Şöhrət zirvəsindən baxış...

 

Akademik Vaqif Abbasovun 70 illiyinə

 

Proloq əvəzi

 

“Hər kəsin öz taleyi, qisməti var. Hərdən kimsə deyəndə ki, geriyə qayıtsaydın, ya təzədən doğulsaydın necə yaşayardın? Mən buna etiraz edirəm. Çünki bilirəm ki, mümkün deyil. Ömür insana bir dəfə verilir və gərək o ömrü elə yaşayasan ki, dönüb geriyə baxanda peşman olmayasan. Çox şükür, bu gün xalqım, dövlətim mənə bu qədər dəyər verirsə, deməli 70 ili boşa verməmişəm.”

Yaşının, qoca deyil, ucalığın gözəlliyini yaşayır Vaqif Abbasov. Görkəmli elm xadimi, akademikin doğum günü 5 oktyab tarixidir əslində. Ancaq bu il bu özəl gününü, ömrünün 70-ci payızını yola salmağı ertələyib. Vətəni canından artıq, müqəddəs Şəhidliyə ucalmağı yaşamaqdan daha üstün tutanların, torpağın bağrı yarılmasın deyə sinəsini düşmən gülləsinə sipər edənlərin qırxları çıxmamışdı axı. Məncə də əsas burdan başlayır Vətənə, Vətən övladlarına, daha sonra isə bütün insanlara olan böyük sevgi...

 

Bir yazıya sığmayacaq

tərcümeyi-halından azacıq

 

Abbasov Vaqif Məhərrəm oğlu 1952-ci il oktyabr ayının 5-də Azərbaycan Respublikasının Tərtər rayonunun Cəmilli kəndində müəllim ailəsində anadan olub. 1968-ci ildə orta məktəbi bitirdikdən bir il sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Kimya fakültəsinə daxil olub. 1973-cü ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra qısa bir müddət doğma kəndində orta məktəbdə kimya müəllimi işləyib. buradan başlayan əmək fəaliyyəti onun gələcək bütün yuxusuz gecələrinin, elmin fədaisi kimi dayanmadan, yorulmadan çəkdiyi əziyyətlərinin, gələcək uğurlarının başlanğıcına çevrilib. 1973-cü ildə Akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) aspiranturasına qəbul olunan V.Abbasov 1977-ci ilə kimi həmin institutun aspirantı olub. 1978-ci ildə “Sintetik naften turşuları əsasında antistatik aşqarların sintezi və sınaqları” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edibkimya elmləri namizədi elmi dərəcəsi alıb.

D.Mendeleyev adına Ümumittifaq Kimya Cəmiyyətinin Azərbaycan İdarə Heyətinin fəal üzvlərindən biri olub. 1978-1981-ci illərdə iki dəfə bu Cəmiyyətin mükafatına və diplomuna layiq görülüb.

1984-cü ildən başlayaraq NKPİ-ninKorroziya inhibitorları və konservasiya mayeləri” laboratoriyasına rəhbərlik edib, 2006-cı ildən, eyni zamanda, Çoxfunksiyalı reagentlərin kimyası və texnologiyası şöbəsinin müdiri kimi fəaliyyət göstərib. 2007-2008-ci illərdə laboratoriya müdiri, şöbə müdiri işləməklə yanaşı, NKPİ-nin elmi işlər üzrə direktor müavini vəzifəsini də icra edib. Və nəhayət, 2011-ci il dekabr ayının 21-dən Neft-Kimya Prosesləri İnstitutunun direktoru vəzifəsində çalışır.

 

Sadə və səmimi...

 

Xəbərsiz getmişdik. Elm və Təhsil Nazirliyində iclasdaymış. Gözlədik. Gəldiyimiz haqda məlumat vermişdilər deyə çıxan kimi özü əlaqə saxladı. “Bağışlayın, zəng etmədən gəlmişik. Sizinlə 70 illik yubileyinizlə bağlı yazı hazırlamaq...” fikrimizi tamamlamağa imkan vermədi, “Bağışlayın, sizi gözlətdim, bir azdan gələcəm” dedi. Dediyi vaxtda da gəldi. Gəldi və tanışlığımızın elə ilk anındaca anladım ki, elmin çoxları üçün əlçatmaz görünə biləcək qədər yüksəkliyinə ucalmış, zirvələrini fəth etmiş akademik Vaqif Abbasov böyük alim olduğu qədər də rahat danışa, dərdləşə biləcəyin sadə bir insandır. Sadə, təvazökar. Haqqı, borcu bilən, unutmayan. Deyir, həyat yolumda əldə etdiklərimdə, insanlara olan sevgimdə və sevilməyimdə valideynlərimin böyük payı var. Çünki bu sevgini, sadəliyi, xeyirxahlığı, ehtiyacı olanlara dəstək durmağı, cavanları ucaltmağı canıma, qanıma onlar hopdurublar. Onlar və müəllimlərim.

