Daşaltının qisası daş
altında qalmadı!..
Daşaltıda
düşüncələr
30 il əvvəlin 25 yanvar gecəsi yenicə formalaşmağa başlayan ordumuzun hissələri Daşaltıda hərbi əməliyyat keçirmişdi. General tacəddin mehdiyevin rəhbərliyi ilə keçirilən bu hücum əməliyyatında məğlub olduq. Ordumuz tam formalaşmamışdı, əməliyyat tam bitkin hazırlanmamışdı, bələdçilər öyrənilməmiş təyin edilmişdi – xəyanət olmuşdu. O müdhiş gecədən 30 il keçir...
Nə 25 yanvar gecəsi unudulacaq, nə o gecənin sazağı, nə sazağa sığınanların üstünə yeriş edənlərimiz...
Daşaltı 1992-ci ildə də Şuşaya açar idi, 2020-ci ildə də. 1992-ci ildə ermənilər Daşaltını müdafiə edirdilər ki, Şuşanı işğal edə bilsinlər. 2020-ci ildə ordu hissələrimiz Daşaltını ermənisizləşdirməliydi ki, Şuşanı işğaldan azad edə bilsin.
1992-ci ilin 25 yanvar gecəsi Azərbaycan əsgəri şaxta içində, sazaq içində, tuzaq içində qarı da, xəyanəti də dizləyə-dizləyə irəliləmişdi. Bu döyüş dövlətə, dövlətçiliyə sədaqət döyüşü olacaqdı, min illik tarixə məhəbbət döyüşü, qımıldanan qadaya dar ağacı misallı qətiyyət döyüşü olacaqdı. Olmadı...
Döyüşmüşdülər...
83 döyüşçümüz şəhid olmuşdu...
2020-ci ilin aylı-ulduzlu bir payız gecəsində 28 il belə bir gecə arzulayan yellər ağacların budaqlarından sürüşüb avtomatının qundağını sıxan əllərdə nəfəs dərirdi. Sabah noyabrın 5-i olacaqdı...
Vətən müharibəsində dağ massivlərindən, meşəliklərdən, dərələrdən keçərək Daşaltına yaxınlaşan Azərbaycan əsgəri düşmən duyuq düşənə kimi xeyli irəliləmişdi. Döyüşçülərimizin ayağı altında nə torpaq sürüşürdü, nə də daş. Bir-birinin nəfəsini eşidə-eşidə irəliləyirdilər. Daşaltıdan Şuşaya aparacaq döyüş əzmi, qələbə ruhu gecənin səssizliyini pərdələyirdi. Kənddən atılan təkəmseyrək güllə səsləri bu əzmi, bu ruhu yolundan saxlaya bilməzdi. Döyüş ərəfəsində hər döyüşçünün döyüş əzmi də, qələbə ruhu da əsgərləşmişdi, yəni, bu əzm, bu ruh hər əsgərin səngərdaşına dönmüşdü...
Daşaltıda düşüncələrim bir şekranlığa sarılıb: 30 il əvvəl burda şəhid olanların ruhu uğurlayıb döyüşçülərimizi. 30 il əvvəlin məğlubiyyətini qələbəyə başlanğıc edib Azərbaycan əsgəri..
Daşaltıda, indiyəcən adsız tanınan bəstə boylu tapənib yaxasında, ubndan sonra Xatirə qayası adlandırılacaq yerdə Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş kapitan Ramazan Hudulov döyüşlərdən, Daşaltı döyüşlərindən danışır. Elə bil 390 gün əvvəl sağında-solunda atışan döyüşçülərin baxışlarında çırpınan qələbə ruhunu görür - danışır, elə bil o anlarda döyüşə-döyüşə özü də irəliləyir, onunla dabanlaşaraq döyüşçülər də.
- Noyabrın 6-da Xankəndidən Şuşaya gələn yoldaydıq. Ürəyimiz uçunurdu. Döyüşçülərimiz yaşımızdan böyük həsrətin gözlərini tökmüşdü. Döyüş azca ara verəndə diz çöküb torpağın doğmalığını ciyərlərimizə çəkdik.
Kapitan Ramazan Hudulovun səsində qürur var, döyüşlərdə şəhid olanlara görə sezilməsi çətin olmayan qəhər də var. Baxışları Daşaltının söykəndiyi dağ-divardan yığılmır – döyüşə-döyüşə Şuşaya bu səmtdən keçiblər.
