“Ölüm”dən sonrakı həyat?! Xocalı sakinləri ilə dərdləşmə...

 

Qısa, ancaq ağır proloq əvəzi

 

 

Yaddaşımın ağır yükü olan Xocalı ilə bağlı xatirələrin üzərinə dumanlı, o soyuq fevral gecəsi kimi qara pərdə çəkməyə çalışmasam bəlkə də lap dəqiq xatırlayaram. Uşağın yadından çox şey çıxmır axı. Uşaq dedim? Yox, nə Xocalıda, nə də Qarabağın erməni vəhşilikləri ilə üzbəüz qalmış heç bir kəndində uşaq olmayıb. Mən daxil heç kim yaşamadı, yaşaya bilmədi uşaqlığını! Biz fiziki inkişaf qanunlarına meydan oxuyaraq körpəlikdən birbaşa yetkinliyə çatmağa məcbur edildik. Ona görə böyük yaddaşı ilə xatırlayacam: Dəqiq o gecə Allah yaratdıqlarının cinayətindən utanıb üz çevirmişdi Yer üzündən, günahsız körpələrin tükürpədən çığırtılarını eşitməmək üçün qulaqlarını tutmuşdu!

 

...Və indi, faciənin 30-cu ildönümündə unutmadığımız, unuda bilmədiyimiz insanlıq dramının yaşandığı Xocalı haqqında yazmaq, o soyqırımı şahidləri ilə dərdləşmək üçün keçmiş məcburi köçünlərin yaşadığı “Qobupark”da 3-cü binanın 10-cu mənzilinin qapısını döyüb 70 yaşlı dərdli-yaralı, şəhid anası Mələk Abbasovanın, yaxın qohumları ilə birgə uşaqlığını itirmiş 39 yaşlı Xeyransa Quliyevanın qonağı olmaq nə qədər ağırdır, bilirsinizmi?

 

“Biz də xoşbəxt olmuşuq”

 

 

 

Mələk Abbasova: Mən Xankəndidə tikiş fabrikində işləyirdim, yoldaşım da təmir-tikinti sahəsindəydi, ustabaşı idi. Bundan başqa, üzümçülüklə, bağçılıqla məşğul olurduq, heyvan, toyuq-cücə saxlayırdıq. Firavan yaşayırdıq, imkanımız da yerindəydi. Beş övladımız var idi, qayğısız böyüdürdük onları. Qızlardan ikisini gəlin köçürmüşdük. Yəni, biz də xoşbəxt olmuşuq! Sonra...

 

Hadisələr başladı. Qəfil necə oldusa bütün ermənilərin münasibəti dəyişdi bizə qarşı. Əvvəl sözlərlə, mitinqlərlə. Sonra başladılar atmağa. Azərbaycanlıların yaşadığı Kərkicahan, Kosalar, Malıbəyli, Quşçular, Cəmilli, Meşəli və başqa qıraq kəndlərə hücumlar olurdu. Bir-bir işğal edilirdi o kəndlər, gündə bir acı xəbər eşidirdik. Bizdə də müdafiə postları qurulmuşdu, kişilər növbəylə keşik çəkirdilər. Xocalıda heç kim qorxmurdu, amma bilirdik, görürdük ki, bizə sarı gəlirlər. Hər tərəfdən ermənilər yaşayan kəndlərin mühasirəsindəydik. Demək olar ki, hər gün “qrad”lardan, “alazan”lardan, başqa cürəbəcür silahlardan atırdılar. Kiminin həyətinə, kiminin evinə düşürdü. İnsanlardan da ölənlər vardı, heyvanlar da tələf olurdu. Döşəyirdilər, kim ölə-kim qala. Bir ölümüz öləndə qəbiristanlıqda basdıra bilmirdik. Necə atırdılarsa, meyit qalırdı camaatın əlində, gecəynən birtəhər basdırılırdı.

 

Sonra camaat məsləhətləşdi, torpaqda quyular qazıb gizlənmək üçün yerlər düzəltdilər. Axşam düşəndə qız-gəlin, çağası olan, körpəsi olan dolurduq ora. Ora olmuşdu bizim gecə evimiz. Lampa yandırıb, ocaq qalayıb gecəni orda keçirirdik. Bilirdik ki, evdə yatmaq ölüm deməkdir. Mərmiləri tökürdülər insanları qırmaq üçün.

