104 il qanunun və
asayişin keşiyində
Tarixi Zəfərimizin müstəqilliyimiz
kimi əbədi olması naminə daxili işlər
orqanlarının hər bir əməkdaşı bundan sonra
da dövlətə qətiyyətlə
və fədakarlıqla xidmət edəcək
Yüz
dörd yaşlı Azərbaycan polisinin ad günü ulu
öndər Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanı
ilə Polis Günü kimi artıq 24-cü dəfədir
dövlət səviyyəsində qeyd olunur. Azərbaycan
polisi gərgin və şərəfli inkişaf yolu
keçmişdir. Təbii ki,
polisin keçdiyi yol dövlətçiliyimizin tarixi ilə
sıx bağlıdır. Tarixi
Azərbaycan Xalq Cümhuriyyəti dövrünə, 1918-ci ilə
dayanan Daxili İşlər Nazirliyi və onun təşkilati
strukturu olan polis orqanları o gündən bu günə qəhrəmanlıq, humanizm simvolu
olub, ölkədə asayişin, təhlükəsizliyin,
sabitliyin və əmin-amanlığın qorunmasında, cinayətkarlığa
qarşı mübarizədə fədakarlıqlar göstərib. Cümhuriyyətin süqutundan sonra
Azərbaycanın Sovet İttifaqının tərkibində
olduğu 70 il ərzində də daxili işlər
orqanları uğurla ictimai asayişin qorunmasında yüksək
nəticələr və zəngin təcrübə
qazanıb.
Ulu
öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin
birinci dövründə böyük uzaqgörənliklə
daxili işlər orqanlarının təşkilati və
ideoloji cəhətdən möhkəmlənməsi,
sıralarının saflaşdırılması, peşəkar
kadrların irəli çəkilməsi ilə bağlı
mühüm qərarlar qəbul edib. Şəxsi heyətin məhz
milli ruhda formalaşmasının nəticəsi idi ki, 1988-ci
ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü
ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə
milis, sonrakı illərdə Daxili Qoşun hissələri
oldu. Bu döyüşlərdə 1695 polis əməkdaşı
və hərbi qulluqçu şəhidlik zirvəsinə
ucaldı, 1710 nəfər isə yaralandı.
Azərbaycan
Respublikasının suverenliyi və ərazi
bütövlüyü uğrunda gedən döyüşlərdə
göstərdikləri fədakarlıqlara, dinc əhalinin təhlükəsizliyinin
təmin edilməsində, cinayətkarlıqla mübarizədə,
ictimai qaydanın və ictimai təhlükəsizliyin
qorunmasında xüsusilə fərqləndiklərinə, xidməti
vəzifələrini yerinə yetirərkən cəsarət
göstərdiklərinə görə Azərbaycan
Respublikası Prezidentinin Fərman və sərəncamları
ilə daxili işlər orqanlarının 67 əməkdaşına
"Azərbaycan Respublikasının Milli Qəhrəmanı”
fəxri adı verilib, 86 əməkdaş "Azərbaycan
Bayrağı” ordeni, 1143 nəfər orden və medallara layiq
görülüb.
Daxili
işlər orqanlarının fəaliyyəti müstəqilliyimizin
sonrakı illərində də uğurlu olub. Ölkəmizdə
cinayətkarlığa qarşı mübarizədə,
ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin
təmin edilməsində vəzifələrini yerinə yetirərkən
99 polis əməkdaşı və hərbi qulluqçu həlak
olub, 2640 nəfər xəsarət alıb.
18 oktyabr 1991-ci ildə "Azərbaycan
Respublikasının Dövlət müstəqilliyi
haqqında” Konstitusiya Aktı qəbul edildikdən sonra Azərbaycanın
Daxili İşlər Nazirliyi keçmiş SSRİ Daxili
İşlər Nazirliyinin tabeliyindən
çıxmış və həmin dövrdən suveren Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi kimi fəaliyyət
göstərir.