Daşaltı istiqamətində döyüşdə tabor komandiri mayor Həmid Əliyev ağır yaralanıb. Ona ilkin yardım göstərildikdən sonra təxliyə olunmaq istəməsə də, təxliyyə edilib. Tabora rəhbərliyi onda baş leytenant olan Ramazan Hudulov öz üzərinə götürüb:
– Daşaltıya tərəf yük maşınları gəlirdi. Nə vardı o maşınlarda? – hərbi sursat, ərzaq, canlı qüvvə. O maşınlar ünvanına çatmamış məhv edilməli idi. Döyüşçülərimiz əmri məsuliyyətlə yerinə yetirdi. Kömək gözləyən düşmənin mövqeləri Azərbaycan əsgərinin güllələriylə didildi. Düşmən inadkarlıqla müdafiə olunurdu. Müdafiə oluna-oluna əks-hücuma keçmişdi. 5 döyüşçümüz şəhid oldu. Döyüşə-döyüşə şəhidləri də, ilkin yardım göstəriləndən sonra yaralıları da döyüşün içindən çıxarda bildik. Döyüşü davam etdirmək çətin olsa da kömək gələnə kimi döyüşdük...
Dan yeri sökülməkdə idi. Mənim komandirliyimlə qruplardan biri soldan, digər 3 qrup sağdan irəliləyirdi – dağlıq massivdən. Ayağın sürüşməsi təhlükəsi, dağın sinəsindən daş qopma ehtimalı da vardı. Döyüşü davam etdirdik. Döyüşə-döyüşə Laçın-Xankəndi yoluna çıxdıq; yolu bağladıq. Bu, düşmənin ağır mövqe məğlubiyyəti idi. Şuşa istiqamətində irəlilədik...
Əmr gözləyirdik. Anlar ötüşmürdü elə bil. Elə bil zaman donmuşdu. Döyüşçülərimizin əliatıcı silahlarının qundağını sıxırdı. Aylı-ulduzlu payız gecəsində xırdaca yel əsirdi. Neçə ay əvvəl yay axşamı ön xətdə, səngərdə əsgərlərin söhbəti düşürdü yadıma. Əsgərlərdən biri “Atam Şuşada xidmət edib, Şuşada döyüşüb, Şuşada yaralanıb. Deyirdi ki, Şuşanı görmədən ölsəm, illəri ömrümə haram bilərəm”. Atam Şuşanı görə bilmədi. Şuşanı işğaldan azad edənlərin sırasında olsam, Şuşanı görsəm, onu atamın ruhuna təsəlli bilərəm”. Həmin əsgər Daşaltıda döyüşdü, Şuşanı işğaldan azad edənlərin sırasında oldu...
Qələbə! Ruhumuzun Zəfəri! Bu Zəfərin ovqatını Şuşada yaşamaq nə qədər xoşuydu! Bu xoş ovqat 28 il yollar yormuşdu, Şuşaya gətirəsi yollara qovuşmaq, o yollara qarışmaq üçün! 2020-ci ilin Daşaltı döyüşləri 1992-ci ilin 25 yanvar gecəsinin davamı kimi tarixləşdi.
Noyabrın 6-da Şuşaya çatmışdılar (“çatmışdılar” ifadəsinə görə özümü qınayıram. Döyüşə-döyüşə, sıldırımları aşa-aşa, keçilməzlikləri keçə-keçə gedilən yola görə, bu niyyətə görə, illərlə arzulanan məkanda nəfəs dərənlərin Vətən sevgisinə görə, bu sevginin dönməzliyinə görə,...). Bu iki gündə ciddi müqavimət göstərən düşmənin son ümidlərini də çilikləyəcək döyüşlər gedirdi. Döyüşlərə sentyabrın 27-də başlayan əks-hücumdan keçib gəlmişdilər. Bu döyüşlər işğalı sonlandıracaqdı – işğalın son döyüşlərindən biri kimi tarixləşəcəkdi...
Tibb xidməti leytenantı Ceyhun İsmayılov döyüşlərin ilk günlərini belə xatırlayır:
– Topxanada başından yaralanan döyüşçüyə yardım göstərəndə onun qırıq-qırıq dedikləri ürəyimi qana döndərdi: “Döyüşü davam etdirə biləcəmmi, həkim?”. Ümid verdim. Bu ümid həm ona, həm də özümə təsəlli idi. Qürurlanırdım ki, Azərbaycan əsgəri təkcə bir döyüşün sonu üçün döyüşmür, Qələbə üçün döyüşür. Həmin yaralı əsgər Daşaltıda qazanılan qələbəni görə bilmədi. Təxliyə edilmişdi. Neçə belə yaralımız oldu. Hamısı 28 il əvvəlin məğlubiyyətinin qisasını alanların sırasında olmaq istəyirdi.
