Məktəblərdə psixoloji xidmətlər hansı səviyyədədir?

 

 

 

Tədris və tərbiyə müəssisəsi olan məktəblərdə müəllimlərin rolu əvəzsizdir. Müəllim uşaqlara, bilik, savad verməklə yanaşı, onların Vətənə layiqli övlad kimi yetişməsində də böyük əmək sahibidir. Bəzən deyirlər ki, müəllim həm də psixoloq olmalıdır. Bəli, bu doğrudur. Müəllim psixoloq qabiliyyətindən uşaqlarla davranışında istifadə edə bilər. Lakin hər hansı şagirdin psixoloji probleminin həllində ona dərindən kömək edə bilməz. Belə olan halda köməyə məktəb psixoloqları gələ bilər. Bu da o deməkdir ki, məktəblərdə psixoloqların üzərinə çox çətin, məsuliyyətli iş düşür. Bəs görəsən məktəb psixoloqları necə fəaliyyət göstərməlidirlər? Onların bugünkü fəaliyyətləri qaneedicidirmi?

 

“İki sahil” mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib.

 

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirib ki, təhsil sahəsində olan problemlərə nəzər salsaq görərik ki, onlardan biri, bəlkə də ən aktual olanı orta məktəblərdə psixoloji xidmətin zəifliyidir: “Son illərdə bununla bağlı bir çox tədbirlər görülür. Bütün bunların nəticəsində artıq orta məktəblərdə bu sahənin adı var, bircə qalır doğru-dürüst fəaliyyəti. Təəssüf ki, orta məktəblərdə direktor və psixoloq bu sahəyə hələ də dırnaqarası yanaşırlar. Araşdırmalarıma görə, orta məktəbdə psixoloji xidmətin zəif olması bir çox səbəblə bağlıdır. Birincisi, bu sahənin yeni olmasıdır. Yəni, orta məktəbdə psixoloq ştatı hələ tam oturuşmayıb və cəmiyyət tam şəkildə maariflənməyib. Valideyn hələ tam fərqinə vara bilmir ki, psixoloqun orta məktəbdə işi nədən ibarətdir. Ona görə də maariflənmə işi düşünürəm ki, daha da geniş formada aparılmalıdır. İkinci səbəb isə psixoloq ştatının olması, ancaq psixoloqların psixoloji işi aparmaq üçün şəraitlərinin olmamasıdır. Çünki heç kimə sirr deyil ki, bir qisim orta məktəbdə psixoloqlar konkret əvəzçiliklə dərs demək və belə deyək ki, öz işləri ilə yanaşı, başqa işləri də yerinə yetirmək durumu ilə üz-üzə qalırlar. Bir də psixoloqun ştat vahidinin müəyyən olunması da psixoloji işin daha yaxşı görülməsində bir motivasiya vasitəsi olacaq. Çünki mən düşünürəm ki, ştat vahidi qaldırılmalıdır. Orta məktəbdə çalışan psixoloqun aldığı əməkhaqqı da digər müəllimlərin  məvacibinə müəyyən qədər bərabər tutulmalıdır. Bax, bu işlərin həll olunması və eyni zamanda, düşünürəm ki, orta məktəbdə çalışan psixoloqlara təlimləri, treninqlərin mütəmadi olaraq keçirilməsi vacibdir. Çünki orada uşaqlarla yanaşı, yeniyetmələr də mövcuddur. Hətta onların da içərisində elələri var ki, konkret olaraq psixoloji rahatsızlıqları ilə yanaşı, həm davranış, ünsiyyət problemləri var, həm də çətin tərbiyə olunan uşaqlardır. Orta məktəb psixoloqları da bilməlidirlər nə formada işləmək lazımdır. Düşünürəm ki, bunların hamısı nəzərə alınmalıdır”.

 

Hər şeyi psixoloqdan gözləmək də düzgün deyil...

