Qürurla yaşanan ömür,
sevinclə qarşılanan 90 yaş
24 yaşından “Neftqazelmitədqiqatlayihə”
İnstitutunda çalışmağa başlayan, elə
burada da mühəndislikdən şöbə müdiri vəzifəsinə
qədər yüksələn Qəzənfər Məmmədovun
dekabrın 14-də 90 yaşı tamam olub. 2 ixtiranın, 150-yə
yaxın elmi, 40-dan çox elmi-publisistik məqalənin müəllifi
olan qocaman neftçi-alim Qəzənfər Məmmədovla
görüşüb, yubileyi münasibətilə təbrik
etdik.
1932-ci ildə Şəki şəhərində anadan olan Qəzənfər Məmmədov 1951-ci ildə orta məktəbi, 1956-ci ildə isə Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini “riyaziyyat” ixtisası üzrə bitirərək 24 yaşında gənc mütəxəssis kimi Azərbaycan Neft Sənayesi Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutunda əmək fəaliyyətinə başlayıb. Qəzənfər Məmmədov institutda çalışdığı ilk günlərdən öz bacarığı ilə hər kəsin rəğbətini qazanıb. Çətin məsələləri həll edərək neft sənayesinin inkişafına öz töhfələrini verib. Bu işdə onunu köməyinə institutun elektromodelləşdirmə laboratoriyasında istifadəyə verilən elektron hesablama maşınları (EHM) gəlib.
Qəzənfər müəllim ilk dəfə “Şirvan” və “Girovdağ” yataqlarının layihəsinin, eləcə də Neft Daşlarında fasilə lay dəstəsi deyilən yatağın layihəsinin tərtibində riyazi üsulları tətbiq edib. Qarşısına məqsəd qoyan gənc mütəxəssis tez bir zamanda çətin hesablama aparılan məsələləri bu maşının köməyi ilə həll etməyi bacarıb. Qəzənfər müəllim qeyd edir ki: 1985-ci ildə Neft Sənayesi Nazirliyi tərəfindən instituta 4-cü nəsil “ES1045” markalı çox sürətli elektron hesablama maşını verilmişdi. Geniş imkanlara malik həmin elektron maşında mühüm məsələlər həll edirdik.
Çalışdığı kollektivin rəğbətini qazanan gənc mütəxəssis Qəzənfər müəllimə 28 yaşından bu günə qədər yaşadığı 3 otaqlı mənzili də elə Dövlət Neft Şirkəti hədiyyə edib. Həmin illərdə Bakı şəhərində bir otaqlı mənzildə kirayədə yaşayan 7 nəfərlik ailənin böyük bir problemi həll olunub. Qəzənfər müəllim o gün bu xəbəri göz yaşları içində, sevinclə qarşıladığını indi də unutmadığını deyir. Elə bu evdə qocaman neftçi 2 övlad böyüdüb, nəvə sahibi olub.
Qocaman neftçi qeyd edir ki, o dövrlərdə Azərbaycanın neft yataqlarının işlənməsi ilə əlaqədar laylarda neft-su sərhədlərinin hərəkəti və quyuların sulaşması məsələlərinin həlli böyük maraq doğururdu. O, gənc mütəxəssis kimi bu sahəni tanınmış alimlər Böyükağa Əzimov və Vladimir Şelkaçovun rəhbərliyi ilə araşdırmağa başlayıb.
Onun 1964-cü ildə müdafiə etdiyi namizədlik dissertasiyası elektron hesablama maşınları və riyazi üsulların neft yataqlarının işlənməsi prosesində tətbiqinə dair ilk elmi əsər idi. 1964-cü ildə texnika elmləri namizədi elmi dərəcəsi, 1965-ci ildə isə hesablama riyaziyyatı üzrə böyük elmi işçi adı alan Qəzənfər Məmmədovun elmi uğurları Ukraynada, Qərbi Sibirdə, Tümendə, Surqutda uğurla tətbiq edilib. Mətbuatda tez-tez elmi və publisistik məqalələrlə çıxış edən Qəzənfər Məmmədov ölkə hüdudlarından kənarda elmi araşdırmaları ilə Azərbaycanı uğurla təmsil edib.