Azərbaycan xalqının Ümummilli Lideri xalqın tələbilə hakimiyyətə ikinci dəfə qayıdışı ilə ölkənin müstəqilliyini itirmək təhlükəsinin qarşısını aldı. O, yaxşı bilirdi ki, respublikada möhkəm ictimai-siyasi sabitliyi bərpa etmədən heç bir müvəffəqiyyətdən danışmaq olmaz. Bu məsələnin həllində isə daxili işlər orqanlarının rolu əvəzolunmazdır. Ulu Öndərin birbaşa rəhbərliyi ilə DİN və onun strukturlarında aparılan köklü islahatlar polisin yeni obrazını yaratdı. Azərbaycan polisi Konstitusiya və qanunlarla üzərinə qoyulan vəzifələri yerinə yetirməklə ölkədə dayanıqlı sabitliyin və təhlükəsizliyin əsas təminatçısına çevrildi. Azərbaycan polisinə yaraşan da elə bu idi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində hüquqi-demokratik islahatların bazası daha da genişləndirilir və zənginləşdirilir. Dövlətimizin başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülür.
Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən islahatlar çərçivəsində daxili işlər orqanlarının fəaliyyətini, habelə insan hüquq və azadlıqlarının təmin edilməsi mexanizmlərini tənzimləyən qanunvericilik bazası yaradılıb, ölkədə mütəşəkkil cinayətkarlığa, sabitliyə təhdid yaradan təhlükələrə qarşı uğurlu mübarizəyə nail olunub, vətəndaşların dinc, əmin-amanlıq içərisində yaşamaları üçün zəruri şərait yaradılıb. Prezident İlham Əliyev tərəfindən peşə bayramı ərəfəsində şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi və xidmətdə fərqlənən bir qrup əməkdaşın dövlət mükafatlarına layiq görülməsi barədə qəbul etdiyi qərarlar hər bir polis əməkdaşının gərgin əməyinə verilən ali qiymətin əyani təsdiqidir.
Azərbaycan Respublikasının daxili işlər naziri, polis general- polkovniki Vilayət Eyvazovun bu vəzifəyə təyinatından sonra polis orqanlarında başlanan müsbət tendensiyaları hər birimiz müşahidə edirik. Polisin cəmiyyətdə durmadan artan nüfuzu, sistemə yeni qəbulun tam şəffaf şəkildə aparılması, layiqli şəxslərin polis orqanlarına qəbulu göz önündədir.
Polis orqanlarında uzun illər şərəfli xidmət yolu keçən kadrlar bu gün Vilayət Eyvazovun başlatdığı islahatlara dəstək verir, var qüvvələri ilə polisin şərəfli adının qorunmasına çalışırlar.
Bu gün müasirləşmə tendensiyası Daxili İşlər Nazirliyinin bütün orqan və hissələrini əhatə edir. Fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılması, maddi-texniki təminat yaxşılaşdırılıb, o cümlədən ən müasir texnologiyalarla təchizat yüksək səviyyəyə çatdırılıb, onlarla elektron xidmət, veb-sayt, “qaynar xətt” və digər informasiya resursları yaradılıb, polisin “ASAN xidmət” mərkəzlərində fəaliyyəti təşkil olunub. Vətəndaş məmnunluğunu təmin edən bu və digər innovativ təşəbbüslər ölkədə qanunçuluğun qorunmasının effektivliyini, xidmətin səmərəsini və operativliyi qat-qat artırıb.
COVID 19 pandemiyası dövründə Azərbaycan polisinin üzərinə böyük məsuliyyət qoyulmuşdu- o həm ölkə ərazisində cinayətkarlıqla mübarizə aparmalı, eyni zamanda, ictimai asayişi də qorumalı idi. Azərbaycan polisi bu vəzifənin də öhdəsindən layiqincə gəlməklə bir daha yüksək peşəkarlıq və şücaət göstərdi.
Azərbaycan daxili işlər orqanlarının əməkdaşları öz vətənpərvərliklərini və şücaətlərini şanlı Vətən müharibəsi dönəmində də bir daha nümayiş etdirdilər. Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi, qəhrəman Azərbaycan əsgərinin şücaəti ilə əldə olunan şanlı Qələbədə, sözsüz, daxili işlər orqanlarının və DİN-in Daxili Qoşunlarının da xüsusi payı var. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də fədakarlıq və qəhrəmanlıq nümunələri göstərdi. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Doğma yurdumuzun işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşmüş Daxili Qoşunların əməkdaşlarından 1690 nəfəri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.
