Xocalı soyqırımı heç
vaxt unudulmayacaq
Azərbaycan
tarixinin ən dəhşətli səhifələrindən
biri olan Xocalı soyqırımından 30 il ötür.
Xocalı soyqırımı Ermənistanın Azərbaycana
qarşı işğalçılıq müharibəsinin
gedişində dinc azərbaycanlı əhaliyə
qarşı törədilmiş soyqırımı cinayətlərinin
ən dəhşətlisidir. Bundan əvvəl, Azərbaycanın
Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis
Ayrım kəndinin, Dağlıq Qarabağda azərbaycanlılar
yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin,
Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad,
Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və
Aşağı Quşçular, Qaradağlı kəndlərinin
işğalı zamanı həmin yaşayış məntəqələrinin
dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış
plan əsasında xüsusi amansızlıqla qətlə
yetirilib. Yalnız bunu qeyd etmək kifayətdir ki, Xocalı
soyqırımından bir neçə gün əvvəl -
1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndində
80 nəfərdən çox azərbaycanlı kütləvi
qırğına məruz qalıb.
Xocalı
1991-ci ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi
kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot
qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il
yanvarın 28-də gəlmişdi.
Şuşa
şəhərinin səmasında mülki vertolyotun
vurulması və nəticədə 40 nəfərin həlakından
sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın
2-dən şəhərə elektrik verilmirdi. Şəhər
ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin
cəsurluğu sayəsində yaşayır və müdafiə
olunurdu. Şəhərin müdafiəsi əsasən
atıcı silahlarla silahlanmış yerli
özünümüdafiə dəstəsi, milis və Milli Ordunun
döyüşçülərindən təşkil
olunmuşdu.
Fevralın
ikinci yarısından başlayaraq Xocalı erməni
silahlı dəstələrinin mühasirəsinə
alınmışdı və hər gün toplardan,
ağır texnikadan atəşlərə, erməni dəstələrinin
həmlələrinə məruz qalırdı.
1992-ci il
fevralın 25-dən 26-na keçən gecə Ermənistan
silahlı qüvvələri bütün beynəlxalq
hüquq normalarını pozaraq, mühasirədəki
Xocalı şəhərinin dinc əhalisinin üzərinə
ağır hərbi texnika yeridib, onlara misli görünməmiş
qəddarlıqla divan tutub, şəhər barbarcasına yerlə-yeksan
edilib. Yalnız Azərbaycan xalqına qarşı deyil,
bütün bəşəriyyətə qarşı yönəlmiş
dəhşətli cinayət əməli nəticəsində
613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə
görə vəhşicəsinə qətlə yetirilib,
onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Nəticədə
8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki
valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan
başqa, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər
girov götürülüb. Girov götürülənlərdən
150 nəfərin, o cümlədən 68 qadının və
26 uşağın taleyi naməlumdur.
Ümummilli
lider Heydər Əliyev Xocalının o dövrdəki ölkə
rəhbərliyi tərəfindən tamamilə müdafiəsiz
buraxılmasına kəskin etiraz edərək deyib: “O
zamankı iqtidarın Azərbaycanın milli müstəqilliyinə
və xalqımıza qarşı xəyanətkar mövqeyi,
öz konstitusion vəzifə borcuna cinayətkar laqeydliyi,
ardı-arası kəsilməyən siyasi hakimiyyət
oyunları, respublikada baş alıb gedən anarxiya və
başıpozuqluq, ayrı-ayrı siyasətbazların məkrli
şəxsi ambisiyaları bu tarixi faciənin törədilməsinə
birbaşa şərait yaratmışdır. Uzun müddət
dörd tərəfdən düşmən əhatəsində
taleyin ümidinə buraxılmış vətəndaşlarımızın
imdad dolu harayı qulaqardına vurulmuş, Xocalının
xilas olunması üçün real imkanların
mövcudluğuna baxmayaraq, günahsız əhali məqsədyönlü
şəkildə bu milli qırğına sürüklənmişdir.
Xocalı soyqırımı erməni faşizminin iç
üzünü bir daha açıb göstərməklə,
təkcə Azərbaycan xalqına qarşı deyil,
bütün bəşəriyyətə qarşı yönəlmiş
tarixi cinayətdir və beynəlxalq hüquqa uyğun olaraq
sivilizasiyalı dünya tərəfindən məhkum olunmalıdır”.
Xocalı
şəhərində törədilmiş cinayətlərin
xarakteri və miqyası bu soyqırımı aktının
BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi
ilə qəbul edilmiş “Soyqırımı cinayətinin
qarşısının alınması və cəzalandırılması
haqqında” Konvensiyada ifadə olunmuş definisiyaya tam uyğun
gəldiyini sübut edir. Qabaqcadan
planlaşdırılmış kütləvi və amansız
qırğın aktı həmin ərazidə yaşayan
insanları məhz azərbaycanlı olduqlarına görə
tamamilə məhv etmək niyyəti ilə törədilib.