 

 “Xoşagəlməz fakt odur ki, son vaxtlar baş verən intiharların əksəriyyətini orta məktəb şagirdləri təşkil edir. Əslində, bunun psixoloqun fəaliyyəti ilə birbaşa yox, dolayısı ilə əlaqəsi var ” söyləyən ekspert onu da diqqətə çatdırıb ki, eyni zamanda, valideyn uşağı ilə ünsiyyət və tərbiyə prosesini düzgün qurmaqda çətinlik çəkir, ailədaxili münasibətdə konflikt var və yeniyetmənin özünün fərdi daxili psixoloji problemi mövcuddur ki, onu vaxtında valideyn təyin edə bilmir: “Uşaq əgər günün dörd saatını məktəbdə keçirirsə, digər vaxtları evdə olur. Bu sırf psixoloqla bağlı bir məqam deyil. Düşünürəm ki, burda valideynlərin məsuliyyətini bir az da qabartmaq lazımdır. Hər şeyi  psixoloqdan gözləmək də düzgün deyil”. 

 

Bizim insanlar yarım saat bir müğənniyə 5 min manat pul saya bilirlər, lakin psixoloqa...

 

K. Əsədov onu da qeyd edib ki,orta məktəblərdə psixoloq xidməti yeni sahədir. Bu səbəbdən də orta məktəbdə çalışan psixoloqların bir qisminin ixtisas dəyişəndən sonra bu psixoloji xidməti yerinə yetirməsində biz onlara vaxt verməliyik. Onların təkmilləşdirilməsi istiqamətində əlimizdən gələni etməliyik: “Son illər ərzində Təhsil Nazirliyi tərəfindən orta məktəb psixoloqlarına xüsusi qayğı göstərilir. Təlimlər indi də davam etdirilir. Məsələ burasındadır ki, ştat vahidinin verilməsi  bir az zaman alan bir məsələdir. Düşünürəm ki, bunu həyata keçirərlər. Çünki eyni bir proses səhiyyədə də baş verir. Klinik psixoloqlar  tibb müəssisələrində çalışırlar. İndi məsələ qoyulur ki, onlar da həkimlər qədər əməkhaqqı alsınlar. Eləcə də orta məktəbdə, onların ştat vahidini səhv etmirəmsə həftəlik 12 saat götürürlər və düşünürəm ki, bunu artırmaq olar. Yenə də deyirəm, şərait yaratmaq lazımdır və bunun müqabilində psixoloq da işini yaxşı bilməlidir ki, uşaqlarla işini görə bilsin. Yəni, konkret olaraq psixoloqun öz otağı olmalıdır ki, burada onlar testlər apara, fərdi söhbətlərlə yanaşı, yeri gəlsə ailə ilə də söhbətlər edə bilsinlər. Təəssüf ki, bizim insanlarda hələ psixoloqa ödəniş etmək yanaşması tam formalaşmayıb. Bizim insanlar yarım saat bir müğənniyə 5 min manat pul saya bilirlər, lakin psixoloqa 25-30 manat ödəniş etməyə baha deyirlər. Biz cəmiyyət olaraq məktəbdə psixoloqu qəbul etmirik və  onlara çox pis baxırıq. Övladlarımızın təkcə fiziki inkişafı, həm də psixoloji cəhətdən inkişafı üçün çox işlər görməliyik. Amma ümumilikdə orta məktəblərdə psixoloqların fəaliyyəti qənaətbəxş deyil. Hesab edirəm ki, orta məktəblərdə psixoloji xidmətin təkmilləşdirilməsinə, dünya təcrübəsinin tətbiqinə ciddi şəkildə ehtiyac var. Əsasən də ştat vahidlərinin sayı artırılmalıdır və ancaq bu sahə üzrə ali təhsili olanlar işə qəbul edilməlidir”.