 

Gedəcək yerimiz də yox idi, yolumuz da. Hara gedəydik? Bir gün deyil, iki gün deyil. Qışın günü hərə 4-5 uşaqla gedib kimin evinə tökəydi o uşaqları? Bir də dedim axı, mühasirədəydik, yollar da bağlanmışdı, ancaq vertolyot ümidinə qalmışdıq. Qızımla uşağını vertolyotla yola salmaq istəyirdik. Elə oldu ki, qızım tam minməmiş vertolyot qalxdı, qızım havada vertolyotdan asılı qaldı. Onu birtəhər dartıb mindirdilər, ancaq yaş yarımında uşağı qaldı məndə. Deyəsən vertolyotu sürənlər ruslar idi, onlar da bir yandan bizə zülm edirdilər!

 

Yer yerindən oynadı və quş kimi ölümünə uçan Səadət!

 

- Fevralın 25-i axşam hücum elədilər. Əvvəl raketlərlə, toplarla atırdılar, bu dəfə zirehli maşınlar, tanklarla doldular şəhərə. Elə ailə oldu ki, qaçmağa imkan tapmadı, qapını açıb hamısını evinin içində güllələdilər. Biz şəhərin ayağında olurduq, “quyu”da gizlənmişdik. Gecə saat 12-ə işləmiş olardı, xəbər gəldi ki, Xocalının baş tərəfindən ermənilər şəhərə giriblər artıq. Hamı başı alovlu qaçmağa başladı. O biri uşaqlarımı qabaqca vertolyotla çıxara bilmişdik. Bircə təzə ailə qurmuş qızım Səadət Xocalıdaydı. Yoldaşı postda olurdu, anası ölmüş, gecələr gəlib mənimlə qalırdı. Sən demə, axırıncı günləriymiş... Altı aylıq hamiləydi balam! Bir də, dedim axı, nəvəm qalmışdı məndə. Qalın geyimdə saxlayırdım gecələr hər ehtimala qarşı. Uşağı şəllədim belimə, üstən ayrı paltar geyinmədim ki, qaça bilim. Qar o qədər qalın idi ayağını atırdın batırdı qara, dartıb çıxarmaq olmurdu. Xocalıda hələ o gecəki qədər qar yağdığı olmamışdı. Qaranlıq idi. Yer yerindən oynamışdı, qaçaqaç düşmüşdü. Balasını axtaran, yoldaşını itirən, camaat çığıra-çığıra qalmışdı. Yəni, kinolarda elə şeylər görmüşdük, yox, heç kinoda da olmayıb belə şey! Həm qaranlıq, həm qar, həm də güllə başımızdan necə tökülürdüsə, elə bil  ulduzlar idi. And olsun Allaha, deyirdin ki, elə ulduzlardır, belə yanır-sönür. Güllə başımızdan elə tökülürdü. Elə kəndin içində o qədər güllə dəyib ölən oldu ki!

 

Nə isə. Qaçanda, həmin bu anası ölmüş Səadəti yolda gördüm. Gəldi, məni tapdı. Dedim, qorxma, anan qurban, qorxma! Tutdum əlindən! Bizdən aşağıda bir kənd var idi, adı yadımda qalmayıb, biz Qaçqın deyirdik. Həmin kəndə kimi gəldik. Orada Səadət məndən ayrıldı, dedi yoldaşımın bibisigillə gedəcəm. Elə oradaca əlimdən qaçdı, quş kimi nətəhər uçub getdisə, dönüb baxdım ki, yoxdur. Deyirəm, yəqin o da Allahın işi idi (səsi titrəyir, göz yaşlarını saxlaya bilmir)...

