Hər bir millətin tərəqqisinin əsası elmdir

 

Bu gün fundamental tədqiqatları ilə Azərbaycan elminin inkişafına sanballı  töhfələr vermiş  akademik Cəlal Əliyevin anım günüdür

 

“Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar» qiymətli fikirlərin müəllifi, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev, eyni zamanda, bildirirdi ki, hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə müəllimə borcluyuq.

Azərbaycan daim  yerləşdiyi coğrafi məkan və  malik olduğu təbii resurslarla yanaşı, elmi potensialı ilə dünyanın diqqətində olub. Azərbaycan alimləri tarix boyu dünya elminin inkiafına davamlı töhfələr veriblər. Məhz bu töhfələrə əsaslanaraq  deyə bilərik ki,  elmin, təhsilin və iqtisadiyyatın vəhdətinin yaradılması fonunda davamlı uğurlar qaçılmazdır.

Bu gün 2016-cı il fevralın 1-də dünyasını dəyişmiş görkəmli akademik Cəlal Əliyevin  anım günüdür. Akademik Cəlal Əliyevin  Azərbaycan elminin inkişafına  sanballı töhfələri saysız-hesabsızdır. Yazının əvvəlində hər bir kəsin bir vətəndaş kimi yetişməsində müəllimin rolunu səbəbsiz yerə vurğulamadıq. Kimliyindən, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər birimiz öncə bir vətəndaş kimi üzərimizə düşən vəzifəni yerinə yetirməyə borcluyuq. Bu nöqteyi-nəzərdən   qeyd olunur ki, ömrün mənası onun uzun və qısa olmasından asılı deyil. Ömrün mənası bu ömrün necə yaşanmasından, Vətənə, dövlətə hansı xidmətin göstərilməsindən və gələcək nəsil üçün hansı məktəbin yaradılmasından  asılıdır. Ömrün illərinin yaratdığı izlər əsasında hər kəsin təqdimatı  verilir, portreti cızılır.

Amma bu fikri böyük fəxr və əminliklə qeyd etmək istərdim ki, elm adamlarının təqdimata böyük ehtiyacı olmur. Onların araşdırmalarının, çalışdıqları sahənin inkişafına yönələn kəşflərinin, ixtiralarının  təqdimatları olur. Hansı səviyyədə olursa-olsun  Cəlal müəllimin adı çəkiləndə  onun təqdimatı barədə hər kəsdə dolğun məlumatın olması inkaredilməz faktdır. Çünki Cəlal müəllim bir məktəb yaradıb.  Onun məktəbinin yetirmələri  hazırda Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Ukrayna, Cənubi Koreya və digər ölkələrin nüfuzlu universitetlərində uğurla fəaliyyət göstərirlər.

Görkəmli alim, tanınmış ictimai xadim, Əməkdar elm xadimi, akademik Cəlal Əlirza oğlu Əliyevin anım  günündə hər kəsə məlum olan  həyat və fəaliyyətinin bəzi məqamlarını  təqdim etməyi özümüzə borc bilirik. Bir mühüm məqamı hər zaman qeyd edirik ki, illər biri-birini əvəzlədikcə təqdimatlara yeni çalarlar əlavə olunur.

Cəlal Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra  1942–1944-cü illərdə Naxçıvan Müəllimlər İnstitutunun Təbiətşünaslıq-coğrafiya fakültəsində oxuyub, 1946–1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) biologiya fakültəsində  təhsil alıb.  1951–1954-cü illərdə bitki fiziologiyası ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının aspirantı olub. Əmək fəaliyyətinə 1954-cü ildən etibarən Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Əkinçilik İnstitutunun bitki fiziologiyası şöbəsində kiçik elmi işçi kimi başlayıb. Burada böyük elmi işçi və laboratoriya müdiri, 1962-ci ildən ömrünün sonunadək şöbə müdiri vəzifələrini tutub. Cəlal müəllim, eyni zamanda, Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda 1971-ci ildən yaradıcı qrupun rəhbəri və laboratoriya müdiri işləyib. 1990-cı ildən Məhsuldarlıq prosesinin molekulyar-genetik əsasları şöbəsinə rəhbərlik edib. Alim 1981–1990-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Biologiya Elmləri Bölməsinin akademik-katibi olub. Cəlal Əliyev 1955-ci ildə bitki fiziologiyası ixtisası üzrə  namizədlik, 1971-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib. O, 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilib. Akademik Cəlal Əliyev fundamental araşdırmaları və əldə etdiyi nailiyyətləri ilə respublikada elmin inkişafına sanballı töhfələr verib. Onun tədqiqatları yeni istiqamətlər müəyyənləşdirməklə biologiya elmi qarşısında duran bir sıra aktual problemlərin həllinə xidmət edib.

