Azərbaycan gəncliyi:

Gələcəyimizin etibarlı davamçısı

 

Təşəbbüskar, yaradıcı, zəngin potensiala malik gənclər qürur mənbəyimizdir

 

Gənclərin böyük hamisi ümummilli lider Heydər Əliyevin «Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir» sözləri qüdrətli respublikamızın simasında öz əksini tapır. Azərbaycana rəhbərliyinin hər iki mərhələsində ölkəmizin hərtərəfli inkişafı, dünyada tanınması, nüfuzunun möhkəmlənməsi naminə böyük xidmətlər göstərən Ulu Öndər daim gənclərə aparıcı qüvvə kimi dəyər vermişdir.

Gənclərə diqqət və qayğının nəticəsidir ki, Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Gənclər və İdman Nazirliyinin yaradılması, Gənclər Gününün təsis edilməsi ilə ölkədə gənclər siyasətinin qanunvericilik bazası formalaşdırıldı. Gənclərin sosial, iqtisadi, məişət , elm, təhsillə bağlı problemlərinin həllinə yönəldilən, istedadların aşkara çıxarılmasına imkan yaradan sərəncamlar əsasında Dövlət Proqramları qəbul edildi. Ulu Öndərin gəncliyə diqqət və qayğısını daha əhatəli, şaxələnmiş istiqamətdə davam etdirən Prezident İlham Əliyev bu siyasətə sadiqliyini real fəaliyyəti ilə doğruldur.

Dövlət başçımızın sərəncamları əsasında təsdiq edilmiş «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı»na uyğun olaraq oğlan və qızlarımızın xarici ölkələrdə oxumaları üçün geniş imkanlar yaradıldı. 2007-ci il ölkədə «Gənclər ili»” elan olundu. Ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında yeni nəslin fəal iştirakı üçün önəmli kadr islahatı həyata keçirildi, gənc istedadlara dövlət qayğısı artırıldı. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramının qəbulu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması əsası Ulu Öndər tərəfindən qoyulmuş gənclər siyasətinin elmi-nəzəri əsaslarla davamının sübutudur. «2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası»nın, «Azərbaycan gəncliyi 2017-2021-ci illərdə» Dövlət Proqramının təsdiq olunmasına dair sərəncamların imzalanması gənclərlə bağlı məsələlərin həllini aktuallaşdırdı.

Gənclərin fiziki sağlamlığını təmin edən idmana kütləvi marağın artırılması ilə Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrildi. Bu gün respublikamızda inşa olunan 40-dan artıq Olimpiya İdman Komplekslərində gənclərimiz idmanın bütün növləri üzrə püxtələşirlər. Beynəlxalq yarışlarda Azərbaycan gənclərinin qazandıqları nailiyyətlərin sayı ildən-ilə artır. Birinci Avropa Oyunlarında Azərbaycanın milli komandasının ikinci, IV İslam Həmrəyliyi Oyunlarında birinci yeri qazanması, «Rio-2016» XXXI Yay Olimpiya Oyunlarından Vətənə 18 medalla dönməsi, şahmatçılarımızın üçüncü dəfə Avropa çempionu olmaları idmana artan marağın təzahürüdür.

Artıq Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik ruhuna, milli düşüncəyə malik, ölkənin ictimai-siyasi həyatında rolu artan gənclər ordusu formalaşıb. «Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir - bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq. Elə olmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyi güclənsin» sözləri ilə gənclərə inamını bildirən Prezident İlham Əliyev həyat təcrübəsinə əsaslanaraq bildirir ki, ən çıxılmaz vəziyyətdə belə, gənclər qətiyyətli olmalıdırlar. Göstərilən diqqətin nəticəsidir ki, Azərbaycan gəncliyi elmi-texniki tərəqqinin sürətli inkişaf etdiyi müasir dövrümüzdə bütün sahələrdə özünü doğruldur. Ziyalı potensialı, milli sərvətimiz sayılan, mədəniyyət, incəsənət, elm və idman sahəsində böyük inamla irəliləyən gənclərimiz zəngin mədəni irsimizin qorunub saxlanması və təbliğində mühüm addımlar atırlar. «Sizin üçün ən başlıca vəzifə müstəqilliyi, milli maraqları qorumaq, Azərbaycanı yad təsirlərdən qorumaq və xalqımızın rahat həyatını təmin etməkdir» söyləyən Prezident İlham Əliyev savadına, siyasi hazırlığına, istedadına güvəndiyi gənclərin Azərbaycanın gələcəyi üçün etibarlı davamçı olacaqlarını inamla vurğulayır. Yeni nəslin üzərinə düşən vəzifələri «Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Hesab edirəm ki, bu iki əsas amil hər bir gənc üçün çox vacibdir. Ona görə bizim gənclərimiz həmişə yadda saxlamalıdırlar ki, Azərbaycanın dövlət müstəqilliyi hər şeydən üstündür, Azərbaycan xalqının maraqları hər şeydən üstün olmalıdır» sözləri ilə bildirən Prezident İlham Əliyevin rəhbərliyi ilə xoşbəxt, parlaq gələcəyə doğru inamla irəliləyən gənclər estafeti ləyaqətlə davam etdirirlər. Elmi nailiyyətləri, aparılan islahatlarda fəallıqları, özəl sahələrdə qazandıqları nailiyyətləri ilə güclü intellektual potensiala malik olduqlarını Vətənə xidmətləri ilə bildirən Azərbaycan gəncliyi dünyada mövcud olan ən müasir texnologiyalar əsasında yeniliklərə imza atmaqda da fərqlənirlər.

