdaş-müasir Cavid, gələcək
Cavid və super gələcəyin Cavidi reallıqdır.
Aygün İbrahimli
İki sahil.- 2022.- 17 dekabr.- S.21.