Öz məktəbini formalaşdırmış alimin yaradıcılığının mühüm qismi taxılçılığın inkişafına yönəlmişdi. Bu tədqiqatların nəticələrinin məqsədyönlü seleksiya işlərində kompleks şəkildə həyata keçirilməsi ilə Cəlal Əliyev yüksək məhsuldarlığa malik qiymətli sortlar yaratmışdı. Alimin rəhbərlik etdiyi laboratoriyalarda alınan nəticələr bir çox beynəlxalq kənd təsərrüfatı mərkəzlərinin tədqiqat proqramlarında rəğbətlə qarşılanıb. Bioloji müxtəlifliyin qorunmasının əhəmiyyətini daim diqqət mərkəzində saxlayan alimin Azərbaycanda bitkilərin genetik ehtiyatları üzrə çoxsaylı beynəlxalq proqramların, eləcə də biomüxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi strategiyasının işlənib hazırlanmasında mühüm xidmətləri olub. Cəlal Əliyevin inkişaf etdirdiyi elmi istiqamətlərdən biri də torpaq-bitki sisteminin radioaktiv parçalanma məhsullarının çirklənməsinin müəyyənləşdirilməsi ilə bağlıdır. Onun bu problemlə əlaqədar fundamental əsərləri beynəlxalq miqyasda çox yüksək qiymətləndirilib.

Akademik Cəlal Əliyev öz fundamental tədqiqatları ilə AMEA və Kənd Təsərrüfatı Nazirliyi arasında işgüzar münasibətlərin formalaşmasına böyük töhfələr verib.  Görkəmli alim Azərbaycanda aqrar elmin yeni istiqamətlərini müəyyənləşdirib, onun əldə etdiyi nəticələrin tətbiqi bu sahədə dayanıqlı inkişafa yol açıb.

Azərbaycanda fotosintezin ilkin proseslərinin məhsuldarlıqla əlaqəsinə dair ilk tədqiqatlar akademik Cəlal Əliyevin adı ilə bağlıdır. O, biologiyanın yeni istiqamətlərinin müəyyənləşməsində, xüsusilə fotosintez sahəsində öz layiqli məktəbini yaradıb. Akademikin tədqiqatları əsasında məhsuldar, yüksək keyfiyyətli buğda sortları yetişdirilib, onların fizioloji və biokimyəvi əsasları işlənib. Respublikamızda geniş ərazilərdə becərilən bu bərk və yumşaq buğda sortları Cəlal Əliyev sortları kimi tanınır. Hazırda  fermerlər akademikin yaratdığı  “Bərəkətli 95”, “Qarabağ”, “Əzəmətli 95”, “Qobustan”, “Qırmızı gül 1”, “Tale 38”, “Ləyaqətli 80” sortlarını həvəslə becərirlər.

Akademik Cəlil Əliyevin  elmi fəaliyyəti əsasən ölkəmizin ərzaq təhlükəsizliyi üçün vacib olan sahələrin tədqiqinə yönəlib, alimin dərin nəzəri bilikləri və ideyaları nəticəsində yeni buğda sortlarının yaradılmasına nail olunub. Ömrünün altmış ildən çoxunu Azərbaycan elminin inkişafına həsr edən, yüzə yaxın elmi kadrlar hazırlamış görkəmli alim Cəlal Əliyev 600-dən çox elmi əsərin müəllifidir. Hələ ötən əsrin 70-ci illərində akademik Cəlal Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə bioinformatika məktəbinin əsası qoyulub. Hazırda alimin fotosintezlə bağlı əldə etdiyi elmi nəticələr dünyanın bir çox ölkələrində uğurla tətbiq olunur.

Hər dövrün əsas tələblərindən biri kadr potensialının artırılmasıdır. Kadrların yetişdirilməsi və Azərbaycanın gələcəyi üçün möhkəm bazanın yaradılması hər bir elm adamının qaşısında dayanan vəzifələrdən biridir. Bu gün Cəlal müəllimin elmi fəaliyyətindən bəhs edərkən bu məqamı da xüsusi qeyd edirik ki, onun  elmi təşkilatçılığı sayəsində müxtəlif sahələrdən istedadlı tədqiqatçılar molekulyar biologiya və biotexnologiyanın aktual problemlərinin həllinə cəlb edilməklə elmin yeni istiqamətləri üzrə sanballı nəticələr əldə olunub və müvafiq kadr potensialı formalaşdırılıb. Belə ki, alimin rəhbərliyi ilə 100-ə yaxın fəlsəfə doktoru və elmlər doktoru hazırlanıb. Cəlal Əliyevin çoxillik axtarışlarının nəticələri Azərbaycanda və xaricdə nəşr olunmuş 600-dən çox elmi əsərdə, o cümlədən onlarla monoqrafiya və kitabda öz əksini tapıb. Müxtəlif ixtiralara görə aldığı çoxsaylı patentlər alimin gərgin əməyinin məhsuludur. Cəlal Əliyev bir sıra beynəlxalq elmi qurumların, o cümlədən xarici ölkələrin kənd təsərrüfatı akademiyalarının, nüfuzlu elmi şuraların üzvü kimi fəaliyyət göstərib. O, iştirakçısı olduğu mötəbər simpozium, konqres və forumlardakı dolğun çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil edib.

