Heydər
Əliyev ideyaları Azərbaycanı daha böyük hədəflərə
çatdıracaq
Belə bir deyim var ki, tarixi şəxsiyyətlərin
nəhəngliyi zaman keçdikcə daha aydın şəkildə
görünməyə başlayır. Çünki onlar
uzaqgörən qərarları ilə öz millətinin gələcəyini
müəyyən edərək bir növ zamanı qabaqlamaq
missiyasını yerinə yetiriblər. Bütün
ömrünü xalqının azadlığı və
xoşbəxtliyi uğrunda mübarizəyə həsr edən
ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı
qarşısındakı tarixi xidmətləri də illər
ötdükcə daha aydın şəkildə görünməkdədir.
Ölkəmizin bugünkü dinamik və hərətəfli
inkişafını, həyatımızın bütün sahələrində
yüksəliş və tərəqqini müşahidə
etdikcə Heydər Əliyevin böyüklüyünü və
müdrikliyini daha dərindən dərk etmiş oluruq. Xilaskarlıq missiyasını üstlənərək
Azərbaycan xalqını ən ağır bəlalardan hifz
edən, çox mürəkkəb gesosiyasi reallıqların
hökm sürdüyü bir şəraitdə Azərbaycan
dövlətini parçalanmaq təhlükəsindən
qoruyan və bütün çətinliklərə, təzyiq
və təhdidlərə sinə gərərərək
“Mənim üçün hər şeydən əziz mənim
xalqımdır, mənim Vətənimdir, mənim
torpağımdır” söyləyən ümummilli lider Heydər
Əliyev hər bir azərbaycanlının qəlbində əbədi
taxt qura bildi.
Müstəqilliyimizin ilk illərində
hakimiyyəti qanunsuz olaraq qəsb etmiş AXC-Müsavat
cütlüyünün səriştəsiz idarəçiliyi
Azərbaycanı sözün əsl mənasında
uçuruma sürükləyirdi. Ölkəmiz dünya xəritəsindən
silinmək təhlükəsi ilə üz-üzə
qalmışdı. Belə şərtlər daxilində
nəinki ölkənin inkişaf trendlərini müəyyən
etmək mümkün deyildi, hətta gələcək
mövcudluğumuz böyük bir sual altında idi. Belə bir məqamda yeganə nicat yolunu Heydər
Əliyevin yenidən hakimiyyətə qayıdışında
görən Azərbaycan xalqı onu təkidlə Bakıya,
Azərbaycan adlı gəminin sükanı arxasına
keçməyə çağırırdı.
Xalqımız inanırdı ki, Azərbaycanı
düşdüyü bu ağır, mürəkkəb və
faciəvi vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi
böhrandan yalnız Heydər Əliyev xilas edə bilər.
Beləliklə, müdrik xalqımızın təkidli tələbi
ilə Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə
möhtəşəm qayıdışı baş tutdu. Bu tarixi dönüş olmasa idi, bəlkə
bugünkü Azərbaycan da olmazdı. Qısa bir zamanda
ölkədə vətəndaş müharibəsi təhlükəsinin,
daxili və xarici bədxahların Azərbaycanı
parçalamaq, dövlətçiliyimizi məhv etmək
istiqamətindəki bütün cəhdlərinin
qarşısı unikal siyasi taktikalarla alındı.
Ümummilli lider öz qayıdışı ilə Azərbaycana
sabitlik, təhlükəsizlik, dirçəliş və
davamlı inkişaf gətirdi.
Heydər Əliyevin xalqımız və
dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən
biri ümumxalq partiyası olan Yeni Azərbaycan
Partiyasının yaradılmasıdır. Yeni Azərbaycan
Partiyasının yaranması tarixi zərurət idi. YAP Azərbaycanın
müstəqillik tarixinin son dərəcə ağır və
keşməkeşli günlərində, ölkənin ciddi
sınaqlarla üz-üzə qaldığı bir dövrdə
Azərbaycan ziyalılarının təşəbbüsü
və fəal iştirakı ilə yaranmışdır.
