Qalib ölkənin gənci olmaq böyük qürur,
məsuliyyət və
gələcəyə sonsuz inamdır
2 fevral Azərbaycan gəncləri
günüdür
“Bizim bugünkü gəncliyimiz
sağlam düşüncəli gənclikdir, vətənpərvər
gənclikdir, xalqını, millətini sevən gənclikdir…
Gənclərimiz mükəmməl təhsil almalı, həyatı
dərindən öyrənməli, dünyada gedən prosesləri
bilməlidir. Lazımi fəaliyyət göstərib öz
xalqına, dövlətinə xidmət etməlidir.”
Müasir
müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər
Heydər Əliyevin proqram xarakterli bu fikirləri Azərbaycan
gəncliyinin həyat amalına çevrildi. Ümummilli
Liderin hakimiyyətinin hər iki dövründə gənclərə
diqqət və qayğı öndə dayanıb. Hələ
hakimiyyətinin birinci dövründə Azərbaycanı gələcəkdə
müstəqil görmək istəyini atdığı
addımları ilə təsdiqləyən ulu öndər
Heydər Əliyev gəncləri keçmiş
İttifaqın ən nüfuzlu ali məktəblərinə təhsil
almağa göndərirdi. 1993-cü ildə xalqın təkidli
tələbi ilə hakimiyyətə qayıdışından
sonra gənc nəslə diqqəti dövlət siyasətinin əsas
istiqamətlərindən biri kimi öndə saxladı. Azərbaycanı
gənclər ölkəsi, gəncləri isə Azərbaycanın
gələcəyi adlandıran Ümummilli Lider böyüməkdə
olan gənc nəslə qayğısını davamlı tədbirləri
ilə təsdiqlədi. 1996-cı il fevralın 2-də
keçirilən Azərbaycan Gənclərinin I Forumunda ulu
öndər Heydər Əliyev gənclər
qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər
bir Azərbaycan gənci hər şeydən çox, hər
şeydən artıq müstəqil Azərbaycanın bu
günü, gələcəyi haqqında düşünməlidir”.
Təşkil olunan forumlarda Ümummilli Liderin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilmiş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulmuşdur. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər isə respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. Bu məqamı xüsusi qeyd etməliyik ki, ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə ulu öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Bu qurum gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin etdi.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına geniş yol açıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.Ümummilli Lider 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla müstəqil dövlətimizdə gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait, cəmiyyətin həyatında onların fəal iştirakının təmin edilməsi üçün siyasi, sosial-iqtisadi və hüquqi baza yaratmış, gənclərin dövlət quruculuğu işinə geniş cəlb olunmasına və ictimai-siyasi fəallığının artmasına kömək etmişdir. 2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.
2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyevin həyata keçirdiyi təkmil islahatlar gəncliyin qarşısında geniş imkanlar açdı. Neft gəlirlərini insan kapitalına çevirməyi qarşıya mühüm vəzifə qoyan dövlət başçısı “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”nı təsdiqləmişdi. 2007-ci ili ölkədə “Gənclər İli” elan etməklə onların inkişafına nə qədər böyük önəm verdiyini ortaya qoymuşdu. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının qəbul edilməsi dövlət başçısının “Bugünkü gənc sabah ölkəmizi idarə edəcək” tezisindən irəli gələrək gənclərə etimad və münasibətinin əyani təzahürü oldu. Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamı ictimaiyyət tərəfindən məmnunluqla qarşılanmışdır. “Qara qızıl”ın insan kapitalına çevrilməsi strategiyası təhsillə əhatənin və ona əlçatanlığın artmasına, bu çərçivədə gənclərin qabaqcıl xarici ölkələrdə təhsilə cəlbinin müxtəlif proqramlarla dəstəklənməsinə mühüm imkanlar yaratmışdır. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramında qeyd olunduğu kimi, hazırda “qara qızıl”ın qeyri-neft sektorunun inkişafı üçün aparıcı qüvvə olan insan kapitalına çevrilməsi, neft-qaz gəlirlərindən istifadə etməklə gələcəkdə bu gəlirlərdən asılı olmayan güclü, rəqabətədavamlı iqtisadiyyat qurulması strategiyası öz nəticələrini verməkdədir. Əvvəldə də qeyd etdiyimiz kimi, Prezident İlham Əliyev tərəfindən imzalanmış Sərəncamlar əsasında reallaşan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq imkanı qazanıb. Xarici ölkələrdə təhsil alan gənclərimiz, eyni zamanda, Azərbaycanın təbliğatçılarıdırlar. Onlar təhsil aldıqları ölkələrdə həqiqətlərimizin təbliğinə öz töhfələrini verirlər.
