Üzü düşmənə, barmağı tətikdə...

 

Azərbaycanın Milli Qəhrəmanı, mayor Əlif Hacıyev...Bu adsoyad bizim üçün əzizdir və qəlbimizdə əbədi yaşayacaqdır. Onun qorxmazlığından, mərdliyindən, Vətən sevgisindən, düşmənə qarşı inadlı mübarizəsindən və qəhrəmanlığından nə qədər yazılsa da, azdır. Əlif anadan olduğu Xocalını canından da artıq sevdiyindən onun azadlığı uğrunda şəhid olmağı özünə şərəf bilirdi.

Əlif Hacıyev otuz səkkiz illik ömrünün yarısını erməni millətçilərinə və işğalçılarına qarşı barışmaz mübarizəyə həsr etmişdi. Hələ 1980-ci illərdə Xankəndidə qaragüruhçuların, azərbaycanlılara qarşı düşmənçiliyi qızışdıran millətçilərin izinə düşdüyü illərdə vətənpərvər milis zabiti kimi onları ifşa etməyə çalışırdı. Ancaq milis şöbəsində yuva salmış erməni şovinistləri kabinetində asdığı pencəyinin cibinə pul qoyaraq sonra guya onu “müəyyən” etmiş və Əlif Hacıyevə saxta cinayət işi açdıraraq on illik həbsə salınmasına nail olmuşdular. Haqsızlığa heç vaxt boyun əyməyən Əlif Rusiya Federasiyasının UralSibir həbsxanalarında da mübarizəsini davam etdirmiş, bəraət almış və həbsdən azad olunaraq yenə Xankəndidəki xidmət yerinə bərpa edilmişdi.

1991-ci ildə kapitan Əlif Hacıyev Xocalı yaxınlığındakı hava limanında mühafizə bölməsinin rəisi təyin edildiyi gündən Ermənistandan buraya axınla gələn terrorçu ermənilərin qarşısında keçilməz sədd yaratmışdı. O, pasport rejiminin tələblərinə əməl edərək gələnləri geri qaytarır, Xankəndiyə buraxmırdı. Quldur erməni silahlı dəstələri fevralın ortalarında Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərini döyüşlə zəbt etmişdilər.  Beləliklə, Xocalıya aparan yollarda olan sonuncu kəndlər də düşmən əlinə keçmişdi. Növbə Xocalının idi. Ancaq Xocalı möhkəm dayanmışdı. Bundan qəzəblənən rəhbər ermənilər yüz nəfəri silahlandıraraq Əlifin aeroportda asayişi qoruyan xüsusi təyinatlı dəstəsini məhv etmək üçün hücuma göndərmişdilər. Aeroportu müdafiə edən xüsusi təyinatlı polis dəstəsində isə cəmi iyirmiyə qədər milis vardı. Hər tərəfdən mühasirəyə alındıqlarını görən qorxmaz komandir hərbi taktika işlədərək aeroportun idarəetmə pultundakı səsgücləndirici ilə əmrlər verməyə başladı: -1-ci batalyon sağdan, 2-ci batalyon soldan hücuma keçməyə hazır olsunlar!

Əmrləri eşidən ermənilər burada gizlədilmış bir alayın olduğunu zənn edərək geri çəkilib “aradan çıxdılar.”

1992-ci ilin ilk günlərində erməni silahlı dəstələrinin Xocalı üzərinə böyük qüvvələrlə hücum edəcəyi məlum olsa da, Azərbaycanın o zamankı qorxaq iqtidarı lazımi müdafiə tədbirləri görmürdü. Xocalı və xocalılılar taleyin ümidinə buraxılmışdılar. Ərzaq və silah-sursat sarıdan çətinlik vardı. Axırıncı vertolyot yanvarın 28-də gəlib qayıtdıqdan sonra ətraf kəndlərlə də əlaqə tamamilə kəsilmişdi. Şəhər mühasirə halqasında sıxılır və boğulurdu. Yaxınlıqdakı Ağdamda cəmləşmiş iri hərbi hissələr və könüllü özünümüdafiə batalyonları ermənilərin hücum hazırlıqlarına seyrçi münasibətdə saxlanmışdılar. Xəyanətkarlıq xocalılıları dəhşətli aqibətə aparırdı. Acınacaqlı o idi ki, prezident Ayaz Mütəllibovun xüsusi nümayəndəsi leytenant Fəhmin Hacıyev xocalılara köməyə gedən hərbi hissələrin qarşısını kəsmişdi. Hətta buna qətiyyətlə etiraz edən batalyon komandiri Allahverdi Bağırov öz döyüşçüləri ilə Xocalının müdafiəsinə getmək istədiyini qətiyyətlə bildirəndə onu hərbi tribunala verəcəyi ilə hədələmişdi. Həmin günlərdə Xocalını müdafiə edən cəmi bir özünümüdafiə batalyonu vardı. Tofiq Hüseynovun komandirliyi ilə 250 nəfərə qədər əsgər və zabit yüngül atıcı silahlarla silahlanaraq şəhəri minlərlə erməni yaraqlısından qorumalı olmuşdu.

