Başınızı dik tutun, şəhid anaları!

 

Qisasları döyüş meydanında alınan şəhidlərimizin uyuduqları məzarlıqlar Azərbaycan xalqının and yeridir

 

«Allah yolunda öldürülənlərə (şəhid olanlara) «ölü» deməyin. Əksinə onlar (Allah dərgahında) diridirlər, lakin bunu dərk etmirsiniz.» («Bəqərə» surəsi, 154-cü ayə.) Məhəmməd Peyğəmbərimiz (s.ə.s) şəhid adının ucalığını bu sözləri ilə ifadə edib: «Şəhid cənnətdədir, Allah qatında xeyirli bir mərtəbədə ikən, heç bir qul bir daha dünyaya qayıtmaq istəməz. Ancaq şəhidlər müstəsnadır. Çünki şəhidlər şəhid olmanın necə üstün mərtəbə olduğunu bildikləri üçün yenidən şəhid olmaq üçün can atarlar.» Vətən, el yolunda qurban gedən şəhidlərə ümumxalq ehtiramı olan bu sözlər, şəhidlərə verilən qiymət həyatda təsdiqlənib. Nağıllarımızdan üzü bəri torpaq, el-oba yolunda canından keçənlərə, haqq- ədalət uğrunda vuruşaraq düşmənə qalib gələnlərə « ərlər, ərənlər» deyiblər. Tarixdə qazandıqları cəsarətləri, əbədiləşdirdikləri ad-sanları ilə yaşayan bu ərənlər aid olduqları ailədə dünyaya gəlsələr də bir tayfanın, elin-obanın şan-şöhrətinə, sonradan sayı milyonlarla ölçülən bir xalqın fəxrinə çevriliblər. Tarixin bütün dönəmlərində yadellilərin təcavüzləri ilə üzləşən Azərbaycan xalqı torpaq, yurd uğrunda qurban verməyi qeyrət, şərəf hesab etmiş, düşmənə arxa çevirməmişdir. Ulularımızdan müasir günlərimizə qədər yaşadılan bu rəşadəti və cəsarəti 20 Yanvar hadisələrində, torpaqlarımızı işğal edən Ermənistanın 30 ildə törətdiyi cinayətlərə qurban gedənlərin simasında , Xocalı soyqırımında təkrarlayan Azərbaycan xalqının leksikonuna şəhid sözləri yazıldı. Dilimizdə şəhid sözü «göyərdi.» Şəhid məzarlıqlarında «məskunlaşan» igidlərimiz məzar daşları ilə çiyin-çiyinə dayanaraq düşmən qarşısında çəpər oldular. Erməni qəddarlığının qurbanı olan, doğulduğu yerin, tarixin müxtəlifliyindən asılı olmayaraq eyni adla tanınan şəhidlərimizin uyuduqları məzarlıqlar müqəddəs and yerimizə çevrilib.

Ağrı-acısını yaşadığımız Birinci və İkinci Qarabağ müharibələrində itirdiklərimizin nisgilini yaşadıqca, Xocalı soyqırımı günlərində o hadisələrin dəhşətlərini xatırladıqca Tanrının şəhidlərimizə layiq gördüyü yüksək dəyəri yada salır, alın yazısına inanır, səbrin böyüklüyünə iman gətiririk.