Bu mühüm məqamı da xüsusi qeyd etmək lazımdır ki, gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədi ilə Prezident İlham Əliyev tərəfindən 19 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə Sərəncam imzalandı. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. Bu günə qədər Fond tərəfindən 4545 uğurlu layihə maliyyələşib. 2018-ci ildə Fond yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu adlandırılıb.
Bu gün qürurla qeyd edirik ki, rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı bildirmişdir: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər.” Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.
44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı Qələbəsi yeni reallıqlar yaratdı. Dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı nitqində Zəfərimizi şərtləndirən amillərdən, hazırlıq dövrü kimi xarakterizə etdiyi 2003-2020-ci illərdə görülən işlərdən bəhs edərək gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsinin, torpağa bağlılığının, Vətən sevgisini xüsusi diqqətə çatdırmışdır: «Bax, bu reallığı biz yaratmışıq və yenə də deyirəm, mənəvi hazırlıq həlledici rol oynamışdır. Gənc nəsil yetişdi, Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişdi və bu gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi. Mən demişəm ki, torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib, ancaq döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə mən hakimiyyətə gələndə uşaq olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər.»
Gənc nəslin tərbiyə edilməsi hər bir dövlət üçün xüsusi əhəmiyyət daşıyan məsələdir. Dünyaya baxış fonunda cənab İlham Əliyev bildirir ki, o ölkələrdə ki, bu məsələyə fikir verilmir, onlar vaxt keçdikcə böyük problemlərlə üzləşə bilərlər. Çünki dünyada gedən proseslər deməyə əsas verir ki, bəzi yerlərdə bu proses kortəbii şəkildə aparılır. Əgər gənc nəslə ümumbəşəri dəyərlər aşılanmasa, gələcəkdə problemlər qaçılmazdır. «Biz indi qlobal dünyada, qlobal informasiya məkanında yaşayırıq» söyləyən cənab İlham Əliyev bu reallığa da xüsusi qeyd edir ki, Azərbaycan daim informasiya hücumuna məruz qalan ölkədir. Azərbaycana qarşı nə qədər çirkin kampaniyalar aparılıb. Gələcəkdə də aparılacağı istisna edilmir. Ölkəmizin imicini aşağı salmaq, ölkə daxilində inamsızlıq yaratmaq, saxta faktlar ortaya atmaq - bütün bunların bir məqsədi var: çaxnaşma, xaos şəraitində hansısa xarici dairələr üçün zəmin yaratmaq.
Ölkə Prezidenti İlham Əliyev tarixi paralellər fonunda Azərbaycanın müstəqilliyinin ilk illərində yaşadığı duruma nəzər salaraq bu reallığı diqqətə çatdırır ki, ölkəmiz AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı: «O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.» Müstəqililk tariximizin 1993-cü ildən, yəni ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başlanan mərhələsində yaradılan möhkəm bünövrə bugünkü reallıqlarımızda öz əksini tapıb. «Biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq» söyləyən ölkə Prezidenti bildirmişdir ki, 1993-2003-cü illərdə dövlətçiliyin əsasları qoyuldu. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Azərbaycan beynəlxalq təcriddən xilas oldu. Azərbaycan artıq hörmətli və hörmətə layiq olan ölkə kimi tanınmağa başladı. Ölkəmiz böyük investisiyalar məkanına çevrildi. Nizami ordu formalaşdı. Yüksək ixtisaslı kadrların yetişdirilməsi üçün önəmli addımlar atıldı ki, hazırda o kadrlar ölkəmizin müxtəlif sahələrdə inkişafına öz töhfələrini verirlər.
