Mahirə Nağıqızının
ədəbi-poetik dünyası
Sözsüz
ki, poetik ənənələri min illərlə
ölçülən Azərbaycan poeziyasında öz
oxucusunu heyrətləndirən, düşündürən və
onu dəmir məntiqlə duyğusal hisslərin
yaratdığı heyrətamiz ovqata yol yoldaşı edəcək
şeir nümunələrinə elə də tez-tez rast gəlinmir.
Tariximizi vərəqlədikdə görürük ki, Azərbaycan qadınları xalqın tərəqqisində həmişə fəal rol oynayıblar. Onlar gözəllikləri, nəcib əməlləri, ağıl və zəkaları ilə təkcə nümunəvi ailə kultu yaratmayıblar, igid oğullar, qızlar tərbiyələndirməklə yanaşı, milli mənəviyyatın, sosial əxlaqın formalaşması və sağlam, uzaqgörən idarəçilik işinə də öz töhfələrini vermişlər.
Öz fədakar əməyi, fəal ictimai mövqeyi, filologiyamızda orijinal yeri olan belə qadınlardan biri də filologiya elmlər doktoru, professor, Əməkdar müəllim, şair Mahirə Nağıqızıdır.
Bu fikirlər AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin və həmin şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayevanın Mahirə Nağıqızının poeziyası barədə birgə yazdıqları məqalədə yer alıb.
Şairənin lirik "Mən"i qəlbinin hökmü ilə nəfəs alır, düşünür, sevinir. Düşüncələr daha çox hər an pünhan qalmış sirləri açmağa hazırdır. Burada sevginin tərənnümündən çox, insanın iç dünyasının iztirabları önə çıxır. Bu da təsadüfi deyil, bütün bunlar mənən iztirab və əzab çəkmiş insanın artıq gizli saxlaya bilmədiyi duyğularının sözdə poetikləşən müxtəlif çalarlarıdır:
O da dağ, bu da dağ, ayrı-ayrıdı,
Çayını aparan dərəsi birdi.
Yalında gözləyə, yan-yörəsində
Yüz ovçu dayana, bərəsi birdi.
Kimdi ox
olanı, kimdi yay çəkir,
Kimdi qazan
asan, kimdi pay çəkir?
Neçə
min ildir ki, ərlər hay çəkir,
Dərdləri cürbəcür, nərəsi birdi. ("Birdi")
Mahirə Nağıqızı nəğməkar
şairdir.
Genetik köklərin qaynaqlandırdığı nəğməkarlığın
şairin doğma dayısı, Azərbaycan filologiyasında
xüsusi yeri olmaqla bərabər, həm də trendə
çevrilən mahnılar müəllifi kimi tanınan
filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Həsən
Mirzəyevdən gəldiyinə isə heç kimin
şübhəsi yoxdur. Bunun
üçündür ki, bəstəkarların onun sözlərinə
bəstələdiyi onlarla mahnılar müğənni və
xanəndələrimiz tərəfindən sevilə-sevilə
oxunduğu kimi, dinləyicilər tərəfindən də
eyni sevgi ilə qarşılanır. Həmçinin
çağdaş aşıqlarımız öz
repertuarlarında Mahirə xanımın qoşmalarına məxsusi
yer verirlər. Əməkdar artist, xanəndə
Elnur Zeynalov Mahirə Nağıqızının sözlərinə
ürəyəyatan mahnılar bəstələyib və
onların birini də sevilən gənc xanəndə-müğənni
Almaxanım Əhmədli şövqlə oxuyur. “Sən olaydın” adlanan nəğmə
tamaşaçılar tərəfindən rəğbətlə,
məhəbbətlə qarşılanır.
Mahirə Nağıqızı zəngin
yaradıcılığı öz şəhdini, şirəsini
xalqımızın minilliklər boyu yaşatdığı
milli folklorumuzdan almış, ona yeni rəng, yeni nəfəs,
yeni ruh qataraq çağdaş dövrümüzün
söz xəzinəsində əbədiyyət
qazandırmışdır. Şair əsrlərdən
süzülüb gələn qədim adət -ənənələrə
söykənərək, milli kimliyimizi, mənəvi-əxlaqi
dəyərlərimizi, xalqımızın mübarizələrlə
dolu qəhrəmanlıq salnaməsini öz poetik
dünyasında qərarlaşdırmış, fəlsəfi
məzmun və mündəricəyə malik olan yüksək
tendensiyalı əsərlər yaradaraq oxucuların
ixtiyarına vermişdir.