Dövlət başçısı İlham Əliyevin 22 may 2018-ci il tarixli «Akademik Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında» Sərəncamına uyğun olaraq alimin 90 illik yubileyi dövlət səviyyəsində qeyd olunub. Sənəddə də qeyd olunduğu kimi,  Azərbaycanda biologiya elminin inkişafında, müasir kadr potensialının formalaşdırılmasında və ümumən elmin təşkilində uzunmüddətli ardıcıl fəaliyyətini nəzərə alaraq  atılan bu addım bir daha alimin fəaliyyətinə, onun Azərbacan elminin inkişafına verdiyi töhfələrə yüksək qiymət kimi dəyərləndirilir.

Akademikin elmi və ictimai mühitdə qazandığı böyük hörmət onun taleyüklü məsələlərdə nümayiş etdirdiyi yüksək prinsipiallığı ilə bağlıdır.  Cəlal müəllim  müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü idi. Onun elmi, siyasi, eyni zamanda, qanunverici orqanda təmsilçilik fəaliyyətinin birgə vəhdətini yüksək səviyyədə yaratdığı inkaredilməzdir. Cəlal Əliyev  1995–2015-ci illərdə ictimai xadim kimi fəaliyyəti Azərbaycan Respublikasının Milli Məclisi ilə bağlı olub.

Akademik Cəlal Əliyev əldə etdiyi elmi nailiyyətlərə görə bir çox beynəlxalq mükafatlar alıb, xarici ölkələr tərəfindən təltif edilib. Onun Azərbaycanda elmin inkişafı sahəsində çoxillik zəngin və məhsuldar fəaliyyəti daim yüksək qiymətləndirilib. Alim “İstiqlal”, “Şərəf” ordenlərinə və müxtəlif fəxri adlara layiq görülüb.  Elmi araşdırmaları ilə Azərbaycanın bu günü və gələcəyi üçün böyük stimul yaradan Cəlal müəllim kimi elm adamları daim  xalqın qəlbində  yaşayacaq.

Bu gün böyük qürur hissi ilə bəhs etdiyimiz tarixi Zəfərimizin yaratdığı reallıqların dünyaya təqdimatlarından biri olan işğaldan azad edlilmiş ərazilərimizdə bərpa və quruculuq işləri fonunda bu torpaqların malik olduğu iqtisadi imkanların ölkəmizin hərtərəfli tərəqqisinə yönəldilməsindən bəhs edərkən təbii ki,  iqtisadiyyatımızın inkişafında əhəmiyyətli rol oynayan belə araşdırmalar, ixtiralar köməyə gəlir. Bütün dövrlər üçün aktual olan ərzaq təhlükəsizliyi məsələsi bu gün də gündəmdədir. Dünyanı bürüyən koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi hazırkı dövrdə  hətta inkişaf etmiş ölkələrin belə iqtisadiyyatının durğunluq yaşadığı zamanlarda Azərbaycanın da bu çətinliklərdən kənarda qalmaması hiss olunsa da iqtisadiyyatımızın elmi əsaslara söykənməsi yenə də öz sözünü deməkdədir. Yenə də elmlə iqtisadiyyatın zəngirvari  bağlılığının şahidi oluruq. Bütün təhlillərə rəğmən bu fikri böyük fəxrlə qeyd edirik ki, elm adamları daim yaratdıqları ilə yaşayırlar. Hər ixtiranın tətbiqi onların varlığının təqdimatı kimi qəbul edilir. Məhz bu kimi məqamlara söykənərək bu fikri də qeyd etmək istərdik ki, hansı yaşdan asılı olmayaraq elm adamı dünyasını dəyişəndə söylənilən «Elmi ictimaiyyətə ağır itki üz verib» ifadəsi də özündə böyük mənanı kəsb edir. Elm daim inkişafda, elm adamları axtarışda, yeni dövr yeni reallıqları ilə diqqətdə olur. Yalnız  elm bəşəriyyəti həqiqətə, ədalətə  və xoşbəxtliyə apara bilər.

 

Rizvan Vahabov

 

İki sahil.- 2022.- 1 fevral.- S.6.