Nəhayət, fevralın 25-də iki mindən çox yaraqlı erməni sovet ordusunun bədnam 366-cı motoatıcı alayının 1700 nəfər əsgər və zabiti, alayın tankları, PDM-ləri, topları, minaatanları və pulemyotlarının köməyi ilə Xocalı üzərinə hücuma keçdilər. Xocalının igid müdafiəçiləri bu qədər qüvvənin qarşısını yalnız iki saat kəsə bildi. Sonra şəhərə soxulan tanklar, piyadaların zirehli döyüş maşınları onu darmadağın etdilər, evləri yandırıb külə döndərdilər, gözlərinə görünən uşaqlara, qocalara, qadınlara belə aman vermədilər. Onlar güllələndilər, süngüləndilər, tankların tırtılları altında əzişdirilib torpağa qarışdırıldılar. Bəşər tarixi hələ belə vəhşi qırğın görməmişdi...

Mayor Əlif Hacıyev həmin dəqiqələrdə şəhər sakinlərini qorumaq, onları Ağdamın yaxınlıqdakı kəndlərinə aparmaq üçün öz dəstəsi ilə vuruşa-vuruşa şəhərdən qaçıb canlarını qurtaranları bir yerə yığır və müşayiət edirdi. Milis dəstəsi ermənilərlə igidliklə döyüşərək bəlaya düçar olmuşların Ağdamın Şelli kəndinə çatmalarına şərait yaradırdı. Şiddətli çovğunda əllərini, ayaqlarını, üzlərini don vurmuş bir dəstə adam beləcə kəndə çatdırıldı.

Əlif dəstəsi ilə ikinci dəfə geri qayıtdı, çünki xocalılıların hamısı qarlı  təpələrə və meşəyə səpələnmişdi. İkinci dəstəni gətirərkən bir təpədə erməni quldurları ilə qarşılaşdılar. Əlif və dostları onlarla döyüşə girdi. Bu, Əlifin son döyüşü oldu... Dinc xocalılılar oradan uzaqlaşdılar, milislərin isə demək olar ki, hamısı həmin döyüşdə həlak oldular. Ertəsi gün orada yoldaşlarını axtaran bir milis nəfəri təpənin döşündə Əlifi yerə uzanmış vəziyyətdə gördü. Əvvəl sağ olduğunu zənn etdi, cəld ona yaxınlaşdı.  Ancaq heyhat... O, üzü düşmənə, əlləri sinəsinə sıxdığı avtomat silahının tətiyində həlak olmuşdu...Həlak olsa da onlarla soydaşımızı erməni cəlladlarının qanlı pəncəsindən xilas etmişdi.

Azərbaycanın Milli Qəhrəmanı, mayor Əlif Hacıyev öz qısa ömür tarixçəsi ilə gələcək nəsillərə şərəfli tərcümeyi-hal qoyub getdi. Biz və bizdən sonrakı nəsillər qəhrəmanlıqla dolu bu tərcümeyi-halı öyrənməli, qarşımıza Əlif kimi yaşamağı və Vətəni onun kimi sevməyi məqsəd qoymalıyıq. Bundan sonrakı borcumuz Vətən üçün Əlif kimi igid və sədaqətli gənclər yetişdirməkdir.

 

Vəli İlyaasov

 

İki sahil.-2022.- 23 fevral.- S.12.