Sağalmayan Xocalı yaramızın
məlhəmi tarixi Zəfərimiz oldu
Soyqırımının qan
yaddaşımıza çevrilməsi Vətən müharibəsində
düşmən üzərinə atılan Azərbaycan əsgərlərinin
döyüş əzmini daha da gücləndirdi
Həmin gecə göylərə
ucalan məsum körpələrin fəryadı,
günahsız anaların, bacıların, gəlinlərin
ah-naləsi, çarəsiz ataların, ərlərin,
qardaşların qəzəbli nərələri,
tükürpədən hayqırtıları
qulaqlarımızdan getməyəcək, boğazımızda
düyün düşən əbədi qəhər, ürəyimizdə
kəsmək bilməyən göynərti kimi qalacaq. Mənfur
düşmənin Xocalıda yaşatdıqları insanlıq
ayıbı, bəşər övladının xəcalət
yerlərindən biridir, namərd qonşu xəyanətidir,
kürəyə saplanan zəhərli xəncər, ən
alçaq və namussuz təcavüzdür. Bu ləkəni
ermənilər heç vaxt əllərindən, üzlərindən,
vicdanlarından yuya bilməyəcəklər...
1992-ci ilin fevralın
26-sı yaman sərt başladı...
Vəhşətin,
dəhşətin, barbarlığın,
vandallığın, zülmün, zülmətin
yaşandığı əsrin ən qanlı,
ağrılı gecəsi... Sözün bitdiyi,
insanlığın kor olduğu, ədalətin susduğu fevralın
25-dən 26-na keçən gecə 366-cı alayla birlikdə
ermənilər Xocalı şəhəri ətrafında
döyüş mövqeyi tutmağa başladılar. 50-dən artıq “Qrad” və “Alazan” tipli raketlərdən
və tanklardan Xocalını iki saata qədər durmadan atəşə
tutaraq təlafatlar törətdilər. Həmin
vaxt yüngül atıcı silahlarla döyüşən
özünümüdafiə qüvvələri istisna olmaqla
şəhər demək olar ki, müdafiəsiz
qalmışdı. Gecənin zülmət
qaranlığında uşaqlar, qadınlar, qocalar, əlillər
şiddətli atəşə məruz qalaraq xüsusi
amansızlıqla qətlə yetirildilər. Soyqırımı törədənlər Xocalı
sakinlərini misli görünməmiş qəddarlıqla
öldürmüş, diri-diri yandırmış,
başlarının dərisini soymuş, gözlərini
çıxarmışdılar. Soyqırımı nəticəsində
613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70
qoca amansızcasına qətlə yetirilib. 487 nəfər
şikəst olub, 1275 dinc sakin əsir götürülüb,
150 nəfər isə itkin düşüb. Bu soyqırımı aktı nəticəsində bəzi
ailələr bütünlüklə məhv edilib, mülki əhali
görünməmiş qəddarlıqla qətlə yetirilib,
əsir götürülənlərə amansız işgəncə
verilib. Tarixi abidələri ilə fərqlənən,
Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət
kəsb edən qədim mədəniyyətə, strateji
önəmə malik Xocalı şəhəri, sözün əsl
mənasında, xarabalığa çevrilib.
Tarixə nəzər salsaq görərik ki, XIX əsrdən
başlayaraq Rusiya imperiyasının köməyi ilə
torpaqlarımızda məskunlaşan, çörəyimizi
yeyib, suyumuzu içən ermənilər fürsət
tapdıqca öz çirkin niyyətlərini həyata
keçirir, xalqımıza qarşı qanlı
qırğınlar törədirdilər. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin
davamlı olaraq etnik təmizləmə, soyqırımı
siyasətinə məruz qalmışdır. Azərbaycan
xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi
köçkünə çevrilmiş və bütün
bunlar ermənilər tərəfindən kütləvi
qırğınlarla müşayiət olunmuşdur. Bəşər tarixində
insanlığa qarşı cinayət olan Xatın, Naqasaki,
Ruanda, Nigeriya, Srebrenitsa, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda kimi qətliamlarla
müqayisədə daha dəhşətli olan Xocalı
soyqırımı ermənilərin XX əsrdə azərbaycanlılara
qarşı törətdiyi sistemli cinayətlərin, qətliamların
zirvəsidir.
Ermənilərin Xocalı şəhərini
hədəfə almaqda məqsədi nə idi?