Şairin çoxşaxəli
yaradıcılığında Vətənin hər
gülü-çiçəyi, ağacı-daşı,
dağı-dərəsi, büllur bulaqları, kükrəyən
çayları Azərbaycanın ekvivalenti anlamını ifadə
edən müqəddəs bir məkan kimi
simvollaşdırılır. Onun vətən sevgisi bitib- tükənməyən,
sonsuzluğa qədər davam edən ən ali,
ülvi hisslərin məcmusuna çevrilir:
Bitər
sərhədlərin bu yer üzündə,
Qəlbimdə sərhədin nədən bitmədi?
Gəlmisən,
üzürsən eşq dənizində,
Sənə məhəbbətim, Vətən, bitmədi.
Şair
özünü bir an da olsa, vətəndən
ayrı təsəvvür etmir. Qürbətdə
yaşamağın mümkünsüzlüyünü etiraf
etməklə sanki şaxtadan, qardan donmuş zərif bir
çiçəyin taleyini gözlərimiz
qarşısında canlandırır. Vətən məhəbbətinin
böyüklüyünü, əvəzolunmazlığını
izhar etmək üçün ana yurdun bir qarış
torpağının istisinə sığınmağın
insana səadət və xoşbəxtlik gətirdiyini yüksək
poetikliklə əks etdirir :
Haraya getsəm
də, Vətən, ay Vətən,
Könlümdə ruhunun var, havası var.
Ayrılıqdı
bilməm, xiffətdi- bilməm,
Sənsiz hər tərəfdə qar havası var.
Köksündə
dondurmaz ayazı qışın,
İstisi bəsimdi bircə qarışın.
Qürbətdə
küləyin, yağan yağışın,
Səsində bir ahu-zar havası var.
Erməni
vandallarının əsrlərdir Azərbaycana qarşı
apardığı işğalçılıq siyasəti,
otuz il düşmən əsirliyində
qalan doğma Qarabağımızın talan edilməsi,
yağı tapdağı altında inləməsi şairdə
acı təəssüf hissi doğurur, lakin insana
ümidsizlik təlqin etmir. Şair vətəni, ana yurdu və
onun timsalında xalqımızı, vətən
övladlarını məğrurluğa, əyilməzliyə
səsləyir:
Qan axan
yarana gözüm yaşını
Dərman əvəziydi, səpələdim mən.
Bu da bir
sınaqdı, əymə başını,
Sınıq əhvalına dözə bilmərəm.
Mahirə Nağıqızının “Sən
döyüşə hazır ol” şeiri Azərbaycan
xalqını bir ideya ətrafında birləşməyə,
düşmənlərə qarşı eyni mövqedən
çıxış etməyə istiqamətləndirən səfərbərlik
çağırışıdır. Şeirdə Azərbaycan əsgərinin
qəhrəmanlığına, şücaətinə, məğlubedilməzliyinə
böyük ümidlər bəsləyən, onun gücünə,
qüdrətinə güvənən xalqımızın məğrur
və təəssübkeş ziyalısının qəlbində
əbədi və əzəli torpaqlarımızın azad
olunacağına dərin inamı ifadə olunmuşdur:
Azərbaycan
əsgəri, yolun Şuşaya gedər,
O
yürüşün naminə son döyüşə
hazır ol!
İntizarda
Laçındı, Zəngilandı, Kəlbəcər,
Pir
görüşün naminə, son döyüşə
hazır ol!
Sən vətənin
gücüsən, vətənin əsgər oğlu,
Vətən haya çağırmaz, haraylamaz hər
oğlu.
Qızlar
gül-çiçəyiylə süslər müzəffər
oğlu,
O gəlişin
naminə, son döyüşə hazır ol!
44 günlük Qarabağ savaşında hər bir Azərbaycan
əsgərinin devizinə çevrilən bu misralar bizi qələbədən-qələbəyə
apardı. Azərbaycan xalqı və onun mübariz, cəsur
oğulları zülm və istibdada, erməni vandalizminə
son qoydu.
Mahirə
Nağıqızının vətənpərvərlik ruhunda
qələmə aldığı şeirlərində incə
və kövrək duyğuların tərənnümü ilə
yanaşı, şairin çox böyük uzaqgörənliklə
torpaqlarımızın azad ediləcəyinə, qələbəyə
dərin inamı ifadə edilir:
Düşmən
tapdağında qalmaz bir qarış,
Onlarsız yaşamaq olar dan bizə.
Danış
olanlardan, bizə sən danış,
Əmrini verəcək Komandan bizə.