“Dərya” Tədris və Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Gülnar Orucova isə qəzetimizə açıqlamasında bildirib ki, bu gün biz özəl sektorda çalışan psixoloqlarıq. Orada biz kifayət qədər yüksək məbləğə çalışırıq. Bununla da öz işimizə sərmayə qoyacaq gücdəyik: “Biz öz işimizi nəinki Azərbaycanda, ölkəmizin hüdudlarından kənarda da artıra və xeyli sayda kurslara qatıla bilirik. Artıq təhsili artırmaq o qədər asanlaşıb ki, biz onlayn dərslərə də qatılırıq. Hətta onlayn kursların tərcümə versiyaları da bizlərə göndərilir. Sadəcə bu kursların bir modulu 450-500 manatdır. Orta məktəbdə psixoloqun aldığı maaşa gəldikdə isə onun da burada aylıq maaşı 450 manatdır. Onu da qeyd edim ki, bir kurs 4, bəzən də 6 moduldan ibarət olur. Psixoloq 6 aylıq maaşını təlimə verməz. Bu gün biz özəl sektoruq, bunu özümüz tarazlaya bilirik. Bununla da təhsilimizə pul xərcləyə bilirik. Amma dövlət sektoru bunu etmir. Onu da xüsusi qeyd etmək lazımdır ki, dövlət sektorunda da psixoloqlar üçün kurslar təşkil olunmalıdır. Büdcə layihələri işlənməlidir. Bunu da dövlət özü maliyyələşdirməlidir ki, psixoloq gedib həmin kursdan keçsin, təlim əldə etsin. Məsələn, davranış terapiyası. Soruşun görək psixoloqun hansı biləcək davranış terapiyası nədir? Sözsüz ki, onlar bu terapiyalardan xəbərsizdilər. Mən onların heç birini qınamıram. Onlar da mənim həmkarlarımdırlar. Əziyyət çəkib dörd il təhsil alıblar. Amma psixologiya çox geniş sahədir. Bu, dörd illə bitəcək bir iş deyil. Dörd illə bitəcək bir iş olmadığı üçün də dövlət onu maliyyələşdirməlidir ki, həmin psixoloqlar getsinlər təhsillərini davam etdirsinlər. Yox, əgər kurslardan keçməsələr onlar məktəbdə heç bir şagirdə yararlı olmayacaqlar”.

Orta məktəblərdə psixoloq psixoloq deyil, kuryer və yaxud da davamiyyəti yoxlayandır

G. Orucova onu da diqqətə çatdırıb ki, məktəblərdə psixoloqların  sayı da nəzərdə tutulmalıdır: “Say deyəndə nəyi nəzərdə tuturam? Təxmini götürsək bir məktəbdə 5-6 min şagird təhsil alır. Sizcə, 6 min şagird üçün bir psixoloq nə dərəcədə doğrudur? Ən az götürsək 6 min şagird üçün 20 faizi psixoloqa ehtiyac duyur. Maraqlısı odur ki, psixoloq onu necə çatdıracaq? Bildiyimiz kimi, psixoloq yaş həddinə görə bölünməlidir. 9-10-11-çi siniflər üçün ayrıca psixoloq olmalıdır. Uşaq psixoloqu da başqa olmalıdır. Amma  reallıqda bu, belə deyil. Yəni, sahələri bölməyiblər. Ümumi bir psixoloq veriblər. Yaxşı, ümumi bir psixoloq verirlərsə onda o, neçə-neçə kurs keçməlidir ki, ən azından onların hamısının işlənmə qaydalarını bilsin. Biz bu gün  orta məktəblərdə nə baş verdiyini yaxşı görürük. Mən özüm də orta məktəbdə çalışmışam. Artıq bilirəm ki, orada çalışanların qaydası nədir. Orada psixoloqların işi yalnız tədbirlərə getmək, harasa bir yerə sənəd aparmaq və s. belə bir işləri görməkdir. Bütün bunlar da onu göstərir ki, orta məktəblərdə psixoloq psixoloq deyil, kuryer və yaxud da davamiyyəti yoxlayandır. Onlar psixoloq işini bilmirlər və bacarmırlar. Məhz bu gün onlar öz işini bacarmadıqları üçün də məktəblilər arasında intihar və intihara cəhd hallarının artması, yeniyetmələrin düzgün ixtisas seçimi edə bilməməsi, müəyyən konfliktlərin yaşanması, məktəblilər arasında lazımsız psixoaktiv maddələrə meyillərin olması, şagird cinayətinin artması, erkən nikah və s. kimi halların sayı artıb. Sözsüz ki, bu kimi hallar məktəblərdə düzgün psixoloji xidmət göstərilmədiyini, düzgün psixoloji mühitin təmin edilmədiyini göstərir”.

 

Mənsumə Babayeva

 

İki sahil.- 2022.- 18 fevral.- S.6.