Ulu öndərin siyasi təcrübəsi,
müdrikliyi, tarixi xidmətləri, Naxçıvanda
çalışdığı dövrdə göstərdiyi
əsl vətənpərvərlik nümunələri və
öz xalqına olan sonsuz sevgisi Azərbaycanın mütərəqqi
insanlarının onun ətrafında sıx birləşməsini
təmin etdi. Ümumiyyətlə, Azərbaycanda siyasi təsisatların
formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı
gedişində özünü büruzə vermiş,
1990-cı ilin əvvəllərindən etibarən isə bir
sıra siyasi təşkilatlar meydana gəlmişdir. Lakin yaradılan partiyalar ölkəni
düşdüyü ağır iqtisadi, siyasi, mənəvi
böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə
olan və bir-birini əvəz edən siyasi qüvvələr
respublikadakı vəziyyəti daha da
ağırlaşdıraraq ölkəni təhlükəli
böhran vəziyyətinə çatdırdılar. Taleyüklü hadisələrin
yaşandığı belə bir məqamda Azərbaycan
ziyalıları ölkəni böhrandan çıxara biləcək
yeni bir partiya yaratmaq təşəbbüsü ilə
çıxış etdilər və bu məqsədlə
xalqın sınanmış lideri və müdrik oğlu Heydər
Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.
91 nəfər Azərbaycan ziyalısının
imzası ilə o vaxt Naxçıvan Muxtar
Respublikasının Ali Məclisinin sədri vəzifəsini
tutan Heydər Əliyevə müraciət göndərildi. Həmin
sənəd əslində, bütün xalqın arzu və istəklərini
ifadə edirdi. Müraciətdə Heydər Əliyevdən
yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək
xahiş olunurdu. Heydər Əliyev xalqın müraciətini
qəbul etsə də, onun Bakıya gəlməsinə o
zamankı hakimiyyət maneələr ciddi manelər törədirdi.
Hətta o vaxt hakimiyyətdə olan
AXC-Müsavat cütlüyü torpaqlarımıza təcavüz
edən düşmən Ermənistanla savaşmaq yerinə, xəyanətkar
xislətinə uyğun olaraq, Naxçıvana hərbi desant
göndərirdi ki, Heydər Əliyevi hakimiyyətdən
devirsinlər. Beləliklə, 550 nəfərdən ibarət
təşəbbüs qrupu Naxçıvana gedərək
partiyanın təsis konfransını orada keçirməyə
nail oldular.
Əlbəttə, Heydər Əliyevə olan
bu inam və etimadın əsasları onun 1969-1982-ci illərdə
Azərbaycana rəhbərlik etdiyi dövrdə
qoyulmuşdur. Heydər
Əliyev uzaqgörən, müdrik və dahi siyasətçi
olduğunu hələ ölkəyə ilk dəfə rəhbərlik
etdiyi həmin illərdə sübut etmişdir. Ulu öndər Azərbaycanda birinci dəfə
hakimiyyətə gələndə ölkəmiz iqtisadi və mədəni tənəzzül
dövrünü yaşayırdı. O zaman məhz Heydər
Əliyevin gəlişi ilə cəmiyyət həyatının
bütün sahələrində sürətli yüksəliş
dövrü yaşandı. Həmin vaxt ulu
öndərin qətiyyətli, cəsarətli və müdrik
addımları, korrupsiyaya və rüşvətxorluğa
qarşı amansız mübarizəsi haqlı olaraq ona
xalqın sevgi və rəğbətini qazandırdı.
Əgər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik
etməyə başlayanda Azərbaycan
Respublikası Sovet İttifaqının müttəfiq
respublikaları arasında bütün göstəricilərə
görə axırıncı yerlərdə idisə, 1982-ci
ildə ən qabaqcıl yerlərdə qərarlaşmışdı.
Bütün bu amillər isə qədirbilən
xalqımızın diqqətindən qaçmırdı
və beləliklə, xalqımız o təlatümlü
günlərdə xilaskar kimi məhz Heydər Əliyevin ətrafında
sıx birləşməklə ölkəni uçurumdan
xilas etdi.