Mahirə
Nağıqızının bu müqəddəs arzusu
bütövlükdə Azərbaycan xalqının istəyi
kimi reallaşdı, Ali Baş Komandan İlham Əliyevin və
yenilməz Ordumuzun qəhrəmanlığı sayəsində
44 günlük Vətən müharibəsində əzəli
Qarabağımız düşmən caynağından
qoparıldı. Bu tarixi Qələbə
bütün həmvətənlərimiz kimi Mahirə
Nağıqızının da hədsiz sevincinə səbəb
oldu və onu yeni-yeni vətənpərvərlik mövzusunda əsərlər
yazmağa ruhlandırdı.
Mahirə Nağıqızının zəngin və
çoxçalarlı poeziyasında Azərbaycan, onun
füsunkar təbiəti, tarixi taleyi, başı bəlalar
çəkmiş xalqımızın minilliklər boyu
çətin sınaqlara məruz qalması və bu
sınaqlardan uğurla çıxması kimi məsələlər
diqqət mərkəzində saxlanılır. Vətən,
yurd həsrətilə yaşayan soydaşlarımızın
nisgili, harayı, öz elindən-obasından didərgin
düşən həmvətənlərimizin doğma
yurdlarına qayıtmaq inamı şairin poetik
dünyasının prioritet mövzusuna çevrilir. Şairin bu arzusu, istəyi təbiətlə
insanın daxili vəhdətindən, harmoniyasından yaranan
milli və bəşəri duyğuların tərcümanına
çevrilərək bütövlük yaradır.
Kim dedi
ki, göyə qalxan durnalar
Elə-belə,
qarasına uçacaq...
Hərəsinin
içində bir sevda var,
Baxmaz
hicran yuvasına, uçacaq,
Qürbət
eldə qərib baxtı oyanmaz,
Bir çalardı, başqa rəngə boyanmaz.
Bilir qəlbim
həsrətinə dayanmaz,
Qayıtmağın havasına, uçacaq.
Azərbaycan ədəbiyyatının əbədi və
əzəli mövzusu olan ana məhəbbətinin
böyüklüyü, müqəddəsliyi,
paklığı, əvəzolunmazlığı Mahirə
Nağıqızının
yaradıcılığının əsas leytmotivinə
çevrilir.
Bütün çətinliklərə sinə gərərək
min bir əziyyətlə övlad böyüdən,
qayğıkeş, mərhəmətli, cəfakeş ana
obrazı ümumiləşmiş Azərbaycan
qadınlarının simvolu təsiri bağışlayır:
Sənə
açılan gün sənin deyildi,
Bizlə bölüşübsən lap əvvəlindən.
Necə
saxlayırdın, möcüzə idi,
Yorğun gözlərində təbəssümü sən.
O
gözün nuruyla dünya göründü,
Oradan başladı yolumuz bizim.
Həmin
təbəssümdür bəlkə də indi,
Ən böyük sərvəti hər birimizin.
Şeirin
hər misrasında ana nəvazişinin istisində
qızınan övlad qəlbinin hərarətini,
üzündə o müqəddəs varlığın
çöhrəsindən nur alan təbəssümünü
və böyük həyat eşqini, qurub- yaratmaq əzmini, gələcəyə
inam hissini görmək mümkündür.
Bir millətin varlığı, kimliyi, keçdiyi şərəfli
tarixi yolu digər mənəvi dəyərlərlə
yanaşı, həm də onun ana dilinin saflığında,
duruluğunda, dərin məna qatında və
çoxçalarlığında ehtiva olunur. Mahirə
Nağıqızının yaradıcılığında
ürəkləri riqqətə gətirən, sehrləyən,
məhəbbət və nəvazişlə süslənən,
ecazkar ana obrazını tərənnüm edən şeirlər
önəmli yer tutduğu kimi, ana dilinə həsr etdiyi poetik
nümunələri də xüsusi yer tutur. “Orxonlardan
üzü bəri yazın qalıb, Altaylardan Balkanlara izin
qalıb”, - deyən şair Azərbaycan dilinin minilliklər
boyu çox çətinliklərdən keçərək,
cilalanaraq günümüzə gəlib çatmasını,
xalqımızın Zəfər salnaməsinin bu dildə
yazılmasını böyük qürur hissilə
xatırladır:
Bu
dünyanın yaşı qədər tarixin var,
Sonu qədər,
başı qədər tarixin var,
Dağı
qədər, daşı qədər tarixin var,
Ha baş
vursam bitməz qatı, ana dilim,
Dədəm-babam amanatı, ana dilim.
Mahirə Nağıqızının zəngin söz
palitrasında onun təbiətin, cəmiyyətin və
idrakın ümumi inkişaf qanunauyğunluqlarının
poetik anlamını, dərin fəlsəfi fikir
yükünü daşıyan şeirləri diqqəti cəlb
edir.
