Soyqırımı uşaqlıq dünyamı məhv etməklə yanaşı, atamı, qardaşlarımı da əlimdən aldı

Mürvət Məmmədov: Xocalıda ilk gedəcəyim yer o gecə tərk etməyə məcbur edildiyimiz evimiz olacaq

 

Fevralın 26-sı tarixi yaxınlaşır. O tarix ki, XX əsrin bu miqyasda dəhşətli ikinci bir günü olmamışdı. ən böyük dəhşətlərindən biri yaşanıb. Bu şəhərin adı eşidiləndə həmin faciədən xəbərdar olan hər kəsin qəlbində dözülməz ağrılar baş qaldırır. Ancaq Xocalıda törədilən əsrin qətliamının acısını, zülmünü onu yaşayanlar qədər başqa heç kim içdən hiss edə bilməz. Fevralın 25-dən 26-na keçən gecə Xocalı müsibətinin ağrısını iliklərinə qədər yaşayanlardan biri də Mürvət Məmmədovdur.

 

 

 

O, nə biləydi ki, ömrünün ən gözəl çağında, 14 yaşında insanlığa sığmayan bəşəri müsibətin şahidi olacaq. Amma həmin gecə heç vaxt ağlına gəlməyən müsibət başına gəlmişdi… Xocalı sakini Məmmədov Mürvət Məmməd oğlunun taleyinə uşaqkən qocalmaq, Vətən həsrəti, şəhid ata, qardaş acısı ilə yaşamaq yazılıb. Özünün dediyi kimi, nə uşaqlıq görüb, nə də gənclik.

 

Müsahibim əslən Qərbi Azərbaycanın Göyçə mahalındandır. Ermənilərin vəhşiliyi onları qaçıb Xocalıya sığınmağa vadar edib. Xocalı soyqırımı zamanı Mürvətin 14 yaşı olub. Xocalıya gələnə qədər bir qardaşı Göyçədə şəhid olub.

 

Həyatının ən acı günləri barədə danışan Mürvəti emosiyasız dinləmək mümkün deyildi:

 

Mürvət Məmmədov Xocalı faciəsindən 30 il ötməsinə baxmayaraq, sanki vəhşət dünən olubmuş kimi o soyqırımını  anbaan, yana-yana xatırlayır. Hələ 14 yaşındaykən ikinci dəfə köçkün həyatı yaşaması, 8 nəfərlik ailəsinin parçalanması, əsir düşdüyü zaman düşmənin onları çörək əvəzinə torpaq yeməyə məcbur etməsi, iki qardaşının və atasının nə ölüsündən, nə dirisindən xəbər tutmaması ürəyi necə yandırmasın axı?

 

Qərbi Azərbaycandan bir qardaşını şəhid verirlər 8 ailə üzvü ilə birlikdə qaçqın düşərək Xocalı şəhərinə pənah gətiriblər. Lakin tale bu şəhərdə də həmin ailənin üzünə gülmür. Çox keçmir ki, Xocalı soyqırımının canlı şahidlərinə çevrilirlər. 4 ay blokadada qalan şəhərin sakinləri təslim olmaq istəməyib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalıya növbəti hücumu zamanı Mürvət Məmmədovun ailəsi də girov götürülür.

 

Daha sonra Mürvət Məmmədov gördüyü hadisələrdən, ermənilərin qandonduran cinayətlərindən, vəhşiliklərindən bəhs etdi:  "Ailəmiz Xocalıya sığınsa da, atam, böyük qardaşlarım könüllü  özünümüdafiə batalyonlarına qoşulub döyüşür, Xocalıda postlarda keşik çəkirdilər. Bütün xocalılılar son güllələrinə kimi vuruşdular. Xocalıya heç bir yerdən giriş - çıxış yox idi. Sonuncu dəfə helikopter köməyə gəldi, onu da vurdular. Atamgil postdan evə gəldilər ki, bəs, ermənilər Xocalıya dolub. Onlar istəyirdilər ki, ailəmiz də kənd camaatı kimi meşələrə qaçsın. Lakin qaça bilmədik. Hücum zamanı qonşumuz  Vidadi dayı da yaralanmışdı. Onu götürüb hamımız bir evə  yığışdıq. Biz gözləmədəyimiz anda ermənilər içəri əl qumbarası atdılar. Hərə bir nahiyəsindən yaralandı. Sonra bizi girov götürüb hamımızı bir otağa yığdılar. Öz aralarında danışırdılar ki, bunları yandıraq. Həmin vaxt danışa bilməyən 3 yaşlı qardaşım Ruslan əllərini qaldırdı ki, əmi, qurban olub bizi yandırma.”