Belə bir deyim var ki, uşaq anadan yetim qalar. Xalqımızın üzləşdiyi faciələr zamanı ən çox kövrələn, vaxtından əvvəl saçları ağaran, yaraları köz bağlamayanlar da analardır. Analara verilən ən müqəddəs qiymət Peyğəmbərimizin «Behişt anaların ayaqları altındadır» sözləridir. Dünyaya gətirdikləri körpəsini laylası ilə oxşayan, onun gələcək həyatını, xoş günlərini xəyalında canlandırsa da, ümidləri yarıda qırılan, sağ olsa da , ölümün özü qədər dəhşətli anlar yaşayan, övlad yanğısı ilə qovrulan analara təsəlli kimi səbrli olmaq tövsiyəsi belə qiyməti heç nə ilə ölçülməyən övlad itkisinin odunu söndürə bilmir. Ruha dönüb ucalıq əmanətini yaşadan əziz-xələfi ilə danışırmış kimi ciyərparəsi ilə söhbətləşir. Nakam övladının yarımçıq qalmış həyat yolunu xəyalında canlandırır, şam işığında günəş şüası axtarırmış kimi çabalayır. Öz «mən»ində yaşatdığı doğmasının həsrətini vüsala çevirmək üçün Yaradana üz tutur. Özündən başqa heç kimə etibar etmədiyi, yoxluğuna inanmadığı övladının sakini olduğu Haqq dünyasında ruhunun rahatlıq tapması üçün ürəyində Tanrıya «Allah, səndən başqa bir kimsəm yox dünyada» sözləri ilə müraciət edir. Balasının ruhunun göylərdə dolaşdığına, nigaran tərk etdiyi doğma ocağında olub- keçənləri ucalıqdan seyr edən övladının yoxluğuna inanmayan ananın duyğuları haqq şairi Nəsiminin bu sözləri ilə ifadə olunur: «Gah çıxaram göy üzünə, seyr edərəm aləmi. Gah enərəm yer üzünə, seyr edər aləm məni.”» Ürəyində mahnılarda səslənən bu sözləri pıçıldayır: « Yolun düşsə bu dünaya, bir də gəl!» Amma sonda varlığı ilə bu xəyal dünyasını alt-üst edən həqiqət sözünü deyir: Əbədi haqqa aparan yolun dayanacağı, müvəqqəti sakini olduğumuz bu aləm köçhaköç dünyasıdır. Hər kəsin ömür yazısı, yaşam payı olan dövranının başa çatdığı günü saxlamaq iqtidarının tək Allaha məxsus olduğunu yada salaraq itkilərimizlə barışırıq. Belə zamanlarda tənhalığa çəkilib, Tanrının gücünə tapınırıq. Amma yenə də həqiqətlə barışmalı oluruq. Pərvanələrin dilini şamdan yaxşı bilən olmadığı kimi, anaların övlad həsrətini də ifadə etmək üçün söz tapılmır. Alnının yazısı ilə dünyaya gələn övladının haqq dünyasındakı taleyindən xəbərsiz olan anaların bu qisməti yoza bilmək imkanları da olmur. Hələ toy görməmiş, özünə ocaq qurmamış, ata-ana borcunu ödəməmiş övladların məzar daşından valideynlərinə səssiz baxışı sözlə ifadə oluna bilməyəcək qədər ağırdır. Nakamlardan qalan təsəlli valideynlərinə şəhid anası, şəhid atası sözləridir.

Xocalı soyqırımının 30 illiyi ərəfəsində tez tez eşidlən şəhid kəlmələri səsləndikcə onsuz da unudulmayan o ağır günlərin dəhşətləri yenidən xatırlanır, faciə qurbanlarının simasında bütün şəhidlərə rəhmət oxunur, erməni cəlladları lənətlənir. O günlərin ağrısını unutmayan, göz yaşları quruyan, həsrət dolu nəzərləri ilə vaxtılə boyunu oxşadığı övladını gözləyən analar pıçıltı ilə balası ilə «danışır, dərdləşir», ürək sözlərini dilə gətirir, onu vaxtsız tərk etdiyi üçün «giley-güzarını bildirir.»

Torpağın ana qədər müqəddəs sayıldığını da anaların timsalında görmək olar. Övlad həsrətindən darıxan, dərddən baş götürüb qaçan anaların təsəlli yeri nakamlarını etibar etdiyi torpaq, uyuduqları məzarlıqlar olur. Baş daşındakı şəkilləri ilə analarını səssizcə «salamlayan», bəzən gülümsər baxışları ilə onlara təskinlik verən övladlar yoxluqları ilə belə daim qışın sazağını yaşadan ana qəlbinə hərarət gətirir. Ana əli ilə sığallanan məzarlar doğma ocağın istisi kimi haqq dünyasına qoşanların ruhunu rahatladır. Övladını tapşırdığı torpaqdan ayrılmaq istəməyəndə « Tanrının yazısını pozan olmaz» sözləri yada düşür. Haqqa tapınan analıq həsrəti Tanrının qisməti ilə razılaşır. «Oğul Vətəni qoruyan düşmən çəpəridir» sözləri ana məhəbbətinə üstün gəlir. Təsəlli isə xalqımızın şəhidlərimizi öz övladı kimi sevməsi, xatirələrini əziz tutmasıdır. Şəhid ailələrinə göstərilən diqqət və qayğıdır. Prezident İlham Əliyev «Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq. Biz mülki vətəndaşlara qarşı heç vaxt müharibə aparmamışıq, bu dəfə də aparmamışıq. Baxmayaraq ki, mənfur düşmən 93 mülki şəxsi namərd atəşlə öldürüb, 400-dən çox mülki şəxs yaralanıb. Amma mən dedim yox, biz azərbaycanlıyıq! Biz intiqamımızı döyüş meydanında alacağıq və alırıq! Onların ordusunu məhv etmişik, texnikasını məhv etmişik, məhv edirik və edəcəyik. Düşməni qovuruq və qovacağıq!» sözləri bütün şəhidlərimizə ümumxalq məhəbbəti, şəhid ailələrinə, analara təsəllidir.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2022.- 23 fevral.- S.9.