Bunları sadalamağımız səbəbsiz deyil. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, müstəqillik tariximizin ayrı-ayrı mərhələləri barədə gəncləri məlumatlandırmalıyıq. Azərbaycanın son 18 ildə keçdiyi inkişaf yolu hər kəsə məlumdur. Dövlətimizin başçısı İlham Əliyev Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirərək möhkəm təməl üzərində təkmil islahatları ilə Azərbaycana möhtəşə uğurlar qazandırdı. Zəfərimiz bu uğurların zirvəsində dayanır. Bu Qələbəmiz Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı, illərdir ermənilərin, ermənipərəst qüvvələrin apardıqları təbliğatların nə qədər yanlış, saxta olduğunu da bir daha bilərəkdən susan dünyaya çatdırdı.
Bugünümüzün əsas çağırışı ölkəmizə qarşı əsassız kampaniyalara yol verməmək, onların qarşısını qətiyyətlə almaq, ən əsası gənc nəslin tərbiyə edilməsini gündəlik fəaliyyətimizin önündə saxlamaqdır. Ölkə Prezidenti İlham Əliyev partiyanın VII qurultayında «Həm ali məktəblərdə, ilk növbədə, ailələrdə və eyni zamanda, siyasi partiyalarda buna fikir verilməlidir. Siyasi partiyalarda fəaliyyət göstərən gənc nəslə elə təlimat verilməlidir ki, onlar gələcək həyata hazırlıqlı olsunlar, onlar ölkəmizin müstəqilliyini hər şeydən üstün tutsunlar» söyləyərək təcrübəli nəslin fəaliyyətindən çox şey asılı olduğunu diqqətə çatdırmışdır: «Yeni Azərbaycan Partiyasında Veteranlar Şurası yaradılıb. Hesab edirəm ki bu, çox önəmli addımdır. Bu Veteranlar Şurasının tərkibində tanınmış hörmətli insanlar fəaliyyət göstərəcəklər. Mən onlardan da xahiş edirəm ki, onlar da çox fəal olsunlar, bölgələrdə olsunlar, gənc nəslin nümayəndələri ilə görüşsünlər. Ölkə haqqında həqiqətləri gənc nəsil bilmir, hansı ki, 1991-1992-ci illəri görməyiblər. Bu haqda məlumat verilməlidir ki, onlar bilsinlər, biz nəyin bahasına bugünkü reallıqları əldə etmişik. Vətən müharibəsi ilə bağlı, postmüharibə dövrü ilə bağlı məlumatlar verilməli, bütün bunlar izah edilməlidir.»
Təbii ki, bu kimi təbliğatın əsasında Azərbaycanın haqlı mövqeyini müdafiə etmək, həqiqətlərimizi olduğu kimi beynəlxalq ictimaiyyətə çatdırmaq dayanır. Çünki xaricdən saxta məlumatlar gəlir və bəzi hallarda gənc insanlar buna inanırlar. Məhz o hesabat da bu yalanların üzərində qurulur. Belə halların qarşısını almaq üçün gənc nəslimizin milli ruhda, milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi ən başlıca vəzifələrdən biridir. Dövlət başçısı bildirir: «Ənənələrimiz, dəyərlərimiz, yaşayış tərzimiz – bütün bunlar bizim sərvətimizdir, biz bunu itirə bilmərik və itirməməliyik. Ona görə gənc nəslin tərbiyə edilməsi çox önəmli məsələdir və burada milli-mənəvi dəyərlər ön plandadır. Digər önəmli məsələ isə odur ki, - Yeni Azərbaycan Partiyası həmişə bu sahədə fəal olub, bizim dövlət siyasətimiz də bu sahədə birmənalıdır, - Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir ailə kimi yaşayırlar və bundan sonra da bir ailə kimi yaşayacaqlar. Bu, bizim böyük sərvətimizdir.»