Kəlmələrdən qürurlanırıq. Qürurlanırıq ki, yaşından 10-12 yaş böyük olan bir döyüşün şəhidlərinin də əvəzinə döyüşənlərimiz Daşaltıdan Şuşayacan, Şuşadan Zəfərəcən qalibiyyət bayrağını ucalarda saxladılar. “Daşaltı döyüşlərində qazanılan qələbə Zəfəri tezləşdirəcəkdi. Ona görə hər döyüşçü Daşaltı döyüşlərini erməniliklə son döyüşdən əvvəlki döyüş bilirdi. Döyüşdə nə bir yaralımız qalırdı, nə də şəhidimiz. Bu döyüş qətiyyətin döyüşüydü. Döyüş ərəfəsində komandirin dedikləri zabitlərin də, əsgərlərin də döyüş əzmini, qələbə ruhunu kükrətmişdi: Daşaltı Şuşaya pilləkəndi. O pilləkəni nə qədər tez alsaq, Şuşaya bir o qədər tez qovuşarıq. Daşaltı döyüşü Şuşanın işğaldan daha tez azad edilməsi döyüşüydü. Döyüşçülərdən birinin göy üzünə pıçıltısını da eşitmişdim: “Tanrım, mənə Şuşaya çatanacan ömür ver”. Daşaltıda belə döyüşçülər döyüşürdülər...”...
Daşaltıda 1992-ci ilin yanvarında şəhid olanların ruhuna bir bəstəboylu qayalığa Xatirə qayası adı verilib, ora şəhidlərin ruhuna ehtiram kimi ilk qərənfillər düzülüb. Nə vaxtsa burda Şəhidlik abidəsi ucalacağını gümanlayırıq...
Xatirə qayasının beş-altı addımlığında dayanıb üzü Şuşaya sarı baxıram. Dağ qala divarıdı. 1992-ci ilin mayında düşmən necə aşdı bu divarları? 2020-ci ilin noyabrında Azərbaycan əsgərinin qolundan Vətən sevgisi yapışdı, döyüş hazırlığı yapışdı, qələbə ruhu yapışdı, azərbaycançılıq yapışdı. Şuşa işğaldan azad edildi. Burda təkcə Daşaltı əməliyyatında (1992-ci ilin 26 yanvarında, 2020-ci ilin 4 noyabrında) şəhid olanlar deyil, Şuşa uğrunda gedən döyüşlərdə şəhid olanlar da anılır.
Hansı duyğuların təsiriyləsə, gözaltı kəndə sarı baxıram. Nəbilər kəndi istiqamətinə, Şuşakənd kəndi istiqamətinə, Sığnaq kəndi istiqamətinə, Qızılqaya yüksəkliyi istiqamətinə baxıram. Sonra Daşaltıyla Şuşanı ayıran daş-divara sarı baxıram. Yollar susur, cığırlar susur, ruhların pıçıltısını eşidirik...
Kapitan Surxay Noçiyev də Şuşa uğrunda gedən döyüşlərdə şəhid oldu.
Surxayın atası Əbdül Nocuyev də Daşaltıdadı. Oğlunun döyüş yolunun hardan keçdiyini görmək niyyətiylə baxır Şuşanın dağlarına. Baxışları Xatirə qayasında avtomatın sinəsinə sıxan hərbçidən üzülmür. Oğlunun əsgəri olmuş əsgərlərin davamçısı kimi baxır ona. Ataya elə gəlir ki, oğlu Surxayın məsləhətlərini, tövsiyələrini bu əsgər də dinləyib. Ataya elə gəlir ki, həmin əsgər indi şəhid kapitan Surxay Nocuyevin ruhunun qarşısındadı, bu ruhun göstərişi ilə döyüş növbətçiliyindədi...
Əbdül Nocuyev baxışlarında həsrət var. Daşaltının üst tərəfindən Şuşaya sarı gedən yola qarışan baxışların doğmalığını biz də duyuruq, hərbçilər də duyur.
Oğlu da Şuşaya o yolla getmişdi – o yol kapitan Surxay Nocuyevin döyüş yolu olub; qəhrəmanların döyüş yolu qələbə yoludu...
“Gec olsa da gəldik. Sinənə düşən ayaq izlərinizi talemizə qazanc bilirik...”, - Surxayın torpaqla könül söhbətində belə dediyini güman edirəm. Təkcə Surxay deyil, Şuşaya çatan döyüşçülərin hamısı belə deyib, gümanında israrlıyam. Neçə on illər keçəcək, bu könül söhbəti unudulmayacaq...
1993-cü ildən 2020-ci ilə kimi ermənilər yanvarın 26-da Daşaltıda qələbə ovqatlı tədbir keçirirdilər. 2021-ci il yanvarın 26-da belə olmadı. 2020-ci ilin 4 noyabr döyüşləri buna son qoymuşdu.
Şuşadan ayrı ellər,
Sağ canı sayrı ellər
Görəsən bilirdimi?
Şuşanın dağlarını
bürüyən boz dumanlar
boz yelənli çalmadı?..
İllər ötdü, ötüşdü,
İndi
dağ da deyir ki,
İndi
daş da deyir ki,
İndi ərş
də deyir ki,
Daşaltının
qisası
daş
altında qalmadı!..
Rəşid Faxralı
İki sahil.- 2022.- 8 fevral.- S.8.