Bu, bir tərəfdən Qarabağın dağlıq
hissəsində azərbaycanlılardan ibarət olan strateji əhəmiyyətli
maneəni aradan qaldırmaq idisə, digər tərəfdən,
ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik
silmək idi.
Çünki Xocalı elə bir
yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim
dövrlərindən müasir dövrə qədər tarix və
mədəniyyət ənənələrini özündə
əks etdirirdi. Bu xüsusi mədəniyyət
tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi
düşmüşdür. Xocalının
kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər
abidələri, həmçinin müxtəlif növ məişət
əşyaları insan cəmiyyətinin inkişaf
dinamikasını özündə əks etdirən maddi mədəniyyət
nümunələridir. Erməni
işğalından sonra bütün bu maddi mədəniyyət
abidələrinin məhv edilməsi və dünyanın ən
qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının
texnika vasitəsiylə darmadağın edilməsi erməni
vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə
qarşı zorakılıq aktıdır. Qeyd edək ki, Xocalı Azərbaycanın
Dağlıq Qarabağ regionunda strateji əhəmiyyət kəsb
edən şəhər idi. Bölgənin
yeganə aeroportu məhz orada yerləşirdi. Bu baxımdan ermənilər üçün
Xocalının işğalı xüsusi hədəf idi.
Xocalı müsibətindən əvvəl də ermənilər
dinc əhaliyə qarşı amansız vəhşiliklər
etmiş, kütləvi qırğınlar törətmişdirlər. Belə ki, Xocalı
soyqırımına qədər Dağlıq Qarabağda azərbaycanlılar
yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin,
Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad,
Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və
Aşağı Quşçular, Qaradağlı kəndlərində
də etnik təmizləmə məqsədilə
qırğınlar törədən, Xocavəndin
Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlını
qətlə yetirən ermənilər qaniçənliklərini
sonrakı illərdə Goranboy rayonunun Ballıqaya, Kəlbəcərin
Başlıbel kəndlərində davam etdirdilər. Bu
baxımdan 1992-1993-cü illərin Azərbaycan xalqının
taleyinə kütləvi qırğınlar, soyqırımlar
ili kimi daxil olması təsadüfi deyil.
Başı hakimiyyət uğrunda mübarizəyə
qarışan ölkə rəhbərliyi Xocalı faciəsinə
biganə yanaşır, dəhşətli, dözülməz
vəziyyətə düşən xocalılara dövlət
tərəfindən hər hansı kömək edilmir, faciəyə
siyasi-hüquqi qiymət verilməsi istiqamətində
heç bir əməli fəaliyyət göstərilmirdi. Bütün
dünyanın gözü qarşısında baş verən
bu dəhşətli soyqırımının əsl mahiyyəti
yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə
siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra
açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan
Respublikasının Milli Məclisi Xocalı
soyqırımına siyasi-hüquqi qiymət vermişdir.
Həmin qərara əsasən,
1992-ci il fevralın 26-da erməni təcavüzkarları
tərəfindən törədilmiş, Azərbaycan
xalqının milli faciələrindən və bəşər
tarixinin qanlı səhifələrindən biri olan Xocalı
hadisələri hər il fevralın 26-da “Xocalı
soyqırımı günü” kimi qeyd edilir. Ümummilli
Liderimizin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə
sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla
hər il fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir
dəqiqəlik sükutla yad olunur.
Ümummilli liderimiz Heydər Əliyevin siyasi irsini
uğurla davam etdirən Prezident İlham Əliyev də
Xocalı faciəsinin beynəlxalq miqyasda birmənalı şəkildə
soyqırımı aktı kimi tanınması
üçün əlindən gələni edir. Cənab
İlham Əliyevin tapşırığı ilə bu
soyqırımı hadisəsinin bütün dünyada
tanınması və ədalətli siyasi-hüquqi qiymətinin
verilməsi istiqamətində geniş ideoloji-intellektual
işlər görülür.
