Zəngəzur dəhlizi: Bölgədə sülhün

və iqtisadi inkişafın qarantı 

 

Bu dəhliz, nominal ÜDM-i 1,1 trilyon ABŞ dollarından çox olan türkdilli ölkələri birləşdirməklə yanaşı, Azərbaycanın regionda və dünyada strateji əhəmiyyətini daha da artıracaqdır

 

Zəngəzur dəhlizinin açılması istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi son addımlar zamanımızın ən aktual məsələlərindəndir. İstər ölkə ictimaiyyəti, istər region ölkələri, istərsə də dünya bu prosesi maraqla izləyir. Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında torpaq rabitəsinin təmin edilməsi məsələsi Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci ildə imzaladıqları birgə Bəyanatda əksini tapmışdır. Bu əlaqəni Zəngəzur dəhlizi tərəfindən təmin etməlidir. Hazırda Azərbaycan tərəfindən bu dəhlizin açılması istiqamətində ciddi işlər görülür.

Ötən il fevralın 14-də İlham Əliyev Zəngəzur dəhlizinin açılması istiqamətində reallaşması nəzərdə tutulan layihələrdən birinin - Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xəttinin təməlini qoyaraq Azərbaycanın 10 noyabr Bəyanatının müddəalarına sadiqliyini bir daha göstərdi. Dəmir yolu xətti layihəsinin birinci mərhələsi üzrə nəzərdə tutulan tikinti işlərinin artıq 70 faizi tamamlanıb. İşğaldan azad edilən Cəbrayıl rayonunun Mahmudlu stansiyasına qədər 23 kilometrlik məsafədə relslər qoyulub və yolun sazlanması işlərinə başlanılıb. Tikinti işləri 3 mərhələdə həyata keçirilir. Birinci mərhələ Horadiz, Mərcanlı, Mahmudlu stansiyalarını əhatə etməklə 30 km, ikinci mərhələ Soltanlı, Qumlaq stansiyalarını əhatə etməklə 55 km, üçüncü mərhələ isə Mincivan, Bartaz və Ağbənd stansiyalarını əhatə etməklə 25,4 km təşkil edir. Layihə çərçivəsində 8 stansiya, 3 tunel, 41 körpü, 3 qalereya, 4 yolötürücü və ümumilikdə 300-ə yaxın süni mühəndis qurğusunun tikintisi planlaşdırılır. Birinci mərhələ üzrə artıq torpaq işlərinin 90 faizi yerinə yetirilib, 40 suötürücü boru, 9 körpü, 2 heyvan keçidi, 52 ehtiyat keçidi tam tikilib. Yolun 23 km-lik hissəsində üst quruluşu elementləri quraşdırılıb. Bununla da Füzulinin Horadiz stansiyasından Cəbrayılın Mahmudlu stansiyasına qədər işçi qatarların hərəkəti üçün zəruri şərait yaradılıb. Hazırda 60 km-dən çox ərazi minalardan təmizlənib. 50 km-lik hissədə layihələndirmə işləri yekunlaşıb.

Qeyd edək ki, Ermənistan tərəfi öncə müxtəlif bəhanələrlə üzərinə düşən öhdəliyin icrasını gecikdirmək istəyirdi. Ancaq təzyiqlərdən sonra dəhlizin Ermənistan ərazisindən keçən hissəsində dəmir yolu xəttinin çəkilişlərinə start verilib. Göründüyü kimi, ölkəmiz bölgədə qalıcı sülh və sabitliyin bərqərar olmasına, beynəlxalq hüququn ali prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət əsasında yeni əməkdaşlıq formatları çərçivəsində münasibətlərin normallaşdırılmasına tərəfdardır. Bu baxımdan Zəngəzur dəhlizi uğurlu regional əməkdaşlıq nümunəsi olmaqla yanaşı, bölgədə sülhün və sabitliyin möhkəmlənməsinə də öz töhfəsini verəcəkdir. Eyni zamanda bu proses dünyada yük daşımalarının həcminin artdığı bir dövrdə, Xəzər dənizində su nəqliyyatının inkişafında da böyük rol oynayacaqdır. Belə ki, bu dəhlizin Avropa və Asiya ölkələri arasında qitələrarası yeni alternativ nəqliyyat şəbəkəsinin formalaşmasında əhəmiyyəti olduqca yüksəkdir. Bu baxımdan Zəngəzur dəhlizi Uzaq Çin və Qərb dünyası arasında yeni nəqliyyat yolu kimi yükdaşımaların fasiləsiz və səmərəli şəkildə daşınmasında önəmli ticarət marşrutu kimi də çıxış edərək Azərbaycana və bütün iştirakçı ölkələrə yeni dividentlər qazandıracaqdır.

Zəngəzur dəhlizi otuz ilə yaxın çətin blokada şəraitində yaşamasına rəğmən öz inkişaf yolunu uğurla qət etmiş Naxçıvan Muxtar Respublikasının da Azərbaycanın əsas ərazisinə çıxışını təmin edəcəkdir. Dəhliz, eyni zamanda, Naxçıvan Muxtar Respublikası vasitəsilə qardaş ölkə Türkiyə Cümhuriyyəti ilə əlaqələri də möhkəmləndirəcək və bu əlaqələrin daha da inkişaf etməsinə xidmət edəcəkdir. Beləliklə, qardaş ölkələr uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə qovuşacaqlar. Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanla dünyada ciddi böyük potensiala və gücə malik Türkiyə arasında olan bu birlik Cənubi Qafqazda sülhə, sabitliyə və əməkdaşlığın bərpa olunmasında müsbət dəyişikliklərə töhfə verəcəkdir. Bu baxımdan Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ümumilikdə türk dünyasının coğrafi baxımından birləşməsi deməkdir.

Bu, təkcə coğrafi və siyasi anlamda deyil, həmçinin böyük iqtisadi gücə malik və nominal ümumi daxili məhsulu 1,1 trilyon dollardan çox olan türkdilli dövlətlərin strateji və iqtisadi cəhətdən birləşməsi də deməkdir. Belə ki, Türkiyə 761,4 milyard dollar, Qazaxıstan 181,7 milyard dollar, Özbəkistan 57,9 milyard dollar, Azərbaycan 48 milyard dollar, Türkmənistan 48 milyard dollar və Qırğızıstan 8,5 milyard dollar nominal ÜDM-ə malik ölkələrdir. Bu isə Zəngəzur dəhlizinin kifayət qədər yüksək iqtisadi potensiala və təbii resurslara malik olan böyük və geniş coğrafi ərazidə birləşdirən önəmli nəqliyyat infrastrukturu olduğunun bariz sübutudur.

Prezident İlham Əliyevin də vurğuladığı kimi: “Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün...”.

 

Sevinc Azadi

 

İki sahil.- 2022.- 23 fevral.- S.12.