«Sevən qəlbin fəryadı»
Vətən
müharibəsi şəhidinə həsr olunmuş bu adda
kitabın təqdimatı keçirildi
Fevralın 2-də
Odlar Yurdu Universitetində şəhid Fariz Şahin oğlu Həsənova
həsr olunmuş «Sevən qəlbin fəryadı»
kitabının təqdimatı keçirildi. Kitabın müəllifi
qəhrəman şəhidimizin həyat yoldaşı Əzizə
Farizdir.
Media nümayəndələrinin və digər qonaqların iştirak etdikləri təqdimat mərasimini Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev açdı. O, şəhid ailələrinə ömürboyu hər kəsin diqqət və qayğı göstərməyə borclu olduğunu bildirdi.
Milli Məclisin deputatı, Odlar Yurdu Universitetinin kafedra müdiri, akademik Nizami Cəfərov şəhid xanımının yazdığı kitabın necə təsirli, oxunaqlı və təqdirəlayiq olduğunu, bunun sıradan bir nəşr olmadığını, yazıçılığa yenicə başlamış gənc yazar olan şəhid xanımının gələcək nəslə gözəl bir ailə nümunəsi və hər bir şəhid ailəsinə örnək olduğunu vurğuladı.
"Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov şəhidlərimizin unudulmaması üçün belə kitabların yazılmasının və təbliğ olunmasının vacibliyini diqqətə çatdırdı.
Təqdimat tədbirində çıxış edən Əzizə Fariz bildirdi ki, həyat yoldaşım şəhid Fariz Həsənovun xatirəsinə həsr olunmuş ilk kitabım nəhayət ki, işıq üzü gördü: «İstədim ki, ilk kitabımın ilk təqdimatı məhz təhsil aldığım Odlar Yurdu Universitetində olsun. 11 ay gecəmi gündüzümə qatıb həyat yoldaşıma həsr etdiyim kitabımın nəticəsini görmək mənə qürur dolu anlar yaşatdı. Kitabın yazılma məqsədi Fariz və Əzizə sevgisini unudulmağa qoymamaq, gələcək nəsillərə sevginin, vətənpərvərliyin, milli dəyərlərin qorunmasının, eyni zamanda, acılardan, dərdlərdən, iztirablardan güc alıb, ayaqda dura bilməyin vacibliyini və mümkünlüyünü çatdırmaqdır. İlk kitabımı dəyərli həyat yoldaşım, İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan Fariz Həsənova ad günü münasibətilə hədiyyə edirəm.
Bu gün dərindən bir köks ötürdüm, sən varsanmış, Fariz. Sən ölməzliyini bir daha sübut etdin. Vicdan rahatlığı tapmaq bu imiş. Onu misralara həkk edərək, əbədi hər kəsin qəlbində yaşatmaq deyə bir hiss varmış... Qürurluyam, sevincliyəm, ona görə ki mən çətinliklərə sinə gərmiş bir şəhid qadınıyam…»
Tədbirdə çıxış edən digər natiqlər bildirdilər ki, Azərbaycan gəncində ailə və Vətən qeyrəti vəhdət təşkil edir. O vəhdətdən doğan qəhrəmanlıq xalqımıza cəmi 44 gün ərzində ən böyük Qələbəni qazandırdı. Həmin Zəfərin yurdumuza bəxş edilməsində igid oğllarımızın rolu danılmazdır.
Fariz Şahin oğlu Həsənov 2020-ci il oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Gənclər Gününün 25-ci ildönümündə Odlar Yurdu Universitetində şəhid Fariz Həsənovun əziz xatirəsinə həsr olunmuş "Sevən qəlbin fəryadı" kitabının təqdimat mərasimində iştirak etmək ömrümüzün ən qürurverici səhifələrindən birinə çevrildi.
Sonda müəllif imzasını qoyduğu kitabları oxuculara təqdim etdi.
Şəmsiyyə
Əliqızı
İki sahil.- 2022.- 3 fevral.- S.8.