«Ölkəmizdə ictimai proseslər çox müsbət istiqamətdə gedir. Gənclər də bu proseslərin gücləndirilməsində öz rolunu oynayırlar və ölkəmizin dünyada tanıdılması işində ön plana çıxırlar» söyləyən Prezident İlham Əliyev Azərbaycanı beynəlxalq aləmdə təmsil edən gənclərimizi qürur mənbəyimiz adlandırır. Mədəniyyətimizin qorunub saxlanılmasında, təbliğində milli və beynəlxalq muğam müsabiqələrinin keçirilməsi, gənclərimizin ifaçılıq məharətinin bütün müsəlman ölkələrinin təmsilçiləri tərəfindən yüksək dəyərləndirilməsi ölkəmizdə davam etdirilən gənclər siyasətinin uğurudur.

Azərbaycan gəncliyi təşəbbüskarlığı ilə də cəmiyyətdə böyük etimad qazanmışdır. Birinci Avropa Oyunlarında yaranan «Könüllülər hərəkatı»nın üzvlərinin bacarıqları, istedadları, elinə-obasına bağlılıqları qonaqları, idmançıları heyrətləndirdi. Yarışların açılış və bağlanış mərasimlərindəki möcüzələr aləminə səyahət təsəvvürü yaradan ecazkarlıq idmançılar kimi könüllülərin də bacarıq və istedadlarının dünyaya təqdimatı idi. Həmin günlərdə xarici qonaqlarla təmasda olan könüllülər onlarda ölkəmiz haqqında xoş təəssürat yaratdılar. Qonaqlar bu hərəkat haqqında öz ölkələrindəki mətbuat səhifələrində xoş sözlər söyləyərək, dünya təcrübəsində ilk olan bu təşəbbüsü Azərbaycan gəncliyinin bitib-tükənməz potensialı adlandıraraq nümunə göstərdilər. Prezident İlham Əliyevin «Könüllülərin fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Oyunların keçirilməsinin yükünün böyük hissəsi onların üzərinə düşmüşdür. Konüllülər bir daha onu göstərdilər ki, ölkəmizin çox böyük potensialı, insan kapitalı var. Mən 2003-cü ildə Prezident kimi fəaliyyətə təzə başlayanda demişdim ki, bizim əsas vəzifəmiz iqtisadi kapitalı, daha doğrusu, «qara qızıl»ı insan kapitalına çevirməkdir. Bugünkü gənclər müstəqillik dövründə böyümüş, tərbiyə almış gənclər bizim üçün qürur mənbəyidir» sözləri əsl vətənpərvərlik göstərən gənclərimizə verilən dəyərdir. Daim qayğı ilə əhatə olunan gənclərə diqqətin bir nümunəsi də Prezident İlham Əliyevin Sərəncamına əsasən 2020-ci ilin «Könüllülər ili» elan olunması idi. Azərbaycan gəncliyini gələcəyimiz üçün etibarlı təməl adlandıran Prezident İlham Əliyev əminliklə söyləyir ki, könüllülər artıq cəmiyyətdə öz layiqli yerlərini tutublar. Birinci Avropa Oyunlarından sonra «Könüllülər hərəkatı»nın növbəti ünvanı «ASAN xidmət» oldu. Azərbaycan brendi olan və sayı artan «ASAN xidmət»lərdə, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) mərkəzlərində xüsusi geyimləri ilə diqqət çəkən könüllülər xeyirxahlıqları, yeni davranış qaydaları ilə Azərbaycan gəncliyinin simasını təbliğ edirlər. Bu mərkəzlərə müraciət edən vətəndaşlar onları maraqlandıran prosedur qaydaları haqqında ilk məlumatı elə könüllülər vasitəsilə əldə edirlər. Həmin mərkəzlər konsepsiyaya uyğun yaradılan «Gənc DOST» könüllü proqramı, ahıl şəxslər üçün «Gümüşü DOST» və «Virtual DOST» proqramları icra olunur.

