Xocalının qisası

qiyamətə qalmadı!

 

XX əsrin faciəsi olan Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin növbəti təzahürü idi. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olmaqla yanaşı, Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələrlə bir sırada dayanır. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları həm də daha uzağa hesablanmış məqsəd güdürdülər. Onların əsas niyyəti Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Onlar tarixdə ən dəhşətli qanlı səhifələrdən birinin yazılmasına nail ola bildilər. Bununla ötən əsrdə Xocalı daha bir faciə yaşamış oldu. Həmin faciədən əvvəl də Xocalı öz tarixində bir neçə dəfə erməni təcavüzünə məruz qalmış, soyqırımlarına uğramışdı. Təkcə XX əsrin əvvəllərində 1905, 1906, 1917 və 1918-ci illərdə də Xocalı dörd dəfə erməni təcavüzünə məruz qalmış, yandırılmış, talan edilmiş, dağıdılmış, fəqət ayağa qalxaraq düşməndən qisasını almış, yenidən bərpa olunmuş və yaşamışdı. Amma tarix Xocalını daha bir qanlı faciə ilə sınağa çəkməyə hazırlaşırdı.

1992-ci il fevralın 25-də axşam saat 23:00 radələrində 366-cı alayla birlikdə ermənilər Xocalı şəhəri ətrafında döyüş mövqeyi tutmağa başladı. 50-dən artıq “Qrad” və “Alazan” tipli raketlərdən və tanklardan Xocalını iki saata qədər durmadan atəşə tutaraq tələfatlar törətdilər. 1-ci əsas zərbəni bədnam erməni mayoru Seyran Ohanyan (2-ci batalyon) vurdu. Onlar dərhal mayor Yevgeni Labovçixin rəhbərlik etdiyi 3-cü batalyonu Ballıca kəndində yerləşdirdilər. Çanaxçı kəndində yerləşdirilmiş batalyonun vəzifəsi isə arxa mövqeləri qorumaq idi. 366-cı alayın bütün texnikası Xocalı şəhərini uzaqdan güclü atəşə tutduqdan sonra üç istiqamətdən hücuma keçərək dinc əhaliyə divan tutdu.

Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdi. Rusiyanın "Memorial" hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdi. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdi. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdı. Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçirmişdilər. Onların başının dərisini soymuş, başlarını və bədəninin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yarmışdılar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan da istifadə edilmişdi. Bir sözlə, o gecənin müdhişliyi tariximizə təkcə xocalıların deyil, xalqımızın qanlı göz yaşları ilə yazıldı. Lakin Xocalının dərdli-naləli gecəsi barədə nə qədər yazılsa belə, yenə də müsibət və dəhşətləri olduğu kimi təsəvvür etmək çətindir...!

Ötən 30 il hər bir azərbaycanlını Xocalı acısı ilə yaşamağa və onu heç bir zaman unutmamağa sövq edib. Bu gün həmin anların acı xatirəsi ilə yaşayıb, valideynlərini itirmiş qardaş-baçılarımız var ki, onların qəlbində Xocalı başqa bir ağrı, başqa bir acıdır. Bu acını sözlərlə ifadə etmək, canlandırmaq olduqca çətindir. Amansız düşmənin qəlbimizdə açdığı yaranı, günahsız körpələrimizin qəddarcasına alınmış canlarını dünya görsün deyə 30 ildir ədalət savaşı aparırıq. Ancaq haqq-ədalət, insan hüquqları Azərbaycan qarşısında dayandıqda əl-qolu bağlanmış, susaraq dayanmış olur. Bu qanlı gecənin səbəbkarları olanlar əməllərinə görə Haqq divanında əyləşmədikcə və layiqli cəzalarına çatdırılmadıqca, insanlıq üzərinə düşmüş qara ləkəni üstlərindən silmiş sayıla bilməzlər. Dünya insan haqları və hüquqlarının aliliyindən danışa bilməz. O gün ki, Xocalı soyqırımı dünya tərəfindən layiq olduğu qiymətini alacaq, Xocalı qətliamçıları haqq divanında əyləşdiriləcək və layiqli cəzalarına çatdırılacaq, məhz o vaxt, o gün də insanlıq bu xəcalətdən, üzərindəki qara ləkədən qurtulacaq.

Biz xalq olaraq 30 ilin acı xatirəsinin qiymətini, qisasını dünyanın ədalət kürsüsünə buraxmadıq. Masalarda qalan etibarsız sənədlərə, əhəmiyyətsiz danışıqlara “dur” deyərək haqq yolumuzu özümüz seçərək, bizə yaşadılanların bir zərrəsini düşmənə yaşatmağı seçdik. Haqqın tərəfimizdə olduğu ədalət savaşımıza başladıq. Müqəddəs və tarixi 44 günlük İkinci Vətən müharibəsi, Ali Baş Komandan İlham Əliyevin bütün dünyanı heyrətə gətirən qətiyyətli siyasəti, inamlı duruşu və sarsılmaz dəmir yumruğu bizə illərlə gözlədiyimiz qələbə sevincini yaşatdı. Cənab Prezidentin bu qətiyyətli siyasətindən güc alan xalqımız zəfərə gedən yolda birlik, bərabərlik və dözümlülük nümayiş etdirdi. Bu birlik isə bizə əzəli və əbədi torpağımız olan Qarabağımızı bəxş etdi. Möhtəşəm qələbə nəticəsində Qarabağımız artıq bizimdir, yurdumuz murdar düşmən tapdağından azad edilmişdir! Qürurluyuq, inanırıq və qəti əminik ki, Xocalımız da ən qısa zamanda özünün əsl sahibləri ilə xocalılılarla görüşəcəkdir. Azərbaycan xalqı əmindir ki, Xocalı da bütövlükdə yenidən qurulacaq, gözəl Qarabağımızın ayrılmaz, dilbər guşəsinə çevriləcək!

 

Sevinc Azadi

 

İki sahil.- 2022.- 9 fevral.- S.5.