Xocalı Ermənistana qarşı təkbaşına,
qəhrəmancasına döyüşürdü
Soyqırımı
zamanı insanların
başlarının kəsilməsi, körpə
uşaqların gözlərinin çıxarılması,
hamilə qadınların qarınlarının süngü ilə yarılması erməni vəhşiliyinin
təzahürləri idi
Ötən əsrin dəhşətli faciələrindən sayılan Xocalı soyqırımının 30 ili tamam olur. Bu faciə iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Təbii ki, xocalılılar bir neçə il erməni işğalçılarına qarşı mərdliklə döyüşmüşlər. Hətta amansız soyqırımı günündə də onlar özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar.
Ermənilərin Xocalıya əsas maraqları bu rayonun strateji mövqeyə malik olması ilə əlaqədar idi. 7000 əhalisi olan Xocalı Xankəndidən 10 kilometr cənub-şərqdə yerləşirdi. Yeganə aeroport da Xocalıda idi. 1991-ci ilin oktyabrından Xocalı blokadada idi. Oktyabrın 30-dan etibarən şəhərə gedən bütün avtomobil yolları bağlanmış, yeganə nəqliyyat vasitəsi vertolyot idi. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvar ayının 28-də enmişdi. Yanvarın 2-dən elektrik enerjisi də verilmirdi. Xocalılılar ancaq öz qəhrəmanlıqları və şəhərin müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular. Şəhərin müdafiəsi əsasən avtomat və ov tüfəngləri ilə silahlanmış yerli özünümüdafiə dəstəsi, yerli milis qüvvələrindən təşkil olunmuşdu. Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələri tərəfindən mühasirəyə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.
Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlamışdı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən böyük faciəsi – Xocalı qırğını baş verdi. Erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etdilər. Tanklardan, «Alazan» tipli zenit toplarından 2 saatlıq atəşdən sonra şəhərə hücum başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əsgəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdu ki, bu məkrli hiylə imiş. Naxçivanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləbarana tutulmuşdular. Dinc əhali erməni vəhşiliyindən yayınıb meşələrə, dağlara qaçsalar da, onların çoxu soyuqdan, şaxtadan həlak oldular.Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərinə məruz qalmışdır. 150 nəfərin taleyi hələ də məlum deyil. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə yarılmışdır. Ermənilər hətta meyitləri də təhqir etmişdilər. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçivanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 milyard rubl, yəni indiki məzənnə ilə 170 milyon dollar dəyərində ziyan vurulmuşdu.
Baş vermiş dəhşətli soyqırımı faktı Azərbaycanın o vaxtkı rəhbərliyi tərəfindən xalqdan gizlədilir, bu qanlı faciə bütün vasitələrlə ört-basdır edilirdi. Yalnız ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra Xocalı faciəsinin törədilməsinin əsl səbəbləri barədə xalqa ətraflı məlumat verildi. Ümummilli lider Heydər Əliyev 1 mart 1994-cü ildə xüsusi Fərman imzaladı. Milli Məclisin qərarı ilə 26 fevral «Xocalı Soyqırımı və Milli Matəm Günü» elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir. Ulu öndər Heydər Əliyev tərəfindən 25 fevral 1997-ci ildə «Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında» Fərman imzalanmışdır.
Xocalı soyqırımının dünya ölkələri tərəfindən tanınması üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva səmərəli görüşlər keçirmiş, beynəlxalq tədbirlərin təşkilinə nail olmuşlar. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezdienti Leyla Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə 2008-ci ildə 30-dan çox ölkədə «Xocalıya ədalət» kampaniyası başladılmışdır. Məhz bu kampaniynın nəticəsidir ki, bir çox dövlətlərin parlamentləri, o cümlədən ABŞ-ın 24 ştatı Xocalı soyqırımının tanınması barədə qərar qəbul ediblər.
Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse- prezident Mehriban Əliyeva, dövlət və hökumət nümayəndələri, ziyalılar, ictimaiyyət nümayəndələri, bir sözlə, bütün ölkə vətəndaşları soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla anır və ümumxalq yürüşündə iştirak edirlər. İyirminci əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı faciəsini törədənlər bütün dünya azərbaycanlıları, bu soyqırıma biganə qala bilməyən beynəlxalq ictimaiyyət tərəfindən lənətlənir və hər bir azərbaycanlının qəlbi soyqırımına məruz qalmış soydaşlarımızın yaxınları, doğmaları ilə birgə döyünür.
Daha bir faktı da qeyd etmək lazımdır ki, Ermənistanın keçmiş prezidentləri Serjik Sarkisyan, Robert Koçaryan və müdafiə naziri Ohanyan Xocalı soyqırımının birbaşa təşkilatçıları və iştirakçılarıdır. Hətta Serjik Sarkisyan müsahibələrində Xocalı soyqırımını törətmək ideyasının ona məxsus olduğunu və bununla da azərbaycanlılarda qorxu və vahimə yaratmaq istədiklərini bildirib. Artıq Azərbaycan hüquq- mühafizə orqanları qatil eks-prezidentlər Serjik Sarkisyan və Robert Koçaryan haqqında beynəlxalq axtarış elan ediblər. Vaxt gələcək onlar bu soyqırımına görə həm Azərbaycan, həm də beynəlxalq hərbi tribunal qarşısında cavab verməli olacaqlar.
Elçin Zaman
İki sahil.- 2022.- 26 fevral.- S.30.