...Niyə məhz kimya? Özüpaytaxtdan uzaq bir rayonun Cəmilli adlı dağətəyi kəndindən ali təhsil almaq üçün Bakıya yollanan gənc Vaqif Abbasovu bu sahəyə həvəsləndirən nə idi? Axı dəqiq və texniki elmlər üzrə çoxsaylı alimlərimiz olsa da biz xalq olaraq daha çox humanitar elmlərə, ədəbiyyata, incəsənətə maraq göstəririk. Maraqlı səbəbi var imiş: “Ötən əsrin 60-cı illərində bütün keçmiş SSRİ-də bir strategiya yürüdülürdü – elektrikləşmə, ölkənin kimyalaşması və kommunizm. Maraq elə ordan başladı. Sonra dahi Yusif Məmmədəliyevin həyatı haqqında oxuyandan sonra bildim ki, mənim həyatım ancaq kimya elminə bağlı olmalıdır. O gün, bu gün kimya ilə məşğulam. Nə az, nə çox, düz 49 ildir ki, bu institutda çalışıram.

bir də Allahın bəxş etdiyi seçim, alın yazısı var. İnsanın ömür yolunu müəyyən edən, onun gələcəyini, həyatını istiqamətləndirən...”

Vaqif müəllim doğulub-böyüdüyü torpağa o qədər bağlıdır ki. Bu qədər işin, qayğıların arasında ayda iki dəfə gedir 30 il erməni işğalçılarının qarşısında qeyrətlə, mərdliklə dayanmış qəhrəman Tərtərə. Hər gedişində də ata-anasının, şəhidlərin qəbirlərini ziyarət edir.Bu mənim yaşam fəlsəfəmdir. Bunu özüm üçün qanun qəbul eləmişəm” deyir. Söhbət Cəmilli kəndindən düşdüsə, uşaqlığını xatırlayır, daha sonra yaşadığımız acı günləri xatırlayır, gizlincə köks ötürür:

“Evimizlə erməni səngəri arasındakı məsafə çox yaxın idi. Nə müsibətlər çəkdi orda kəndimizin, Tərtərin camaatı 30 ildə. Allaha şükürlər olsun ki, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu erməni işğalçılarını torpaqlarımızdan qovub çıxardı, şanlı Qələbə qazandıq. Odur ki, bu gün daha doğma Tərtərimə fəxrlə, qürurla, qalib ölkənin vətəndaşı kimi gedirəm!”

 

Sonsuz zəhmətin dolu-dolu bəhrəsi

 

Vaqif müəllimin 600-dən çoxu məqalə, 433-ü tezis olmaqla ümumilikdə 1280-dən artıq elmi əsəri çap olunub. Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 60-dan artıqdır ki, onlardan 21-i keçmiş SSRİ-nin müəlliflik şəhadətnaməsi, 4-ü Rusiyanın, 31-i Azərbaycanın və 4-ü AvropaAsiya ölkələrinin patentidir. Görkəmli alim xaricdə nəşr olunmuş 267 elmi əsərin, 13-ü kitab olmaqla 100-dən çox publisistik materialın, 17 kitab və monoqrafiyanın, 21 dərsliyin, 24 dərs vəsaitinin müəllifidir.

Mükafatlarını isə saymaqla qurtarmaz. Keçmiş SSRİ-nin “Qabaqcıl ixtiraçısı” döş nişanından tutmuş, Təbiətşünaslıq Elmləri üzrə Avropa Akademiyasının “Qızıl Cəngavər” ulduzuna,  Atatürk Uluslararası Ödülündən tutmuş, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeninə qədər çoxsaylı təltiflər, həmakademik Vaqif Abbasovun elm yolunda sonsuz zəhmətinə, gərgin əməyinə, ixtiralarına verilmiş dəyərdir. Azərbaycan xalqının, dövlətinin və dünya elm ictimaiyyətinin verdiyi dəyər.

70 yaşınız mübarək, canınız sağlam, uğurlarınız bol olsun, Vaqif müəllim! Növbəti yubileylərinizi və yeni nailiyyətlərinizi təbrik etmək diləyi ilə...

 

P.S. Görkəmli alim, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasovla müsahibəni “İki sahil TV”nin “Həmsöhbət” verilişindən izləyə bilərsiniz. https://www.youtube.com/watch?v=outCjiDkuRE

 

Mahir Rəsuloğlu

 

İki sahil.- 2022.- 24 dekabr.- S.15.