Azərbaycanda hərbi vəziyyətin elan olunması ilə əlaqədar 2020-ci il sentyabr ayının 28-dən dekabrın 12-dək qüvvədə olan komendant saatı dövründə hərbi vəziyyət rejiminin əsas təminatçıları olaraq daxili işlər orqanları çox fədakar, əzmkar xidmət göstərdilər. Ölkədə elan edilmiş qismən səfərbərlik tədbirlərinin təşkilində, o cümlədən çağırışçıların təyinat məntəqələrinə təhlükəsiz çatdırılmasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumlarına lazımi kömək göstərildi. Sevindirici haldır ki, bu müddətdə hərbi vəziyyət rejiminin tələblərinin kütləvi pozuntusuna rast gəlinmədi və vətəndaşlarımız komendant saatının təmin olunmasına cəlb edilmiş polis əməkdaşlarının, hərbi qulluqçuların qanuni tələblərinə ciddi əməl etdilər.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması daxili işlər orqanlarının qarşısında bir çox yeni vəzifələr müəyyənləşdirir. Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının Fərmanı ilə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq yaradılan və hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların fəaliyyətinin təşkilinin Daxili İşlər Nazirliyinə həvalə edilməsi Azərbaycan polisinə göstərilən yüksək etimadın daha bir göstəricisi oldu. Ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad olunan şəhər və rayonlarımızda bu mühüm məsuliyyətin öhdəsindən layiqincə gələn daxili işlər orqanlarının əməkdaşları göstərilən etimadı doğrultmaq üçün gecə-gündüz uğurla xidmət aparırlar.
Azərbaycan polisi tərəfindən ölkəmizdə cinayətkarlığa, narkotiklərin qanunsuz dövriyyəsi, satışı, qanunsuz birləşmələrə qarşı mübarizə ən yüksək səviyyədə həyata keçirilir. Respublika və paytaxt yollarında, küçə və prospektlərdə rahat və təhlükəsiz hərəkətin mümkün olması üçün polislərimizin xidmətləri əvəzsizdir. Dövlət Yol Polisi əməkdaşlarının cəmiyyətin bu istəyini yaxşı anlayaraq öz vəzifələrini icra etməsi isə polislə cəmiyyət arasında qarşılıqlı inam və etibarı daha da möhkəmləndirir. Ölkəmizdə və paytaxtda nəqliyyatın sürətlə artdığı bir şəraitdə təhlükəsiz, fasiləsiz və rahat hərəkətin təmin olunması, yollarda rahat və fasiləsiz hərəkəti , cəmiyyətimizi nəqliyyatın zərərli təsirindən qorumaq üçün fəaliyyət göstərir.
Bu gün 104-cü ildönümünü qeyd edən Azərbaycan polisi ictimai asayişin qorunmasında, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsində, müstəqil dövlətimizə qarşı yönələn cinayətkar qəsdlərin qarşısının alınmasında müstəsna xidmətlər göstərir. Torpaqlarımızın müdafiəsi, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə və digər istiqamətlərdə qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirir. Azərbaycan polisi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin inam və etimadını öz peşəkar xidməti ilə doğrultmaq üçün bundan sonra da var qüvvəsi ilə çalışacaq.
Yaqut Ağaşahqızı
İki sahil.- 2022.- 2 iyul.- S.7.
P.S. Daxili İşlər naziri,
general-polkovnik Vilayət Eyvazov başda olmaqla Azərbaycan
dövlətinin dəyərlərini şərəflə qoruyan,
xalqımızın təhlükəsizliyini vicdanla təmin
edən bütün polislərimizi ürəkdən təbrik
edirik. Biz sizinlə qürur duyuruq. Bu qüruru bizlərə
yaşatdığınız üçün var olun! Tükənməz
gücünüz, bitməyən cəsarətinizlə hər
zaman vəzifənizin başında olun! Allah sizi qorusun! 104
yaşın mübarək, Azərbaycan
polisi!