Azğınlaşmış cəlladlar insanların
başlarının dərisini soyub, müxtəlif əzalarını
kəsib, körpə uşaqların gözlərini
çıxarıb, hamilə qadınların
qarınlarını yarıb, insanları diri-diri torpağa
basdırıb və ya yandırıb, meyidlərin bir qismini
minalayıblar. Yanan şəhərdən qaçıb xilas
olmaq istəyən insanlara aman verilməyib, dinc sakinləri
yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri
xüsusi amansızlıqla qətlə yetirib.
Xocalı
faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı
kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe,
Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə
bir sırada dayanır.
Bəşəri
cinayət olan Xocalı soyqırımının təşkilatçıları
Ermənistan Respublikasının siyasi və dövlət rəhbərliyi,
birbaşa icraçıları isə Ermənistan silahlı
qüvvələrinin bölmələri, Dağlıq
Qarabağdakı erməni terrorçu dəstələri və
keçmiş sovet ordusunun Xankəndi şəhərində
yerləşən 366-cı motoatıcı alayının
şəxsi heyətidir.
Xocalı
soyqırımı Ermənistan silahlı qüvvələrinin
Azərbaycana təcavüzü zamanı doğma
torpağının müdafiəsinə qalxmış xalqımızı
sarsıtmaq, onun mübarizə əzmini qırmaq,
Dağlıq Qarabağın azərbaycanlı əhalisinin bir
hissəsini məhv etmək niyyəti ilə törədilmiş
silsilə kütləvi qırğın aktlarından biridir.
Bunu Xocalı faciəsindən təqribən ay yarım sonra -
aprelin 8-də Kəlbəcər rayonunun Ağdaban kəndinin
işğalı zamanı qabaqcadan hazırlanmış plan əsasında
həyata keçirilmiş kütləvi qırğın
aktında xüsusi amansızlıqla, içərisində
uşaqlar, qadınlar və qocalar olmaqla, 67 nəfər dinc
sakinin qətlə yetirilməsi, onlarla şəxsin girov
götürülməsi, itkin düşməsi, kəndin
tamamilə yandırılması da sübut edir. Bu tədbirlərin
davamı kimi 1992-ci il avqustun 28-də Goranboy rayonunun
Ballıqaya kəndində daha bir amansız cinayət -
Ballıqaya qətliamı törədilib. Nəticədə
24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla
qətlə yetirilib, onların arasında 6 azyaşlı
uşaq, o cümlədən 6 aylıq körpə də olub,
3 azyaşlı uşaq isə hər iki valideynini itirib.
Öldürülmüş dinc insanların bəzilərinin
meyitləri yandırılıb. Ballıqayada 93 yaşında
qoca qadına da aman verilməyib, ümumilikdə
öldürülənlərin əksəriyyəti
uşaqlar, qadınlar və qocalar olub.
Milli Məclisin
1994-cü il 24 fevral tarixli qərarına əsasən 26 fevral
Xocalı Soyqırımı Günü elan edilib.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Xocalı
soyqırımının 30-cu ildönümü ilə
bağlı imzaladığı Sərəncamında Ermənistanın
daim mülki əhalini hədəf seçən təxribatlarına
və hərbi təcavüzünə cavab olaraq 2020-ci il
sentyabrın 27-də Azərbaycan xalqının əzəli
torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik
Şurasının qətnamələrinin tələblərinin
yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi
uğrunda apardığı Vətən müharibəsinin
gedişatında Ermənistanın Gəncəni, Bərdəni,
digər şəhər və kəndlərimizi kütləvi
məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə,
kasetli bombalarla hədəfə almasını Ermənistan tərəfinin
dövlət siyasəti olduğu, 44 gün sürən
döyüşlər nəticəsində rəşadətli
Azərbaycan Ordusunun parlaq qələbə qazanaraq doğma
torpaqlarımızı işğaldan azad etdiyi, haqq səsimizin
dünyaya çatdırılması və Xocalı
soyqırımının beynəlxalq aləmdə
tanıdılması üçün ötən illər ərzində
məqsədyönlü fəaliyyətin
aparıldığı, 2008-ci ildən isə bu fəaliyyətin
“Xocalıya ədalət” beynəlxalq kampaniyası ilə
geniş vüsət aldığı, hazırda Xocalı
soyqırımının bir sıra ölkələr tərəfindən
tanındığı və faciəyə beynəlxalq siyasi
qiymətin verildiyi, hüquqi qiymətin verilməli olduğu və
bu dəhşətli faciəni törədənlərin
öz layiqli cəzalarını almalı olduğu qeyd edilir.
Azərbaycan
xalqı heç bir vaxt Xocalı faciəsini unutmayacaq.
Elman Qazıbəyov,
Ədliyyə Nazirliyi Penitensiar
Xidmətinin Təlim Mərkəzinin
rəisi,
ədliyyə polkovniki
İki sahil.- 2022.- 22 fevral.- S.5.