Yaradılışdan bu günədək bəşər
övladının keçdiyi ömür yolunun mahiyyətini
açan, sirlərlə dolu kainatın möcüzələrinə
işıq salan bu poeziya nümunələri şairin öz
oxucusu ilə ixtilatı təsiri bağışlayır və
insanı dünyanı dərk etməyə, onun var-dövlətinə,
şan-şöhrətinə uymamağa, həyatın
enişli-yoxuşlu yollarında büdrəməməyə,
ağıla və idraka arxalanmağa bir
çağırış nidasıdır.
Şair
“Yol gələr, yol gedər mənzilə çatmaz, Yollarda
başlayar, bitər bu dünya” kimi fəlsəfi deyimlərdə
ucu-bucağı görünməyən qoca dünyanın
paradoksallıqlarını yüksək sənətkarlıqla
açıb göstərir:
Ümiddən
düşməyən dilək yaratdı,
O, Allah
yaratdı, mələk yaratdı.
Ev qurdu,
bağ saldı-gerçək yaratdı,
Özünü gəzənin duyğusu–dünya.
Nə salam verəndir, nə salam alan,
Ovqatı ötəri, vüsalı yalan.
Mahirə,
söylə ki, bizlərə qalan,
Bir addı, onun da suçlusu dünya.
Şairin kövrək, zərif duyğu və
düşüncələrinin tərcümanına
çevrilən lirik şeirlərində insan qəlbinin ən
incə məqamlarına həssas münasibət sərgilənir. İnsanın
daxili dünyasına qayıdış, onun öz lirik “mən”i
ilə həmsöhbət olması kimi ülvi hisslər
ön plana çəkilir. Yer üzünün əşrəfi
sayılan insanı yaşadan, ömrünün bütün
çağlarında ona həmdəm olan, onunla doğulub,
onunla əbədiyyət qazanan məhəbbət hisslərinin
aliliyi şairin lirikasının əsas parametrinə
çevrilərək ömür yolunu
işıqlandırır:
Deyirsən
ki, sevgin ilə qocaldım,
Bilmirsənmi
sevən insan qocalmaz!
Mən nə
sevdim, nə sevəndən öc aldım,
Onu bildim hər pasiban qocalmaz.
Bu
dünyanın çölü, düzü qocalar,
Min illərin
fikri, sözü qocalar,
Nə
zamansa dünya özü qocalar,
Eşqi bilən ruha dərman qocalmaz.
Mahirə
Nağıqızının polifonik
yaradıcılığında onun geniş
dünyagörüşünü, həyata və cəmiyyətə
baxışını, fəlsəfi fikir yükünü
özündə əks etdirən “Rənglərin
simfoniyası” şeirinin xüsusi yeri var. Şair min illərin
dərin mifik yaddaşına söykənərək yeddi rəngin
hər birinin spesifik xüsusiyyətini, çalarlarını
simvollaşdıraraq onların əsl mahiyyətini
açmağa müvəffəq olur:
Ağappaq
dünyamdır ruhuma güzgü,
Əminlik - deyəndə, yada Ağ gələr.
Qırmızı
rəngində istəklə sevgi,
Gücün, iradənlə yaşamaq gələr.
Yaşıl-
düzgünlüyün, cəhü-cəlalın,
İradə, dözümün özüdür ancaq.
Göy rənglə
birləşsə ağıl-kamalın,
Səni yüksəklərə o qaldıracaq.
Mahirə
Nağıqızının çəhrayı rəngi təmiz
məhəbbətin, boz rəngi ilahi qüvvətin, qara rəngi
bəşəriyyətin pisliyə açdığı
dava-dalaşın, sarı rəngi dirçəlişin, zəfər
və qələbənin rəmzi kimi
simvollaşdırması onun öz sələfləri olan Səməd
Mənsurdan, Rəsul Rzadan fərqli bir yanaşma olduğunu
göstərən maraqlı məqamlardır.
Görkəmli
alim, pedaqoq, istedadlı şair, Əməkdar müəllim
Mahirə Nağıqızı 30 ildən artıqdır ki,
böyük yaradıcılıq yolu keçərək ədəbi
fəaliyyətinin kamillik zirvəsinə yüksəlmişdir.
Azərbaycan elminin, zəngin və çoxəsrlik ədəbiyyatımızın
inkişafına dəyərli töhfələr verən Mahirə
Nağıqızına yeni-yeni yaradıcılıq
uğurları və müvəffəqiyyətlər
arzulayırıq!
İki sahil.-
2022.- 5 fevral.- S.21.