Heydər Əliyevin 1993-cü ildə
Azərbaycan rəhbərliyinə qayıdışı ilə
ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında,
beynəlxalq əlaqələrdə dönüş
yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə
uyğun müstəqil dövlət quruculuğu prosesinə
start verilmişdir. O vaxta qədər vahid
komandanlıqdan idarə olunmayan, müqavimət qabiliyyətini
itirmiş və başıpozuq hərbi dəstələrdən
təşkil olunmuş ordu Heydər Əliyevin həyata
keçirdiyi təxirəsalınmız tədbirlərin nəticəsində
Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami
silahlı qüvvələrə çevrilir. Əlbəttə,
torpaqları işğal altında olan ölkənin
güclü ordusu olmalı idi. Bu reallıqdan irəli gələrək,
müasir ordu quruculuğu strategiyasının
reallaşmasına start verilir. Tam əminliklə deyə bilərik
ki, 44 günlük Vətən müharibəsində
qazandığımız şanlı zəfərin təməlləri
məhz ulu öndər Heydər Əliyevin hərb sahəsində
apardığı islahatlarla qoyulmuşdu.
Heydər Əliyevin son dərəcə
gərgin və səmərəli fəaliyyəti nəticəsində
ölkəmizin təbii sərvətləri və əlverişli
coğrafi-strateji mövqeyinin üstünlüklərindən
milli mənafelərimizə uyğun şəkildə istifadə
edilməsi təmin olunmuşdur. Onun
böyük siyasi iradəsi və müdrik uzaqgörənliyi
sayəsində əhəmiyyətli beynəlxalq layihələrə
imza atılmış və onların həyata keçirilməsinə
başlanmışdır. 1994-cü ildə sentyabrın 20-də
imzalanan "Əsrin müqaviləsi" bu mənada
xüsusi əhəmiyyət daşıyır. Müstəqilliyinin
ilk illərindən etibarən iqtisadi təlatümlər
içərisində boğulan Azərbaycan bu sazişin
imzalanması ilə böyük tənəzzüldən xilas
olaraq sürətli inkişaf yoluna qədəm qoydu. Azərbaycanın
inkişafını gözü götürməyən bəzi
xarici dairələr bu müqavilənin bağlanmasına ya
açıq, ya da gizli maneələr yaradırdılar. Heydər Əliyev özünün müdrik siyasəti,
mətin və cəsarətli addımları ilə Azərbaycan
nefti birbaşa Ceyhan limanına çıxarıldı və
burada yüksək tonnajlı tankerlərlə dünyanın
istehlakçı ölkələrinə
çatdırıldı. Bu, Azərbaycanın siyasi və
iqtisadi qələbəsi idi. Ölkəmizin
bugünkü inkişafında “Əsrin müqaviləsi”nin
yeri ölçüyə gəlməzdir.
Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan
dövləti dünyanın aparıcı ölkələri
və beynəlxalq təşkilatları ilə milli maraqlara və
uzaqgörən siyasi perspektivlərə söykənən
münasibətlər qurmuşdur. Onun xarici siyasət
məsələlərinə müstəsna əhəmiyyət
verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli
addımlar atması, milli məqsədlər naminə ən
nüfuzlu tribunalardan bacarıq və məharətlə
istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu
günü və gələcəyi baxımından son
dərəcə əhəmiyyətli olmuşdur.
Ulu öndər vaxtilə demişdir: “Azərbaycan
dünyaya Günəş kimi doğacaq”. Həqiqətən
də, bu gün ölkəmiz Prezident İlham Əliyevin və
birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın
simasında dünyaya bir Günəş kimi parlayır.
2003-cü ilin prezident seçkiləri ərəfəsində
ümummilli liderimiz Heydər Əliyevin xalqa müraciəti
zamanı ifadə etdiyi “İnanıram ki, mənim axıra
çatdıra bilmədiyim taleyüklü məsələləri,
planları, işləri İlham Əliyev başa
çatdıra biləcək. Mən ona
özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm” müdrik kəlamı
reallıqda tam təsdiqini tapdı. Ali Baş
Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi
ilə apardığımız “Dəmir yumruq” əməliyyatı
nəticəsində 30 il işğal altında qalan
torpaqlarımız azadlığa qovuşdu, ərazi
bütövlüyümüz bərpa olundu. Qarşıda isə
bizi daha böyük hədəflər, məqsədlər
gözləyir. Bu hədəflərə çatmağın
yeganə qarantı isə xalq olaraq Prezidentimizin ətrafında
sıx birləşmək və Heydər Əliyev
ideyalarını gələcək nəsillərə
ötürməkdir. Heydər Əliyev siyasəti uğurlu və xoşbəxt gələcəyimizin
əsas təminatçısıdır.
Elşard Mirbəşirli
İki sahil.- 2021.- 6 may.- S.11.