 

...Qaranlıq, qar dizdən, belimdə şələ - uşağı həm bükmüşəm, həm də qalın şeylə sarımışam ki, üşüməsin qışın günü. Nə zülmlə gəldik Qarqar çayına kimi. Burdan çox adam canının qorxusundan elə ayaqqabılı keçdi. Fikirləşdim ki, yox, ayağımdakı yun corabım, uzunboğaz çəkməm islansa sonra donacaq ayaqlarım. Hə, orada elə mən yaxşı tərpənmişəm, ayaqqabıyla keçənlərin çoxunun ayağını don vurdu sonra. Ayağımdakıları çıxartdım, uşaq da belimdə, çay da dizdən yuxarı axır. Bir yandan da qorxuruq, güllə səsi, şartıldı-partıltı, o vəziyyətdə qaçan adam necə qaçar. Dedim, ay Allah, sən mənə kömək ol! Bir yandan da uşağa görə narahatam, deyirəm onu salamat keçirim. Nə bilirəm, hələ nələr var qabaqda. Nə isə, bir zülmlə, yıxıla-dura keçdim, uşağı da salamat çıxartdım!

 

Ondan sonra Kətik dağı deyirlər, biz dırmaşdıq o dağa. Amma camaatın bir hissəsi üzü aşağı Əsgərana sarı gediblər. Bizi həmin yolla aparan Şahmar adlı bir kişiydi, dedi ki, mən buraları tanıyıram. Elə bu dağın dalından aşıb Gülablıya (Ağdam rayonunun Gülablı kəndi) gedərik. Bir gecə səhərə kimi ancaq dağın başına çıxa bildik. Onda yoldaşım mənə dedi ki, Mələk, Səadət necə oldu görəsən? Dedim, Səadətə nə olacaq?! Səadətə heç nə olmaz! Qohumlarıyla gedib. Elə arxayınam ki... Allah belə eləmişdi... Mən ondan nigaran qalsaydım, yeriyə bilməzdim axı. Uşaq da kürəyimdə batıb qarın içində qalardım. Sən demə elə saat 11-də, yoldaşım onu soruşunda Səadət vurulub! Əsgəran tərəfdən Ağdama sarı gedəndə Şumluq var, ora çatanda ermənilər görüblər, “BTR”i  tuşlayıblar millətin üstünə. Səadət də yoldaşı ilə getdiyi yerdə, orada tək bir güllə dəymişdi. Allah ermənilərin bəlasını versin, onlara gün verməsin, güzəran göstərməsin! Bizim övladlarımızın, körpə balalarımızın nə günahı var idi?! Nə günahı var idi ki, bizi bu günlərə saldılar?!

 

Deyir, qan idi bütün oralar!

 

- Kişilər qabaqda gedirdi. Dedilər ki, biz gedirik, qabaqda da nə olsa, biz biləcəyik. Qadınlar bizim dalımızca gəlsin. Neçə yer dəyişdik. O dedi, yol buradır, bu dedi, yol buradı... İz görürük izə düşürük, bilmirik heç hara getdiyimizi. Azmışdıq! İçimizdə az da olsa çörək götürən də var idi, 3 gün o dağların arasında yarı ac, yarı tox dolaşıb qaldıq. Axşam da deyirdilər ki, girək meşənin dərinliyinə, ocaq qalayaq, erməni bizi kənardan görməsin. Nə zülmlərlə...

 

Yoldaşım, qaynım, qaynımoğlu da o vaxt girov götürüldülər. Xəbər gəldi ki, qabaqda gedən kişiləri tutdular. Bildik ki, bizimkilərdi. Hər üçünü Xankəndiyə aparıb orada həbsxanaya salmışdılar. Yoldaşım sonralar deyirdi ki, bizi Xocalının içi ilə Xankəndiyə aparanda maşından baxırdıq, qan idi bütün oralar – başı kəsilmiş meyitlərin, yaralıların qanı! Milləti elə qırmışdılar!

 

Yoldaşım düz 58 gün əsirlikdə qaldı. O qədər əzab vermişdilər, o qədər döymüşdülər ki! 100 kilo çəkidəki adam 40 kilo çəkidə qayıtdı. Deyirdi ki, hər gün 10 nəfər girirdi döyməyə. Hamını döyürdülər, doyunca, yorulanacan!

 

...Tez-tez yuxuma girir Xocalı. Həyətimizi görürəm, elə orada olduğumuz zamanı. Cavan vaxtım, uşaqlar körpə, bax orada nətəhər olmuşuqsa, elə də görürəm...

 

Təskinliyimiz...

 

-Allaha şükür, bir təskinliyimiz var ki, şəhidlərimizin qanı yerdə qalmadı! 30 il bu acı var idi içimizdə ki, Xocalıda, digər faciələrdə, bir elə günahsız insanımız, nə qədər cavanlarımız, əsgərlərimiz şəhid olmuşdusa, onların qanı, qisası alındı!