 

 

 

Həmsöhbətimizin sözlərinə görə, ermənilər evə əl qumbarası atarkən anaları Nurxanım Məmmədova və azyaşlı uşaqları , o cümlədən Mürvət ayağından yaralanıb. Ermənilər onları evə doldurub yandırmaq qərarı versə də onları ölümdən bir rus zabiti  xilas edib. Amma bunun üçün onun da öz  istəkləri var imiş. Belə ki, həmin rus zabit evdəki bütün qiymətli əşyaları onlardan alıb gedib. Həmin gecə Mürvətin atası, qardaşları Möhlət və Söhbət ermənilər tərəfindən  girov götürülüb. 

 

Mürvət başlarına gələn müsibətləri heç vaxt unutmayacaqlarını deyir: “Bizə dedilər ki, sizi təcili yardım maşınına yığıb müalicə etməyə aparacağıq. Ancaq hər dəfə bizi aldadırdılar. Bu adla əsirləri aparıb, daha pis vəziyyətdə  geri qaytarırdılar. Biz çölə çıxanda Sara xala və onun uşağının meyitini bayıra atdılar. Bizə köməyə gələn Vidadi dayı bu mənzərəni görüb dözmədi, ermənilərə atəş açdı. Burada da bir çaxnaşma düşdü. Başımıza, gözümüzə döyə-döyə bizi təcili yardım maşınına mindirib Əsgərana apardılar”.

 

Əhmədin  ömür boyu ağrı ilə  xatırlayacağı “ad günü hədiyyəsi”

 

Müsahibimiz bildirdi ki, bir həftə ata və böyük qardaşlarından ayrı Əsgəranda əsir həyatı yaşayıblar: “Bizi Əsgəran polisinin təcridxanasında saxlayırdılar. Olduğumuz yerdə çoxlu azərbaycanlı girov var idi. Hamısına işgəncələr verilmişdi. Bəziləri yaralı idi, eləsi də var idi  ki, başından güllə dəymişdi, üfunət iyisi otağı bürümüşdü. Hənin günlərdən birində balaca qardaşım  11 yaşlı Əhmədin ad günü idi, ermənilər əllərindəki silahı ona tərəf uzadıb, dedilər: “Bu silahla bizə atəş açarsan?” Qardaşım uşaq idi, heç yaxşı danışa da  bilmirdi, dedi: “Bəli, ataram”. Bütün əsirlərin gözünün qabağında avtomatı uşağın ovcunun içinə qoyub, atəş açdılar. Gülərək dedilər ki, bizdən sənə ömürlük hədiyyə olsun. Qardaşımın yaralı əlinin üstünə çayın dəmini töküb, işgəncə verirdilər..”

 

Xocalı dəhşətlərini gözləri ilə görən, yaşayan, ermənilərin törətdikləri qırğınların şahidi olan Mürvət söyləyir ki, girovlar çoxaldıqca ermənilər seçim edir, qız-gəlinə işgəncə verirdilər: “Əhməd adında kişinin başını kəsib futbol oynadılar. Mən ermənilərin bizim meyitlərin qulağını kəsmələrinin şahidi olmuşam. Bir qadının ağzından qızıl dişlərini çıxardılar. Qorxdum ki, onlar mənim də dişlərimi çıxararlar”.