Tarixə söykənərək, inkaredilməz olan bu reallıq da önə çəkilir ki, bir millətin, xalqın dəyərlərinin, dilinin əlindən alınması onun məhvi deməkdir. “Biz öz tarixi köklərimizlə, milli köklərimizlə, milli-mənəvi ənənələrimizlə, böyük tariximizlə fəxr edə bilərik” söyləyən ulu öndər Heydər Əliyev daim bu çağırışı etmişdir ki, gələcəyimiz olan gənclər milli-mənəvi dəyərlərimizi unutmamalı, tariximizi, ana dilimizi bilməli və qorumalıdır. Ermənilərin işğal etdikləri ərazilərimizdə tarixi, dini abidələrimizi yerlə-yeksan etmələri də varlığımızı silmək məqsədi daşıyırdı. Amma unudurdular ki, bu dağıntılar dil açıb danışan faktların qarşısında acizdir. Dövlətimizin başçısı İlham Əliyev Böyük Qayıdış proqramının icrasından bəhs edərkən tarixi və dini abidələrimizin bərpasını birinci dərəcəli məsələ kimi önə çəkir.
Ümumiyyətlə, ölkəmiz inkişafın yeni mərhələsindədir. Artıq ötən il dövlət müstəqilliyimizin 30 illiyini qeyd etdik. Bu tarixi hadisəni Zəfərimizlə qeyd etməyimiz hər bir azərbaycanlı üçün qürurvericidir. «Müstəqilliyimizin möhkəmləndirilməsi işində bundan sonra da fəaliyyət göstəriləcəkdir» söyləyən cənab İlham Əliyev qeyd edir ki, bu, əbədi prosesdir: «Son illərin tarixi göstərdi ki, bütün cəhdlərə baxmayaraq, heç kim Azərbaycanı öz müstəqil yolundan döndərə bilmədi. Nə qədər cəhdlər göstərildi ki, bizi bu və ya digər avantüraya cəlb etsinlər, bizi təhrik etsinlər, hətta bəzi dost ölkələrlə bizim aramıza girsinlər. Bu cəhdlər çox olub. Sadəcə olaraq, geniş ictimaiyyət bundan xəbərsizdir. İstisna edilmir ki, bundan sonra da çox olacaq. Ancaq biz müstəqil siyasət apararaq bütün bu cəhdləri alt-üst edirik. Buna görə müstəqilliyin bundan sonra da möhkəmləndirilməsi işində partiyamız və bütün cəmiyyətimiz fəal olmalıdır.»
Bu il ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi qeyd ediləcək. Partiyanın 800 minə yaxın üzvünün hər biri, o cümlədən təxminən 40 faizini təşkil edən gənclərimiz bu mühüm hadisənin yüksək səviyyədə qeyd olunmasına öz töhfələrini verəcəklər. 30 illik yubileyini tarixi Zəfərimizin yaratdığı xoş ab-hava fonunda qeyd edəcək YAP-ı qaşıdakı illərdə daha möhəşəm uğurlar gözləyir. Partiyada potensial imkanlarını ortaya qoymaq üçün geniş meydan görən Azərbaycan gəncliyi belə bir təşkilatda təmsil olunmaqdan qürurlu və sevinclidirlər.
Azərbaycan gəncliyi daim yenilik axtarışındadır. Yuxarıda gəncliyin inkişafı üçün dövlətimizin həyata keçirdiyi tədbirlərin, imzalanan Fərman və sərəncamların xronologiyasını təqdim etdik. Əsas olan budur ki, Azərbaycan gəncliyi enerjili, sabaha böyük ümidlərlə addımlayan, qalib ölkənin gəncləridir.
Bayramın mübarək, Azərbaycan gəncliyi!
Yeganə
Əliyeva
İki sahil.- 2022.- 2 fevral.- S.2.