2023-cü il: “Heydər Əliyev İli”
Ölkə vətəndaşları,
bütün dünya azərbaycanlıları və
türkdilli xalqlar müstəqil Azərbaycanın memarı və
yaradıcısı, XX əsr milli tariximizin ən qüdrətli
siması olan görkəmli siyasi və dövlət xadimi Heydər
Əliyevin anadan olmasının 100-cü ilini böyük həyəcan
və sevinclə qarşılamağa hazırlaşır
Çoxəsrlik
dövlətçilik tariximizdə dahi şəxsiyyət
Heydər Əliyevin öz yeri, öz dəst-xətti
vardır. Dünya tarixinin nadir şəxsiyyətlərindən
biri olan böyük insan sözün həqiqi mənasında
təkcə öz xalqının deyil, ümumən bəşəriyyətin
tərəqqisi yönündə əvəzsiz xidmətlər
göstərən bir dahi idi. Azərbaycanın tarixinin
yarım əsrə yaxın dövrü məhz Heydər
Əliyevin adı və fəaliyyəti ilə
bağlıdır.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ilk növbədə ölkədə siyasi sabitliyin yaradılmasına diqqət yetirdi. Bu, respublikamızın inkişaf etdirilməsi, dövlət quruculuğu sahəsindəki islahatlarının həyata keçirilməsi üçün ilkin şərt idi. Ölkə başçısı kimi fəaliyyətə başladığı ilk gündən Heydər Əliyev dövlət quruculuğu prosesini demokratik prinsiplər əsasında qurdu. Ulu Öndər, Azərbaycanı müstəqil, demokratik, hüquqi, dünyəvi vətəndaş cəmiyyətinə əsaslanan qüdrətli bir dövlətə çevirmək üçün gecə-gündüz yorulmadan gərgin fəaliyyətə başladı. Qısa zaman ərzində milli-mənəvi dəyərlərimizin, irsimizin qorunub saxlanmasını, daha da inkişaf etdirilməsini vacib məsələ kimi irəli sürdü və bu təməl üzərində yeni, müasir Azərbaycan yaratdı.
Yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Ulu Öndər Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çox böyük cəsarətlə çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən edərək onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Onun fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının qurulması, dayanıqlı iqtisadi inkişafın təmin edilməsi, dünya iqtisadiyyatına inteqrasiya prioritet olmuşdur. Dahi rəhbər qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə, beynəlxalq müqavilələrin imzalanmasına nail olmuş, eyni zamanda, sahibkarlığa, sərbəst rəqabətə yol açan sosialyönümlü iqtisadiyyat modelinin əsasını qoymuşdur.
Ulu öndərin milli-mənəvi dəyərlərimizin qorunmasında və inkişafında göstərdiyi xidmətlər misilsizdir. Tarixi, adət-ənənələri, milli fəlsəfi məfkurəni, təcrübəni və zəngin mədəniyyətimizin bütün çalarlarını özündə ehtiva edən azərbaycançılıq ideologiyasının müəllifi məhz ümummilli lider Heydər Əliyevdir. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Ulu Öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Heydər Əliyevin fəlsəfi baxışlarına görə, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməldir. "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq" deyən Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur.
Bu gün xalqımız əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Əldə edilən uğurların icraçısı isə Ulu Öndərimizin layiqli siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyevdir. 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil olub, 2003-cü ildən sonrakı dövr isə böyük yolun davamı kimi dəyərləndirilir. Bu gün Prezident İlham Əliyevin gördüyü işlər Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. Həyata keçirilən uğurlu siyasət Azərbaycanı yalnız regionda deyil, həmçinin beynəlxalq miqyasda da söz sahibi olan bir ölkə kimi tanıtdırdı. 44 günlük İkinci Qarabağ - Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə bu uğurların məntiqi nəticəsidir.
Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü il “Heydər Əliyev İli” elan edilib. “Heydər Əliyev İli” bu dahi şəxsiyyətin həyatı, fəaliyyəti, mübarizəsi və idealları ilə əlaqədar bir çox mühüm məsələlərə yenidən və əsaslı qayıdışa şərait yaradacaqdır. Bu, həm də Ulu Öndərin Azərbaycanın ən yeni tarixinin 34 illik dövründə Azərbaycan xalqı, dövlətçiliyimiz, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi uğrunda yorulmaz fəaliyyətinə və misilsiz xidmətlərinə verilən yüksək dəyərdir. Sevindirici haldır ki, Azərbaycan xalqı 2023-cü ili - “Heydər Əliyev İli”ni də doğma Qarabağımızın yenidən çiçəklənməsi və Böyük Qayıdışın davam edəcəyi il kimi qeyd edəcəkdir. Gələn il, həmçinin Ulu Öndərin anadan olmasının 100 illiyi dünya azərbaycanlıları tərəfindən də geniş şəkildə qeyd olunacaqdır.
Azərbaycan xalqının Heydər Əliyevə olan məhəbbəti əbədidir. Xalqımız hər zaman öz xilaskarını dərin minnətdarlıq hissi ilə xatırlayacaqdır. Nə qədər Azərbaycan var, nə qədər bu xalq var, Heydər Əliyev də var olacaq və əziz xatirəsi qəlbimizdə hər zaman əbədi yaşayacaq.
Sevinc Azadi
İki sahil.- 2022.- 29 dekabr.- S.4.