Azərbaycan gəncliyinin siması:

Milli ruh, ləyaqət, vətənpərvərlik!

 

Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Forumda çıxış edən Prezident İlham Əliyev Zəfərimizlə başa çatan Vətən müharibəsində qəhrəmanlıq göstərən gəncliyimizin vətənpərvərliyini, fədakarlığını yüksək qiymətləndirdi

 

1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin Birinci Forumunda ümummilli lider Heydər Əliyevin gənclər qarşısında qoyduğu mühüm, tarixi vəzifələri Prezident İlham Əliyev müxtəlif istiqamətlər üzrə davam etdirir, təkmilləşdirir. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramlarının qəbulu, ölkədə «Gənclər İli»nin elan olunması, Gənclər Fondunun yaradılması, respublikada ilk dəfə olaraq «Gənclər üçün Prezident Mükafatı»nın təsis edilməsi, «Azərbaycan Gənclərinin İnkişaf Strategiyası»nın təsdiqlənməsi müasir gəncliyə diqqət və qayğıdır. Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda respublika iqtisadiyyatının bütün sahələrində aparıcı qüvvə kimi etimadı doğruldan, böyük nailiyyətlər qazanan yeni nəslin fəaliyyəti yüksək dəyərləndirildi, zamanın çağırışlarına uyğun hədəflər müəyyənləşdirildi.

«Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar. Mən bu sözləri deməklə, eyni zamanda, Azərbaycan gənclərinə həm ürək sözlərimi deyirəm, həm də təşəkkür sözümü deyirəm. Çünki bir çox hallarda, xüsusilə Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik» söyləyən, gənclərin hamisi olduğunu yeni nəslin hərtərəfli hazırlıqlı kadrlar kimi yetişməsi üçün önəmli addımlar atan Prezident İlham Əliyevin Forum iştirakçıları ilə bu görüşü də tarixi əhəmiyyəti ilə seçilir. İkinci Qarabağ müharibəsinin Zəfərlə başa çatmasında ürəyi Vətənə məhəbbətlə dolu gənclərin rəşadətini, döyüş bacarığını, hərbi hazırlığını yüksək qiymətləndirən Prezident, Ali Baş Komandan İlham Əliyev vurğuladığı ki, milli və dövlətçilik maraqlarına bağlılıq Azərbaycan gəncliyinin başlıca xüsusiyyətlərindəndir. 44 günlük Vətən müharibəsində həlledici rol oynayan əsgər və zabitləri onlara etibar olunan missiyanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şərəflə yerinə yetirdilər.

Birinci Qarabağ müharibəsində düşmənə layiq olduğu cavabı verən Milli Ordumuzun əsgər və zabitləri İkinci Qarabağ döyüşlərində qələbə əzmini daha da gücləndirərək Ermənistanın «yenilməz ordu» mifini 44 gündə dağıtdılar. Silahlı Qüvvələrimizin sıralarında xidmət edən əsgər və zabitlərimiz torpaqlarımızın erməni işğalı altında qalması ilə heç vaxt barışmayacağını bildirən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əsl vətənpərvərlik nümunəsi göstərdilər. Gənclərimiz ölkənin iqtisadi qüdrətini artırmaqla, maliyyə imkanlarını möhkəmləndirməklə, diplomatiyada qazandığı uğurları ilə Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə açıqlamaqla Zəfərimiz üçün baza formalaşdıran Prezident İlham Əliyevin əzmi, siyasi iradəsi, qüdrəti ilə Azərbaycan xalqını illərdən bəri həsrətində olduğu istəyinə qovuşdurdular. Dövlətçilik təcrübəsinə, uzaqgörən siyasətinə arxalanaraq xalqı arxasınca aparanlar «Nəyin, necə, nə zaman» həll ediləcəyi hikmətini gənclərin suallarını cavablamaqla bildirən Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsindəki döyüş təcrübəsinin dünyanın ən tanınmış hərbi məktəblərində öyrənilməsi tarixi nailiyyətimizdir. 44 gündə qazanılan Zəfər salnaməmizin müəllifləri də ölümləri ilə ölümsüzlük dastanı yazan, şəhidlik zirvəsinə ucalan gənclərimiz oldu. Vətən, torpaq uğrunda irəli gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir.

Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedib, şəhid olan oğullarımız müzəffər ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Qələbəmizi şərtləndirən amillərdən söz açan Prezident İlham Əliyev xalqımıza baş ucalığı gətirən, milli ləyaqətimizi əks etdirən, varlığımıza səbəb olan mənliyimizi bir sözlə ifadə etdi: Vətənpərvərlik!