Bakıda, respublikamızın bir sıra
bölgələrində, həmçinin xaricdəki
diasporlarımızın maddi və mənəvi dəstəyi
ilə dünyanın əksər ölkələrinin
paytaxtlarında Xocalı şəhidlərinin xatirəsinə
abidələr ucaldılıb. Xocalı həqiqətlərinin
dünyaya çatdırılması, beynəlxalq aləmdə
yayılması, eləcə də bu soyqırımına
obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq
addımlar atılmaqdadır. Bu baxımdan
Azərbaycan Respubkilasının Birinci vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi
altında həyata keçirilən işlər də öz
bəhrəsini verməkdədir. Xüsusilə
son illər Azərbaycan həqiqətləri, mədəniyyətimiz,
Dağlıq Qarabağın tarixinə dair əsərlər,
Xocalı faciəsi haqqında kitablar, filmlər, stendlər
dünyanın hər yerində nümayiş etdirilir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə təsis edilən, 2009-cu ilin fevralında fəaliyyətə
başlayan və hazırda uğurla davam etdirilən
"Xocalıya ədalət!" beynəlxalq informasiya və
təşviqat kampaniyası da Xocalı həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılmasına
öz töhfəsini verməkdədir. Bu
kampaniyanın məqsədi beynəlxalq ictimaiyyəti
Xocalı soyqırımı ilə bağlı məlumatlandırmaq,
qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət
verilməsinə və bu soyqırımının
qurbanlarının xatirəsinin anılmasına nail
olmaqdır. Bunun nəticəsi olaraq,
2010-cu ilin yanvar ayının 31-də İslam Konfransı Təşkilatına
üzv dövlətlərin Parlament İttifaqının
(İKT Pİ) 51 ölkənin parlament heyətləri
başçılarının iştirakı ilə
keçirilən VI sessiyasında qətnamə qəbul edilib.
Leyla Əliyevanın təşəbbüsü ilə həyata
keçirilən "Xocalıya ədalət!" beynəlxalq
kampaniyası çərçivəsində irəli
sürülən qətnamədə Xocalı faciəsinə
"Erməni silahlı qüvvələri tərəfindən
dinc əhalinin kütləvi qətliamı" və
"İnsanlığa qarşı cinayət" kimi qiymət
verilib. Qətnamədə "Xocalıya ədalət!"
beynəlxalq kampaniyasına həm milli, həm də beynəlxalq
səviyyədə tam dəstək verməyə
çağıran bənd də öz əksini tapıb.
Qətnamə beynəlxalq təşkilatlar tərəfindən
Xocalı soyqırımını "İnsanlığa
qarşı cinayət" kimi tanıyan ilk sənəddir.
Xalq olaraq 30 ilin
haqsızlığının qisasını
beynəlxalq “ədalətin” ixtiyarına buraxmadıq
BMT Təhlükəsizlik
Şurasının dörd qətnaməsinə, Avropa
Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlıq
Təşkilatının, Qoşulmama Hərəkatının
və eləcə də digər beynəlxalq qurumların qərarlarına
baxmayaraq, bu münaqişə beynəlxalq hüquq
normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü
çərçivəsində ötən il sentyabrın
27-də başlanan 44 günlük Vətən müharibəsində
müzəffər ordumuzun tarixi Qələbəsi ilə
öz həllini tapdı. Qəhrəman ordumuz Ali Baş
Komandanımızın əmri ilə 2020-ci il
sentyabrın 27-də əks-hücuma keçdi və "Dəmir
yumruq” əməliyyatı ilə düşməni
darmadağın edərək doğma
Qarabağımızı 28 illik əsarətdən xilas etdi. Şanlı Azərbaycan Ordusu tərəfindən məhv
edilən düşmən qüvvələri içərisində
Xocalı soyqırımının icraçılarından
bir neçəsi məhv edildi, bu dəhşətli faciənin
günahsız qurbanlarının qisası alındı.
Xocalıda, eləcə də Qarabağ
uğrunda həlak olan bütün şəhidlərimizin ruhu
əbədi rahatlığa qovuşdu. Bu gün hər
bir azərbaycanlı bəşər tarixində ən
qanlı cinayətlərdən biri olan Xocalı
soyqırımının günahsız qurbanlarının əziz
xatirəsini ehtiramla yad etməklə yanaşı, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən
müharibəsində düşmən üzərində
qazandığı tarixi Qələbənin sevincini
yaşayır.
Bu il isə Xocalı soyqırımı
qurbanlarının xatirəsi işğaldan azad olunmuş ərazilərdə
xüsusilə qeyd olunacaq, erməni vəhşilikləri ilə
bağlı geniş kampaniyalar keçiriləcək. Azərbaycanın xarici ölkələrdəki səfirliklərində
matəm mərasimləri təşkil ediləcək. Ermənistan üzərində
qazandığımız Zəfər Xocalı qurbanlarının
xatirəsinə əbədi hörmət və ehtiramın rəmzi
kimi qeyd olunacaq.
Yaqut Ağaşahqızı
İki sahil.- 2022.- 10 fevral.- S.6.