 

Allah rəhmət eləsin şəhidlərimizə! Allah kömək olsun yaralılarımıza! Allah o şəhid analarına səbir versin! İndi özümü unudub, ancaq Vətən müharibəsində şəhid olanların analarını fikirləşirəm, yadımdan çıxmırlar. Allah onlara səbir versin! Sağ olsun Prezidentimiz, çox sağ olsun! Allah Prezidentimizi var eləsin ki, bu xalqı sevindirdi!

 

“Xocalıdan salamat çıxan olmadı!”

 

 

 

Xeyransa Quliyeva: Xocalı faciəsi baş verəndə ikinci sinifdə oxuyurdum. Mənim uşaqlığım qanlı-qadalı oldu. Bütün o baş verənlər bir dəqiqə də yadımdan çıxmır. Xatırlayıram ki, məktəbə necə qorxa-qorxa, əyilə-əyilə gedirdik. Başımızın üstündən raketlər, güllələr uçurdu,...

 

Atam postda olurdu hər axşam. Gecələr paltarımızı çıxarmırdıq. Biz 4 uşaq idik ailədə, iki qardaş, iki bacı. Anam bizi çarpayının altında yatızdırırdı, özü də bizdən qabaqda uzanırdı ki, evə mərmi düşsə, ya güllə atsalar bizə dəyməsin. Dəysə ona dəysin!

 

Ən çox xatırladığım isə məktəbimizin yollarıdır. Evimizin yanında asfalt yol var idi. Valideynlərimiz bizi qorxudurdular ki, bax bu yolun o biri tərəfinə keçmək olmaz, orda ermənilər var! Bir də qonşuluqda Ermənistandan qovulmuş ailələr yaşayırdı, onların uşaqları ilə oynadığımızı xatırlayıram...

 

Faciə zamanı dayım, nənəm, babam şəhid oldular. Balaca dayım 9 yaşındaydı, hər iki valideynini itirdi. Xocalı balaca bir şəhər idi, ona görə orada yaşayanların əksəriyyəti qohum idi bir-biri ilə. O faciədə şəhid olanların hamısı sağ qala bilənlərin hamısının yaxını, əzizi idi. Elə ailə olmadı ki, şəhidi, yaralısı, itkini olmasın, o acıları yaşamasın! Ona görə də deyərdim ki, Xocalıdan salamat çıxan olmadı. Danışmaq o qədər ağırdır ki...

 

Əvvəl Ağdama gəldik, oradan Bərdəyə... Nə deyim, məcburi köçkünlüyün əziyyətlərini yaşamadığımız yer olmadı. Son zamanlar isə Bakının Nərimanov rayonunda yataqxananın zirzəmisində məskunlaşmışdıq. Çox sağ olsunlar Prezidentimiz, Mehriban xanım, bizə buradan belə şəraitli mənzil verdilər.

 

Özüm də, uşaqlar da geri qayıdacağımız günün xəyallarını qururuq. Ancaq gedib o qədər itirdiyimiz insanları tapmayanda...

 

...Və epiloq yerinə

 

Cavab verə bilmədiyin suallar əzir insanı. Və hərdən mənə elə gəlir ki, ölümün soyuq nəfəsini yaxınlarının qana batmış ruhsuz bədənlərindən, başlarının üstündən təsadüfən dəymədən ötən güllələrdən, mərmilərdən duyanlar yenidən doğulmuş insanlardır. “Ölüb”, sonra təzədən dirilən, həyatına davam edən və ya etməyə məcbur olan! Əgər dözüb-dayanıb bir Xocalı sakininin, Xocalı şahidinin hər ürəyin qaldıra bilməyəcəyi dərdinə, faciəsinə sona qədər qulaq asa bilsəniz sözsüz nə demək istədiyimi biləcəksiniz. Təskinlik, təsəlli verməyə söz o qədər acizdir ki, yalnız Allahdan bütün şəhidlərimizə, bütün günahsız Xocalı qurbanlarına rəhmət diləməklə kifayətlənməli olursan. Allah rəhmət eləsin!

 

Mahir Rəsuloğlu

 

İki sahil.- 2022.- 18 fevral.- S.5.