Atalarımızdan miras qalan Vətən, torpaq uğrunda ölmək qürurunu qəhrəmanlıqları ilə sübut edən, 2016-ilin Aprel döyüşlərində düşmənə qan udduran, İkinci Qarabağ müharibəsində də şəhidlik zirvəsinə ucalmaqla Ermənistan üzərindəki tarixi Qələbə ilə Azərbaycan xalqına Zəfər sevincini yaşadan gənclərimiz dünyanın müharibə tarixinə yeni səhifələr yazdılar. 30 il Ermənistanın işğalı altında qalan torpaqlarımızın azad edilməsi üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyən gənclərimiz 27 sentyabr 2020-ci ildən başlayaraq 44 gün ərzində azğınlaşmış ermənilərə heç vaxt unutmayacaqları məğlubiyyət dərsini verdilər. Ali Baş Komandan İlham Əliyevin əmrinə əsasən başlanan Vətən müharibəsinə azadlıq uğrunda mücadilə kimi qoşulan gənclərin sayı-hesabı yox idi. Silahlı Qüvvələrimizin müxtəlif təyinatlı hissələrində xidmət edən əsgər və zabitlərimizlə birgə düşməni məğlub edən könüllü gənclərimiz ana Vətənin çağırışına oğul kimi səs verərək mübarizlərin, poladların davamçıları oldular. Valideynlərinin qoyduqları adları şəhid sözü ilə şərəfləndirən qəhrəmanlarımız rəşadətləri ilə sübut etdilər ki, Azərbaycan torpaq uğrunda qurban getməyə hazır övladlar yetirən qeyrətli, düşmənə arxa çevirməyən, qəhrəmanlığı ilə tanınan xalqın yurdu, alınmaz qaladır. 2003-cü ildə Azərbaycan xalqına müraciət edən ulu öndər Heydər Əliyevin «İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm» sözlərini reallaşdırmaqla ata vəsiyyətini yerinə yetirən Prezident İlham Əliyev Ümummilli Liderin siyasətini davam etdirməklə xalqına verdiyi vədləri yerinə yetirdi. «Mənim sözüm imzam qədər qüvvətlidir» söyləyən dövlət başçımız Müzəffər Ali Baş Komandan kimi söylədiyi «Qarabağ Azərbaycandır!», «Qarabağ bizimdir!» sözlərini 44 gündə reallaşdırdı. Bu yolda dəstəyi isə Azərbaycan gəncliyi oldu.

«Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur» deyən Ulu Öndər Heydər Əliyevin bu arzusuna Prezident İlham Əliyevin cavabı «Şuşasız işimiz yarımçıq qalar» ifadəsi və Ümummilli Liderə Qələbə müjdəli bu sözləri oldu: «Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!»

Düşmənin 30 ildə tikdiyi ən keçilməz istehkamları belə cəsarəti ilə dağıdan əsgərlərimizin azad edilmiş ərazilərdə ucaltdıqları üçrəngli bayraqların hər biri Ali Baş Komandana qalibiyyət raportu idi. Böyük Qayıdışa doğru inamla addımlayan, döyüşlərdə olduğu kimi, bərpa quruculuq işlərində nümunə göstərənlər arasında gənclərin çoxluğu xalqımız üçün böyük iftixardır. Böyük Qələbənin rəmzi olan və Şuşaya çəkilən Zəfər yolunun inşasında, 27 ildən sonra Cıdır düzündə ilk Novruz tonqalının alovlandırılmasında, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə «Xarıbülbül» musiqi festivalının, Vaqif Poeziya Günlərinin təşkilində, Prezident İlham Əliyevin Qarabağın hava qapısı adlandırdığı Füzuli Beynəlxalq Aeroportunun istifadəyə verilməsində gənclərimiz böyük xidmətləri ilə seçilmişlər.

Bütün dünya ictimaiyyəti Prezident İlham Əliyevin «Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu Zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir» sözlərinin şahididir. Bu reallıqların müəllifi ölkəmizi dünyada tanıdan, Qarabağı yenidən dirçəldən qətiyyətli Lider İlham Əliyev onun arxasınca gedən xalqımız, çoxluq təşkil edən Azərbaycan gəncliyidir.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2022.- 2 fevral.- S.10.