 

 

 

Mürvət Məmmədov söylədi ki, sonra ermənilər öldürülümüş bir qaradərili muzdlunun meyiti ilə 80 nəfər azərbaycanlını dəyişib:

“Bir həftə orada  insanlığa xas olmayan bütün işgəncələri gördükdən sonra Əsgəran erməniləri bizi saxladıqları yerdən döyə-döyə çıxarıb sıraya düzüb, təhqir edib, daş atıb, üzümüzə tüpürürdülər. Bir həftədən sonra bizi avtobusla Ağdamla Əsgəranın arasındakı əraziyə gətirdilər, rəhmətlik Allahverdi Bağırov ermənilər tərəfindən döyüşüb öldürülmüş bir  muzdlu qaradərilinin meyiti ilə  80 azərbaycanlını dəyişdi. Onların arasında mən də daxil olmaqla 5 nəfər bizim ailə üzvümüz də var idi. Ancaq mənim ailə üzvlərimdən atam və qardaşlarım orada qaldılar. Onların taleyi bizə naməlum qaldı…”

 

Həmsöhbətimiz bildirdi ki, atası və  iki qardaşını 15 il axtarıb: “Düz 15 il bizim müraciət etmədiyimiz qurum, beynəlxalq təşkilat qalmadı. Atam və iki böyük qardaşım barədə 2007-ci ildə xəbər aldım.  Azad Azərbaycan Televiziyası və Dövlət Təhlükəsizlik Xidməti (o vaxtkı Milli Təhlükəsizlik Nazirliyi) canlı şahidlərdən ibarət sənədli film çəkirdi. Bizi də dəvət etmişdilər. Məlum oldu ki, atamın və qardaşlarımın başlarını erməni məzarlarının üstündə qurban kimi kəsiblər. Sonra azərbaycanlı əsirlərə  deyiblər ki,  xəndək qazın,  bunların üstünü basdırın. Bu faciəli tarixin bizə yaşatdıqlarını heç vaxt unutmayacağıq. ”

 

Həmsöhbətimiz qeyd etdi ki, fevral ayını heç sevmir: “Bu ayda bizim ailəmizə, Xocalı sakinlərinə, bütövlükdə xalqımıza işğalçı Ermənistan ordusu və onları dəstəkləyən sovet ordusuna məxsus 366-cı motoatıçı alay tərəfindən dəhşətli soyqırımı yaşadılıb. Yatsaq yuxumuza da girməzdi ki, bu cür dəhşətli faciə yaşaya bilərik. Biz nə körpə olduq, nə də gənc. Soyqırımı uşaqlıq dünyamı məhv etməklə yanaşı, qardaşlarımı, atamı əlimdən aldı. Bu illər ərzində çox əziyyət çəkdik. Sanki illər keçdikcə o faciənin acılarını daha  da dərindən hiss edirəm. Uşaqkən o qədər də dərk etmirdim.”

 

Mürvət Məmmədov bildirdi ki, Xocalıdakı evlərini görmək istəyir: “Allah qismət eləsin, Xocalıya qayıdaq. Xocalıda atamın, qardaşlarımın gəzdiyi torpaqları  yenidən görmək istəyirəm. Xocalıda ilk gedəcəyim yer o gecə tərk etməyə məcbur olduğumuz evimiz olacaq. Çünki o dəhşətli gecədə hamımız o evdə bir-birimizə qorxu içində necə sarılmışdıq… O evin divarlarından göylərə ucalan qışqırtımızı, fəryadımızı unuda bilmirəm. Evimizi  bir daha görmək istəyirəm. Bu, mənim ən böyük təsəllim olar.”

 

Həmsöhbətimiz hər gün qisasın qiyamətə qalmaması üçün dua etdiyini söylədi: “Şükürlər olsun ki, Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Ordumuz torpaqlarımızı işğaldan azad etdi. Qarabağda şəhid olanların hamısı mənim atam, qardaşımdır. Mən hər zaman Mehriban xanım Əliyevaya, Leyla xanım Əliyevaya “Xocalıya ədalət!” kampaniyalarına görə minnətdaram.  Ali Baş Komandanımız İlham Əliyevə o qədər minnətdaram ki, bizim arzumuzu gözümüzdə qoymadı, Qarabağın azad edilməsi günlərini bizə yaşatdı. Mən öz maşınımı satıb pulunu orduya vermişəm. Arzu edirəm ki,  doğma yurdumuza qayıdaq, o torpaqları yenidən quraq, yaradaq. Onu da deyim ki, illərdir Qobustanda yaşayırıq. Qobustan camaatına həddindən artıq minnətdaram.”

 

Yaqut Ağaşahqızı

 

İki sahil.- 2022.- 19 fevral.- S.21.