Qocaman neftçi bu gün dövri mətbuatı, elmi nailiyyətləri övladları və nəvələrinin köməkliyi ilə izləyir. 90 yaşlı Qəzənfər müəllim neft sənayesi işçilərinə daim böyük qayğı ilə yanaşan ulu öndər Heydər Əliyevlə bağlı xoş xatirələri yada salır. Məhz Ümummilli Liderin qətiyyətli mövqeyi nəticəsində 1979-cu ildə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun yaranmasının 50 illik yubileyi münasibətilə elm ocağına “Qırmızı Əmək Bayrağı” ordeni verildiyini vurğulayır.
Qəzənfər müəllim ulu öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu neft strategiyasının bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini bildirir.
Bir çox yüksək mükafatlara layiq görülən Qəzənfər Məmmədov onun üçün ən qiymətli mükafatın 2004-cü ildə ölkə başçısı cənab İlham Əliyevin Sərəncamı ilə təltif edildiyi “Tərəqqi” medalı olduğunu söyləyir.
Əzəli və əbədi Qarabağ torpaqlarının işğaldan azad edilməsindən də fəxrlə danışan Qəzənfər Məmmədov bildirir ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Zəfər tarixə qızıl hərflərlə yazıldı. Ölkə başçımız bütün dünyaya müdrik dövlət xadimi, böyük strateq və güclü sərkərdə olduğunu bir daha sübut etdi.
Qəzənfər müəllim həm də sədaqətli dost, gözəl ailə başçıcı, sevimli babadır. Qızı Nəzakət Məmmədova Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dosentidir. Oğlu Azər Məmmədov isə Bakı Dövlət Universitetinin Fizika fakültəsini qırmızı diplomla bitirib. 2 oğul nəvəsi də babalarının davamçısı sayıla bilərlər. Onlar informasiya texnologiyaları sahəsində Praqa Texniki Universitetində və Qərbi Kaspi Universitetində təhsil alırlar. 2 qız nəvəsi isə hüquq sahəsini seçiblər.
Qocaman neftçi gənc nəslə əziyyət və çətinliklərdən qorxmamağı, əxlaqi dəyərlərimizi qorumağı məsləhət görür. 90 yaşlı müdrik insan bu yaşında da 5 uşağı çətinliklə böyüdən, onlara savad verən anasını kövrək xatirələrlə anır, yazdığı şeirdən bir bənd deyəndə belə gözləri yaşarır:
Bürünüb buluddan mavi çadraya,
Sadiq sirdaş olur günəşə, aya.
Günəşin nurunu hərarətini,
Bədirlənmiş ayın təravətini.
Yığıb qucaq-qucaq göndərir bizə,
Bir sevinc bəxş edir ürəyimizə.
Gəlin anaların qədrini bilək.
Basıb
bağrımıza hər
an can deyək.
Şəki
şəhərində anadan olan, Bakı şəhərində
böyüyən Qəzənfər Məmmədov Azərbaycanın
ictimai-siyasi həyatında tanınmış mütəfəkkirlərdən
biri olan Şeyx Fərəculla Pişnamazzadənin nəvəsidir.
Böyük yazıçı Lev Tolstoyla rus dilində məktublaşan,
onun İslam dini haqqında
suallarına ətraflı cavablar hazırlayan Pişnamazzadənin
Tolstoya ünvanladığı məktublar indi Almaniyada Drezden
muzeyində saxlanılır. O zamanlar Qafqazda elm
dünyasının parlaq ulduzlarından sayılan
Pişnamazzadənin nəvəsi Qəzənfər Məmmədov
da bu gün elm carçısıdır.
Ötən illərini qürur
hissi ilə xatırlayan Qəzənfər
müəllim ömrünü bir alim, bir neftçi kimi mənalı
yaşayıb. Qəzənfər Məmmədova həsr
etdiyimiz məqaləni elə onun özünün
yazdığı şeirlə sonlandırmaq istərdik:
Qocalıq ucalıqdır, nurlu zirvədir.
Hər kəs
o zirvəyə yüksələ bilməz.
Onu bəndəsinə
Tanrı bəxş
edir.
Dəyəri-qiyməti ölçüyə gəlməz.
90 yaşınız mübarək,
əziz Qəzənfər
müəllim!
Y.Tağıyeva
İki sahil.- 2022.- 22 dekabr.- S.4.