Bu söz Azərbaycan gəncliyinin fədakarlığına verilən qiymətdir. Müharibədə sinəsini qabağa verənlər arasında gənclərin ön sırada dayanması o deməkdir ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Müharibədə iştirak etmiş və qəhrəmanlıq göstərmiş on minlərlə Azərbaycan gənci Vətəni qorumaq missiyasını qanı, canı bahasına yerinə yetirdi. Təkcə Şuşa uğrunda gedən döyüşlərdə yüngül silahlarla sıldırım qayalara dırmaşan, əlbəyaxa döyüşlərdə misli görünməyən tarix yazan, Qarabağı görməyən gənclərin belə torpaq, yurd, milli ləyaqət uğrunda ölümə getmələri qayalarda daşlaşmaqla Vətəni qorumaq istəyindən qaynaqlanırdı. «Ona görə Şuşanın azad edilməsi, müharibənin ilk günlərindən bizim əsas vəzifələrimizdən biri idi. Sadəcə olaraq, mən bunu dilə gətirə bilmirdim. Çoxsaylı müsahibələrimdə çalışırdım ki, bu sualdan yayınım. Amma bir neçə dəfə artıq birbaşa sual verildiyi üçün demişdim ki, Şuşasız bizim işimiz yarımçıq olar. Hər halda maksimum nə deyə bilərdim, o idi» söyləyən Ali Baş Komandan Ermənistana bütün sahələrdə qalib gələn Azərbaycanın adının yüksəklərə qaldırılmasında böyük xidmətləri olan gənclərimizin Şuşada göstərdikləri qəhrəmanlığı torpağa bağlılığın nümunəsi adlandırır. Dəfələrlə qeyd olunduğu kimi, Şuşasız Azərbaycanın Qələbəsi yarımçıq olardı. Şəhərə ziyan vurmadan Şuşanı azad edən əsgərlərimiz şəhid oldular, qazi oldular, müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. «Bunu mən, sadəcə olaraq, xoş söz üçün demirəm. Bunu mən Ali Baş Komandan kimi müharibə dövründə hər an, necə deyərlər, bütün əməliyyatlara rəhbərlik edən şəxs kimi deyirəm və görürəm ki, bəzi hallarda, hətta çətin anlarda bizim hərbçilərimiz mümkün olmayanı da reallığa çevirmişlər. Milli ruh, milli ləyaqət və vətənpərvərlik onları irəliyə aparırdı. Belə xalqla heç kim mübarizə apara bilməz» söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi, bütün dünya bir həqiqətin şahidi oldu: Azərbaycanlılarla mübarizə, müharibə aparmaq çox baha başa gələ bilər. Bu əminlik Azərbaycan gəncliyinin simasında əbədiləşir. Müharibədə iştirak etmiş və qəhrəmanlıq göstərmiş on minlərlə Azərbaycan gəncinin üzərinə hazırda başqa məsuliyyət düşür. Vətənə bağlılıq, milli mənsubiyyəti ilə qürur duymaq, vətəndaşlığı, dövlət maraqlarını hər şeydən üstün tutmaq, qlobal hədəflərə cavab vermək bacarığı Azərbaycan gəncliyinin gündəlik həyat amalına çevrilib. Azərbaycan əsgəri şəhidlərimizin qisasını döyüş meydanında aldığı kimi, onlara layiq davamçı olcaqlarına da and içib.

 Tarixi Zəfərimizin ildönümündə Şuşada hərbçilərlə görüşən Prezident, Ali Baş Komandan İlham Əliyevin «Əminəm ki, Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaqdır. Artıq məndə məlumat var ki, inkişaf etmiş bir çox ölkələrin mütəxəssisləri 44 günlük Vətən müharibəsinin hər bir gününü təhlil edirlər. Çünki 44 günlük müharibənin hər bir günü qələbə, zəfər günüdür. Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi. Çünki düşmən hesab edirdi ki, Şuşanı azad etmək mümkün deyil və yəqin ki, müəyyən dərəcədə haqlı idi. Çünki Pənahəli xan bu şəhəri elə salmışdır ki, hər tərəfdən sıldırım qayalar və təbii landşaft Şuşanı mühafizə edir» sözləri işğaldan azad olunmuş torpaqlarda aparılan quruculuq işlərində də aparıcı qüvvə kimi iştirak edən gənclərimizin ulularımızdan miras qalan sərvətlərə sahiblik ruhunun yüksək olduğunun nümunəsidir. Forumda səslənən fikirlər, Prezident İlham Əliyevin gənclərə inam və etimadının nəticəsi olan açıqlamaları, suallara məntiqli cavabları bir daha təsdiqlədi ki, müasir dövrün tələbləri səviyyəsində hazırlıqlı olan gənclərimiz ölkə iqtisadiyyatının inikşafında, qlobal layihələrin reallaşmasında, milli-mənəvi dəyərlərimizin qorunmasında və təbliğində varislik missiyalarına sadiq qalacaq, Azərbaycan gəncliyinə olan etimadı doğruldacaqlar. Ermənistanın baş naziri Nikol Paşinyanın «dağlarda toy»undan fərqli olaraq işğalçılara əsl toy tutan gənclərimiz Şuşa şəhərinin yenidən qurulmasında iştirak etməklə sələfləri Pənahəlı xana layiq davamçı olduqlarını qurucu, yaradıcı gənclik adları ilə təsdiqləyəcəklər. Prezident İlham Əliyevin «Şuşa, biz səni dirçəldəcəyik!» sözlərinə təkcə «Şuşa İli»ndə deyil, əbədi sadiq qalacaqlar.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2022.- 5 fevral.- S.17.