Xocalı faciəsini unutmağa da,

unutdurmağa da haqqımız yoxdur!

 

Həmin gecə ermənilər Xocalını odlamışdı, Xocalı özü boyda ocağa dönmüşdü. Şaxta-sazaq od söndürər, amma Xocalı özü boyda od saçırdı. Hamı harayla, naləylə, fəryadla oddan qaçırdı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Xocalı şəhərində soyqırımı aktı törədildi. Şəhər yerlə-yeksan edildi, 63 uşaq, 106 qadın, 70 qoca olmaqla, 613 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 1275 nəfər əsir götürüldü, 150 nəfərin taleyi isə indiyə kimi naməlumdur. Xəsarət alanlardan 487 nəfəri şikəst olub, onlardan 76 nəfəri azyaşlıdır. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü.

Xocalı soyqırımı əsrin Holokost, Oradur, Lidisa, Xatın və Sonqmi, Srebrenitsa kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız soyqırımı kimi insanlıq tarixinə düşmüş bu qanlı olaylarla müqayisə oluna bilər. XX əsrin faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

Xocalı faciəsinin dünyada soyqırımı kimi tanıdılması, qanlı cinayət aktına adekvat qiymət verilməsi istiqamətində Azərbaycan dövləti tərəfindən sistemli iş aparılır. Dövlət orqanları, diaspor təşkilatları ilə yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən mühüm addımlar atılır. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri vardır. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm işlər görülmüşdür. Xocalı soyqırımının ildönümü ərəfəsində dünyanın müxtəlif ölkələrində keçirilmiş aksiyalara dəstək məqsədi ilə xüsusi hazırlanmış ekspozisiya və ingilis dilində bukletlər göndərilmişdir. Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri vasitəsilə ABŞ, Cənubi Afrika Respubli­kası, Koreya Respublikası, Belarus, Çe­xiya, Fransa, Gürcüstan, İndoneziya, İs­veç, İngiltərə, İsrail, İordaniya, Kanada, Qətər, Qazaxıstan, Özbəkistan və Ya­poniyada təqdim olunan 17 ekspozisiya və nəşrlərlə yanaşı, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, İran, İspani­ya, Macarıstan, Səudiyyə Ərəbistanı, Türkiyə və Türkmənistan ictimaiyyəti də Xocalıda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri qanlı cinayət və vandalizm aktları barədə geniş məlumat əldə etmişdir.

Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, bu qətliam bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Bu vaxtadək, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Xocalı soyqırımı bu günə qədər ABŞ-ın 30-dan çox ştatının parlamentləri və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.

Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyası əvəzolunmaz əhəmiyyətə malikdir. “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 100 minlərlə şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir. "Xocalıya ədalət!" kampaniyasının uğurla davam etdirilməsi real nəticələrin əldə olunmasını şərtləndirir.

Təəssüflər olsun ki, 30 il keçməsinə baxmayaraq, beynəlxalq ictimaiyyət tərəfindən bu qanlı faciəyə lazımi siyasi və hüquqi qiymət verilməyib, cinayəti törətmiş şəxslər hələ də məsuliyyətə cəlb edilməyib.  Hələ də ikili standartlara aludə olan, bu mərəzdən yaxa qurtara bilməyən, yaxud qurtarmaq istəməyən dairələrin XX əsrin faciəsi hesab edilən Xocalı soyqırımına və onu törədənlərə münasibəti birmənalı, yəni obyektiv və ədalətli deyil. Axı, Xocalı soyqırımı təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə, insanlığa qarşı törədilmiş tarixi bir cinayətdir. Buna görə də bu qanlı cinayətin təşkilatçıları və icraçıları – Ermənistanın keçmiş siyasi və hərbi rəhbərliyi beynəlxalq hüquq qarşısında cavab verməli və öz layiqli cəzalarını almalıdırlar. Cəzasızlıq mühitinin nəticəsidir ki, həmin şəxslər və onların təsiri altında olan revanşist çevrələr bu gün də iki ölkə arasında və regionda sülhün bərqərar olması istiqamətində görülən işlərə, o cümlədən beynəlxalq ictimaiyyətin təşəbbüslərinə mane olmağa çalışırlar. Artıq dünya  susmamalıdır! İnsanlıq əleyhinə törədilmiş Xocalı soyqırımına biganə qalmamalı, belə cinayətlərin bir daha yer üzündə təkrarlanmaması üçün Xocalıya ədalətin təmin edilməsi yönündə Azərbaycanın təşəbbüslərini dəstəkləməli, birlik və həmrəylik nümayiş etdirməlidir.

Bu gün Xocalı hadisələri tarixi Zəfərimiz fonunda xatırlanılır. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra soyqırımının 30-cu  ildönümü fərqli şəkildə anılır. Çünki 30 il əvvəl ermənilər tərəfindən işğal edilmiş torpaqlarımız azadlığa qovu­şub. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Ermənistanın iş­ğalçılıq siyasətinə son qoydu. Düşməni işğal etdiyi ərazilərimizdən qovdu. 200 ildən artıq müddətdə xalqımıza qarşı düşmənçilik siyasəti yeridən qəddar Ermənistan ordusu darmadağın edildi. Xocalı soyqırımı qurbanlarının, həmçinin digər şəhidlərimizin qisası alındı. Artıq bu gün Azərbaycan qalib dövlət kimi bu faciəni fərqli duyğularla anır. Xocalı soyqırımını anım mərasimlərində ermənilər tərəfindən vəhşicəsinə öldürülən insanların qisası­nın şanlı ordumuz tərəfindən alındığı, bu qalibiyyətlə erməni faşizmi qurbanlarının ruhunun şad olduğu bildirilir.

44 günlük Vətən müharibəsində Xocalı qatillərinin bir qismi öz layiqli cəzalarını aldılar. Amma inanırıq ki, güclü Azərbaycan dövləti qarşıya qoyduğu məqsədə nail olacaq və Xocalı qətliamını törədən bütün canilər ədalət məhkəməsinə çıxarılacaq. Eyni zamanda, Xocalı soyqırımı bütün dünyada tanınacaq.

 

Yaqut Ağaşahqızı

 

İki sahil.- 2022.- 26 fevral.- S.26.